Aynur MƏSİMOVA (TƏMKİN)
Nəhayət, sonuncu müayinə də bitdi. Emin Raufa geyinməyinə kömək edib paltarlarını çantasına yığdı. Həkimlərlə, orada tanış olduqları xəstələrlə salamatlaşıb xəstəxanadan çıxdılar.
Emin maşının qapısını açıb Raufa oturmağa yardım etdi. Maşın yerindən tərpənəndə Emin maqnitofonu açdı. Elxan Şirinovun həzin səsi salona yayıldı:
Bağışla, sevgilim, bağışla məni,
Mən sənin qədrini bilə bilmədim.
Mənim günahımdır o yaş, o damla,
Axan göz yaşını silə bilmədim.
Mənim məhəbbətim nə verdi sənə
Hicrandan savayı, qəmdən savayı.
Qayıdıb dünyaya gəlsəydim yenə,
Mən kimi sevərdim səndən savayı.
Müğənni oxuduqca Rauf xəyallarında axıb getdi. Nə olsun ki, evə dönürdü? O evə ki, orda nə Şahanə var, nə də Lalə. O, bu bir ayda səhərini Şahanəylə açıb, Şahanəylə axşamlamışdı. İndi nə etsin? Şahanə olmadan yenə hər şey mənasız, maraqsız olacaqdı. Həyat yenə ahəngdar rənglərini itirib yeknəsəq olacaqdı. Günlər maraqsız, günlər mənasız axıb, aylar illərə dönəcəkdi. Hara olmuşdu onun əzmi? Axı o, aciz adam deyildi. Olmamışdı da. O, sevdiyini hər gün görsün deyə qaynatasının qapısında fəhlə belə işləmişdi. Bunu bir Şahanə, bir də Rauf bilirdi. O hər şeyi gözə alıb bütün bunları edəndə heç nədən və heç kimdən çəkinib qoxmamaşdı. “Yox, yox, daha dözə bilmirəm. Şəhərə çatan kimi maşını Şahanagilə sürdürüb Elgiz müəllimlə üz-üzə, göz-gözə söhbət edəcəm. Verməyəndə də verməsin. Mən də Şahanəni qaçırdacam. Bəsdir çəkdiklərim. Bir insan oğlu mənim əzabımı anlamaq istəmir. Anlamasınlar. Mən arvadımı istəyirəm, vəssalam. Qurtaldı getdi”.
Eminin səsinə fikirlərindən qopdu:
– Əmioğlu, nə olub gəmilərin dəryada batıb? – Göz vurub gülümsədi. – Yoxsa yenə Şahanə yadına düşüb sənin? Bax, düzünü desəm, inanmıram ki, Elgiz müəllim qızını təkrar sənə versin. Gəl, yaxşısı budur bu sevdadan əl çək.
Rauf bu sözləri kimdən də gözləsə, Emindən gözləmirdi. Heyrət içində ona baxıb duruxdu. Lakin cavab verməyi lüzumsuz hesab etdiyindən susub oturdu. Bir də şəhərə gəlib çatanda:
– Maşını Şahanəgilə sür, – deyə əmisi oğluna hökmlə dilləndi.
Emin əyləcə basaraq maşını saxladı. Çəpəki Raufu süzdü:
– Əmioğlu, başın çaşıb sənin? Bu vəziyyətdə, bu paltarda hara gedirsən sən? Gedək bir yuyun, paltarını dəyiş. Sonra mən sənin qulluğunda hazır. Hara əmr etsən bu lələşin səni ora çatdıracaq.
– Yox! – Rauf inad etdi. – Heç yana getmirəm. Mən Şahanəni, qızımı görmək istəyirəm.
Emin onun inadını görüb fikrə getdi:
– Ay əmioğlu, deyirsən Laləni görmək istəyirəm. Deyək ki, Şahanə səni anladı niyə bu geyimdəsən. Qızına nə deyəcəksən? Yox, qardaş, uşağı qorxutmaq lazım deyil.
Maşını yenidən işə salıb qazı basdı. Məhəllənin başına çatanda əlini siqnalın üstünə qoydu. Sanki kiməsə biz gəldik deyə xəbər verirdi. Maşın dayanan kimi Rauf ehtiyatla yerə endi. Darvazadan girəndə Lalə qollarını geniş açıb ona doğru yüyürdü. Sevincindən coşa-coşa:
– Bibi, ay bibi! Arzu bibi! Bax, atam gəldi! – deyə hər kəsi səslədi.
Rauf çətinliklə olsa da dizlərini qatlayıb yerə çökdü. Qızını bağrına basıb bir neçə dəqiqə eləcə qaldı. Araz “Bisimillah” deyib bıçağı qara toğlunun başına çəkdi. Əlini qana bulayıb nəvəsiylə oğlunun alnına vurdu. Gülpəri balasına möhkəm sarılıb durmuşdu. Başını oğlunun sinəsinə sıxıb ağlayırdı. Araz Gülpərinin sakitləşmədiyini görüb, ona astaca söyləndi. Bundan sonra Gülpəri Raufu özündən araladı. Rauf hamıyla bircə-bircə görüşdü, evə qalxdı. Yerini divanda rahatlayıb oturmaq istədikdə Arzu ehmalca onu çəkişdirdi:
– Qaqaş, hər halda bu paltarla süfrə başına keçmək niyyətində deyilsən. Haydı çimməyə! Emin cimməyinə kömək eləyəcək. Sən Allah, qalx. Sənə belə baxa bilmirəm.
Gülpəri də qızının sözünə qüvvət verdi:
– Sən Allah, bala, üstündən-başından xəstəxana iyi gəlir. Çim ki gələn-gedənin yanında qoxumayasan.
Rauf məəttəl qalmışdı. Sanki anasını-bacısını tanıya bilmirdi: “Qəzaya düşən mənəm. Amma elə bil anama, bacıma nəsə olub. Allahın bir stəkan çayını töküb vermirlər. Bir az gec çimsəm nə olacaq elə bil”.
– Əmidostu, sənə əziyyət olmazsa mənə bir stəkan çay verərsən? Ay ana, bayaqdan bəri Allahın suyunu da təklif eləmirsən. Belə iş olar?
Onun əvəzinə Diləfruz dilləndi:
– Boy, ay bala, eltimi niyə qınayırsan? Düz deyir anan. Birinci hamam, sonra yemək-içmək. Amma dayan, mən sənə südlü şərbət verim, əhvalın xoş olsun.
Raufun əsəbləri gərilmişdi. Hər zaman onun nazıyla oynayan kim vardısa ondan qıraq qaçmağa başlamışdı. Hər kəsin öz işində olduğunu görüb çiyinlərini çəkərək Lalənin otağına sarı addımladı. Qapını itələdi və Rauf xəyallarını buraxıb getdiyi otağa daxil oldu. Gördüyü mənzərədən gözləri heyrət içində iriləndi. Xəyal gördüyünü, huşunun bulandığını sandı. Amma yox. Gördüyü bir ilğım deyildi. Xəyallarının qadını, ürəyinin hakimi göz yaşları içində ona baxaraq gülümsəyirdi. Bir-iki addım irəliyə gəlib qadının gözlərinə diqqətlə baxdı. Şahanənin göz yaşlarını əlləriylə silib onu bərk-bərk bağrına basdı. Yana-yana, həsrətlə saçlarını, boyun-boğazını öpdü. Möhkəm-möhkəm sinəsinə sıxdı. Onu yenidən itirəcəyindən qorxurmuş kimi özündən ayırmadı.
– Şahanə! – Qızın ətrini ciyərlərinə çəkdi.
– Rauf! – İllərin həsrətiylə, acısıyla, ağrısıyla, sevgisiylə qovrulan Şahanə üzünü onun geniş sinəsində gizlətdi.
– Bağışla məni, Şahanəm. Bağışla sənə yaşatdığım hər ağrı-acıya, hər təhqirə, hər sözə görə. Əfv elə məni səndən aldığım o gözəl illərə görə. Bəlkə o zaman özümə olan kinim, nifrətim məni rahat buraxar.
Şahanə zərif barmaqlarını onun dodaqlarına basdı:
– Sus, danışma, Rauf. Mən sənsiz keçən illəri yaşamadım, yaşayammadım. Hər şeyi, bütün pislikləri unutmağa çalışdım. Sandım ki, bütün olanlar qorxunc bir yuxu idi – sən də,mən də gördük. Ağırdır. Amma unutmağa çalışacam. Sənin xəyanətini, eşitdiyim, gördüyüm pislikləri. – Qadın bir an susub dərindən nəfəs aldı. – Anladım ki, mən də, Lalə də yalnız sən olanda xoşbəxtik. Sən mənim qızımın atasısan. Mən övladım üçün də, özüm üçün də yenidən sənin yanında olmağa qərar verdim.
Rauf Şahanəni, öz xoşbəxtliyini möhkəm və güclü qolları arasında bərk-bərk sıxaraq gözlərini qapamışdı. “Ya Rəbbim, – deyə ürəyində danışırdı, – şükürlər olsun sənə! Mənə yenidən Şahanəyə qovuşmağı nəsib elədin. Mən bu ətrin həsrətindən neçə illərdir xəstə olmuşam. Sən məni yenidən həyata döndərdin. Bu gündən daha heç kəs məni məndən alan varlığı məndən qopara bilməz. Bizi artıq bir ölüm ayıra bilər. Daha heç kəs Şahanəmi məndən qoparıb ala bilməz”.
