Yarımçıq köç
- 28 Fevral 2019
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İnsan oğlu keçmişi xatırlayarkən bəzən sevinir, bəzən də kədərlənir. Çox vaxt çalışır ki, sevincli günləri xatırlasın. Təəssüf ki, bu, həmişə alınmır. Azərbaycan milli müstəqilliyini əldə etdikdən sonra bədnam qonşularımız torpaq iddiası ilə elan olunmamış müharibəyə başladılar. Təbii ki, bu mənfur hərəkət qüdrətli Azərbaycan xalqını heç vəsilə ilə qorxuda bilməzdi. Rusların fitvasına uyan daşınak qalıqları Azərbaycan sərhədlərini pozmaqda davam edirdilər. Bu yerdə türk ədəbiyyatının qüdrətli şairi Tofiq Fikrətin “Millət şərqisi” şeirindən bir parçanı verməyi düşündüm:
Zulmün topu var, gülləsi var, qələsı varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Daşnaklar başa düşmürdülər ki, çanaq öz başlarında çatlayacaq.
Gədəbəy rayonunun Şınıx mahalına və ətraf kəndlərə gedən yol ermənilərin yaşadığı Başkənddən keçirdi. O yolu getmək sovet dövründə də çox təhlükəli idi. Piyada gedənlər çalışırdılar ki, gündüz getsinlər. Yaxşı bilirdilər ki, hər an təhlükə ola bilər.
Ənvər kişinin danışdıqlarını olduğu kimi danışan qonşusu, elə danışırdı ki, elə bil o da Ənvər kişi ilə bir yerdə olub.
Bir gün Ənvər kişi Novosaratovkada dostları ilə çay içərkən başı dominoya qarışır, başını qaldıranda görür ki, qaranlıq düşmək üzrədir. Yola çıxır, İsalı kəndinə gedən bir maşın tapır, xahiş edir ki, onu da Başkəndin girəcəyinə qədər aparsın. Şofer onu Başkəndin girəcəyinə qədər gətirir. Ənvər kişi şoferə dil-ağız edir, əsasını da əlinə alıb yoluna düzəlir.
Qaranlıq demək olar ki, düşmüşdü. O, Başkəndin arası ilə yavaş-yavaş gedərkən ətrafa göz gəzdirməyi yaddan çıxarmırdı. Amma bir az həyəcanlı idi. Sözün doğrusu, Ənvər kişi qorxaq adam olmayıb. Lazım gəlsə o kafirlərin ikisini, üçünü yerə sərər. Caynaqlı kişidir. Ənvər kişi addımladıqca hiss edirdi ki, elə bil nə isə ona yaxınlaşır. Sən demə, yolun kənarında yaşayan Aşot itini zəncirdən açıb buraxıbmış. İt də suğa-suğa Ənvər kişinin üstünə atılır. O, itin zərbəsindən büdrəyir, geri-geri gedir, lakin yıxılmır. İt təkrar cumanda Ənvər kişi əlindəki əsası ilə onu vurur. İtin vəngiltisi ətrafı bürüyür. Aşotun qoyun iti taytıya-taytıya qapıya qaçır. Aşot əsəbi halda yola çıxır ki, görsün nə baş verib. Ənvəri qarşısında görəndə dili topuq çalır.
– Ara, Ənvər kirvə, iti niyə vurdun? – deyə soruşur.
Sözün doğrusu, Ənvər kişi bir az qorxmuşdu. İti vurmağına da peşiman deyildi. O, belə hadisələrlə çox qarşılaşmışdı. Dalğın nəzərlərlə bir Aşota baxır, bir də qorxusundan Aşotun baldırları arasına girmiş qoyun itini seyr edir. Qoyun iti olasan, bir zərbədən sonra Aşotdan imdad diləyircəsinə ona sığınasan. Ənvər kişi Aşota səslənir:
– Ərə, Aşot, sən nə abırsız adamsan, belə qonşuluq olar?
– Ara, sən hansı qonşuluqdan danışırsan?
Ənvər kişi hirsli-hirsli bir addım irəli gedərək:
– Kafir oğlu kafir, bilmirsən hansı qonşuluqdan danışdığımı? – deyir.
– Ara, Ənvər, bilməyinə bilirəm, ama sən gecikmisən, dünyadan xəbərin yoxdur. Başkəndin yarısı yoxdur. Hamısı köçüb gedib. Sizə divan tutmağa hazırlaşırlar.
