Hikmət Nazim
Erməni əsilli türk fotoqraf, fotomüxbir və yazıçı Ara Gülər 1961-ci ildə İngiltərədə nəşr olunan “Photography Annual” tərəfindən dünyanın ən yaxşı yeddi fotoqrafından biri seçilib. Elə həmin il Amerika Jurnal Fotoqrafları Dərnəyinə qəbul edilib və bu quruluşun Türkiyədən yeganə üzvü olub.
Fotoşəkilləri bir çox əhəmiyyətli nəşrlərdə istifadə edilib, özü haqqında yazılar dərc olunub. ABŞ-da, Almaniyada, Fransada müxtəlif sərgilər keçirib. Bertran Rassel, Uinston Çörçill, Arnold Toynbi, Pablo Pikasso, Salvador Dali kimi bir çox məşhurların fotoşəkillərini çəkib və reportajlar hazırlayıb.
17 oktyabr 2018-ci ildə dünyasını dəyişən Ara Gülər haqqında məşhur türk romançısı, akademik, 2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamuk “Nyu-York Tayms”da dərc etdirdiyi “Ara Gülərin İstanbulu mənim İstanbulumdur” yazısında yazır: “Ara haqqında ilk dəfə 1960-cı illərdə eşitmişəm. Onun fotolarını… çox oxunan həftəlik xəbər və dedi-qodu jurnalı olan “Hayat”da görmüşəm. Jurnalın redaktoru dayılarımdan biri idi. Ara dünya və türk yazıçılarının, Pikasso və Dali kimi rəssamların fotolarını dərc etdirirdi. “Qara kitab” romanım uğur qazanandan sonra fotomu çəkəndə yazıçı kimi mənzil başına çatdığımın fərqinə vardım”.
***
Azərbaycan mediasının gündəliyini gözdən keçirirəm: partiya jurnalistikası ilə məşğul olanlar, az qala qohum-əqrəbadan xəbər hazırlayanlar, ölkə başçısı və onun qohum-əqrəbasıyla selfi çəkdirmək üçün növbəyə duranlar, kompüter arxasında oturub sosial şəbəkələrdə xəbər axtaranlar, mənzil almaq üçün özünü oda-közə vurub trolluq edənlər… ürək ağrıdır.
Hər şeyi bir kənara qoyaq, ən ağrılısı odur ki, texnologiyanın inkişafı müxbirləri dörd divar arasında dustaq eləyib. Gündəlik xəbər saytlarında, lap elə qəzetlərdə və televiziyalarda müxbirlər var, ömrü boyu hadisə yerində olmayıb. Cəbhə bölgəsindən xəbər hazırlayan jurnalistlər tanıyıram ki, cəbhə üzü görməyib. “Etibarlı mənbələri” ya ərazidə yaşayan sakinlərdir, ya da…
2014-ci ilin avqust hadisələri baş verəndə “Yeni Müsavat” qəzetində işləyirdim. Qazax və Tovuz rayonlarında yerləşən sərhəd kəndlərinə gedir, xəbər və reportajlar hazırlayırdım. Gecə cəbhə bölgəsində qalır, səhər materialı yazıb yollayır, axşam baxırdım ki, telekanallar hazırladığım yazını nöqtə-vergülünə toxunmadan oxuyur. Nə nöqtə-vergülünə dəyirdilər, nə istinad verirdilər…
Anadolu türklərinin gözəl bir sözü var: “Günü kurtarmak”. Bizim dilə uyğunlaşdıranda “yola vermək” anlamına gəlir. Bəli, onlar da yola verirdilər. Bu gün isə “yola vermək” mediada özünü daha qabarıq göstərir. Hadisə yerinə getmək cəhənnəm, müxbir xəbəri candərdi kopyalayır, redaktor candərdi oxuyur.
Bəzən də heç oxumur. Oxumur ki, filan xəbər agentliyindən götürmüşəm, hər halda düz olar. Bəli, bu gün xəbər agentliklərinin yazdığı materiallara “Quran ayəsi” kimi baxanlar var. Halbuki onlar da yola verir, onlar da candərdi işləyirlər.
Misal üçün, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olanda həm Elmar Vəliyev, həm də onun mühafizəçisi öldüyə çıxılmışdı. Agentlik xəbəri silib üzr istəsə də, materialı kopyalayan xırda xəbər saytları silmək istəmirdilər ki, “Report” yazıb, səhv ola bilməz…
Qarşısında oturduğu kompüterin sərhədlərindən kənara çıxa bilməyən azərbaycanlı jurnalistlərdən fərqli olaraq fotoqraf Ara Gülər son nəfəsinə qədər yaşadığı ölkənin sərhədlərini aşacaq əsərlər yaratmağa çalışmışdı, heç nəyi yola verməmişdi. Gördüyü işlər insanlarda heyranlıq doğursa da, fotoqraf özündən yenə narazı qalmışdı.
Son olaraq türk telekanallarından birinə verdiyi müsahibədə dünyanın ən vacib adamlarını çəkə bilmədiyindən narahatlığını dilə gətirdiyi hissəni təqdim edirəm: “O qədər axmaq adamın şəklini çəkdim, Çarli Çaplini, Eynşteyni, Jan Pol Sartrı isə çəkə bilmədim. Onlar mühüm adamlar idi, onların şəkillərini çəkməyi istərdim, lakin indi kimsə qalmayıb. Türkiyənin ən məşhur adamını çəksəm, nə olacaq? Sərhədi bir metr o yana keçsə, kimsə tanımaz”.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Mediada təcrübə
Bakılının erməni musiqisinə qulaq asmağı