Rauf dünyanın ən xoşbəxt əri, ən xoşbəxt atası idi. Bu dəqiqə ondan bəxtəvər insan yox idi. Rauf bütün ümidlərini itirdiyini zənn etdiyi vaxt qəlbinin tək hakiminə qovuşmuşdu. O, Elgizin bu izdivaca artıq icazə verməyəcəyinin təlaşını, əzabını yaşadığı an nəvəsinin boynubükük qalmasına razı olmayacaq qədər geniş ürəyi, mərhəmətli qəlbi olan ata qızını ona min bir əzab yaşatmış adamlara yenidən əmanət etmişdi.
Gülpəriylə Diləfruz qapı arasından bir-birinə sarılıb qalan gənclərə baxa-baxa göz yaşlarını silib oradan uzaqlaşdılar. Emin də can dostuna boylanaraq ona göz vurub həyətdə kabab bişirən əmisiylə atasına köməyə düşdü. Lalənin məsum və xoşbəxt gülüş səsləri bütün həyətə yayılaraq orada olan hər kəsi xoşbəxt etməyə yetmişdi.
Epiloq
Aradan bir neçə il ötdü. Şahanə verdiyi sözü tutdu. Raufu bağışlaya bildi. Öfkəsini, qısqanclığını, küskünlüyünü qəlbinin bir tərəfində dustaq edərək sevimli Raufunu əfv etdi. Rauf ailəsini götürüb yenidən Lalənin doğulduğu, şirin xatirələrlə dolu olan Bakıya qayıtdı. İşini qurdu, daha da genişləndirdi. Lazım olanda atasının işinə də çatdı, onun yanında oldu. Gülpəri oğlu evinə hörmətlə gəlgi, hörmətlə qarşılandı. Nəcibə nənə də ara-sıra sevimli gəlini Diləfruzla, Emin və onun arvadı Günellə nəvəsi evində qonaq olub geri qayıtdı. İndi Şahanə iki gözəl körpənin anasıdır. Yeni doğulan balacalar ailəni bir az da möhkəmləndirib, bir-birinə bağlayıb. Rauf Lalələdən aldığı o illərin əvəzini ödəyə bilməsə də qızını daha da çox sevir. Elgiz isə qızını yenidən Məşədi Əliabbas tayfasına əmanət edib göndərdiyinə peşman deyil. Ata indi düzgün qərar verdiyinə tamamilə əmindir. Nihal nəvələrinə, qızına baxdıqca bütün dərd-sərini unudur. Səbinə də artıq əsl sevginin valığına inanaraq ailə qurub.
Şahanə Nailəylə yenə möhkəm rəfiqədirlər. Bəs İlqar? – deyəcəksiniz. O gündən sonra İlqardan daha xəbər olmadı. Əslində heç kimsə onunla maraqlanmadı. Kamilə. Kamilə hələ də subaydır. Bəs necə? Şəhvətin əsirinə çevrilib ailə dağıdan bir qadına kim könül verib, ürəyini əmanət edər? Bəlkə fikirləşəksiniz ki, Kamilə peşmandır. Xeyr. Peşman deyil. Amma gərçək sevgi qarşısında məğlubiyyətini anladı. Və bir daha Raufun yoluna çıxmadı. Əslində çıxsaydı belə yaxşı heç nə eşitməyəcəkdi. Rauf buraxdığı səhvlərin ağrısını unuda bilməyib. Ara-sıra vicdanı sızladıqca Şahanənin gülümsər gözləri ona bu hissləri bir azca unutdurur. Bu gün onlar xoşbəxt ailələrdən biridirlər. İki sevgili aşiq xəyanət adlı bir iblisi öz sevgiləriylə məhv etməyi bacardılar. Raufla Şahanə gün keçdikcə bir-birilərinə daha çox bağlanmağı bacardılar. Allahın onlara əmanət etdiyi ömrü insan kimi yaşamağı, ondan zövq almağı bacardılar.
Dostum, sözüm sənədir. Burada nağıllardakı kimi xoşbəxt bir sonluqla bitən həyat hekayətinin nöqtəsini qoyuram. Təəssüf ki, bütün hekayətlər hər zaman belə xoşbəxt sonluqla bitmir. Neçə-neçə ailə xəyanət ucbatından yarımçıq qalır. Neçə körpə bala hissləri azan ata-anaların günahının cəzasını çəkir. Sözüm sənədir, dostum. Əlində olan səadətinin qiymətini bil. Allahın sənə bəxş etdiyi körpə fidanın qədrini bil. Qadın bir çiçəkdir. Ona toz qondurma. Acı sözlərlə, təhqirlə qəlbini qırma. Ona xəyanət edib isti yuvanı öz əllərinlə dağıtma. Sənə könül verib, sənə körpə dünyaya gətirən bir qadını başqa biriylə əvəz etmə. Çünki o, bir kövrək yarpaqdır. Öz kövrəkliyilə səni ölənə qədər qoruyar, sənin bir acı sözünlə büzüşüb məhv olar. Həyatı sev, qadınını sev. Çünki qadın ən gözəl varlıqdır. Çünki ailə insan oğlunun qazana biləcəyi ən böyük zəfəridir.
2017-2018, Şəki