Ənvər kişi bərk əsəbləşmişdi:
– Bir söz də desən, Aşot, sıra səndədi, baldırlarını qıraram, eşitdin, kafir oğlu kafir! Aşot, sənə bir məsləhətim var, əgər qansan sənin xeyrinədir. Bizim ulu babalarımız deyib ki, gördün it də sahibi kimi başı buraxmadı, onda itini baldırına bağla, bu Allah yolunu gəlib-gedən insanları qorxutmasın. Elə itiniz də özünüzə oxşayır.
Aşot istəyir nəsə desin Ənvər kişi imkan vermir.
Aşot iti tərəfə dönür:
– Görüm səni lənətə gələsən, Makarın bağışladığı it bundan artıq ola bilməz, – deyib narazı halda evinə gedir.
Ənvər kişi də sözünü deyib, yoluna davam edir.
…Ənvər kişinin dedikləri Aşotu dəli etmişdi, özünə yer tapa bilmirdi. Başından vurulmuş qoyun kimi evin ortasında fır-fır fırlanırdı. “Ara, bu müsəlmanda qorxu-zad yoxdumu?”
Ənvər kişinin sözü Aşotun ortasından ox kimi keçmişdi. “İtini baldırına bağla” – bu söz Aşotu bərk tutmuşdu.
Aşot fikrə daldı, əmisi oğlu Fransada yaşayırdı, onu xatırladı. Sureni yada salıb kövrəldi: “Görəsən əmim oğlu biz erməniləri yaddan çıxarmayıb ki?” – deyib uşaq kimi ağlamağa başladı.
Siranuş Aşotun yanına gəldi:
– Sənə nə olub, ay kişi?
– Əmim oğlu yadıma düşmüşdü, bir az qəhərləndim.
– Ay kişi, hadisələr belə davam edib dursa, bizim kitabımız bağlanacaq, yaxşı fikirləş, bəlkə yır-yığış edib vaxtında başımızın çarəsini qılaq!..
– Arvad, sən ağıllı fikir söyləyirsən, bu barədə düşünməyə dəyər.
O gecə Aşotun yuxusu qaçdı, yata bilmədi, yatağın içində eşələnib durdu. Öz-özünə mırıldandı: “Vətən-vətən, səni nə itirən var, nə də axtaran. Odu, Suren on ilə yaxındır Fransada yaşayır, hələ üstəlik, bizə də kömək edir. Bəyənmədiyimiz daşnak partiyası onu hər şeylə təmin edib. Maşını, evi, bağ evi, bir sözlə, hər şeyi var”. Səhərə yaxın bir saat yatdı, sonra durub əl-üzünü yuyub yeməyini yedi.
Siranuşu yanına çağırdı:
– Ay arvad, sən mənim başıma yaxşı ağıl qoydun, evi-eşiyi yaxşıca yır-yığış et.
Sonra Aşot Xankəndinə, oğluna zəng edib fikirləri barədə oğlunu məlumatlandırdı.
Aşot əmisi oğlu Surenin hesabına yaxşı ev-eşik düzəltmişdi. Bir gün çox yaxın dostu Makar yük maşını ilə Aşotun yaşadığı evə gəlir. Aşot səsə eyvana çıxır, Makarı görüb Siranuşu çağırır:
– Ay arvad, çay tədarükü gör, – deyib, tələm-tələsik aşağı düşür.
İki dost görüşürlər, hal-əhval tuturlar. Aşot soruşur:
– Ara, Makar, xeyir ola?
– Xeyirdir, dostum, maşının benzini qurtarıb, dedim sən belə şeylərdə qoçaqsan.
– Ara, qardaş, təki bezin dərdi olsun, qadaşın ölməyib, yuxarı çıxaq bir çay içək, Allah kərimdir.
Onlar çay içənə qədər Siranuş süfrəni qaydasına saldı, yaxşı tutmalar qoydu. Aşot gedib iki şüşə araq gətirdi:
– Arvad, yeməyə nəyin var?
– Parçabozbaş.
Aşot razılığnı bildirdi:
– Gətir, arvad.
İki dost yaxşı yeyib-içdilər, hətta Siranuşu da içirtməyi yaddan çıxarmadılar. Bu dəmdə maşından küçük səsi gəlməyə başladı. Aşot maşın tərəfə baxaraq:
– Qardaş, bu nə küçük səsidir? – dedi.
