Sentyabrın 27-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Nəsib Nəbioğlunun seçilmiş əsərlərinin I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə yazıçı Anar, şair Ramiz Rövşən, şair Fikrət Qoca, yazıçı Seyran Səxavət, yazıçı Çingiz Abdullayev, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru Şirindil Alışanlı, naşir Əlövsət Ağalarov, professor Qulu Məhərrəmli, professor Şahlar Əsgərov və başqa ziyalılar, o cümlədən Nəsib Nəbioğlunun uşaqlıq və gənclik dostları iştirak ediblər.
Tədbiri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid aparıb.
Tədbir iştirakçıları Nəsib Nəbioğlunun həyat və yaradıcılığından danışıblar, onun şeirlərini söyləyiblər.
Çıxışlar başa çatdıqdan sonra şairə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının diplomu verilib və imza mərasimi keçirilib.
Nəsib Nəbioğlu 1954-cü ilin may ayının 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Orta məktəbi kənddə bitirib. 1980-ci ildə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. “Ürəyim yurd yeridir”, “Sizə sözüm var”, “Dua edən bulaq”, “Bağışlamaz dağlar məni”, “Nəğməkar əsgər”, “Heç belə də kənd olar”, “Ulduz nur saçırdı qayanın üstə” şeir kitablarının, bir çox klassik və çağdaş ədiblərimizin həyat və yaradıcılığına dair məqalələrin müəllifidir.
Nəsib Nəbioğlu uzun müddətdir Moskva şəhərində yaşayır.
Şəkillər Modern.az saytınındır