Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Həmişə bol məhsulu ilə fərqlənən alma ağacı özündə bir narahatlıq hiss edirdi. Çox fikirləşdi görəsən bu nə kabusdur? Öz-özünə dedi, hər ehtimala qarşı diqqətli olmaq lazımdır. Birdən qulağına bir səs gəldi. Ətrafa göz gəzdirdi. Ona tanış olmayan əcaib səslər eşidirdi. Onun xoşuna gəlməyən bu səslər get-gedə artırdı. Bir müddət sonra sakitlik hökm sürməyə başladı.
Almanın narahatlığına bir səbəb vardı. Ana övladını sevdiyi kimi o da öz barını çox sevirdi. Onların hər birinə qayğıyla yanaşırdı.
Yenə başqa bir səs, onu səs gələn tərəfə baxmağa vadar etdi. Zil qaranlıqda küləklə yarpaqların pıçıldaşması onu narahat etməyə başladı. Görəsən onlar nə danışırlar? Onların fikrini öyrənmək bir o qədər də asan deyildi.
Bütün ümidini bağbana bağlamışdı. Bağbanın qəribə xasiyyətlərindən biri də istirahət vaxtı belə alma ağacı barədə düşünmək (fikirləşmək) idi. Yaşlı bağban yuxuda öz-özünə danışırdı. O bütün varlığı ilə alma ağaclarına qulluq edir, onlarla söhbətləşirdi. Həmişə deyərdi ki, mənim ağaclarım sussalar da mənim dediklərimi eşidirlər. Özü də hiss edirdi ki, bu bir təskinlikdir.
Yaşlı bağban yataqdan dik atıldı.
Yuxusunda kabus görmüşdü. Başını aşağı salaraq fikirləşməyə başladı: görəsən bu nədir? İlahi! Ayağa qalxdı, bir stəkan su içdi, gərnəşdi, hələ yuxudan tam ayılmamışdı. Tez-tez əsnəyirdi. Küləyin səsindən diksindi, gödəkcəsini geyinib bağ tərəfə yollandı. Meyvəliyə çatdıqda alma ağaclarına göz gəzdirdi. Elə bil ki, meyvə ağacları yaşlı bağbanı salamlayırdılar. Bir az rahatlandı. Gördüyü kabusu xatırladı. “Lənət sənə, a şeytan, – dedi… – Görəsən bu nə yuxudur?”
Başını göyə qaldırdı, buludların bir-birini qovmasını bir müddət seyr etdi. Belə buludlar yağışdan xəbər verir deyə fikirləşdi. Yaşlı bağban almalığın hər tərəfinə göz gəzdirməyi qərarlaşdırdı. Onun bu fani dünyada dostları da, qohumları da ərköyün böyütdüyü alma ağacları idi. Hə… bir də Pərviz adında bir balaca dostu vardı. Pərviz hər gün yatağından qalxdıqda eyvana çıxır, onlardan bir qədər uzaqda almaları ilə yaşayan yaşlı bağbanın yaşadığı evi seyr edir, düşüncələrə dalır, daha sonra yaşlı dostu ilə görüşməyə tələsirdi. Pərviz həmişə yaşlı bağbanın evdə olub-olmamasını bacadan çıxan tüstü ilə təyin edirdi. Pərviz bağban dostunun yanına gedərkən anası balaca boğça düzəldərdi, “Oğlum, başqasının evinə əliboş getmək olmaz” deyərdi. Pərvizin anası da bu işə alışmışdı. Yaşlı bağbana görüm-baxım edirdi. Həm də balaca Pərvizin bağbana mehrini salması onu sevindirirdi. O, çalışırdı ki, balaca Pərviz ağsaqqalları, ağbirçəkləri saysın, onlara hörmətlə yanaşsın. Qadın yaxşı başa düşürdü ki, bu gün Pərvizin yaxınlıq etdiyi yaşlı bağban onun həyatında mühüm rol oynayır. Sözün doğrusu, balaca Pərviz özü də bilmədən çox müdrik bir ağsaqqala rast gəlmişdi. O, ağsaqqalla görüşündən sonra bütün olub-bitənləri anasına danışır, alma ağaclarının onunla da dostluq etdiklərini sevinclə dilə gətirirdi. Anası Pərvizin dediklərinə çox diqqətlə qulaq asır, onun bu hərəkətinə görə onu ruhlandırırdı. Pərvizlə anasının söhbəti çox şirin keçirdi:
– Bağban əmi mənim oxumağımla maraqlandı. Soruşdu kitabın varmı? Dedim, alacam.
– Afərin, oğlum, düz məlumat vermisən. İnşallah, sabah kitab dükanına gedib sənə əlifba kitabı alarıq.
Pərviz anasını qucaqlayıb incə və balaca dodaqları ilə onu öpməyə başladı:
– Çox sağ ol, anacan, sən dünyanın ən ağıllı anasısan!
Yaşlı bağban az qala unutmuşdu, namaz vaxtının çatdığını hiss etdi. Vaxt itirmədən evə döndü, dəstəmaz aldı, namazını qılıb qurtardı. Gördüyü kabus heç cür yadından çıxmırdı. Köhnə divana oturdu, Allaha dua etdi. “Almalarıma bir şey olmaz, inşaallah! Onları qoruyan sağlam kökü, budaqlarıdır. Onlar çox təbii fəlakətə sinə gərib. Məni naümid qoymazlar”. Dərindən köksünü ötürdü. Yadına bir hadisə düşdü. Sovetin vaxtında çox tez-tez göstərilən “Əsgər atası” filmi. Öz-özünə güldü, fikrə daldı. Bir xeyli film haqda düşündü. Ürəyində o filmin ssenarisini yazana təşəkkür etdi. “Çox həyati filmdir”.
Tankların üzümlüyə girdiyini görən əsgər atası Maxaraşvili heç fikirləşmədən onların üstünə gedir və çalışır ki, tankçılar üzümlüyü əzməsin. Georgi Maxaraşvilinin əzilmiş üzüm tənəklərini yerdən qaldırıb üzünə sürtərək gürcücə həzin-həzin oxuması səhnəsini gözünün qabağına gətirən yaşlı bağbanı tər basmışdı, qulaqlarında bir uğultu başlamışdı. Yenə də dünənki kabusu xatırladı. “İlahi, mənim alma ağaclarımı qoru!” dedi. Ayağa qalxdı, sobanın tüstüsünü görməsə gəlməz. Həmişə olduğu kimi balaca Pərviz eyvana çıxdı, ilk işi yaşlı bağbanın evi tərəfə baxmaq idi. Ətrafda sakitlik hökm sürürdü, külək olmadığına görə bacanın tüstüsü düz çıxırdı. Pərviz çox sevindi:
– Anacan, mən bağban əmigilə getmək istəyirəm.
– Lap yaxşı, oğlum, bir boğça hazırlayım, onu da götür.
Pərviz anasının bu insanpərvərliyinə çox sevinirdi. Öz-özünə dedi: “Bağban əminin yanına əliboş getmək olmaz, ayıbdı. Onun bizdən və alma ağaclarından başqa kimi var?..”
Balaca Pərviz hərəkətlərindən çox razı idi. Yaşlı bağbanın evinə çatanda bir az ayaq saxladı qapıya, o balaca evə göz gəzdirdi. Çox ehtiyatla qapıya yaxınlaşdı, incə barmaqları ilə qapını döyməyə başladı, yaşlı dostu qapını açarkən qarşısında balaca dostunu görəndə bir anlıq oxşadığı almaların yanağındakı al qırmızı gözünün qabağına gəldi. Pərvizin də yanaqlarındakı qırmızı, almadakı rəngi xatırladırdı. Yaşlı bağban aşağı əyildi, balaca dostunu suya tamarzı olanlar kimi öpüb, oxşadı.
– Pərviz, dostum, bu nə boğçadır yenə gətirmisən?
– Bağban əmi, mən anamın işlərinə qarışmıram, nə olduğundan da xəbərim yoxdur.
Pərvizin ağıllı cavabı bağbanı heyran qoymuşdu.
– Otur, oğlum, masadakı adamlardan götür, dadına bax. Bağı gəzərkən onları yerdən topladım, yeməli olmalıdır.
Pərviz pıçıltı ilə:
– Sağ ol, bağban əmi, – dedi. Sonra birdən dikəldi. – Bağban əmi, arabir silah səsi gəlir, siz də eşidirsizmi?