– Cins küçüklərdir. Aşot, sözün düzü, mənim bir çoban xalam oğlu var, onun qoyun iti küçükləmişdi, bir toğlu verib ikisini aldım.
Aşot çox bic adam idi, bir iş görməzdən əvvəl onun planını cızar, sonra işə başlayardı. Aşot arvadına göz vuraraq:
– Ay arvad, dostuma yaxşı qulluq et, mən bir küçüklərə baxıb, gəlirəm, – dedi.
Siranuş ərinin bicliklərini yaxşı bilirdi. Qonağa yaxınlaşdı, qədəhləri doldurub birini qonağa uzatdı:
– İçək Aşotun sağlığına! – deyib gülümsünərək qədəhi sona qədər içdi. – Bu başqa məsələ, – deyib ürəkdən güldü.
Aşotun dostunun kefi-damağı yerində idi. Qonaq arabir Siranuşu öpüb-oxşayırdı:
– Birdən inciyərsən, sən mənim yengəmsən.
Siranuşun yengə sözündən xoşu gəlməsə də, Aşotun dostundan xoşu gəlirdi.
Aşot evə qayıdanda nəsə demək istəyirdi, qonaq onu qabaqladı:
– Dostum, küçüyün birini sənə vermək istəyirəm, nə deyirsən?
Aşot sevincindən atılıb-düşdü, dostunu qucaqlayıb öpdü.
– Sözün doğrusu, istəyirdim bunu səndən xahiş edim, sən məni qabaqladın. Allah səndən razı olsun, bu mənim arzum idi.
– Onda, dostum, mən bir çay içim, sən get seç, hansı xoşuna gəlsə onu da götür, maşının yanına benzin qoymağı da unutma.
Aşot yük maşını tərəfə qaçdı, yük yerinə çıxdı, küçükləri görəndə gözlərinə inanmadı, elə bil Allah onun arzularını gözündə qoymayıb, illərdir həsrətində olduğu qoyun itinin küçüyünü ona göndərib. Bir neçə dəqiqə küçükləri sevə-sevə süzdü, nəhayət, birini seçdi. Sevincinin həddi-hüdudu yox idi. Bu küçük Aşotun dünyasını dəyişmişdi, hətta qonaq da yadından çıxmışdı.
Hadisənin maraqlı tərəfi ondan ibarət idi ki, Aşot özü də bilmədən uşaqlarının anası sevimli Siranuşunu bir küçüyə qurban etmişdi. Aşot birdən ayılan kimi oldu, küçük qucağında eyvana qalxdı, dostunun özündən çox razı halda asta-asta çay içdiyini görüb bir az rahat oldu. Ətrafa göz gəzdirdi. Siranuşu görmədikdə narahatlıq keçirməyə başladı.
– Bağışla, dostum, küçük mənim başımı elə qatıb ki, siz də yaddan çıxmısınız. Mən bir baxım görüm Siranuş haradadır.
Aşot küçük qucağında yataq otağına keçdi. Siranuş yatağa uzanmışdı.
– Sənə nə oldu, ay arvad?
Siranuş Aşotu yanına çağırdı, küçüklə bərabər onu qucaqladı.
– Ay Aşot, sənə dedim mənə içki vermə, sən də eşitmədin məni. Bir az başım döndü, yatağa çatmasam yıxıla bilərdim.
– Canım Siranuş, mənim evimin dirəyi, sənə bir şey olsa özümü öldürərəm. – Aşot bunu deyib arvadının alnından öpdü. – Sən dincəl, mən qonağımızı yola salıb gələcəm.
Aşot geri qayıdanda gözlərinə inanmadı, qonaq çoxdan getmişdi. O, süfrədəki yeməklərdən götürüb küçüyü yemləməyə başladı. Aşot bir az da içki hərisi olduğuna görə süfrədə qalan yarımçıq içki şüşəsini boşaltdı. Əməlli-başlı dəmlənmişdi. Ətrafa göz gəzdirəndə başı dönürdü. O, küçüyü qucağından yerə qoymaq istəmirdi. Yerindən büdrəyə-büdrəyə qalxdı, səndələyə-səndələyə özünü eyvandakı divana çatdırdı. Divanın bir küncündə küçük qucağında yuxuya getdi.
Gecənin bir vaxtı Siranuş yuxudan ayıldı, ətrafa göz gəzdirdi, sakitlik hökm sürürdü. Yataqdan dik atıldı. “Görəsən Aşot haradadır” deyib öz-özünə dodağının altında mırıldandı.
