Vahid Qazi
O gün israilli cazmen Avişay Kohenin triosu Malmö simfonik orkestri ilə əla bir konsert verdi. Açığı, konsertə trioda yer alan Elçin Şirinova görə getmişdim. Getməyə dəyərmiş, Elçini tanıdım, çıxışına valeh oldum. Bəlkə də bu heyranlığın qaynağı qərib ölkədə bir yurddaşın uğurundan fəxarət duyğusu yaşamaq idi, bilmirəm.
Amma onu dəqiq bilirəm ki, Kohenin kontrabasda ifasını bəyənməyimin səbəbi o aləti kəşf etməyim oldu. Deməyəsən, kontrabas tək orkestrin “ucqar”ında ümumi havaya fon vermək üçün deyilmiş, solo ifa edəndə onun başqa səsləri bir harmoniyaya kökləməyi də varmış.
Eynən kütləni arxasınca aparan tək adam kimi.
Simli-kamanlı alətlərin ən irisi olsa da, ən alçaq səslisi odur. İki metrəcən boyu var. Belə baxanda səsi zəif çıxan yekəpər adama bənzədərsən. Yekə, amma qəlbi incədən incə birinə. Heç rast gəlməmisiniz eləsinə? Ola bilməz!
Sizi bilmirəm, məndə onun haqqında “Bəxtiyar” filmindən qalma yanlış təsəvvür vardı. Elə bilirdim, tək kontrabasda çalmaq olmaz, o da bizim zurna kimi ancaq züy tutmağa yarayır.
Sən demə, elə deyilmiş! Sənətkar əlində qarğı parçası belə apofeoz səs çıxarar.
İnsan təklikdə insandır, tünlükdə o, kütlənin bir zərrəsidir. Musiqi aləti də eləcə, sonacan duymaq üçün onu tək dinləməlisən!
Səma boyda nəhəng qaranlıq bir iynəgöz şüanı belə gizlədə bilməz! Xaos tünlüyündə “tək”liyini qorumağı bacaranlar yeni üfüqlərdən soraq verənlərdir.
Qəhrəmanlıq üçün meydan aramırlar, qəhrəmanlığa meydanı özün yaradırsan!
Auqust Landmesser adlı fəhlə 1936-cı ildə Almaniyada kütlə qələbəliyində nasist salamı verməyən tək adam olub.
***
Kontrabas simindən qopan titrəyiş orkestrin bir-birinə neçə yad səsini bir həmahəng tonda birləşdirirdi o gecə. Orkestri bir havaya kökləmək nədir, deyərdin bəs Afrika ritmləri, afroamerika folkloru, bir də Avropa klassik elementlərini toplayaraq cazı o yaradıb. Bir caz qrupunu kontrabassız gördünüzmü heç?
O birləşdirib yönəldəndir, dağıdıb sahiblənən yox!
O, qışqırıqlar içində pıçıltıdır!
Orkestrin səslər karvanı Xaosun təntənə himnidir. Bilənlər bilir, dünyanın ən ilahi düzümü Xaosun harmoniyasındadır. Göydəki ulduzların duruşu, atomların hərəkəti kimi.
Kohen kontrabasına sarılıb onu dilə gətirməyə, danışdırmağa can atanda neçə adam içində aşiqindən sevgi etirafı eşidən utancaq qız kimi idi kontrabas. Gücsüz, məsum. Məgər onun gücü gücsüzlüyündə, məsumluğunda deyilmi?
Gücsüzlər güclənmək üçün birləşirlər. Güclü təklikdə də güclüdür.
Səs-küy salıb orkestrə hakim olmağa can atan alətlər səssizliyi ilə bütün səsləri ram edən gücsüz kontrabasa tabe idilər. Bəzən insan cəmiyyətində də belə olur.
Vatslav Havelin “Gücsüzlərin gücü” essesi yadıma düşdü. Heç yeridimi! Yeri olmasa yada düşərdimi?
***
Kontrabas səsi sərhədi üfüqdən başlayan taxıl zəmisinin o üzündəki həyat nişanəsindən xəbər gətirən meh kimidir.
Hərdən udun Nəsimi iniltisini andıran səs çalarına da bənzədirdim onu.
Onu bar-bar bağırışan insan kütləsində sözünü tək sənə demək istəyən biri kimi də görərsən.
Kontrabası eşidib duymaq üçün qulaq bəs eləməz, bədənin bütün hüceyrələrini səfərbər etməlisən. ”Qulağı olan eşitsin” deyərmiş İsa peyğəmbər. İndi eşitməyə tək qulaq yetmir!
Simfonik orkestrlərin konsertində qulağınız kontrabas səsi axtarsın. Neçə gurultu səs altından tapıb çıxarın onu. Cəhd edin, alınacaq! Məndə alındı. Kontrabası dinləyəndə qulağım başqa səslərə kar idi. Bu, uşaq vaxtı qış ağzı həyətimizin qozluğunda xəzəl altda qalan qozları axtarmağımı xatırladırdı. Min rəngə çalan xəzəllikdə qoz gəzəndə gərək diqqətin boyaların cazibədarlığında azıb itməsin.
“Yollar bolluğunda” azmış cəmiyyətlərdə bəzən düz yol “qışqıranlar”ın yox, qışqırıqda “susanlar”ın göstərdiyidir. Yetər ki, o yolu görməyə, onu göstərəni səhnəyə çıxarmağa – meydan verməyə toplumun fəhmi yetsin.
Mən kontrabası tanıdım! O gecənin konsertindən bu xoş tanışlıq qaldı mənə.
…Qaldı kontrabas adamları tanımaq…
1 noyabr, 2018
Helsinqborq, İsveç
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
Şərm-həyanın qiyməti
Yolda o(qa)lan yolçuluqlar
Zəmanələr və talelər toplusu
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Salam, Gülsarı!
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
İntim dildə yaza bilmək
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Türkiyə islam inqilabı?
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Ağalar Məmmədovun məktubları
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Etiraz hüququ
Qış günəşi parlaqdır, amma isitmir
Qarabağ – xarici işimiz
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Tanrılarla baş-başa
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Anamın məktubları
Rusiya sindromu və Yalama döyüşü
Qarabağın açarı
Balacaboy hündür adam
Vətəni pulla almaq
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Rəsulzadənin çimərlik fotosu
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Yusif üzlü kitablar
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Azadlıq qiymətinə foto
Maldiv – Yer üzünün cənnəti
Təcrübəli təcrübəsizlər