Hikmət Nazim
Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alan 19 yaşlı Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı status – ölkənin ən ucqar rayonlarında belə insanların söhbətdən xəbərdar olduğunu nəzərə alaraq burada təkrarlamağa ehtiyac görmürəm – trendə çevriləndə ümidim media nümayəndələrinə idi.
Deyirdim ki, heç olmasa onlar tərəfsiz qalacaqlar, çünki işləri budur, amma heç də gözlədiyim kimi olmadı. Əksinə, birinci xəbər saytlarının redaktorları yazılar yazıb təzyiqi daha da yüksəltməyə, müxbirlər isə müxtəlif peşə sahiblərindən təhqir və təhdid dolu sorğular hazırlayıb insanların hisləri ilə oynamağa başladılar.
Müəllif yazılarından nümunələr: “Nərmin Şahmarzadə “PSİXİ-LOXDUR”, yəni xəstədir”, “Mübarizi təhqir edən Nərminə…”
Xəbər başlıqlarından nümunələr: “Psixoloq Nərmin Şahmarzadə: “Mübariz İbrahimovun etdiyi cinayətdir, qəddarlıqdır”, “Mübarizi təhqir edən psixoloq: ermənilər mənim düşmənim deyil”, “Deputat: Nərmin Şahmarzadə dayılarını müdafiə edir”, “Mübarizi təhqir edən psixoloq Nərmin Şahmarzadənin intihar xəbəri yayıldı – Özünü asıb – Foto”, “Son dəqiqə! Psixoloq Nərmin Şahmarzadə həbs olunub? – Məlumat”, “Psixoloqun Mübariz İbrahimovu aşağılaması cəmiyyəti ayağa qaldırdı: sərt reaksiyalar, etirazlar…”
Xəbər mətnlərindən qısa nümunələr: “Milli Qəhrəmanımız Mübariz İbrahimovu cinayətkar adlandıran, təhqir edən “psixoloq”, BDU tələbəsi olduğu deyilən Nərmin Şahmarzadə ilə bağlı qalmaqal davam edir”, “…sosial şəbəkələrdə Şahmarzadənin ermənilərə can yandırmasına sərt şəkildə münasibət bildirilib”, “Özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı xanım yəqin ki, məşhurlaşmaq naminə atdığı addımla azərbaycanlıların nifrətini öz üzərinə çəkib”, “Nərmin Şahmarzadə milli qəhrəmanımız və qürur yerimiz olan Mübariz İbrahimovu “cinayətkar və qatil” adlandırıb”.
Bir media qurumu yazdığı xəbərdə jurnalistikanın qarşıya qoyduğu tələbləri – tərəfsizliyi və qərəzsizliyi – tapdayıb hər hansı milli qəhrəmanı, şəhidi “qürur yeri” elan edirsə, məsələ bitmişdir, orada hər kəsin fikri istənilən şəkildə yozula, yazıla bilər.
Necə ki Nərmin Şahmarzadənin fikri az qala hər xəbərdə təhrif olunub. Yazdığı statusda da, sonradan hazırladığı videolarda da “Mübariz cinayətkardır, qatildir” kimi bir ifadə yoxdur, amma saytlar psixologiya tələbəsinin yazısından, çıxışdan çıxardığı “məntiqi nəticə”ni manşetə qoyub.
Bu yazıda Nərmin Şahmarzadəni müdafiə, yaxud tənqid etmək kimi bir niyyətim yoxdur, çünki mənim işim o deyil. İşim media nümayəndələrinin xətalarını görməkdir. Görünən odur, hələ yazılacaq çox şey var.
Hər xəbər başlığında işlədilən “…təhqir edən psixoloq” ifadəsi isə media sahəsində çalışan insanların savadsızlığından xəbər verir. Müəllif yazılarını hardasa başa düşmək olar, gəl ki, hər xəbər başlığında, eləcə də xəbər mətnində kiminsə fikrini “təhqir” deyə sırımaq qəti şəkildə yolverilməzdir. Ən azından lüğəti mənasını bilmədiyin sözü sağa-sola səpələməkdir.
Təhqir: heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə; həqarət, alçalma, alçaltma.
Xanım isə sadəcə Mübarizi qəhrəman hesab etmədiyini bildirib. Bu təhqir deyil, “mən filankəsi şair, müğənni, bəstəkar, rəssam hesab etmirəm” kimi bir şeydir. Nərmin xanımı Mübariz İbrahimovu təhqir etməkdə ittiham edənlər yazdıqları status və şərhlərdə hər gün azı bir neçə sənət adamına “onun bir qəpiklik istedadı yoxdur” deyirlər.
Sual olunur: Bəs xəbər saytları niyə o statusları, şərhləri xəbər etmirlər? Ona görə ki, heç birinin xəbər əhəmiyyəti yoxdur. Mübariz İbrahimov haqqında yazılan statusun da eyni dərəcədə xəbər əhəmiyyəti yoxdur, çünki hər kəsin öz fikrini sərbəst şəkildə ifadə etmək hüququ var.
Bu hüquqlar Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində (Fikir və söz azadlığı) aşağıdakı kimi göstərilib:
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
Maddənin III bəndi isə “irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata” yol verilməsini qadağan edir.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Mediada təcrübə
Bakılının erməni musiqisinə qulaq asmağı
Yola verənlər…