Aynur MƏSİMOVA (TƏMKİN)
İçində nəsə qırıldı. Dəhşətli ağrıdan huşu bulandı. Qısa dəqiqələr ərzində Şahanənin, Lalənin surəti ilğım kimi yanıb söndü. Qımıldanmaq istədi, lakin tərpənə bilmədi.
Şahanə üzləşdiyi növbəti xəyanətin sarsıdıcı zərbəsindən özünü itirmişdi. Qadın Nailəni xatırladıqca içini günah hissi bürüyürdü. Sanki nədəsə günahkar imiş kimi əzabdan qurtula bilmirdi. Bir neçə saat öncə Raufun yaxın təmasından bir anlıq xoşbəxt olan gənc qadın indi ağlamaqdan özünü zorla saxlayırdı. “Axı nəyə görə mən bütün bunları yaşamalıyam? Nəyə görə mənim ailəmin dağılmağı bəzilərinə fürsət olmalıdır? Qeyrətsiz İlqar! Düz iş görübmüş kimi hələ utanmadan danışır da. Dost dedik, qardaş dedik. Evimizin qapısını açdıq. Bu idimi qarşılığı? Məni sevənə bax. Şərəfsiz! Yazıq Nailə. Zorla unutmuşdu başına gələnləri. Yenidən yarasının gözünü qopartdılar. Ah Rauf, ah. Bütün bunlar sənə görə oldu. Sən məni də, özünü də dillərə söz elədin”.
Gözlərini yumub başını şüşəyə söykədi. Bir-birini əvəz edən mənzərələrə baxa-baxa gözləri qapandı və Şahanə yuxuya getdi. O, yenə Raufun qolları arasında rəqs edirdi. Yenə bayaqkı tək xoşbəxt və məsuddu. Yenə hər şeyi, hamını unutmuşdu. Nə o xəyanət yaşanmışdı, nə Kamilələr həyatlarına girmişdi. Qadın yuxuda gülümsəyirdi. Uşaq tək röyasının təsirindən gülümsəyirdi. Yuxusu neçə saniyə çəkdi, bilmədi. Ürəyinin başında yaranan küt ağrı bütün sinəsi boyunca yayıldı. İçinə müdhiş bir qorxu doldu. Bu zaman sürücü bərkdən çığırıb əyləcə basdı. Şahanə qəfil silkələnmədən səksəkə içində ayıldı. Əvvəl harada olduğunu, danışılanları kəsdirə bilmədi. Sonra yavaş-yavaş özünə gəldi. Sərnişinlər haray-həşirlə maşından düşüb harasa doğru qaçdılar. Qulağına çatan bir-iki sözdən anladı ki, onlardan bir neçə metr qabaqda ağır yol qəzası baş verib. Sinəsindəki ağrı daha da artaraq onu nəfəs almağa qoymurdu. Qadın oturduğu yerdən qalxıb ön şüşədən yola baxdı. Gördüyü mənzərədən dəhşətə gəldi:
– Rauf! – deyə çığırdı. – Rauf, sən nə etdin?!
Şahanə fəryad qopardı. Adamları yara-yara maşına doğru qaçdı. Onun niyə belə elədiyini anlamayan yol yoldaşları qadının hərəkətini təəccüblə süzüb: “Bıy, bu yazığa nə oldu?” deyə bir-birilərinə baxdılar.
Şahanə yoldan keçən yolçuların köməkləşib maşından düşürtdükləri Raufun qarşısında diz çöküb, onun başını dizlərinə aldı.
– Rauf… – deyə oğlanın üz-gözünü sığalladı. – Aç gözlərini, qurban olum, aç. Rauf, qurban olum, bir söz de. Nə olar, gözlərini aç. Bax, mənəm – Şahanə. Yanındayam sənin. Ay Allah, nə olar, kömək edin! – Şahanə yalvarışla adamları süzdü. – Nə olar, yardım edin! Aç, Rauf, aç gözlərini deyirəm sənə. Məni bir dəfə yarı yolda qoydun. Bir kərə də bunu etsən heç vaxt səni bağışlamayacam. Eşidirsən? Nə olar, qurbanın olum, bircə kəlmə söz de mənə.
Rauf başı üzərində Şahanənin səsini duyur, lakin dillənə bilmirdi. “Bağışla məni” -pıçıldamaq istədi, dodaqları açılmadı. Əlini uzadıb Şahanənin əllərindən tutmaq, bir də buraxmamaq istədi, qolu qalxmadı. Ağlamaq, çığırmaq istədi, səsini Şahanəyə çatdırmaq istədi, baçarmadı. Sonra qaranlıq, boşluq, uğultu. Kiminsə çığırtısı: “Heyif, gəncdi, gözəldi” və sonsuzluq. Ruhunun yorğunluğu. Çisminin get-gedə zəifləməyi və zülmət.
Şahanə yalvarışla hamını süzür, hər kəsdən imdad diləyirdi. Kim idisə əlini onun çiyninə qoydu:
– Ağlama, bacı, zəng vurmuşuq. İndi təcili yardım hardadırsa özünü yetirəcək.
Şahanə göz yaşları içində başını qaldırıb dodaqları titrəyə-titrəyə:
– Nə olar, deyin tez gəlsin, – deyib Raufu sinəsinə sıxdı. – Rauf, qurbanın olum, gözlərini aç. Sənə bir şey olsa mən yaşaya bilmərəm, bilmərəm. Bircə kəlmə de, səsini eşidim. Nə olar, Rauf, nə olar!..
Qadın zarıdı. Rauf gözlərini açmaq, “Qorxma” demək istədi, bacarmadı. Sevdiyi qadının əllərini tutub sıxmaq, bir daha buraxmamaq istədi, əllərində hey qalmamışdı. Son gücünü toplayıb zorla eşidilən pıçıltıyla:
– Qorxma, Şahanəm, – dedi və huşunu itirdi.
Şahanə hönkürərək artıq gəlib yetişmiş həkimin əlindən tutub yalvarırdı. Raufun vəziyyəti son dərəcə ağırdı. Onu təcili yardım maşınına qoyanda Şahanə Raufun yanında oturmasına icazə istədi. İllərin bərkindən-boşundan çıxmış sərt simalı həkimin qadının tökdüyü acı göz yaşlarına ürəyi dözmədi:
– Bacı, sən bu oğlanın nəyisən?
Şahanə heç düşünmədən:
– Həyat yoldaşıyam, – deyib özünü içəri atdı.
Raufun uzadıldığı xərəyin yanında diz üstə çöküb onun əllərindən tutdu. Göz yaşlarından islanmış yanaqlarını onun əllərinə sürtdü. Onun təmasından Raufun kiprikləri titrədi, güclə gözlərini aralayıb Şahanənin qızarmış gözlərinə həsrətlə baxdı. Bu bəlkə də bir vida baxışı, onların məhəbbətlərinin son işartısı idi.
Xəstəxanaya çatan kimi Raufu əməliyyat masasına qaldırdılar. Saniyələrlə, dəqiqələrlə savaş başladı. Hər keçən dəqiqə bir hökm verir, həkimlərin əlləri görünmürdü. Rauf elə bir zədə almışdı ki, daxili orqanlarının fəaliyyəti getdikcə zəifləyirdi. Sanki bədəni bilərəkdən dirənmək, gücənmək istəmirdi.
O yaşadığı son illəri qarış-qarış gəzir, hər yerdə Şahanəni axtarırdı. Lakin hara baxırdısa orada Kamilənin əcaib sifətini görür, oradan uzaqlaşırdı. Arxasına boylandı. Ata-anası, Kamilə lap uzaqda qalmışdı. Geriyə dönmək istədi. Lakin tez də fikrindən vaz keçdi. Onu ora bağlayan heç kəs yox idi artıq. Deyəsən Gülpəridən də, Arazdan da bərk küsmüşdü. Çevrilib qarşısında baxdı. Sonsuz bir yolun cazibəsi onu özünə doğru çəkdi. Get-gedə çəkisinin zəiflədiyini hiss etdi. Sanki boşluqda keçən hər saniyədə damla-damla əriyib yox olurdu.
