Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?
Xalid Ağalıyev
media hüquqçusu
Bakıda iki tanınmış jurnalistin – Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli və Criminal.az saytının baş redaktoru Anar Məmmədovun məhkəməsi davam edir. Həbs təhlükəsi real olan jurnalistlər “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə”də ittiham olunurlar. Jurnalistlərə qarşı bu çağırışları öz saytlarına daxil etməklə vəzifə cinayətlərinə yol vermələri ittihamı da irəli sürülüb. Jurnalistlərin vəzifə cinayətlərində ittiham edilməsini əvvəlki yazıda şərh etmişik. Bu yazıda jurnalistlərə qarşı irəli sürülmüş “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə” ittihamına toxunacağıq.
Hər iki sayt rəhbərinə qarşı irəli sürülmüş ittihamların ən ağlabatan yozumu budur ki, jurnalistlərin öz saytlarında yaydıqları bəzi məqalələr “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsi”nə açıq çağırış məzmununda olub. Həmin məqalələri oxuyan bir neçə vətəndaş həyəcan keçirib və ya şoka düşüb və bundan prokurorluğa şikayətçi olublar.
Dövlət əleyhinə çağırışın əlamətləri
Jurnalistlərə qarşı başlıca ittiham maddəsi Cinayət Məcəlləsinin 281-2-ci maddəsidir. Maddənin 1-ci hissəsində deyilir: “Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma – beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Maddənnin 2-ci hissəsi eyni əməllərin təkrar və ya bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlıdır. Jurnalistlərin ittiham edildiyi Cinayət Məcəlləsinin 281-ci maddəsinə göz gəzdirək.
Hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar hərəkətlə edilə biləcək əməldir. Hər iki sayt rəhbəri məqalələri sayta daxil etməklə hərəkət etmiş sayılırlar. Ancaq çağırışın cinayət əməli sayılması üçün onun açıq olması tələb olunur. Çağırışın sayta daxil edilməsi onun açıq olması anlamına gəlmir, çünki həmin maddənin sonunda “habelə bu cür məzmunlu materialları yayma” ifadəsi işlədilir. Buna görə demək olmaz ki, çağırış yayılıbsa, bu, elə onun açıq çağırış olması deməkdir. Açıq şağırış o deməkdir ki, o, aydın olur, ilk oxunuşda anlaşılır.
Hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış cinayəti birbaşa qəsdlə törədilə bilər. Yəni şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərsə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərsə, üstəlik, ictimai təhlükəli nəticələri arzu edərsə, cinayətin birbaşa qəsdlə törədildiyini söyləmək olar. Haqqında danışılan cinayətin baş verdiyi qərarına gəlmək üçün sadalanan hər üç əlamət mövcud olmalıdır. Əlamətin biri yoxdursa, birbaşa qəsd mövcud deyil.
Deyildiyi kimi, haqqında danışılan cinayətin baş verməsi qənaətinə gəlmək üçün həmin çağırışın birbaşa qəsdlə edilməsi şərtdir. Birbaşa qəsdin baş verməsinin özünün şərti isə əməlin nəticələrinin arzulanmasıdır. Ona görə də aydınlaşdırmaq lazımdır ki, mühakimə edilən jurnalistlər işin hallarında olduğu kimi “oxucuların həyəcanlanmasını, şoka düşməsini” arzulayıblarmı? Bu arzular həm də mütləq reallaşma gücündə olmalıdır. Bastainfo.com və Criminal.az saytları dar oxucu kütləsinə sahib saytlardır. Ölkədə belə oxucu kütləsinə sahib olan yüzlərlə internet resursu fəaliyyət göstərir.
Cinayətkar çağırış hesab edilən məqalələrin məzmunu
Jurnalistlərə qarşı tərtib edilmiş ittiham aktında saytlarda yayılmış bir neçə məqalədən söhbət gedir. Həm də həmin məqalələrin bir neçəsi başqa medialarındır, ittiham edilən jurnalistlər onları istinadla yayıblar. İttiham aktında əsasən aşağıdakı ifadələrin dövlət əleyhinə çağırış olduğu vurğulanıb.
“Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncəyə başçı təyin edilən Elmar Vəliyev şəhərin bütün dövlət qurumlarını özünə tabe etdirmək istəyib. Polis Daxili işlər nazirinə, prokuror Baş prokurora tabe olduğu halda E.Vəliyev onları özünə itaət etməyə məcbur edib. Məhz buna görə, Gəncənin keçmiş polis rəisi Rasim Musayevlə başçı arasında ciddi qarşıdurma oldu. R.Musayev Gəncədə rəis olan zaman şəhid anasına görə, icra başçısı ilə aralarında münaqişə baş vermişdi. Şayiələr yayılmışdı ki, rəsmi tədbirlərdən birində evi sökülən şəhid anası E.Vəliyevə yanaşaraq, evi söküldüyünə görə Qarabağda şəhid olan övladlarının balalarının küçədə qaldığını irad tutmuşdu. İcra başçısı isə sərt şəkildə polisdən həmin qadının tutulmasını əmr etmişdi. R.Musayev şəhid anasına mülayim münasibət göstərmiş, bu, icra başçısını qəzəbləndirmiş, daha sonra iclaslardan birində R.Musayevə kobud sözlər işlətmişdi. Hətta başçı ilə R.Musayev həmin vaxt əlbəyaxa olmuşdular, bundan sonra R.Musayev Gəncəni tərk etmişdi… Hətta söhbət dolaşırdı ki, R.Musayevin xidməti avtomobili Hacıkənddə başçıya yaxın şəxslər tərəfindən gülləbaran edilib… …Niyə hakimiyyət E.Vəliyevin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, E.Vəliyevlə baş verənlər tez, ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çxıarmırsa, İsmayıllı və Quba hadisələri Gəncədə təkrarlana bilər…”
İstintaq qeyd edilən ifadələrin qələmə alınmasını və sayta daxil edilməsini Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işinin açılmasına əsas sayıb. Doğrudanmı qeyd edilən ifadələr çağırış sayıla bilər?
Çağırış, yoxsa dəfələrlə tirajlanmış xəbərlər, mülahizələr?
Ümumiyyətlə, məqalələrdəki ifadələrin mühakimə edilən jurnalistlərin əqlinin məhsulu olduğu qənaətinə gəlmək doğru görünmür. Bunun üçün ilk növbədə həmin məqlələrdəki düşüncələrin ilkin müəllifinin mühakimə edilən jurnalistlər olması şərtdir. Məqalələrin bir neçəsi ümumiyyətlə başqa medialara aiddir. Digər tərəfdən vurğulanmalıdır ki, məqalələrdəki məzmun yeni deyil, köhnəlib.
Məqalələrin əsas məzmunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, onun fəaliyyəti ilə bağlıdır. İnternetdə belə məzmun minlərlədir. İnternetdə axtarış verdikdə həmin başçının fəaliyyətinin neqativ məzmunu ilə bağlı yüzlərlə məqalə tapmaq olur. Həm də həmin məqalələrlə müqayisədə ittiham aktının söykəndiyi yazılar kifayət qədər yumşaq məzmundadır. Əgər hansısa qrup hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi cinayətinə meyillənərsə, bu məqalələr yəqin ki, onların “ədəbiyyat siyahısına” düşməz.
Qeyd etdiklərimizdən çıxış edib söyləyə bilərik ki, mühakimə olunan jurnalistlərin yaydıqları məqalələr bilavasitə onların müəllifliyinə aid deyil, həm də dövlət əleyhinə açıq çağırış deyil. İttiham aktının söykəndiyi məqalələrin harasında insanlar hakimiyyəti zorla dəyişdirməyə çağırılıb? Bir polis rəisi ilə icra başçısının yola getməməsini, bir icra başçısından narazılığın olduğunu xəbərləmək, hökuməti tədbir görməyə dəvət etmək necə ola bilər ki, dövlət əleyhinə açıq çağırış kimi tövsif olunsun?
Məqalələrdən ittiham aktında seçilib qeyd edilmiş ifadələr olsa-olsa hökumətə yönəlik xeyirxahlıqla ifadə edilmiş jurnalist mülahizələridir.
İfadələr zəruri resurslara malik konkret çevrəyə yönəlməyib
Çağırışın açıqlığını ifadə edən şərtlərdən biri də çağırışın ünvanlandığı konkret çevrənin olub-olmamasıdır. Əgər çağırış cinayət törətmək məqsədilə yayılıbsa, onda o, mütləq həmin cinayəti icra edə biləcək konkret kəsimə ünvanlanmalıdır. Jurnalistlərin yaydığı məqalələrdə aydın görünən yeganə çevrə var – hökumət. Məqalələrdə vurğulanır ki, Gəncə şəhərində administrasiyadan narazılıq var, tədbir görmək lazımdır, yoxsa əvvəlki illərdə başqa rayonlarda baş vermiş ictimai təhlükə doğuran olaylar yaşana bilər. Digər məqalələrin hədəfi bütün vətəndaşlara xəbər, informasiya çatdırmaqdır. Bu isə media, jurnalistika fəaliyyətinin təməlidir. Bu qeydlərin fonunda əminliklə demək olar ki, ittiham aktının söykəndiyi məqalələrin yönəldiyi (cinayət anlamında) konkret çevrə mövcud olmayıb. Çağırışın yönəldiyi konkret çevrə mövcud olmadığından, ittiham edilən jurnalistlərin (çağırış müəlliflərinin) hansısa çevrəyə nüfuz etmək, onları yönləndirmək gücünün olub-olmaması məqamına toxunmağa gərək qalmır. Halbuki bu da vacib suallardandır.
Zənn edək ki, çağırış bəlli bir çevrəyə edilib. Bu zaman cavab aranası digər sual həmin çevrənin çağırışı reallaşdırmaq imkanında olub-olmamasıdır. Cinayət Məcəlləsinin 281-ci maddəsindəki əməlin törədilməsi üçün həm də zəruri resursların mövcudluğu, çağırışın ünvanlandığı çevrənin həmin imkanlara sahib olması şərtdir. Mütləq nəzərə alınmalıdır ki, hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi gerçəkləşməsi əksər situasiyada mümkün görünən sıradan bir xuliqanlıq əməli deyil. Azərbaycanın hüquq mühafizə qurumlarının ölkədəki ictimai-siyasi, kriminal durumla bağlı hesabatlarını yadımıza salaq. Siz rəsmi hesabatlarda nə zamansa ölkədəki sabit düzəni poza biləcək kəsimlərin olmasına aid məzmunla rastlaşmısınızmı? Rəsmi hesabatlarda hər zaman vurğulanıb ki, ölkədə tam ictimai-siyasi sabitlik bərqərar olub. Vətəndaşlar da əmin edilib ki, hüquq mühafizə qurumları sabitliyi tam təmin edir. Rəsmi bilgilərə görə, Azərbaycanın yaxın keçmişində siyasi hakimiyyətə müxalif olan qrupların ən kütləvi aksiyası 2-3 min vətəndaşın iştirakı ilə gerçəkləşib. Bu tədbirlər də, yenə rəsmi bəyanlarda vurğulandığı kimi, hər zaman sabitliklə müşayiət olunub. Oturuşmuş belə bir sabit ictimai-siyasi düzəndə necə ola bilər ki, bir neçə məqalə hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi əməlinin törədilməsinə zəmin yaratsın?
Bütün qeyd edilənləri ümumiləşdirərək söyləmək olar ki, mühakimə olunan iki jurnalistin yaydığı məqalələrdə Cinayət Məcəlləsinin 281-ci maddəsi üzrə açıq çağırışlar mövcud deyil. Jurnalistlərin bu işdə dövlət əleyhinə açıq çağırışlar etməyə və belə çağırışları yaymağa görə məsuliyyətə cəlb olunması da ağlabatan deyil.
Müəllifin başqa yazıları:
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Bayramdan bayrama – mediamız
Necə bloklamalı?