Hikmət Nazim
Bir də görürsən sosial şəbəkələrdə hansısa müğənniyə aid olduğu deyilən intim fotolar yayılır. Yayılır, elə yayıldığı günün səhərisi silinir. Neçə-neçə mövzuda ağzına su alıb oturan, məsələ sadəcə şəxsi həyata gələndə bir addım belə geri çəkilməyən bəzi xəbər saytları dayanmırlar. Həmin intim fotoları bu dəfə də onlar tirajlayırlar. Misal üçün, aşağıdakı kimi:
“Şəbnəm Tovuzlu ilə intim fotoları yayılan kişi: “Şəbnəm yazıq adamdır”. Deməli, buradan belə nəticə çıxır ki, əvvəlcə müğənni Şəbnəm Tovuzlunun intim görüntülərinin də daxil olduğu “şok-şok”lu bir xəbər hazırlayıb, sonra da görüntülərdəki digər şəxsin açıqlamasını alıblar.
Açıqlamaya baxaq: “Şəbnəm Tovuzlunun keçmiş həyat yoldaşı kimi təqdim etdiyi həmkarı Ərşad açıqlamasında 10 il evli olduqlarını etiraf edib: “Bu xəbəri eşitdim. Kim edibsə, düz etməyib, çünki Şəbnəm ailəlidir, yazıq adamdır, qız anasıdır. Hər şey keçmişdə qaldı. Mən də ailəliyəm, o da. Amma onunla övladımız yoxdur”.
Belə aydın olur ki, yuxarıdakı cümlələrdə barəsində danışılan hər iki şəxs evli olsa da, çox hörmətli media nümayəndələri onların ailələrini dağıtmaq naminə də olsa, geri çəkilmək istəmirlər. Üstəlik, bilə-bilə ki, onlar əvvəllər biri-biriləri ilə evli olublar. Keçmiş ər öz dili ilə deyir ki, məlum görüntülər 10 il qabaq çəkilib.
“Səni axtarıram”da axtarılan qızın İNTİM FOTOları yayıldı”. Bu xəbərdə söhbət hansısa müğənnidən, yaxud başqa məşhur adamdan deyil, evdən qaçan və axtarışlar nəticəsində tapılan 19 yaşlı qızın anasının “Səni axtarıram” verilişində nümayiş etdirmək istədiyi görüntülərdən gedir: “S.Babayeva qızının müxtəlif vaxtlarda ayrı-ayrı kişilərlə çəkilmiş fotolarını ekspertlərə və tamaşaçılara təqdim etmək istəsə də, aparıcı Xoşqədəm Hidayətqızı buna imkan verməyib və ana-balanı studiyadan kənarlaşdırıb”. Bu xəbəri yayan sayt elə həmin xəbərin içindəcə aparıcının efirə getməsinə imkan vermədiyi görüntüləri yerləşdirib…
“İntim videosu yayılan Damladır? – AÇIQLAMA”. Bu materialda müğənni Damlanın menecerini danışdırıb, materialın altına videodan çıxarılmış bir foto qoyublar.
Bu kimi hallarda məşhurun əvəzindən açılama verən şəxs iddiaları təkzib edir. Bu yaxşı haldır. Amma məsələ buradaca qapanır. Fotolar sayt bağlanana, yaxud yenilənənə qədər silinmir. Saytdan silinsə də, “Ququl”un arxivində qalır.
Ola bilər, görüntülər həqiqətən də müğənniyə aid olsun və bədxahları tərəfindən yayılsın və ya müğənni publikaya oynamaq xatirinə xəbəri yalanlasın, amma ağılları qarışdıran bir sual var: “Görüntülər ona aid deyilsə necə?”
O zaman görüntünün əsl sahibinin şəxsi həyatının toxunulmazlığı necə olacaq? Belə çıxır ki, “blur”suz (intim görüntülərin və görüntülərdəki şəxsin üzünün fotomontajla qaraldılması) fotolar hansısa müğənninin imicini xilas etmək üçün saytda saxlanılaraq məsələdən tamamilə xəbərsiz bir vətəndaşın şəxsi həyatına birbaşa müdaxilə edilir. Müdaxilədən də önəmlisi, onun həyatı təhlükəyə atılır.
Azərbaycan patriarxal, yəni ictimai-siyasi məsələlərdə kişi yanaşmasının üstünlük təşkil etdiyi cəmiyyətdir. Burada insanlar intim görüntülər bir yana, yuxuda həyat yoldaşını başqasıyla “tutduğu” üçün belə onu öldürə bilir.
Unutmamış deyim, qalmasın: bəzən belə də olur ki, yuxarıda dediyim amil (patriarxal cəmiyyət modeli) nəzərə alınmadan qızların açıq-saçıq şəkli paylaşıldığı halda, oğlanların təsviri gizlədilir. Misal üçün, təsvirə baxırsan ki, bir oğlanla bir qız öpüşür, oğlanın üzü qaraldılıb, qızın üzü açıq saxlanılıb. Bu həm də ondan irəli gəlir ki, ölkədə fəaliyyət göstərən saytların əksəriyyətində rəhbər vəzifələri kişilər tutur. Yəni haqqında söhbət açdığımız mövzuda bir növ cinsi ayrı-seçkiliyə də yol verilir.
Ümumilikdə isə belə görüntülər kimə aid olmasından asılı olmayaraq paylaşılmamalıdır. Paylaşılıbsa, silinməlidir. Mənə elə gəlir, bu, məsələnin əxlaqi tərəfidir. Yəni məlum fotoların saytda yerləşdirilib-yerləşdirilməməsinə, yerləşdirilibsə, silinib-silinməməsinə redaktor da qərar verə bilər.
Qanuna gəlincə, Azərbaycan Konstitusiyasının 32-ci maddəsi şəxsi həyata aid bütün görüntülərin yayılmasını qadağan edir: “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxılanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim