Emin Hüseynzadə
Jurnalistlərin əksər halda maraqlı material hazırlamadığı həqiqətdir. Azərbaycan mediası – lazımsız rəqəmlər, təhlilsiz iqtisadiyyat, hesabat xarakterli görüşlərdən izləyicini əsnəməyə məcbur edən yazılar, video və fotolardan ibarətdir.
Səbəb nədir? Niyə jurnalistlər etməli olduqları yeganə işi – məlumatı düzgün çatdırmağı bacarmırlar və ya ümumiyyətlə çatdırmaq istəmirlər? Necə olur ki, inşaat mühəndisi binanın tikintisinin hər məqamını izləyir, yönləndirir, çörəkçi sobadan xırçıldayan çörəyi çıxaranadək əlindən gələni edir, amma jurnalist öz işini görmür və buna görə pul almağa çalışır. Məsələ bundadır ki, jurnalistdə olan heç kəsdə yoxdur. Daha doğrusu, var, amma eyni dərəcədə deyil.
Jurnalist nə daşla, nə unla, nə dərmanla, nə də kitab-dəftərlə işləyir. O indiki, gündəlik həyatımızda insanların nə etdiyini göstərir. Amma belə olanda məlumatların yayılmasının qarşısını alan əsas qüvvələr işə düşür. Bu qüvvə – qohumlar, dostlar və tanışlardır. Onlar jurnalistə müxtəlif formatlarda – şəxsi görüşlərdə, “Feysbuk” yazışmalarında, toylarda, birgə siqaret çəkən zaman və ya xəngəlxanada təzyiq göstərirlər. Gah deyirlər “səni tutacaqlar”, gah da “bircə mənim sahəmdən – inşaat sahəsindən yazma”.
Qohumlar özünüsenzuranın aparıcı qüvvəsidir. Bu qüvvə jurnalisti hər yerdə izləyir. Media işçisi də adi psixoloji stereotipdədirsə, düşünməyə, özünü başqalarının gözüylə görməyə, başqalarının gözündəki özünə baxmağa başlayır. Bu düşüncə tərzi də şəxsi senzura üçün ən təhlükəli amildir. Bundan sonra maraqlı materiallar qeybə çəkilir və “rahat həyatını yaşayan jurnalist” tipajı ortaya çıxır. Bu rahat jurnalistin əməyinə də bir vaxtdan sonra tələbat yox olur, çünki onun kimi “rahat”ların sayı onsuz da həddən artıqdır. Qohum və tanışlar da öz aralarında deyirlər ki, bir zamanlar gözəl jurnalist idi, sonra “nə isə öz üzərində işləmədi, yox oldu getdi”.
Bəs bu “rahat”lıq yalnız jurnalistikadadırmı? Əlbəttə ki, yox! Özünüsenzuranı görməkdən ötrü istənilən sosial şəbəkəyə baxmaq olar. Adətən “rahat”lar yalnız fotolar paylaşır və ya gözəl atalar sözləri yazırlar. Bəzən profillərində onların şəkillərini tapa bilməzsiniz, yalnız uşaqlarının müxtəlif fotoları var. Başqalarının fikri onları o qədər düşündürür ki, özlərini heç cür ifadə edə bilmirlər. Jurnalistlərin belə olması özünüsenzuranın həm də başqalarının arasında yayılmasına gətirib çıxarır. Nəticədə hətta işlədikləri mediaları bağlananda belə durub bunun səbəbləri haqqında danışmırlar. Susurlar, çünki danışsalar dost-tanışları onları sorğuya çəkə, fikir bildirə bilər.
Bu gün heç vaxt olmadığı qədər başqalarını dinləyəndən sonra yenə də öz baxışını dünyaya çatdırmağı bacaran media işçilərinə ehtiyac var.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?