– Eşidirəm, ay oğul, eşidirəm. Kafirlərə lənət olsun, almaları sərsəkil ediblər. Məni görəndə elə bil şikayət edirlər. Son zaman çox fəallaşıblar. Çanaq öz başlarında çatlayacaq. Biz səbirli millətik. Yurdumuz-yuvamız qəhrəmanlar yurdudu. Bu xalqın tarixi keçmişini vərəqləsən görərsən ki, onun bir səbir kəsası var, əgər o daşsa vay kafirlərin halına.
Yaşlı bağban bunları danışarkən balaca Pərvizin gözlərində sevinc qığılcımı oynaşırdı. Bağban öz-özünə dedi: “Əgər o öz balaca dünyası ilə mənim dediklərimə qiymət verirsə, onun parlaq gələcəyi də var”. O, Pərvizlə dostluğundan qürur duyurdu.
Balaca Pərviz yaşlı bağbandan gündə bir şey öyrənirdi. O söhbətlərinin çoxunu anası da yaxşı bilirdi. Çünki Pərviz görüb-götürdüklərini həmişə anasına danışırdı.
Pərvizlə yaşlı bağbanın dostluğu beləcə davam edirdi. Bir gün Pərviz yatdığı yataqdan dik atıldı. Qorxulu yuxu görmüşdü. Tələm-tələsik eyvana çıxdı, ilk işi yaşlı bağbanın evi tərəfə baxmaq oldu. Gözlərinə inanmadı, bacadan tüstü çıxmırdı. O tərəfə, bu tərəfə getdi, həmin mənzərə idi. Hava tutqun idi. Balaca evin üstündə qara buludlar bir-birini qovurdu. Pərviz anasına xəbər vermədən dostunun evinə tərəf qaçmağa başladı, yol bağın içərisindən keçirdi, birdən donub qaldı. Gözlərinə inanmadı. Öz özünə: “Mən yuxumu görürəm?” dedi.
Yolun üstündəki qollu-budaqlı alma ağacına yaxınlaşdı. Gördüyü mənzərə onu bərk qorxutmuşdu. Yaşlı bağban alma ağacını kafir gülləsindən qorumaq üçün bərk-bərk qucaqlamışdı. İri gövdəli alma ağacının kökündə gölməçə halına gəlmiş qanı görən balaca Pərviz elə bildi ki, yaşlı bağban son nəfəsində də almaları sulamağı yaddan çıxarmayıb.
Bu mənzərəyə dözməyən Pərviz gəldiyi yolla geri qayıtdı. Evə tələsirdi, gördüyü mənzərənin yalan olması üçün Allaha yalvarırdı.
Pərviz evin həyətində anasına rast gəldi. Anası Pərvizi birinci dəfə idi ki, belə həyəcanlı görürdü.
Pərviz bir tərəfə çəkilib hönkür-hönkür ağlayırdı.
– Niyə ağlayırsan, oğlum, səni incidənmi var?
– Yox, anacan, dostum yaşlı bağban artıq yoxdur.
– Ağlama, mənim ağıllı Pərvizim! Yaranan bir gün ölür.
– Yox, anacan, onun ölmək vaxtı deyildi. Görəsən, onsuz o alma ağaclarına kim qulluq edəcək? İndi bütün alma ağacıları yas içindədir. Onlara yaxınlaşmaq istədim, üzümə belə baxmadılar. Biz uşaqların günahı nədir?
Pərvizin dedikləri anasını dəhşətə gətirmişdi. Onu ağlamaq tutdu, ana ürəyi, zavallı qadın hıçqıra-hıçqıra ağlayırdı. Çalışırdı Pərviz onun yaşlı gözlərini görməsin.
Aradan çox zaman keçdi. Zaman öz axarında davam edirdi. Pərviz artıq həddi-büluğa çatmışdı.
O müqəddəs xatirələrin qəmli əsərini vərəqləyən gündən xeyli vaxt keçmişdi. Gülümsəyərək ətrafa göz gəzdirdi, dünya həmin dünyadı…
Müəllifin başqa yazıları:
Zarafat
Ruhlar da danışır
Ziyanın yarısından qayıtmaq qəniməti
Yaşamaq stimulu
Qəbiristanlıq yolunda qaz əhvalatı
Cin əhvalatı