Eyvana çıxdı, gözlərinə inanmadı, Aşot üstü açıq, balaca küçük də qucağında divanın bir küncündə yatırdı. Siranuş narazı halda: “Gör insan özünü nə hala salarmış” – deyib otağa keçdi. Yun örtüklərdən birini alıb geri qayıtdı. Aşot üşüməsin deyə üstünü yaxşıca örtdü. Sonra həyət-bacanı gözdən keçirdi, sakitlik idi. Qonağın getdiyinə əmin olduğuna görə yatağına qayıtdı.
Dünən baş verən hadisələrdən sonra ər-arvad yatıb qalmışdılar. Çox gec yuxudan oyandılar. Aşotun başı qazana dönmüşdü, gözü içki axtardı, şüşələri boş gördükdə gözlərinə inanmadı. Öz-özünə: “Görəsən bunları bizmi boşaltmışıq?” – dedi.
Siranuşun səsi onu elə bil ki, yuxudan oyatdı. Sudan çıxmış qaz kimi titrək səslə:
– Mənimi çağırdın, ay arvad? – deyə soruşdu.
– Burda səndən başqa adam varmı?
– Eşidirəm, ay arvad.
– Ay kişi, özünü niyə bu hala salırsan?
– Arvad, məni bağışla, heç nə yadımda deyil.
Siranuş çox dərinə getmədi:
– A kişi, get əlini-üzünü yu gəl, çay hazırdır, yeməyini ye. Xəbərin var, hələ də tövlənin qapısı açılmayıb.
Aşot iştahı olmasa da çay içdi, bir-iki loxma pendir-çörək yedi. Balaca küçüyü də götürüb aşağı tövlə tərəfə getdi. Əvvəllər it saxladığı damın qapısını açıb küçüyü oraya qoydu. Arvadını çağırdı:
– Ay Siranuş, mən heyvanları otarmağa aparıram, sən küçüyə süddən-zaddan bir şey ver, ac qalmasın.
– Narahat olma, a kişi, onu yaxşıca yemləyəcəm.
…Aradan haradasa bir il keçmişdi. Aşot Fransada yaşayan əmisi oğlundan məktub alır. Məktubu bir neçə dəfə oxuyur, yaxşı başa düşmür. Siranuş gəlir, o da oxuyur, başa düşmür. Cümlələr çox dolaşıq yazılmışdı. Bir gün sonra Aşotun Xankəndidə yaşayan oğlu gəlir. Ər-arvad çox sevinirlər. Gecə yarıya qədər söhbət edirlər. Aşotun oğlu məktubu oxuyub atasını-anasını başa salır. Gələcək vəziyyətlə əlaqədar özü də məlumat verir.
– Əmim də sizin ehtiyatlı olmağınızı xəbər vermək üçün bu məktubu yazıb. Bu, hamımız üçün xəbərdarlıqdır. Son dərəcə ayıq-sayıq olmalıyıq.
Aşot məktuba cavab yazdırır və xahiş edir ki, ona bir it zənciri göndərsin. Küçük bir ilə böyümüşdü. İki-üç yaşında olan itlər boyda idi. Aşotun oğlu Başkənddə işini bitirdikdən sonra Xankəndinə qayıdır. Aşot Ənvər kişinin iti vurduğunu, buna görə itin qabaq ayaqlarının zədəli olduğunu oğluna xəbər vermir…
Ənvər kişinin dedikləri ona bərk toxunmuşdu. Vəziyyət günü-gündən pisləşirdi. İki aydan sonra Aşota Fransadan bir bağlama gəlir. O, bağlamanı açanda ilk gördüyü it zənciri olur, çox sevinir. Arvadı Siranuşa bir kofta, Aşota kəmər, uşaqlara saqqız göndərilmişdi. Aşot hiss edirdi ki, Başkəndlə vidalaşma vaxtı yaxınlaşır. O, itinin yarasına hər gün dərman sürtürdü. İti çox böyümüşdü, insanı vahiməyə salan görkəm almışdı. Aşot çox vaxt iti ilə məşğul olur, aradan çıxmaq üçün planlar hazırlayırdı.
Mərdan kişi kəndlisi Ənvəri çox cəsur, qorxmaz bir adam kimi tanıyırdı. Ənvərin başına gələn hadisəni eşitdikdən sonra öz-özünə dedi:
– Mən Ənvər kişi barədə fikirləşdiyimdən də üstün imiş. Hadisələrin tüğyan etdiyi bir vaxtda Başkəndin arası ilə, həm də axşama doğru piyada gəlmək hər oğulun işi deyildi. O, bir növ həyatını riskə qoyub.
– Hətta Ənvər kişi deyirmiş ki, o kafir Aşot dedi ki, ərə, nə qonşuluq, siz fil qulağında yatmısınız, Başkəndin yarısı köçüb.
Sözün doğrusu, hamı kimi Mərdan kişi də narahatlıq keçirirdi. Fikirləşirdi ki, görəsən bu işlərin sonu necə olacaq. Ermənilər bir şey bilməsələr köçməzdilər. Camaat eşitdiklərini bir-birinə xəbər verirdi.
Briqada komandiri polkovnik Cahangir Rüstəmov, kəndlə sıx əlaqə saxlayan baş leytenant Məzahir İzzət oğlu Rüstəmov, topçu İsgəndər, Sahib Əkbər oğlu Rüstəmov mütəmadi olaraq camaatı ayıq-sayıq olmağa çağırırdılar. Onların yeganə şüarı belə idi: “Bu vətənin, bu mahalın, bu torpağın sahibi bizik, göz bəbəyimiz kimi qorumalıyıq!”
Mərdan kişi təcrübəli çoban olsa da ömründə bir heyvanın boğazına bıçaq çəkməmişdi.
O tərəflərdə hamı Mərdan kişini çox xeyirxah insan kimi tanıyırdı. Gənclərdən söhbət düşəndə həmişə gənclərin tərəfində olmuşdu, bir sözlə, gəncləri çox istəyirdi. Deyərdi, onlar da mənim övladlarımdır. O, camaata ürək-dirək verərdi: “Sərhədlərimiz sağlam əllərdədir. Briqada komandiri Cahangir Rüstəmov, baş leytenant Məzahir Rüstəmov, Rövşən Rüstəmov, Əmrah, Makar, Pünhan, Kür kimi oğullarımz qoruyur”.
Mərdan kişi vətən oğulları barədə düşünəndə ürəyi dağa dönürdü. Ən böyük hobbisi qoyun otarmaq idi. Hər gün sürünü örüşə çıxararkən Makarın bağışladığı qurdbasarı da yanında aparardı. O, Makarın sözünü heç yadından çıxarmırdı. “Ay baba, bu küçük sizə lazımdır?” sözlərini xatırlayarkən gülümsünüb deyərdi, çox şükür sənə, ilahi, belə oğullarımız var. Mərdan kişi bu balaca küçüyü elə bəsləmişdi ki, pələngə oxşayırdı. Qurdbasar çox təhlükəli olmuşdu. Ona görə də Mərdan kişi çox vaxt qurdbasarı bağlı saxlayırdı. Sürü kənddən uzaqlaşanda qurdbasarı açıb buraxırdı.
Qurbasar sahibinə sadiq idi. Sahibinin səsi çıxanda yerə yatar, onun əmrini gözləyərdi. Sürünü güdməkdə tayı-bərabəri yox idi. Son dərəcə ayıq-sayıq it idi, boş yerə hürməzdi.
Başkənddən gələn xəbərlər hamı kimi Mərdan kişini də narahat edirdi. Böyüklərin qorxusu uşaqlara görə idi. Camaatı sakitləşdirmək bir o qədər də asan deyildi. Kənd ağsaqqalları yığışıb deyərdilər:
– Təşvişə düşməyin mənası yoxdur. Biz bir olsaq təhlükəylə qarşılaşmarıq. Atalar demişkən, tək əldən səs çıxmaz. Bəzi qorxaq insaların sözünə qulaq asmayın, hər şey göz qabağındadır.
Ermənilər Başkəndlə vidalaşmaq üzrə idi, Aşot da qonşu sürücü ilə Qaradağ tərəfdən getməyi planlaşdırdı. O, yaxşı bilirdi ki, artıq kənddə qalmağım mənası yoxdur. Onsuz da hamı əvvəlcədən başının çarəsini qılmışdı. Şınıx camaatı da ermənlərin Başkəndi boşaltdıqlarına əmin olmuşdular. Ağır itkilərimiz olsa da əsgərlərimiz qələbə çaldılar. Başkənd daşnaklardan azad olundu.
Artıq hər şey öz axarında davam etməyə başlamışdı. Mərdan kişi həmişə olduğu kimi dan yeri ağarmamış yatağından qalxır, həyətə çıxır, heyvanların tövləsinə göz gəzdirir, qapını-bacanı nizama saldıqdan sonra soyuq su ilə yuyunur, evə qalxıb yeməyini yeyib, ömür-gün yoldaşına bəzi tapşırıqlar verib evdən çıxardı. O, çox zəhmətkeş insan idi, çobanlığı ilə fəxr edirdi. Sürüdə olan qoyunların çoxunu adı ilə çağırardı. Qoyunlar da onun səsini eşidən kimi əmməş quzular kimi Mərdan kişinin arxasınca gəzərdilər.
Sürünün belə sağlam olmasının zəhmətini çəkən, onlara qayğıyla yanaşan Mərdan kişi gördüyü işdən zövq alardı. Camaatımız gözünü bu davarlara dikib. Kənddə demək olar ki, hamı Mərdan kişinin hesabına qoyun-quzu sahibi olub. Camaat bilirdi ki, o, gözü-könlü tox kişidir, lazım olanda ehtiyacı olanlara da kömək göstərir. Mərdan kişi sürünü hara gəldi aparmazdı, otlaq yerləri seçməkdə mahir usta idi. Başqalarına da deyərdi: “Sürünü hara gəldi aparmayın, çox otlaq yer qoyunun mədəsini pozur”.
Mərdan kişi bu sahənin həkimi kimi tanınırdı. Kənd camaatı bir şey olanda onun üstünə qaçırdı.
Çəmən xanım ömür-gün yoldaşının xeyirxah əməllərini həmişə xatırladıqda ürəyində pıçıltı ilə deyərdi: “İlahi, təki mənim balalarım xasiyyətcə atalarına oxşasınlar!”
Mərdan kişi deyərdi: “Mənim ağıllı balalarım, hansı sənətin qulpundan yapışsanız, çalışın o sahəni mükəmməl öyrənin. Bizim bu dünyada varımız-dövlətimiz sizsiniz. Siz bu vətənə, bu torpağa sahib olmalısınız. Bizim edə bilmədiyimizi siz etməlisiniz”.
Demək olar ki, elan olunmamış müharibə səngimişdi, camaat rahat nəfəs alırdı. Erməni əsgərlər itki verərək qaçıb getmişdilər.
Mərdan kişi fürsətdən istifadə edib qoyun sürüsünü Başkəndlə Qaradağ arasında otarmaq qərarına gəldi. Sürü yavaş-yavaş irəlilədikcə Mərdan kişinin gözünə bir şey sataşdı, ilahi görəsən mən yuxumu görürəm?
Çox diqqətlə baxanda gördü ki, uzaqda dağılmış bir yük maşını var, yavaş-yavaş o tərəfə getməyi qərarlaşdırdı. O mənzərəni görəndə gözlərinə inanmadı.
Dağılmış maşının sürücüsü ölmüş, yük yerində öz itinə oxşayan it və bir kişi vardı. Maşının dağılmış yanacağı onları əməlli-başlı islatmışdı. Oradakı kişi bir sözü təkrarlayıb dururdu: “İtni baldırına bağla, itini baldırına bağla…” Bunu deyə-deyə ağzından axan suyu qolu ilə təmizləyirdi. İtin də vəziyyəti ürəkaçan deyildi, onun da ağzından su, köpük axırdı. Mərdan kişi onların hər ikisinin quduz xəstəliyinə tutulduğunu təyin etdi. O an Ənvər kişinin danışdığını xatırladı, onun Aşota “İtini baldırına bağla” deməsi Mərdan kişinin yadına düşdü. Bu bədbəxtlər bilmirdilər ki, quyu qazanın quyuya özü düşər. Öz qoyduqları minadır, özlərinə qismət olub.
Mərdan kişi dünyagörmüş adam idi, bilirdi ki, quduzluq dəhşətli xəstəlikdir, onun qarşısı təcili alınmalıdır.
Xəmri xeyirxahlıqla yoğrulmuş Mərdan kişi belə dəhşətli səhnə ilə ilk dəfə qarşılaşırdı. Başqa çıxış yolu görmədiyinə görə başını yuxarı qaldıraraq: “Allahım, keç günahımdan!” – deyib əlindəki kibriti yandırıb, dağılmış yük maşını tərəfə atdı.
O iyrənc mənzərəni izləmək ağlından belə keçmədi. İri addımlarla sürü tərəfə getdi.
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti