Berqman, Tarkovski və Qotland adası
Vahid Qazi
İsveçə gələn gündən könlümdən keçənlərin biri də odur ki, yolumu salam Qotland adasına, Tarkovskinin sonuncu filmini – “Qurbanvermə”ni çəkdiyi Nərsholmenə (Närsholmen) gedəm. Bəşəri qorxunun, Apokalipsis öncəsi həyəcanın, xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu yerə.
Düzdür, Stokholmda o filmin atom müharibəsi elanı zamanı insanların panik qaçış səhnəsi çəkilən Tunnelgatan küçəsində olmuşam. Rejissorun belə bir kadrı niyə məhz adı kimi özü də tuneli xatırladan küçədə lentə almasını başa düşmək istəmişəm.
Filmlərində “İncil” mövzularından gen-bol istifadə edən rejissor burada da ənənəsinə sadiqdir – uzun, dar küçəni görəndə anladım bunu. Dəhşət, panika içində olan insan ən böyük qorxunu cəhənnəm darvazasından çıxırmış kimi dar keçiddə yaşayır.
…Atam danışırdı ki, Ağdama ilk mərmilər düşən gün təşviş içində qaçan adamlar Uzundərə körpüsünün altındakı dar keçiddə tıxaca düşmüşdülər…
Mistikadan uzaq adamam, amma dünya mistik qəribəliklərlə doludur. Zavallı Tarkovskinin onda ağlına da gəlməzdi ki, filmin ilk təqdimatı Çernobıl faciəsi ilə təxminən bir vaxta təsadüf edəcək, o məşum səhnəni çəkən kameranın quraşdırıldığı məhz həmin yerdə bir-neçə ay sonra İsveçin baş naziri Ulof Palme qətlə yetiriləcək.
Xilas əvəzinə qurban! Budurmu ilahi ədalət?
Bəşəri ideyaların yalnız İsveçdə yox, bütün dünyada carçısı olan bu adam öz əqidəsinəmi qurban getdi “Qurbanvermə” filminin çəkildiyi yerdə?
Bu təkcə filmin ideyasının tarixi hadisələrdə ironik inikası deyil, həm də İsveç tarixinin sonacan açılmayan cinayət sirlərindən biridir.
Qotlanda getmək istəyimin bir səbəbkarı da dünya kinosunun başqa ünlü ismi İnqmar Berqmandır.
Berqman ömrünün son illərini orada – Qotlandın, filmlərinin xeyli hissəsini ərsəyə gətirdiyi, şimal burdundakı balaca Furö (Fårö) adasında yaşayıb. Elə orada da dünyasını dəyişib və dəfn olunub.
İsveçlilərin “yay cənnəti” adlandırdığı bu adanın nəsə başqa bir sehrimi var ki, iki kino nəhəngi filmlərini bu yerlərdə çəkib, dünya ilə də elə burada vidalaşıblar!?
Tarkovski son filmini çəkəndə ağ ciyər xərçəngi olduğunu bilirdi.
İnqmar Berqmanın filmlərinə yenidən, bu dəfə bir “isveçli” kimi baxmağa çalışıram. Məndən isveçli çıxmaz, onu bilirəm, sadəcə, Berqmanı duymağa can atıram. Doğrudanmı filmləri də özü kimi İsveçin təbiətindən doğub, yaranıb?
Böyüdüyü mühit, iqlim insanın dünyagörüşünə, dünyaduyumuna təsir edən ən güclü səbəbdir. İnsan xaraktercə yaşadığı təbiətə bənzəyir! Əgər belədirsə, niyə Berqmanı dünya tamaşaçısı isveçlilərdən daha öncə başa düşüb, duyub?
İsveçlilər Berqmanı indi anlamağa başlayırlar. O, cəmiyyətdə individualizmin kök atdığı indiki vaxtda isveçlilərin müasirinə çevrilməkdədir. Onun yaradıcılığının pik dövründə isə İsveç cəmiyyətini sosial ədalət, siniflərarası münasibət düşündürürdü. Berqmansa bu söhbətlərdən uzaq idi.
O ilk növbədə fərdiyyətçiydir, kiminləsə birgə işinə rast gəlməzsiniz. Berqman həmişə “sözündən çıxmayan” adamlarla işləyib. Sənətində daha çox ekzistensialist (türkiyəlilər buna yaxşı qarşılıq tapıblar – “varoluşçuluk”) mövzulara yer ayırıb.
Dünya miqyaslı rejissoru öz vətənində həm də ona qədər heç kimin toxunmadığı, bir növ “naqolay” mövzulara üz tutması fəxr olunacaq milli sənətkar səviyyəsinə qalxmağa qoymurdu.
Faşistlərə loyallığın tənəsini uzun müddət yaşadığını demirəm heç.
Bütün bu “narahatçılıqlar” onun dövlətlə vergi problemi yarananda zirvə həddinə çatdı və Berqman ölkəni tərk etdi. Sonra geri qayıtması üçün kraldan belə neçə adam onu dilə tutacaq, baş nazir publik üzr istəyəcəkdi.
***
“Fellininin, Berqmanın, Tarkovskinin filmləri daha kino deyil, dərs vəsaitidir!”
Bu fikri çoxdan, hələ Bakıda yaşayan vaxtı qeyd eləmişdim gündəliyimə. Əvvəlki “Feysbuk” səhifəmdə paylaşmışdım da. Sən deyən elə də reaksiya verən olmamışdı. Onda belə başa düşmüşdüm ki, yəqin fikir ya yarımçıqdır, ya da anlaşılmaz.
Təxminən on il sonra, bu günlərdə təzədən o fikrə qayıdası oldum. Bu dəfə daha əminliklə!
O rejissorların çəkdikləri zaman sonrakı dövrün kinolarıdır. Bu filmlər sabahın adamları üçündür.
Bütün böyük sənət nümunələri sənətkarın sabaha naməsidir!
Vaqif Mustafazadənin “Sevil” qrupu oxuyanda nənəmin televizoru Moskva kanalına çevirməyini xatırlayıram. Bu gün onun əsərləri qızımın sevimli musiqilərindəndir, konsertlərdə isveçli dinləyicilərə də sevdirir onu.
Tarkovskini mənə hələ yeniyetmə çağımda evimizin alt qatında kirayə qalan skripka müəlliməsi tanıtmışdı. “Stalker”ə birlikdə baxmışdıq televizorda. Sonra tələbə vaxtı “Bilik” cəmiyyətinin afişasında “Nostalgiya”nı görəndə tələsik yüyürüb bilet almışdım. Birdən mənə çatmaz deyə zirək tərpənmişdim. Kino başlayanda zalda üç-beş tamaşaçı görəndə isə çaşmışdım.
O gün Helsinqborq şəhər kinoteatrında “Berqman – bir il, bir ömür” adlı filmə baxanda Bakıdakı o kino seyrimi xatırladım. Zalda xanımımla məndən başqa bir də isveçli qadın vardı. Yanakı zalda nümayiş edilən hansısa “fantasy” filminə isə bilet çoxdan qurtarmışdı.
Dünya şöhrətli rejissorun 100 illik yubileyi münasibətilə 2018-ci il İsveçdə “Berqman ili” elan olunub. Bu münasibətlə bütün qitələr əhatə olunmaqla dünya üzrə 114 tədbir keçirilib. Elə bu film də onun 100 yaşına ərmağandır.
Bilmirəm baxmısınızmı Berqmanın filmlərinə?! Hövsələli, kinodan zövq alanlar gərək mütləq baxalar. Ona görə hövsələli deyirəm ki, onun da çəkdikləri “darıxdırıcı” filmlərdəndir. Dünya kinosunun bütün müəllif filmləri çəkənlərini bir hal birləşdirir – onların filmləri “darıxdırıcı”dır. Müasir kino tamaşaçısının belə filmlərə baxmağa hövsələsi çatmır.
Bir dəfə məndən baxmağa film istəyən bir tanışıma Lars fon Trierin çəkdiklərini yön verdim. Səhəri gün belə yazdı mənə: “Darıxdırıcıdır”. Elə o gündən mən də belə filmlərə “darıxdırıcı filmlər” deyirəm.
O filmlər hər kəs üçün deyil. Onlar məişət problemlərindən yox, həyatda varolma anlamında darıxanların filmidir. Ağrını dişində yox, qəlbində duyanların.
Çox qəribədir ki, Berqman da başqa bir kino klassiki Bunuelin filmlərini darıxdırıcı adlandırırdı.
***
Berqman insanın daxili təbədüllatlarını – ekstazdan dekadentliyəcən – kinoya çəkə bilən rejissordur. Hamıdan gizli zənn etdiyin öz hiss və düşüncələrini onun filmlərində görəndə donub qalarsan. Baxanda bəzən özünün neçə fərqli ruhi vəziyyətini, özünə sirli gələn halını görərsən.
“Ölmüşəm, amma yata bilmirəm” – “Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnes deyir bunu. Olubmu belə bir hal sizdə? Olubsa, rahat baxa bilərsiniz o filmə.
Antiutopik “Utanc” filmində intellektual adamların cəmiyyət kataklizmlərinə cavabdehliyi bir əxlaq norması kimi təqdim olunur. İntellekt vicdanla ağlın birgəliyidir. Yaxanı qırağa çəkənlərdən deyilsənsə, bax o filmə, səndən bəhs edir.
Diqqətli tamaşaçı yuxarıda söz açdığım “Qurbanvermə”ni “Fanni və Aleksandr” filminin davamı kimi görəcək. Amma eyni zamanda biri o birinin antitezisidir. Bu filmlərin ideya bənzərliyi onu yaradanların ruh yaxınlığındanmı qaynaqlanıb? Yəqin ki, belədir. Axı Berqman onu özünə ustad hesab edən, “onun filmləri ilə yetişən” Tarkovskini ən çox sevdiyi rejissorların başında görürdü.
“Atalar – oğullar” temasına iki dahiyanə baxış da deyərdim bu iki filmə. Bəlkə də o filmlərdə özümü, öz uşaqlığımı görürəm, ona görə belədir. Birində sərt, o birində oğlu üçün hər şeyindən keçməyə hazır ata var. Atamı məhz belə ikili halı ilə xatırlayıram.
“Payız sonatası”ı da nəsillərarası münasibəti çözməyə cəhd edən filmlərdəndir. Berqmanın ən xoşladığım filmidir o. Bəlkə də ilk dəfə ona subay vaxtı baxmışdım, ata deyildim deyə valideynin ağır basqısı altında əzilən övladı duyurdum onda. Bu yazını yazan günlərdə bir də baxdım, bu dəfə başqa cür oldu, bu dəfə filmdəki ananı anlamağa çalışırdım.
Yox, mən kinokritik deyiləm. Bu yazdıqlarım da filmlərin təhlili deyil, naşılıq olardı bu. Sadəcə, onların məndə oyatdığı duyğuların izahına çalışıram. Məndə bu duyğuları oyada bilən bu iki nəhəng “darıxdırıcı rejissoru” İsveçin çiskinli payız günlərində anlamaq istəyirəm.
Bilmirəm onları nə qədər duyur, anlayıram, bir onu bilirəm ki, sənətkarın özünü nümayiş coğrafiyası onun azadlıq sərhədlərinədəkdir. Andrey Tarkovski SSRİ-yə qayıtmamasını orada işləməyə, film çəkməyə imkan verilməməsi ilə izah edirdi atasına yazdığı məktubda. Ömrü boyu cəmi yeddi film çəkə bilmişdi, beşini vətəndə, ikisini vətəndən uzaqda, miqrant rejissor kimi.
Berqmanın isə azadlığına İsveçdə sərhəd olmayıb. Teatrda 170 tamaşa səhnələşdirib, 100-cən bədii, sənədli, televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata da bol vaxt ayırıb – teatrı arvada, kinonu məşuqəyə bənzədən Berqman beş qadınla rəsmi nikaha girib.
Görünür, azadlıq tək yaradıcılığa deyil, sevgiyə də üfüqlər açır.
Azadlıq nələrə üfüq açmır ki!
***
Gedəcəm Qotland adasına!
Noyabr 2018
Helsinqborq, İsveç
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı