“Sevgilisi var – ona görə”
Hikmət Nazim
“Sözçü” qəzetində çalışarkən qəzetin rəhbərlərindən birinin yemək təklifini qəbul etmədiyi üçün müxbir vəzifəsindən uzaqlaşdırıldığını iddia edən Melis Bayraqdar işə qaytarılması ilə bağlı keçirilən məhkəmə prosesindən qalib ayrılıb.
O, rəhbərlərindən birini təcavüzdə, təhqirdə, təhdiddə, insanların rahatlığını, sakitliyini pozmaqda, digərini isə mobbinq tətbiq etməklə başqa bir rəhbərə kömək göstərməkdə ittiham etmişdi.
Qəzet rəhbərliyi isə iddiaları rədd edərək bunların heç birinin həqiqətə uyğun olmadığını və Bayraqdarın “psixoloji problemlərinin olduğunu düşündüklərini” demişdi.
Xanımın dedikləri nə qədər həqiqətə uyğundur, bilmirəm. Məncə, rəhbərlik yaranmış problemlə bağlı açıqlamasında belə jurnalistə qarşı mobbinq tətbiq edib. Çünki onu dəli olmaqda ittiham edib.
Yaxşı, bəs mobbinq nədir? Mobbinq – insana iş yerində göstərilən psixoloji zorakılıqdır. Latın dilindəki “mobile vulgus” sözündən yaranıb. Sözün kökü olan “mob” dilimizə hücum etmək, narahat etmək, “mobbing” termini isə psixoloji terror, zorakılıq kimi tərcümə edilir. Bu mövzunu ilk dəfə 1984-cü ildə Hans Leyman araşdırıb.
İş yerində birinin peşəkarlığını şübhə altına almaq, çevrədə ona olan etibarı sarsıtmaq, onu sıxışdırmaq, özündən uzaqlaşdırmaq, onunla kəlmə kəsməmək, onun tapşırıqlarını eşitməmək, fikirlərinə məhəl qoymamaq, onu dolamaq, alçaltmaq, ona gücü çatmayacaq işləri tapşırmaq, yaxud işi yekunlaşdırması üçün lazım olandan az vaxt vermək, onun haqqında söz gəzdirmək, şər atmaq, səlahiyyətlərini azaltmağa çalışmaq, əlçatan məlumatları ondan gizlətmək mobbinq sayılır.
Təbii, rəhbər vəzifədə çalışan şəxsə qarşı psixoloji zorakılıq qulağa yad səslənə, inandırıcı gəlməyə bilər – o da kollektivdə çalışanların əvvəlki rəhbərə bağlılıqları, yeni rəhbəri qəbul etməmələri, yaxud ideoloji cəhətdən əks qütblərdə dayanmaları ilə izah olunur.
Mobbinqi doğuran səbəblər:
– daha cavan, müasir bilikləri artıq və ya diqqət mərkəzində olan birinə qarşı paxıllıq;
– öz karyera və gələcəyini təhlükədə hiss etmək qorxusu.
Mobbinqin məqsədləri:
– zəiflətmək və diqqətdən kənarda saxlamaq;
– ruhdan salmaq;
– işdən çıxarmaq və ya insanın özünün bezib işdən çıxmasına şərait yaratmaq.
“Azadlıq” radiosunun 2009-cu ildə dərc etdiyi “Mediada qadın olmaq” adlı yazı da məhz bu problemi doğuran səbəblərdən bəhs edir. Yazı media sahəsində çalışan qadınların qazandığı uğurlara “gözəldir – ona görə də bu zirvəyə yüksəlib”, “təbii ki, yuxarılarla əlaqəsi var – ona görə zirvədədir”, “sütun kimi qıçları olmasa, heç kim üzünə baxmaz”, “sevgilisi var – ona görə” kimi ifadələrlə kölgə salınmasını pisləyir: “…Onun 15 ildir çalışması, minlərlə reportaj, xəbər yazması, səhər tezdən durub gecə yarısına qədər işləməsi heç önəmli deyil. “Gözəldir – ona görə”. 15-20 illik zirvədə olmasının xülasəsi budur…”
Müqayisə üçün Türkiyənin məşhur teleaparıcısı Uğur Dündarı misal gətirən müəllif onun uğurlarının “yaraşıqlıdır – ona görə” deyilib gözdən salınmadığını qeyd edir. Əlbəttə, burada ayrı-seçkiliyin yarandığını müşahidə edirik. Bu ayrı-seçkilik mövzuya yanaşmadan da qabaq iş yerlərindəki vəzifə bölgülərindən başlayır, ondan da qabaq ailələrdə qızların təhsil almasına qarşı münasibətdən, yaxud müəllimlik, həkimlik kimi sahələrə yönəldilməsindən.
“İntim görüntüləri yayılan kimdir?” başlıqlı yazımda da qeyd etdiyim kimi, media sahəsində rəhbər vəzifələrin çoxunu kişilərin tutduğunu nəzərə alsaq, qadınların işdə uğur qazanmasının altında başqa mətləblərin axtarılması, onların iş yerlərində sıxışdırılması təəccüblü deyil.
Yaxşı, qadınları başa düşdük, bəs kişilər niyə bu problemlə üzləşir? Təxminən iki-üç il qabaq yerli xəbər agentliklərindən birinin (həmin agentlik hazırda fəaliyyət göstərmir) müxbiri işdən çıxarıldı. Agentlik onu işdən çıxararkən nə əsas gətirmişdi, hələ də aydın deyil. İşdən çıxarılan müxbir buna hakimiyyətdəki dairələrə yaxın bir media qurumunun baş redaktorunun statusuna yazdığı cavabın səbəb olduğunu deyirdi. Dedi-danışdı, bir gün də eşitdik ki, xarici ölkələrdən birinə mühacirətə gedib.
Elə həmin agentliyin siyasət departamentində şef redaktor vəzifəsində çalışan bir başqa jurnalistin işdən ayrılma səbəbi isə yaxın qohumunun müxalif partiyalardan birinin idarə heyətində təmsil olunması idi. Məlum məsələdir ki, Azərbaycanda əksəriyyət öz xoşuyla işdən ayrılmır, bu ölkədə adına “istefa” deyilən ənənə yox dərəcəsindədir. Öz ərizəsi ilə işdən çıxanların çoxu ya bu ərizəni yazmağa məcbur edilənlər, ya da “insanın özünün bezib işdən çıxmasına” yaradılmış şəraitin qurbanları, dinməz-söyləməz çıxıb gedənlərdir.
Bugünlərdə Rusiyanın rəsmi informasiya agentliyi olan “Sputnik”in Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən uzaqlaşdırılması gündəmdədir. Bu qərarın adi işdən çıxarılma və ya şirkətdaxili kadr dəyişikliyi olmadığı, arxasında milli və siyasi səbəblərin dayandığı iddia olunur. Mətin Yaşaroğlu özü mətbuata açıqlamasında işdən çıxarılması faktını təsdiqləsə də, məsələnin detalları ilə bağlı danışmaq istəmədiyini deyib.
Yazımızın əvvəlində adını çəkdiyim və işə qayıtmasının sevincini yaşayan Melis Bayraqdar mətbuata açıqlamasında bu qərarla kifayətlənməyəcəyini, mobbinq və təcavüz barədə də şikayət etdiyini, onların da cavabını gözlədiyini demişdi. Bu yöndə də qələbə qazanıb-qazanmadığı haqda məlumatım yoxdur.
Açıqlamanı oxuduqca ağlıma gəlir ki, bu hadisə Azərbaycanda baş versə, xanım işə qaytarıldığı təqdirdə şikayətini geri götürərdi, digər sahələrdə buna bənzər hallar çox olub. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, bu hallar Azərbaycanda da baş verir və insanlar susub vəziyyətin onların xeyrinə dəyişəcəyini gözləyirlər. Nə məhkəməyə müraciət edirlər, nə mediaya danışırlar. Səbəb çoxdur, bir səbəb də odur ki, bu ölkədə hətta media sahəsində çalışanların da bəzisinin – qadınlı-kişili – “mobbinq” deyilən anlayışdan xəbəri yoxdur.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə