Firuzə DAVUDQIZI
Günlər sonra, fevralın 16-da Hüseynin doğum gününə gələn qonaqların sayı o qədər çox idi ki, iynə atsan yerə düşməzdi.
Mən Hüseyni geyindirib Elşada verdim. Onlar otaqdan çıxandan sonra özümə əl gəzdirməyə başladım.
Elşadın mənimçün alıb gətirdiyi paltarı geyinmiş, uzun qara saçlarımı açıq buraxmışdım. Çünki Elşad hər zaman belə sevirdi.
Bu paltarı isə bir müddət əvvəl dəb jurnalında görüb, valeh olmuşdum. Elşad bunu bilirdi. Və onu mənimçün sifariş verib gətirtmiş, mənə sürpriz eləmişdi.
Salona keçəndə simalardakı heyranlıq yağan təbəssüm dolu ifadəni görüb sıxıldım. Bu vaxt nə üçünsə evə qalxan Elşad qulağında telefon kiminləsə danışa-danışa içəri keçəndə gözü bir an mənə sataşdı. İfadəsi ildırım sürətilə dəyişdi. Qaşının biri yenə ixtiyarsız olaraq alnına qalxdı. Fikri məndə qaldığı üçün yanından ötüb keçən qohumlardan birinə toxundu. Telefonu əlindən saldı. Pərtliyini salondakılara bəlli etməmək üçün:
– Ay səni, zibil! – deyə əyilib telefonu götürdü. Bibisi qızı Elnarə onun mənə zillənmiş baxışlarını göydə tutub, Elşada sataşdı:
– Nə oldu, ay qardaş, Mələyini görən kimi əlin-ayağın bir-birinə dolaşır. Ehtiyatlı ol!
Qız-gəlin gülüşdü. Elşad yüngülvarı təbəssümlə heç bir söz demədən evdən çıxdı.
O axşam bütün məclis boyu baxışları uzaqdan olsa belə məni izlədi.
İlkinin həyat yoldaşı Zeynəb qonaqlardan xəlvət qulağıma pıçıldadı:
– Bir nəfər bu gün təzədən vuruldu ha, sənə! Bu gecə ehtiyatlı ol! – Baxışları ilə Elşadı göstərib pıqqıldadı.
Mən gözucu Elşadı süzüb, gülməyimi zorla boğaraq Zeynəbə gözlərimi ağartdım.
– Özün bir bax da. Dəli-divanə olub, qonaqları da unudub. – Zeynəb təkrar güldü. – Bu gecə yatacam qapınızın ağzında, bilmiş ol.
Kimsəyə bəlli etmədən Zeynəbin qolunu yüngülcə sıxdım.
Bir ara Elşad fürsət tapıb, qonaqlardan xəlvət barmağının işarəsi ilə məni çağırdı. Yerimdən qalxıb otağımıza keçdim.
Mən otağa gəldikdən bir neçə saniyə sonra o, qapını açıb içəri girdi. Üzünün ifadəsi mənə qəribə bir həyəcan gətirdi. Buna bənzər bir hissi ilk gecəmizdə o, qapıdan içəri girəndə yaşamışdım. Əlim-ayağım titrəməyə, ürəyim şiddətlə vurmağa başlamışdı. Eynən həmin gecəki ifadə, həmin baxışlarla gözlərimin içinə baxdı. Baxışları iliyimə qədər işlədi. Məni bura niyə çağırdığını bilmədiyim üçün sual dolu nəzərlərlə ona baxarkən o, birdən səbri tükənmiş halda irəli yeriyib, çılğın bir hərəkətlə dodaqlarımdan öpdü. Güc-bəla ilə əlindən çıxıb narazılıqla onu süzdüm:
– Buna görə çağırmışdın məni?
– Ay qədirbilməz. – Elşad başını buladı.
– Gələn olar, – deyib, onu özümdən kənar saxladım.
– Bu millət nə vaxt dağılışar sən bilən? – Elşad gileyləndi.
– Bizə görə gəliblər də. Qovası deyilik ki. Çıx, – deyə onu otaqdan çıxarmaq istədim. – Nə fikirləşərlər sonra? Yaxşı deyil!
– Sən vaxtın, imkanın olanda hərdən məni də bir fikirləş! – Elşad yarı ciddi, yarı kinayə ilə dilləndi.
– Mən səni hərdən yox, hər an fikirləşirəm. Çıx otaqdan.
Bu vaxt salondan kimsə məni səslədi. Deyəsən tort kəsirdilər. Mən Elşadı özümdən güclə ayırıb, üst-başımı qaydaya salaraq otaqdan çıxdım.
Hüseynin doğum günündən bir neçə gün sonra Elşad işlədiyi bölgəyə yola düşərkən tək getmədi. Bizi də götürüb özüylə apardı. Bu dəfə onun bu qərarına evdə heç kim etiraz etmədi.
Mən isə Elşadın rayona gəlməzdən əvvəl kirayələdiyi evə çatana kimi inana bilmirdim ki, bu bir həqiqətdir. Biz nəhayət ki, bir yerdə olacağıq. Çünki son günə qədər Elşad bu barədə mənə bir söz deməmişdi.
Aylar sonra bir şad xəbər aldıq.
Zeynəblə İlkinin oğlu dünyaya gəlmişdi. Körpəyə MEHDİ adını verdilər.
Tezliklə Leyla da ana oldu. İndi onun ƏKBƏR adında şirin-şəkər bir oğlu var.
Həyatımızda ard-arda yaşanan mühüm hadisələr, xoşbəxt anlar bizə bu günədək çəkdiyimiz acıları unutmağa, yaralarımızı sarımağa kömək edirdi.
Bir yay gecəsi Hüseyni yatızdırıb kirayə qaldığımız evin həyətinə endim.
Elşad iri qovaq ağacının altındakı taxtda əyləşmişdi. Kürəyini ağacın gövdəsinə söykəyib musiqiyə qulaq asırdı. Gözlərini yummuşdu. Yenə musiqinin sehrinə uyub, öz aləminə getmişdi. Yanında oturdum. Qulaqlığın birini onun qulağından götürüb öz qulağıma taxdım.
Gitarada ifa olunan həzin musiqi sədaları qulağıma axıb doldu. Dodaqlarımda anında yaranan təbəssümlə Elşadı süzdüm. Sanki onu ilk dəfə idi görürdüm. Baxdıqca baxmaq istəyirdim. Gözlərim o qədər həsrətini çəkmişdi ki.
O, gözlərini açıb zəndlə üzümə baxdı və bəxtiyarlıqla onu süzdüyümü gördü. Qulaqlığı qulağından çıxarıb, mülayim bir səslə soruşdu:
– Yatdı Hüseyn?
Başımı tərpədib ona sığındım. Elşad qolunu qaldırıb məni qolunun altına aldı, sinəsinə sıxdı. Bir az da məhəbbətlə ona qısıldım.
Baxışlarımı qaldırıb muncuq kimi göy üzünə səpələnmiş parlaq ulduzlara baxa-baxa düşüncələrə dalmışdım. Sükutumu görüb, Elşad marağını boğa bilmədi:
– Nə fikirləşirsən?
Köks ötürüb:
– Yaşadıqlarımızı, – dedim.
– Hmm.
– Gözümün önündən keçir hər şey, özüm də mat qalıram bəzən. Bu qədər müsibəti biz yaşadıq?
– Hə, axır qəmimiz olsun. Təəssüf ki, yaşadıq. Yazan belə yazıbmış. Nə etməli?
– Bilirsən nə istəyirəm? Hər insanın istədiyini. Bu sakit gecə kimi sakit həyat. Sakit, firavan. Mənə dəyərli olan varlıqlarım – sənlə Hüseyn hər zaman yanımda olun. Məni tərk etməyin. Bunu istəyirəm!
Elşad köks ötürüb alnımdan öpdü. Və bir xeyli dodaqlarını alnımdan götürmədi. Sonra etiraf etdi:
– Ağır günlər yaşadıq, amma çətinliklərim mənə səhvlərimi başa saldı. Buna görə heyifsilənmirəm, şükür edirəm Allaha. Nəticə çıxarmağım üçün yaşatdı bunları mənə. Allahdan möhlət istəmişəm özümə, heç olmasa sizin üçün bir şərait qurum. Kiçik də olsa bir ev alım. İşdir, əgər mənə bir şey olsa, heç olmasa gözüm arxada qalmasın. Öləndə də rahat yatım məzarda ki, başınıza bir bəla gəlməyəcək. Bunu istəyirəm Allahdan.