Həkimlərin alnını tər su kimi yuyub aparırdı. Xəstənin təzyiqi düşür, nəbzi getdikcə zəifləyirdi.
Şahanə yad bir yerdə, tanımadığı xəstəxanada çarəsizlikdən dəli olmaq həddinə çatmışdı. Yanında “Qorxma, gəldim” deyəni, dadına çatanı yox idi. Gözünün yaşı dayanmaq bilmirdi. Hər keçən dəqiqəsi bir ilə, bir qənirəyə dönürdü. İçəridə nələr olduğunu bilmək üçün gözləri qapıda qalmışdı. Lakin hələ içəridən heç kim çıxmırdı. Sanki zaman donmuşdu, vaxt irəliləmək bilmirdi. Şahanənin qəlbi təşviş, həyacan içində çırpındıqca qorxu kabusa çevrilərək içinə kök atırdı.
Qapı açılan kimi tibb bacısı həyəcanla otaqdan çıxdı. Şahanə qızarmış gözlərində gilələnib yığılmış göz yaşını əlinin arxasıyla silib ona yaxınlaşdı. Ümid qarışıq qorxu ilə ona baxdı, lakin onun başını buladığını görüb bərkdən hönkürdü. Raufu itirmək qorxusu onu bürümüşdü. Şahanə dərin iztirab içində divara sıxılıb ağlayırdı. Ümidi get-gedə öləziyir və qadın ruhunun da, bədəninin də taqətdən düşdüyünü, ayaqlarının onu saxlamadığını hiss edirdi.
– Xanım, – tibb işçisi onu səslədi, – siz xəstənin nəyi oldunuz?
– Yoldaşıyam. – Güclə pıçıldadı.
– Bu telefonla portmanat yoldaşınıza məxsusdur. Buyurun götürün. Amma qeydiyyat şöbəsinə də yaxınlaşın. Orada doldurulası kağızlar var.
Şahanə titrək əllərini uzadıb Raufun əşyalarını götürdü. Yalnız bu zaman ata-anasının, Raufun valideynlərinin qəzadan xəbəri olmadıqlarını xatırladı. Öz telefonunu da avtobusda qoyub düşdüyündən hələ ki, kimləsə əlaqə saxlaya bilməmişdi. Telefonu açmaq istədi, kodda idi. Şahanə bir zamanlar Raufun Lalənin doğum tarixini kod kimi istifadə etdiyini xatırlayıb tez-tələsik yığdı. Rauf hər şeyi olduğu kimi saxlamışdı. Ekran işıqlananda Şahanə daha çox sarsılıd. Ayaq üstə dura bilməyib yerə çökdü. Üçünün son dəfə çəkdirdikləri foto ekrandan ona baxırdı.
– Qızım… – Orta yaşlı qadın ehmalca qolundan tutaraq onu qaldırdı. Başqa bir gənc qadın dəsmalını isladıb onun üz-gözünü sildi. – Qorxma, bala, hər şey yaxşı olacaq. Allaha dua et. O kişidən başqa yalandır. İnşallah, hər şey yaxşı olar.
Şahanə ona uzadılan stəkanı alıb sudan bir qurtum içdi, lakin daha içə bilmədi. Boğazı tutulmuşdu. Nəfəsini belə zorla alırdı. Rauf içəridə ölümlə pəncələşdiyi halda onun boğazından su çətin keçərdi. Bilmədi kimə zəng etsin. Arzu ana olmağa hazırlaşırdı. Ona bu vəziyyətdə belə bir xəbəri verə bilməzdi. Bəs, yaxşı, kimə? Başını itirmişdi. Qərar verə bilmirdi. Birdən sanki silkələnib ayıldı. Emin! Eminin telefonunu yığdı. Dodaqları səyriyə-səyriyə, səsi əsə-əsə Eminə Raufun başına gələnləri anlatdı. Sonra da göz yaşlarına zorla hakim olub atasına zəng etdi.
Emin aldığı xəbərdən səyirləndi. Can dostu bildiyi, qardaş dediyi əmisi oğlu ölümün caynağında çırpınırdı. Gözləri yaşla dolmuşdu. O, bəlkə də cavan olduqlarından ölümü dostuna yozdura bilmirdi. O, Raufun mahir sürücü olduğunu bilirdi. “Necə ola bilər ki, onun kimi məharətli bir sürücü qəzaya düşür?” deyə öz-özünə sual verib cavab tapammırdı. Tez-tələsik əynini geyindi. Bir dəstə pulla sənədləri maşına qoyanda Günel ərinin həyəcanlı olduğunu görüb narahat oldu:
– Hara belə, Emin? – dedikdə oğlan daha dözə bilmədi. Hönkürüb əlləriylə üzünü tutdu:
– Mən gedirəm, Günel. Rauf qəzaya düşüb. Sən hər ehtimala qarşı hazırlıqlı ol. Bilmirəm nəylə rastlaşacağıq.
Günel yerində donub küt nəzərlərlə ərini süzür, lakin dinmirdi. “Necə yəni qəzaya düşüb? Necə yəni hər şeyə hazırlıqlı ol”.
– Günel. Günel, özünü ələ al. Anama da astaca de. Amma Arzunun xəbəri olmasın.
Emin maşına oturduğu zaman qadın toxtayaraq:
– Bəs Gülpəri əmidostu? Onun xəbəri var? – soruşdu.
Emin maşını işə saldı:
– İndi ora gedirəm.
Yol boyu fikirləşdi. Nəyi, haradan, necə başlayacağını bilmirdi. Göz yaşları qeyri-ixtiyari yanağı boyu süzülür, ürəyi qorxu içində çırpınırdı. Maşını qıraqda saxlayıb qorxa-qorxa həyətə girdi.
– Əmi! – Arazı səslədi.
Kişi eyvandan səs verib onu yuxarı dəvət etdi.
– Yox, əmi. Sən bir həyətə en.
Araz şübhələnib cəld pillələri endi:
– Nə olub? Atan narahatdır yenə? Ay oğul, adamı infarkt eləyərsən sən. Dillən görüm nə olub.
– Əmi… – səsi batmışdı. – Əmi, Rauf Bakıdan gələndə qəzaya düşüb. Bunu deyib gözlərini əmisindən qaçırdı.
– Sən nə danışırsan, ay oğul. Axı mən bir-iki saat öncə danışmışdım. Deyirdi hələ buradayam. Necə yəni qəzaya düşüb? Xəbəri sənə kim çatdırdı?
– Şahanə. – Emin ani tərəddüddən sonra dilləndi.
– Şahanə? – Kişinin gözləri az qala hədəqəsindən çıxmışdı. Bundan artıq sual vermədi. Öz-özünə danışa-danışa maşına əyləşdi.
– Əmi, bəs gəlinbacım? – Emin yalnız indi anladı ki, Araz Raufun vəziyyətinin ağır olduğunu anlamayıb. Sualı bir də təkrarladı. – Əmi, deyirəm gəlinbacımı da aparaq. Bəlkə Rauf anasını… – Kəlmələr dodaqlarında ilişdi.
Araz maşından enib ayaqları bir-birinə dolaşaraq Eminin qarşısına keçdi:
– Bala, əmidostunu nahaqdan ora aparmaq istəməzsən sən. Sən mənə de görüm Raufun vəziyyəti nə haldadır?
Emin başını yelləyib yenidən hönkürdü. Araz daha heç nə deyə bilmədi. Elə oradaca yerə çökdü:
– Vay, evim yıxıldı! – deyib başına-başına vurdu.
(Ardı var)