
Sadələşdirilmiş vergi: nazir sui-istifadədən gileylənib
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 9 oktyabr iclasında deyib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Onun sözlərinə görə, ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.
Novator.az bildirir ki, nazir 9 ayda 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplandığını vurğulayıb: “Qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib.
Hesabat dövründə regionlardan vergi daxilolmaları 508 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb”.
Mikayıl Cabbarov ölkə prezidentinin vergi orqanları qarşısında kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyduğunu deyib: “Bunlardan ən önəmlisi sahibkarlıq fəaliyyətinin şəffaflığı problemidir. Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayılması ilə qarşılaşırıq.
Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır.
Sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır. Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edir.
Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.
Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.
Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək.
Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Vergi ödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergi ödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb”.
Nazir Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlərin həyata keçirildiyini deyib: “Xüsusi olaraq Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergi ödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq.
Aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.
Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manatdan çoxdur. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.
2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur”.
Mikayıl Cabbarov ötən il dekabrın 5-dən vergilər naziridir.
1976-cı il sentyabrın 19-da doğulan Mikayıl Cabbarov əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.
2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.
2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2013-cü il aprelin 19-dan təhsil naziri postunu tutub.