Elşadın dilinə gətirdiyi sözlər ürəyimə od saldı. Başımı onun sinəsindən qaldırıb heyrətlə üzünə baxdım. Barmağımı onun dodaqlarının üstünə aparıb:
– Bir də bu sözü dilinə gətirmə! – dedim. – Mənə sənsiz var olan heç bir şey lazım deyil! Əgər Allah mənə sənin ömründən bir saniyə artıq ömür yazıbsa, lazım deyil mənə bu bir saniyə də. Səndən sonra aldığım nəfəs də mənə haram olar. Mən daha sənə, sənin hətta o zəhmli baxışlarına, acıqlı səsinə də həsrət qalmaq istəmirəm. Ayrılıq sözünə nifrət edirəm! Çünki yetərincə zülm çəkdim. Qiyamətədək bəs edər mənə bu çəkdiklərim. – Bir qədər susub, boğazıma tıxanan qəhərdən qurtulandan, özümə gələndən sonra sözümə davam etdim. – Heç kəsə bizim tərzdə ailə qurmağı, bizim taleyimizi yaşamağı arzu etmirəm. Rəva görmərəm heç kəsə. Biz çəkdik bu həyatdan, kimsə çəkməsin. Heç bir sevən öz sevdiyindən ayrı qalmasın, ayrılığın acısını dadmasın. Bizim kimi sevdiyinə həsrətindəyəm deməsin. Tamam əksinə, sənə aşiqəm desin. Amma nə yaxşı ki, sən o vaxt məni hədələyib maşına oturtdun. Yaxşı ki, bunu elədin. Yaxşı ki, səni tanıdım. Yaxşı ki, taleyimə səni yazıbmış Yaradan. Bütün bu olanlara rəğmən deyirəm, nə yaxşı ki!
Elşad gözucu məni süzüb, gülümsədi. Sözlərim ona yarasına qoyulan məlhəm kimi gəlsə də, sözü yenə zarafata çevirdi:
– Hmm, indi belə deyərsən də. Cırmaqlarının izi bir ay getmədi.
Dodaqlarımda bir anda təbəssüm yarandı. Onu danışdırmaq məqsədilə oğrun-oğrun gülümsəyib, sual verdim:
– Soruşanlara nə dedin bəs?
– Pişik keçmişdi əlimə, o edib, dedim. Nankor pişik!
Özümü saxlaya bilmədim, məni gülmək tutdu:
– İnandılar?
– Dəvətnamə veriləndə inandılar.
Onun bu cavabından sonra ürəyimə söz keçirə bilməyib, təkrar ona sarıldım. Və Elşadı duz kimi yalamağa başladım.
– Səni SEVİRƏM! SEVİRƏM və yenə də SEVİRƏM! Hər iki dünyada SƏNİNLƏ OLMAQ istəyirəm!
Elşadın illərdən bəri duymaq istədiyi bu sözlərə üzü nurlandı. Kefi duruldu. Və göz qırpımında çılğın bir hərəkətlə məni taxtın üstünə yıxıb dəli-dəli öpməyə başladı.
Beləcə həyat acısı-şirini, çətinlikləri və sınaqları ilə davam etməkdə idi.
Aradan keçən bu zaman müddətində həyat mənə dəyər verən bir insanın dəyərini bilməyi öyrətdi.
Yolunda candan keçə biləcəyim bir eşqlə sevməyi öyrətdi.
Sinəmə döyüb “Heç vaxt!” deməməyi öyrətdi.
Və ən əsası, nifrətin böyük bir məhəbbətə çevrilə biləcəyini mənə sübut etdi.
Başımıza gələn hər çətinliyə, bəla və müsibətlərə yalnız bir-birimizə olan məhəbbətimizin gücü ilə sinə gərə biləcəyimizi bizə başa saldı.
SON