Hikmət Nazim
Ötən il dekabrın 26-da bloqçu Mehman Hüseynov həbs müddətinin bitməsinə iki ay iki həftə qalmış belinə yüklənən yeni cinayət işinə etiraz olaraq müddətsiz quru aclıq aksiyası elan edib, bir neçə gün sonra isə quru aclığı dayandıraraq yalnız su içməklə aksiyanı davam etdirib.
Aclığın 8-ci günündə Bakıda bloqçu üçün azadlıq tələbi ilə aksiya keçirilib. İştirakçılar polis zorakılığına məruz qalıb, bir neçə nəfər tutulub. Dəstək aksiyasında saxlananlardan 4 nəfərə sutkalıq həbs, 4 nəfərə isə cərimə cəzası verilib. Həbs cəzası alanlar arasında jurnalistlər də var.
Elə həmin gün bir neçə siyasi fəal Mehmana dəstək üçün aclıq aksiyasına başladığını elan edib.
İki gündən sonra AŞPA məruzəçiləri Azərbaycan hakimiyyətinə Hüseynovla bağlı çağırış ediblər. Onların bəyanatında yeni cinayət işinin siyasi motivli olduğu vurğulanıb.
Yanvarın 6-da bir qrup gənc paytaxtda bloqçu üçün növbəti dəstək aksiyası keçirib, təşkilatçı da daxil olmaqla 7 nəfər saxlanıb. Bəziləri sutkalıq həbs, bəziləri isə cərimə cəzası alıb.
Bütün bunlar baş verəndə media orqanlarının əksəri – qəzetlər, televiziyalar, informasiya agentlikləri, saytlar ağzına su salıb oturub, o cümlədən İctimai Teleradio. İctimai kanal hətta bu arada xitab elədiyi ictimaiyyətin rəyini soruşmadan öz loqosunu dəyişib.
“Vaşinqton Post” qəzetinin redaksiya heyəti Mehmanın ittiham olunduğu cinayət işlərinin siyasi motivli olduğunu yazıb onun azad olunmasını tələb edəndə Azərbaycan mətbuatı hansısa rəsmi şəxsin və ya qurumun açıqlamasını gözləyib.
Yenə həmin qəzet ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri İrli Litsenbergerdən bu məsələni diqqətdə saxlamağı tələb edəndə Azərbaycanın qəzet və saytları İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Qrupunun üzvlərinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin aclıq aksiyasını təkzib edən açıqlamalarını yayımlayıb.
Elə hesab edək Azərbaycan mediası çox dəqiq işləyir, ona görə də aclıq aksiyası keçirən şəxsin qohum-əqrəbasının ötürdüyü informasiyanı etibarsız sayır, bəs vəkillərin, təhqiqatçı jurnalistlərin açıqlamaları necə? Tərəfsizlik naminə heç olmasa onları yayımlaya bilməzdilər?
Yanvarın 7-də Milli Preventiv Qrupun üzvlərinin “Mehman Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır”, bir gün sonra Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin “sulu yeməklər qəbul edir, çəki itirməyib” kimi açıqlamalarını canla-başla tirajlayan saytlar İctimai Komitə üzvləri ilə eyni gündə oğluna baş çəkən Rafiq Hüseynovun “Mən ondan xahiş etdim ki, qida qəbul eləsin, nə istəyirsə gətirərəm” cümləsinə göz yumdu.
Yenə elə hesab edək ki, birinci dərəcədən olsa da, qohum-əqrəba sözü saya salınmır. Axı yanvarın 7-də Bakı İstintaq Təcridxanasında olan vəkil Şəhla Hümbətova “Mehman Hüseynovla görüşdüm. Müalicə müəssisəsinə köçürülməyib, istintaq təcridxanasındadır. Ombudsman Aparatının nümayəndəsi və həkimi təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsulları qəbul etməyə başlayıb” deyə bir açıqlama verib, o niyə saya salınmadı? Axı vəkilin açıqlaması doğrudursa, bu o deməkdir ki, aclıq aksiyası rəsmilərin açıqladığından fərqli olaraq bir gündən çox çəkib.
Yəni bu açıqlama “Bundan min il sonra da desələr ki, Mehman jurnalistdir, onun həbsi söz və mətbuat azadlığına zərbədir, cavabım bu olacaq: Mehman jurnalist deyil!” cümlələri ilə başlayan “Dönərini yeyənlərin Mehmana “xəyanəti” adlı dolaşıq köşə yazısından daha yararlı informasiyadır.
Sözümün tamamında onu da deyim ki, “…mədəsində olan ağrılara görə süd və duru süd məhsulları qəbul edir” tipli taleyüklü informasiyalar yenə Mehman Hüseynovun bloqçu ola-ola jurnalist adlandırılmasına görə kölgədə qalırsa, deməli, Azərbaycan mediasında çoxları üçün insan həyatı heç önəmli deyil. Hərçənd ölkədə peşə fəaliyyətini yerinə yetirən insanların qanunsuz həbsinə də göz yumulur…
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?