Aynur MƏSİMOVA (TƏMKİN)
Səhərin açılmasına çox az qalmışdı. Kimi dəhlizdəki divanda, kimi kresloda qısılıb oturmuş, kimi də gedib maşında gecəni keçirmişdi. Şahanə reanimasiyanın qapısı önündən bir dəqiqə belə çəkilmirdi. O, Raufa söz vermişdi. Nəyin bahasına olursa olsun buradan çəkilməyəcəkdi. Xoşbəxtlikdən gecə sakitcə yerini səhərə təhvil verənə qədər xəstəxanaya ağır xəstə daxil olmadı. Ara-sıra növbətçi həkimlə tibb bacısı otağa girib xəstələrə baş çəkir, sonra yenidən sakitlik çökürdü.
Nihal nə qədər təkid etsə də Şahanə yeməyə yaxın durmur, “Ana, vallah, yeyə bilmirəm” deyib inad edirdi. Elgiz qaş-göz işarəsiylə Nihalı yanına çağırdı. Qadın əriylə bir kənara çəkildikdə Elgiz:
– Şahanəyə de, hazırlaşsın, istiyə düşməmiş çıxıb gedək, – dedi.
Nihal:
– Ay Elgiz, Rauf bu vəziyyətdə, inanmıram ki, Şahanə evə gələr, – dedikdə Elgiz tərs-tərs onu süzdü:
– Arvad, sən nə vaxtdan söz üstünə söz qoyursan! Dedim hazırlaşın, rayona qayıdırıq.
Nihal bunu Şahanəyə dedikdə gənc qadın yenidən sarsıldı. Gözləri yaşarmış halda:
– Ana, nə olar atamı razı sal. Mən Raufa onu tək qoymayacağıma söz vermişəm. Vallah, özündə təpər tapıb xəstəxanadan çıxan kimi evimizə qayıdacam, – deyərək yalvardı.
Nihal kişini yola gətirmək üçün nə qədər səy göstərsə də Elgiz tərslik etdi:
– Şahanə də evə dönəcək, vəssalam! Artıq kəlmə eşitmək istəmirəm.
Nihal qalmışdı əriylə qızının arasında. Ərinin tərs damarı tutmuşdu. Şahanəni heç cür anlamaq istəmirdı. Zamanında qüruru bərk yaralanmış ata özünə görə haqlı deyildimi? Yaxşı günlərində onun qızını unudub, pis günlərində ondan imdad diləməyə nə haqqı vardı bu insanların? Elman Şahanənin acı-acı göz yaşı tökdüyünü görüb qardaşını bir kənara çəkdi. Ona nəsə bərkdən-bərkdən söylənərək Şahanəni yanına çağırdı. Qızın alnından öpüb başını sığalladı:
– Allaha əmanət ol, mənim gözəl ürəkli balam. Di atanla da, ananla da salamatlaş. İki günə yenə gələcəyik.
Elgiz qızını sinəsinə basıb onun saçlarını qoxladı. Nihal da qızına sarıldı:
– Allah qoysa hər şey yaxşı olacaq. Rauf da düzələcək. Amma bax özünə, toxtayan kimi evimizə qayıdırsan. Əmin sağ olsun. Atanı yola gətirdi. Hərçənd ki, onlar heç bir mərhəmətə layiq insanlar deyillər. Nəsə, bayaq Araz həkimlə danışanda eşitdim, deyəsən təhlükə sovuşub. Balama qurban! – Qadın kədərlə qızının yorğunluqdan saralmış üzünə baxdı. – Özünü çox üzmə. Əslində mən də sənin burada qalmağını heç istəməzdim. Ancaq pisliyə pisliklə cavab verməzlər. Sən böyüklüyünü göstər.
Nihal qəlbi qızının yanında ayaqlarını sürüyə-sürüyə liftə mindi. Şahanə geri qayıdıb gözləriylə həkimi aradı. Dünənki mehriban doktor hələ heç yerdə gözə dəymirdi.
Gülpəri Raufun ayaq ucunda oturub oğlunu süzdükcə ürəyi od tutub yanırdı. Onun vücudundakı göyərmiş yaralara baxdıqca içdən yanır, hönkürüb ağlamaqdan özünü zorla saxalyırdı. Yaşadığı bunca şeydən sonra qadının gözləri çuxura düşmüş, ovurdları batmışdı. Qadın sanki bu ik-üç gündə birdən-birə qocalmışdı. Gülpəri balasına baxdıqca günahları bircə-bircə yadına düşür, ona olmazın əzab verirdi. Bir zamanlar hər gün təhqir edib, evindən-eşiyindən didərgin saldığı gəlininə baxdıqca xəcalətindən yerə girirdi. Bütün olanların təqsirini yalnız özündə görür, vicdanının sızıltısından sanki damal-damla əriyirdi. Qadın arxasında durub qəhər içində onun batmış çiyinlərinə, əyilmiş qəddinə baxan qardaşından bixəbər xısın-xısın ağlayırdı. Pənah xəbəri alar-almaz Gülzarı da götürüb Rauf olan rayona üz tutmuşdu. İndi illərdir üzünü görmədiyi sevimli bacısına, Raufa baxdıqca ürəyi qan ağlayır, bacısının vicdan ağrısından necə qovrulduğuna şahidlik edirdi. Onun heç kəsə nifrəti-kini qalmamışdı. Gülpəri hənirti hiss edib geri çevrildikdə arxasında qardaşını görüb ağladı. Ayağa qalxıb qorxaq addımlarla ona yaxınlaşdı:
– Qardaş, gördün bacın öz başına nə oyunlar açdı? Mən günah işlətdim, əzabını balam çəkdi. Məndən olan ana ölsün, bacı ölsün. Cavan-cavan balalar xəstə yatır, mənim kimi kaftarlar da ömür sürüb, yaşayırıq.
Pənah bacısını sinəsinə basıb saçlarını qoxladı. İllərin həsrətiylə anasının qoxusuna bənzəyən qoxusunu ciyərinə çəkib doluxsundu. Qadın bu səfər də Gülzarla qucaqlaşıb bir xeyli eləcə dayandılar. Şahanəni qapıda gördükdə sanki dünyanı Pənaha bağışladılar. Sual dolu baxışlarla bacısına baxdı. Lakin bir şey anlaya bilmədi. Ər-arvad növbəylə onu əzizləyib, qucaqlaşdılar. Şahanədən qəza haqqında soruşanda onları maraqlandıran sualların cavabını anlayıb başlarını yellədilər. Pənah istər-istəməz bacısına qınayıcı baxışlarla baxanda Gülpəri yaylığını gözünə basıb ökürlədi.
Gecəni çox narahat keçirən Rauf vurulan iynələrdən sonra bir az rahatlanıb yuxuya dalmışdı. Həyəcandan, gərginlikdən üzü sıxılıb, gözlərinin altı qara həlqə salmış Şahanə tumbaya dirsəklənərkən neçə günün yuxusuzluğundan gözləri qapanaraq dərin yuxuya getmişdi. Üzü pərişan olub, rəngi solmuşdu. Dodaqlarının kənarlarında məsum uşaq kimi xoş təbəssüm yaranmışdı.
Rauf nə qədər yatmışdı, bilmirdi. Amma gecəki dəhşətli ağrıları azalmış və yuxudan daha gümrah ayılmışdı. Bir xeyli Şahanəni süzdü. Bunca illərdən sonra ilk dəfə doyunca, sevə-sevə ona baxdı. Dəli bir istək keçdi könlündən. Şahanənin ətrini içinə çəkmək istədi. Gözləri qadının saçlarında ilişib qaldı. O gözəl saçlara dən düşmüdü. Vaxtsız, zamansız Şahanənin gur saçları ağarmışdı. Və ən pisi də odur ki, bütün bunlar Raufun həyatda ən çox sevdiyi, dəyər verdiyi qadına yaşatdığı iztirablardan, xəyanətdən sonra baş vermişdi. Ürəyi yanırdı, amma Şahanəni durğuzmaq istəmədi. Əlini uzadıb fincanı götürməyə çalışdı, bacarmadı. Fincan yerə düşüb çiliklənəndə Şahanə silkələnib ayıldı. Qorxu və təşvişlə ətrafı gözdən keçirdi. Gecdən-gec özünə gəlib gülümsədi:
– Mən heç bilmirəm necə yatmışam. Bu dəqiqə verərəm. Niyə axı məni səsləmədin? Sənə qəfil hərəkətlər eləmək olmaz. Hələ yaran təzədir.
Suyu Raufa uzadıb əyilib qırıqları yığışdırdı. Raufun dirsəklənmək istədiyini görüb tez dikəldi. Əllərini yaxalayıb oğlana yaxınlaşdı. Yastığı düzəldib arxasına verdi. Raufun Şahanənin yaxın təmasından hissləri coşdu. Cəld qızın yanağından öpdü. Qızı qucaqlamaq istəyəndə Şahanə geri sıçradı. Barmağını silkələyib, gözlərini süzdü:
– Bir də belə eləsən gedəcəm ha! – Yarı ciddi, yarı zarafatla dilləndi.
Rauf telefonunu alıb qızını görüntülü aradı. Şahanəni də yanına çağırdı. Lalə ata-anasına baxıb gülür, “Ata, ana, mən sizi çox istəyirəm, tez gəlin” deyə inadla təkrarlayırdı. Üçü bir yerdə danışıb güldükcə Gülpəri qapı ağzından onlara baxıb sevincdən axan göz yaşlarını xəlvət-xəlvət silib gülürdü.
Elgiz xəstəxananın pillələrini sürətlə qalxıb həkimi axtardı. Soraqlaşa-soraqlaşa onu Raufu müayinə edərkən tapdı. Səbirlə həkimin işini bitirməsini gözlədi:
– Doktor bəy, salam! – deyərək əl verib onunla görüşdü. – Bu igidi görməyə, halını soruşmağa gəlmişəm.
Onun ironiya ilə söylədiyi son sözlər xəncər olub Raufun sinəsinə saplandı. Xəcalət dolu baxışlarını ondan gizlədib, başını aşağı dikdi. Şahanə də atasını görüb onu aparmağa gəldiyini anladığından kefi pozulmuşdu. Lakin nə qədər üzülmüş olsa belə atasının sözünün üstünə söz qoymayacaqdı. Bunca illər onun arxasında dağ kimi duran atasını heç kimə görə əzib keçməyəcəkdi. Onun Raufdan ötrü qəlbi od tutub yansa da o ürəyə dağ basacaq, amma dözəcəkdi. Yalnız atasının icazəsi olandan sonra o, Raufla yenidən barışa bilərdi. Lakin bu qədərinə belə razı düşən atası çətin ki, Raufun və onun ailəsinin xəyanətini həzm edib, onları bağışlayardı.
Doktor xoş təbəssümlə hər iki gənci süzüb əlini Elgizin kürəyinə qoydu:
– Maşallahları var bu igidin. İki günə kimi yollayacam kürəkəninizi evə. Amma qızınıza da təşəkkür etməyə bilməyəcəm. Əgər o olmasaydı, onun şəfqəti olmasaydı bu gənci itirə də bilərdik. Sağ olun ki, belə gözəl, mərifətli, xanım kimi qız böyütmüsünüz. Var olun, ata! – deyə doktor Elgizin əlini möhkəmcə sıxıb palatadan çıxdı.
Elgiz nə deyəcəyini, nə edəcəyini bilmirdi, çaşmışdı. Qızının gözlərində işıldayan parıltını yenə qəm-kədər əvəz etmişdi. Lakin Elgiz qızını yenidən bu ailəyə verməkdən bərk qorxurdu. O, övladının ağrı-acısının xəfifləməsi üçün illərlə mübarizə aparmış, lakin hələ də tam istəyinə nail ola bilməmişdi. İndi aradan bunca illər sonra, bütün yaşanan eybəcərlikdən sonra ata nə deyib qızının o evə qayıtmasına boyun olsun? Ata sanki kürəyində ağır yük varmış kimi dərindən nəfəs aldı:
– Mən aşağıda səni gözləyirəm. Yığış, düş. – Qapıdan çıxıb yenə geri döndü. Raufun gözlərinin içinə baxaraq: – Yastığın yüngül olsun! – deyib sürətlə palatanı tərk elədi.
Şahanə Raufun yatağında onun yanında oturdu. Gözləri dolmuş halda Raufa həsrətlə, yana-yana baxdı. Dərindən sarsılmış Rauf dartıb qızı qolları arasına aldı, onun gül qoxuyan tellərini iylədi. Yanaqlarından, dodaqlarından öpdü. Sonra ehmalca qızı özündən kənar edib:
– Səndən ölsəm də əl çəkməyəcəm. Əvvəl-axır özümü bağışladacam sənə də, ailənə də. İndi get qızımızın yanına. Məndən də arxayın ol. Özün həkim deyəni eşitdin. Yaxşıyam. İki günə oradayam. İstər aylar, istər illər olsun. Səni geri qaytarana kimi dayanmayacam.
Gözlərini uzaqlara dikərək xəyallarına qapılıb getmişdi. Heç nə duymur, heç nə eşitmirdi. Ara-sıra atasının suallarına cavab verib sonra yenə içinə qapılırdı. O, Rauf xəstəxanadan çıxana qədər onun yanında qalmaq, onun tam sağalmasına əmin olmaq istəmişdi. Amma neyləyəsən? Atasının qərarına qarşı çıxmaq onu öz gözündən sala bilərdi. Qapıya catanda Elgiz həvəslə əlini siqnala basdı. Lalə sanki pusquda durmuş kimi qapıları taybatay açdı. Anası maşından enən kimi həsrətlə ona sarıldı. Ana-bala duz kimi bir-birilərini yaladılar. Nihal qızının gəlişinə çığırtmalı polv süzərək süfrə bəzəmişdi. Şahanə yuyunmaq üçün hamama keçdi. İsti su bədənini islatdıqca Şahanənin gözləri bulaq oldu. Qadın yanaraq, coşa-coşa ağladı. O, Raufdan üç saat idi ayrılmışdı. Lakin bu qısa zaman onun həsrətini daha da artırmışdı. Şahanə Raufu qəzadan sonra hərəkətsiz görüb, onu itirdiyini düşündüyü zaman ərinin xəyanətini qəlbinin bir küncündə basdırıb, onu əfv etmişdi. Şahanə Rauf olmadan nə özünün, nə Lalənin xoşbəxt ola biləcəyini dərk etmiş, bütün yaşadıqlarını hafizəsinin bir tərəfində qıfıllamışdı. Qadın əlində olan zamanın, saatların qədrini bilərək xəyanətsiz, qəm-qüssəsiz həyat arzulayırdı. Lakin buna atası izn verəcəkdimi? Şahanə buna inanmırdı.
Gülpəri Şahanənin getdiyini arxadan görüb yüyürərək palataya daxil oldu. Rauf gözlərini yummuşdu. Ana oğlunun yatdığını güman edib ehmalca stula çökdü. Rauf başını qaldırmadan:
– Daha yaxşıyam, ana. Eminə demişəm bir azdan burada olacaqlar. Səni aparmağa gələcəklər. Sən Cavidanla gedərsən. Mən də Eminlə qayıdacam.
Qadın nəsə demək istədi, lakin Rauf buna imkan vermədi:
– Arzu da ağlaya-ağlaya oturur. Tural zəng vurmuşdu ki, axşamın sərinində gəlirik. Qoymadım. Yazıq işini-güçünü buraxıb iki gündən bir buradadır. Ən yaxşısı sən evimizə dön. Sən də yollarda qaldın. Atam da yazıqdır.
Gülpəri oğlunun inadı qarşısında dillənə bilmədi. Elə oturduğu yerdəcə qalıb Cavidanla Eminin yolunu gözləməyə başladı.
Araz bütün bacı-qardaşını məsləhət üçün evə toplamışdı. Hətta Pənah belə məhz Raufa görə çoxdan yolunu unutduğu bacısı evinin qapısını açmışdı. Hərə bir söz deyir, lakin kimsə ortaq fikrə gələ bilmirdi. Nəhayət, səsdən-küydən bezən Nəcibə arvad ayağa qalxıb əsasına söykəndi:
– Dur, ay Araz. Qalxın gedək. Mənə dəstə-tifaq yığılıb xalxın evinə getmək lazım deyil. Diləfruz, ay qızım, sən, Gülpəri, sən, Pənah, bir də mən. Artıq heç kimə ehtiyac yoxdur. Çaşqınlıqla ona baxan Zivərə göz ağardıb:
– Daha bu qədər adam bəsdir. Mənim sabahı gözləyəsi halım yoxdur. Bu işi uzatmağa dəyməz. Mən o kişinin qapısına gedirəm. Amma bax, sizə deyirəm. Bu gündən sonra biriniz o kişinin qızına güldən ağır söz desəniz qarşınızda məni görəcəksiniz. Bax, bunu elə belə də bilib, qulağınıza sırğa edin. Dur, ay Diləfruz.
Elgiz işdən yenicə gəlib əllərini yuyub süfrə başına keçmişdi ki, qapının zəngi basıldı. Lalə atılaraq:
– Mən açacam, – deyib qapıya qaçdı. Uşaq sevinclə: – Baba, ay baba, ağa nənəm gəlib! – deyərək seviclə onu səslədi.
Elgiz gələnləri görüb çaşdı. O, qapısına gələn heç kimə pis üz göstərməyəcək qədər ağıllı və mədəni bir insan olduğundan qonaqları evə dəvət etdi. Nihal Nəcibə arvadla, Diləfruzla qucaqlaşıb öpüşdü. Lakin iki keçmiş quda bir-birilərinə yaxınlaşacaq qədər özlərində cəsarət tapmadılar. Nihal yalnız “Xoş gəldin” deməklə kifayətlənib Gülpəriyə oturmağa yer göstərdi. Elman Nihalın zəngindən sonra arvadı Asya ilə gəlib qonaqların yanında oturdu. Arxa otaqda paltar ütüləyən Şahanə hər şeydən xəbərsiz işini görürdü.
Nəcibə arvad hər kəsi gözdən keçirib, asta-asta sözə başladı:
– Oğul, qərarın necə olur olsun hörmətlə yanaşacam. Bilirəm, sənin qarşısında təqsirimiz çox böyükdür. Başda mənim oğlum, mənim gəlinim olmaqla, ən böyük təqsirkar, günahkar nəvəm olmaqla. Amma sən böyüklük göstər, ay oğul! Bax, burada hər kəsin hüzurunda, əsas da, bax, bu Pəhah balamın, Diləfruz qızımın iştirakıyla, Allahın əmri, peyğəmbərin izniylə qızım Şahanəni nəvəm Raufa istəyirəm. Bax, bu balaca gül üzlü balanı da atasız-anasız qoyma. Böyüklərin günahını bu gül üzlü balaya ödətmə. Qurban olum, oğul. Mən qocanı əliboş, naümid qaytarma. Nə qədər Allah verən ömrüm var, kimsə Şahanə balama pis söz deyə bilməz. Nəvəmd ə elədiyi günahların hamısını fitil-fitil ödədi. Can oğul, bir dillən, bir söz de. Ay Nihal qızım, deyə bilərsən ki, bütün bu hadisələr olanda sən harada idin? Allah bilir ki, bütün bu baş verənlərdən sonra mən bu nəslin ağbirçəyi kimi irəli durub böyüklüyümü göstərdim. Yoxsa Məşədi Əliabbas tayfası hara, arvadı dinləmək hara. Nəsə, başını ağrıtmayım. Əgər məsləhət bilirsinizsə bir stəkan şirin çay verin, içib qalxaq.
Nihalın iki gözü kişisinin sifətində qalmışdı. Elgiz bərk tutulmuşdu. O, bu qədər adamın yığılıb qapısına gələcəyini güman belə etməmişdi. İndi ata iki yol arasında qalmışdı. Hər iki halda verəcəyi qərarın ağırlığı onun çiynində idi. Başını qalxızıb pəncərədn çölə baxdı. Bu zaman gözləri eyvanda durub həsrətlə babasına, nənəsinə baxıb dərindən köks ötürən Laləyə sataşdı.
(Ardı var)