Hikmət Nazim
Qəzetlərdən birinə korrektor vəzifəsinə dəvət olunmuşdum. Uzun müddət işsiz qalandan sonra bu təklif hava kimi, su kimi gəlmişdi. Maaş ürəkaçan olmasa da, istədiyim iş idi.
Təzə-təzə alışırdım, hər şey yaxşı gedirdi. Elə bunu demişdim… Deməmiş olaydım. Bir gün qəzetin baş redaktoru gəldi ki, əlimizin altında yatan üç xəbər saytı var, ara-sıra onlara da xəbər qoy, boş qalmasınlar.
Günün sonunda isə saytlara yerləşdirilən ümumi materialların siyahısını verməliydim. Hər sayta aşağısı 20-25 yazı yerləşdirilməli idi. Say düz gəlmədikdə nələr baş verəcəkdi, allah bilir.
Azmış kimi, bir dənə data-kart da verdi ki, redaksiyadakı işimi bitirib evə gedəndə boş qalmayım, yatana kimi xəbər yerləşdirim. Hər halda, kopy/paste ilə işləyən saytlarını hansısa xəbər agentliyi ilə səhv salmışdı.
Bu məqamda sözümüz düz gəlmədi, işdən ayrılası oldum. Nə yalan deyim, bir ara “bəlkə səhv edirəm” deyə düşündüm, sonra bu qərara gəldim ki, rayona qayıdıb atamın inəyinə iki-üç saatdan bir ot qoysam, su versəm, daha yaxşıdır.
Qəzetdəki korrektə səhvlərinə baxmaq, həftə içi hər gün 3 sayta xəbər yerləşdirmək, günün yekununda görülən işlərə dair yazılı hesabat vermək… Bütün bunların bir insanın təkbaşına öhdəsindən gələcəyi iş olmadığını izah etməyə belə ehtiyac görmədim, adam çox qərarlı idi.
***
Rayona yeni gəlmişdim. Bakıya dönməyimi istəyən dostlardan biri iş elanı yolladı, təkidlə müraciət etməyimi istədi. Dostumun sözünü yerə salmamaq üçün alınmayacağını bilə-bilə telefonu əlimə alıb işəgötürəni yığdım.
Xanım işəgötürənin təklifi də qəzet redaktorunun təklifindən fərqlənmirdi: səhər saat 9:00-dan 19:00-a qədər redaksiyada, 19:00-dan 00:00-a qədər evdə işləyəcəkdim. Bir o qalmışdı deyə ki, sayta xəbər qoymadığın müddətdə də gəl, həyət-bacanı süpür.
Maaşı soruşdum, gülməli bir rəqəm dedi.
İşim yenə sayta xəbər yerləşdirmək olacaqdı. Qəzet redaktorundan fərqli olaraq xanım başlıqlara xüsusi diqqət yetirməyimi istəyirdi. Zəif oxunan hər xəbər müzakirə olunacaq, ayın sonunda saytda qalıb-qalmayacağıma qərar veriləcəkdi.
Sərlövhə düşünmək xəbər yazmaqdan da yaradıcı işdir. Ən peşəkar redaktor da əvvəl-axır tükənir, enerji yığmağa ehtiyac hiss edir. Görəcəyim işin müqabilində alacağım maaş bir şey deyildi, üstəlik, işə başlasam ay boyu stress yaşayacaqdım.
Sağollaşanda bildirdim ki, yaxın zamanda sizin meyarlara uyğun jurnalist tapsam, xəbər edəcəm. Dediyim kimi də oldu, bir-iki günə bir tanışımı düzüb-qoşdum, işə başladı. Belə bir jurnalist tapacağıma əmin idim, çünki tanıdığım yazı-pozu adamlarının çoxu ehtiyac içində yaşayır.
***
Bu gün onlayn, eləcə də çap mediasında tələsik yazılıb yayımlanan yazılarda dil və üslub xətaları, bəzən mövzulara ötəri yanaşma narahatlıq doğurur. Ölkənin ən təcrübəli redaktorundan tutmuş ən səriştəsiz müxbirinə qədər hər kəs şikayətçidir.
Səbəb çox sadədir: hərə bir sayt açıb ürəyi istəyən kimi idarə edir, qəpik-quruş maaşa işçi çalışdırdığı saytından agentlik performansı gözləyir. Əks təqdirdə müxbirlər, redaktorlar, veb-redaktorlar çörəklə sınağa çəkilirlər. Müqavilələri olmadığı üçün istismar olunur, müqavilə tələb edəndə də “xoşun gəlmir, get, başqa iş tap” deyə yola salınırlar.
Yuxarıda özümdən gətirdiyim nümunələrdən də anlaşıldığı kimi, media sahəsində çalışan təsadüfi müdirlər operativlik dalınca qaçır, işçilər işlərini itirməkdən qorxurlar. Bir insan işini itirməkdən qorxursa, sorğu-sual etməz, müdirin tələblərinə şahın fərmanıymış kimi baş endirər; işin keyfiyyətini gözardı edib say düzəlsin deyə can yandırar.
Nəticə? Yazıya nəticə yazmağı artıq hesab edirəm. Cəmi bir gün oturub saytların, eləcə də qəzetlərin birinə gözucu baxmaq kifayət edir ki, hər şeyi görəsən.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?