Aynur MƏSİMOVA (TƏMKİN)
Rauf getdikcə hər şeyin boz dumana büründüyünü görsə də ayaq saxlamırdı. O, qəlbindəki acısını, bədənindəki ağrısını irəlidə unudacağını, Şahanəni orada tapacağını düşünərək yeyin addımlarla ora can atırdı. Lakin nə qədər boylansa da hələ onu görə bilmirdi. Birdən lap uzaqlardan Şahanənin səsini duydu. Hər tərəfə boylandı. Yox, heç kim yox idi. Addımlarını tez-tez ataraq oradan uzaqlaşmaq istədikdə yenidən Şahanənin səsi qulaqlarına dəydi:
– Rauf, yoxsa məni axtarırsan? Mən buradayam, yaxınlıqda. Bax, görəcəksən. Gəl bura. Bax, mən çinarın yanındayam. Ora gəl.
Rauf səsə doğru addımladı. Lakin birdən dayandı.
– Nə oldu, Rauf? Niyə dayandın?
– Sənə layiq ola bilmədim, Şahanəm. Səni üzməkdən başqa sənə nə verdim ki. Yalnız göz yaşları, yalnız xəyanət. Sənə haqsızlıq elədim. Ölsəm, məni bağışla…
– Rauf, Rauf geri dön. Ömür qatarı keçib gedir. Tələs, əzizim, tələs. Mən səni çoxdan bağışlamışam. Əlini ver, uzat əlini. Tut, bir daha buraxma. Nəyi gözləyirsən? Tələs, Rauf, tələs. Zamanımız qısadır. Bunca illərimizi heyif etdik. Heç olmasa qalan ömrümüzü bada verməyək.
Rauf Şahanəyə doğru qaçıb son məqamda əllərindən tutmağı baçardı. Şahanə sevdiyi insanın əllərini möhkəm-möhkəm sıxdı, onu tutub var qüvvəsiylə özünə tərəf çəkdi.
İlahi, bu hara idi belə? Əvvəl şiddətli, çox bərk külək əsdi. Ağacların təpəsi yerə endi. Sonra qəfil başlayan külək, qəfil də kəsdi. Gözəl, yaşıl çəmənlikdə Laləni gördü. Şahanə Raufun əlindən çəkə-çəkə onu qızına doğru apardı.
Zaman-zaman ölümləri adi hal kimi qəbul edən ağ saçlı həkimin gözləri dolmuşdu. Son məqamda ürəyi dayanıb, sonra yenidən həyata dönən xəstəsini gözü yaşlı seyr edir, onun möcüzə nəticəsində həyata dönüşünə görə Tanrıya dua edirdi. Axırıncı tikişi də vurub köməkçilərinə göstərişlərini verərək əməliyyat otağından çıxdı. Xəstənin yaxınlarına şəxsən özü xəbər vermək üçün dəhlizə boylananda bir küncə sıxılaraq gələndən bəri dayanmadan göz yaşı tökən gəlini gördü. Bir ata şəfqəti ilə onu süzüb yaxınına gəldi:
– Qızım, sən xəstənin kimi olursan?
Şahanə diksinərək həkimə baxdı. Azca qala qorxusundan kəkələyərək:
– Mən onun həyat yoldaşıyam. – Ağlar gözləriylə həkimi süzdü. Dizləri titrəyir, zorla ayaq üstə dururdu. – Doktor, çox xahiş edirəm mənə onun yaşayacağını söyləyin. Niyə dinmirsiniz? Yoxsa ona nəsə olub? – Sözünü tamamlaya bilmədi. Yıxılmaqdaydı ki, yenicə xəstəxanaya gələn Eminin möhkəm əlləri onu tutub saxladı.
– Yox, qızım, əməliyyatdan sağ-salamat çıxıb. Amma yenə də diqqətli olmaq gərəkdir. Ən azı iyirmi dörd saat dəqiq bir şey söyləyə bilmərik. Allahdan ümid üzülməz, qızım. Sənin kimi sadiq yoldaşı var. Ona heç nə olmayacaq.
Şahanə geri çevrilib Emini görəndə ən əziz, ən doğma adamını görürmüş kimi sevindi. Yenidən göz yaşlarına boğularaq Emindən imdad diləyirmiş kimi məzlum-məzlum ona baxdı. Qadının pərişan halı Eminin ürəyini dağladı. Üzünü qırağa çevirib xəlvətcə göz yaşlarını sildi. Bu zaman Məşədi Əliabbas tayfası tüstü kimi dəhlizə doldu. Gülpəri güclə yeriyərək fəryad edir, “Nə olar balamdan mənə bir xəbər verin!” deyə gördüyü hər kəsə yalvarırdı. Qadın Şahanəni üzgün halda görəndə çoxdan yumşalmış daş qəlbi parça-parça oldu. Övladını itirmək qorxusuna qarışmış peşmançılığı, günahı onu keçmiş gəlininə yaxınlaşdırdı. Onun gözlərinin içinə baxaraq sinəsinə döyüb acı fəryad qopardı:
– Bağışla məni, qızım, bağışla. Mən sizi ayırmasaydım balam bu gün ölümlə burun-buruna dayanmazdı. Allah məni necə bilirsə elə eləsin. Ya Rəbbim! – Qadın əllərini göyə tutdu. – Sən mənim canımı al, balamı balasına bağışla. Onun cavan canına qıyma. Mənim var-dövlət, güc sevdam balamı uçuruma apardı. Hər şeyin təqsirkarı bizik, bala. Biz pislik elədik, sənsə böyüklük.
Elgizlə Nihal eşitdikləri dəhşətli xəbərdən möhkəm sarsılmışdılar. Hətta Elgiz bir ara elə vəziyyətə qaldı ki, Nihal onun bu halından qorxuya düşərək qaynından maşını onun idarə etməsini xahiş etdi. Səbinəylə Laləni onlara göndərib eltisi, qaynı və Elgizlə Raufun olduğu rayona üz tutdular. Yol boyu nə dindilər, nə danışdılar. Hər kəs öz dünyasına qapılıb, fikir içində itib batmışdı. Öz-özlərinə sual verib cavab tapa bilmirdilər. Qəza necə olmuşdu, Şahanə Raufun yanında neyləyirdi, bilən yoxdu. Nihal indi Şahanənin nə vəziyyətdə olduğunu düşündükcə kövrəlir, göz yaşlarını saxlamağa acizlik çəkirdi. Yol da sanki uzandıqca uzanır, bitmək bilmirdi. Artıq axşam öz qara kölgəsini yer üzərinə çəkir, batmaqda olan günəşin son şəfəqləri öləziyib qaranlığa qovuşurdu.
Pillələri tövşüyərək qalxan Nihalın xəstəxanın dərman qoxusu qarışan kəsif iyindən ürəyi bulandı. Haradasa palatalarda kiminsə zarıdığını, kiminsə ağladığını eşitdikcə Nihal bərk kövrəldi.
Ana qızının ağlamaqdan qızarmış gözlərinə, pərişan üzünə baxanda sanki qəddi əyildi, içi dağlandı. Şahanə bala ceyran kimi boynunu əyib məhzun-məhzun hər kəsi süzür, arada gözlərində silələnib qalan göz yaşını silirdi. Şahanənin gözü Nihala sataşanda qollarını açıb onun üstünə yeridi. Körpə uşaq təki anasını qucaqlayıb bərkdən hönkürdü. Nihal qızına, bütün Məşədi Əliabbas tayfası da onlara qoşuldu. Elgizlə qardaşı gördükləri mənzərədən dərindən sarsılmış halda üzlərini divara tutub durmuşdular. Bunca illər sonra onlara pislik edən insanlarla eyni mühitdə, eyni yerdə durmaq onlara ağır gəlsə də üzülməmək mümkün deyildi.
Aparatın cüyültüsü, əməliyyatdan çıxan xəstələrin zarıltısı, ölən xəstə yiyələrinin vay-şivən səsləri… Hər an, hər dəqiqə bir ömrə bərabər. Bədənindəki dözülməz ağrılar, susuzluqdan qurumuş dodaqlar… Tərpətməyə gücü yetməyən əlləri, barmaqları. Halsızlığı, yorğunluğu, bulanıq xəyalları. Varlığını, yoxluğunu dərk edə bilməməsi. İyirmi səkkiz illik həyatının kino lenti kimi gözü önündən keçməsi. Və bir insan övladının özünə verə biləcəyi zərərin hər kəsin verə biləcəyi zərərdən ağır olduğunu dərk etməsi. Tərpənə bilməsə də gözləri hər yerdə onu arayırdı. Lap uzaqda qapı arxasında qara kölgəni Şahanəyə bənzətdi. Bir andaca bədəninin qızdığını, damarlarında qanın necə çoşduğunu hiss etdi. Yavaş-yavaş kirpikləri aralandı. Hətta yanaqları belə qızdı. Gənc tibb bacısı onun ayıldığını görüb sevincək həkimi səsləmək üçün dəhlizə qaçdı.
Bayaqdan ağlamaqdan zorla ayaq üstə duran hər kəs həkimi dövrəyə alıb ard-arda suallar yağdırır, onu buraxmaq istəmirdilər. Həkim özünə yaraşan bir təbəssümlə onların bu həyəcanını xoş qarşılayır, kənarda durub onun ağzından çıxan hər kəlməyə qulaq kəsilən Şahanəni gözucu süzürdü. Onun məsum duruşu, məhzun gözləri həkimin atalıq duyğularını oyatmışdı. Kişi sanki ona baxdıqca qızını görür, o eşitsin deyə fikirlərini bir az ucadan deyirdi. Əslində onun niyə kənarda qaldığını dərk edə bilmirdi. Əgər o, bu ailənin gəlinidirsə, niyə bir-iki adamdan başqa kimləsə kəlmə kəsmir? Həkim Raufu ayılandan sonra muayinə edəndə oğlan narkozun təsiri altında ən azı yüz kərə “Şahanə” demişdi. “Məni bağışla” deyə az qala fəryad etmişdi.
– Qızım, – həkim Şahanəni səslədi, – bir sənə icazə verirəm, beş dəqiqəliyə ərini görə bilərsən. Siz də, inşallah, palataya köçürüləndən sonra. – Sonra üzünü tibb bacısına çevirdi. – Sənəm xanım, zəhmət olmasa bu qızımıza xələt verin, ərini görsün. Amma sonra yaxınları aparıb əlinə-üzünə su vursun. Neçə saatdır bura gəldiyi. Hələ dilinin altından bir udum su keçməyib.
Şahanə xırda addımlarla səssizcə Raufa yaxınlaşdı:
– Rauf, – deyə pıçıldadı.
Rauf yarıyumulu gözləriylə Şahanəni süzdü, çətinliklə də olsa əlini qaldırıb onun əlinin üstünə qoydu. Qaysaq bağlamış dodaqlarını güclə aralayıb:
– Şahanəm, – deyə qıza cavab verdi. – Şahanə, daha heç yana getmə. – Güclə eşidiləcək halda dilləndi.
– Getmirəm, narahat olma. Yat, dincəl. Tez sağal ki, qızımız daha bizsiz qalmasın. Mən çöldə qapının ağzında səni gözləyəcəm. – Şahanə əyilib buz kəsmiş dodaqlarını onun od tutmuş alnına yapışdırdı. – Sən rahat ol, Rauf. Təki sən sağal. Mənim indi həyatda istədiyim yalnız budur.
Rauf Şahanənin həsrətində olduğu təmasından xoşhallandı və dərin yuxuya getdi.
Araz fikrə dalan Elgizin bir addımlığında durub onu seyr edirdi. Hər iki atanın sanki bu bir neçə saat ərzində beli bükülmüş, qəddi əyilmişdi. Araz ehmalca əlini Elgizin çiyninə qoydu. Kişi geri çevrilib Arazı görəndə qaşlarını çatdı. Heç nə demədən oradan uzaqlaşmağa çalışdı. Lakin Araz onun qarşısına keçib yolunu kəsdi:
– Bilirəm, söysən də, döysən də haqlısan. Boynum teldən də nazikdir qarşında. Quda olub pislikdən başqa heç nəyimi görmədiniz. Ayrı biri sənin yerində olsa addımını bura atmazdı. Allah eləməmiş, belə bir iş mənim qızımın başına gəlsəydi bəlkə də mən sənin qədər alicənablıq göstərməzdim. Bütün bu baş verənlərə görə səndən də, Nihal müəllimədən də, Şahanə qızımdan da üzr istəyirəm. Məni bağışla deməyə haqqım yoxdur. Amma səndən bir ricam var. Onu yerinə yetirməyə mənə yardım et. Kömək elə, balalarımızı yenidən birləşdirək.
Elgiz bir zamanlar burnu göydə olub, indi isə övladı üçün acı çəkib, dərddən qəddi əyilən Arazı başdan-ayağa süzdü. İllər ərzində içinə yığılan qəzəbi hayqırmaq, bütün hirsini onun üstünə tökmək istədi. Lakin tez də vaz keçdi. Sadəcə təhqir etmədən içini yeyib-tökən, bunca zaman içində əsir saxladığı bəzi şeyləri deməyin zamanının çatdığını düşündü:
– Bura bax, Araz. Sənin indi yadına düşüb ki, bir oğlun, bir gəlinin, nəvən var? İçimdəki qəzəbi kükrəmək istərdim. Sənə layiq olduğun cümlələri söyləmək istərdim. Amma burada övladının başına gələnləri bilib sənə heç nə deyə bilmirəm. Mən sənə əmanət edib övladımı verdim. Sən neylədin? Dedim evin ağsaqqalı, böyüyü var. O evdə səhv də olsa böyüklər yola verəcək. Sən nə elədin, Araz? Balam gözümün qabağında xiffətdən əriyib gedəndə sən toy çaldırıb əylənirdin. Mən bütün bunlardan sonra səni nə deyim bağışlayım? – Bunu deyib Elgiz sürətlə Arazdan uzaqlaşdı.
Şər xəbər bir dəqiqədə şəhəri ağuşuna alıb cövlan edəndə Kamilə şən qəhqəhələr ataraq Arzuya zəng etdi. Hər şeydən bixəbər olan bacı keçmiş gəlinlərinin səsini eşidib əsəbləşdi. Dəstəyi asmaq istədi. Lakin ona qədər Kamilə:
– Az, ay inək, sən orada qarnını bəsləyəndə qardaşın o biri yanda canıyla əlləşir. Ay bədbəxt, qardaşın qəzaya düşüb, sənin xəbərin yoxdur. Ah, deyirəm Allah özü bilir kimə neyləmək lazımdır. Bax gör nə deyirəm. Bilmək olmaz, bəlkə də sənin o qardaşcığazın artıq yooxxddur.
Arzu dəstək əlində donub qalmışdı. Qulaqları nə eşidir, nə duyurdu. Qayınanası onun qolundan tutub birtəhər divana çatdırdı. Arzu özündə deyildi. Fatma xanım dəsmalla onun üzünü silib Gülpəriyə zəng etdi. Onunla danışıb telefonu Arzuya uzatdı. Arzu boğula-boğula ağlayır, “Ana, qurban olum, düzünü de, Rauf sağdırmı?” deyə israrla soruşurdu. Gülpəri Arzuya and-qəsəm edərək “Vallah, hər şey yolundadır” deyib axır ki, onu inandırmağı bacardı. Arzu içini çəkərək yuxuya dalandan sonra qadın telefonu götürüb əhvalatı öyrənmək üçün qudasına zəng etdi.
Əntiqənin qəzəbinin həddi-hüdudu yox idi. Kamilənin yenidən öz bildiyini eləməsi qadını özündən çıxartmışdı. Əntiqə otağa girəndə Kamilənin Arzuya söylədiyi son sözləri eşidib sarsılmışdı. İnsan əvəzinə yırtıcı doğduğunun peşmançılığı altında əzilən ana yaxınlaşıb Kamilənin sifətinə ard-arda şillələr endirdi. Hirsi soyumadı. Çəkib əlindən telefonu aldı. Var qüvvəsiylə divara çırpıb sındırdı. Masanın üstündəki açarları götürüb qoynuna basdı:
– Sənin əvəzinə it doğsaydım bu qədər utanmazdım. Sən nə şərəfsiz, nə ləyaqətsiz bir övlad oldun. Kaş öləydim, sənin bu qədər düşük olduğunu görməyəydim. Sən vəhşiləşmisən. Camaatın dərdindən ləzzət alırsan. İtil otağın! Gözümə görükmə!
(Ardı var)