Aynur MƏSİMOVA (TƏMKİN)
Artıq avqustun son günləri idi. Gündüzlər isti olsa da gecələr hava soyuyur, payızın nəfəsi yavaş-yavaş duyulurdu. Rauf havanın xoşluğundan istifadə edərək Laləni hər gün bir yerə – gah Arzugilə, Emingilə, gah da təbiətin qoynuna gəzməyə aparırdı. Ata-bala bir-birindən ayrı qala bilmirdilər. Lalənin təkidlərinə baxmayaraq Şahanə Raufdan əvvəlki tək qaçırdı. Sanki onunla qarşılaşsa bütün iqtidarını əldən verəcəyindən qorxurdu. Qadın Raufa yenidən inanmağa, ona yenidən bağlanmağa cəsarət etmirdi. İçində bir qorxu, bir təlaş vardı. Şahanə qaçdıqca Rauf onu qovurdu. Qadın onsuz yaşaya bilməyəcəyini dərk edir, bununla belə inadla dirənirdi. Rauf isə getdikcə məqsədinə yaxınlaşır, Şahanənin qəlbini ələ almağa, yenidən onun etibarını qazanmağa çalışırdı.
Günorta fasiləsinə az qalmışdı. Telefonu zəng çaldı. Ekrana baxdı. Nömrə tanış deyildi.
– Alo! – deyəndə kimin səsi idisə eşidib sevincindən yerindən sıçradı. – Səsini eşidək, qardaş. Necəsən, nə var, nə yox? Nömrəmi kimdən aldın? Ay vəfasız, bu illərdə məni bir kərə də axtarmadın. Bura nə vaxt gəlirsən? Gəl, bir görüşək. Sənə bizim şəhəri tanıdım. Görək bir də başqa yer arzusunda olarsanmı?
Xəttin o başındakı adam:
– Buradayam, gəlmişəm – dedi.
Rauf danışa-danışa maşınına doğru getdi:
– Haradasansa ayrılma. İndi gəlirəm.
Uzun illərdi ayrı qalan iki dost qucaqlaşıb bir-birilərinin kürəklərini döyəclədilər. Bu vaxt Rauf kiminsə kürəyinə toxunduğunu hiss edib arxaya çevrildikdə İlqarı görüb duruxdu. Bir zamanların ən yaxın dostları bu zaman kəsişməsində yaşadıqları hər şeyi unudub yenidən möhkəm bir-birilərinə sarıldılar. Rauf onları maşınına otutdurub yaşıl dağların qoynundakı məhşur restorana gətirdi. Yerli mətbəxin ləziz təamlarını sifariş verib söhbət etməyə, olandan-keçəndən danışmağa başladı. Fərhad çayından bir qurtum alıb Şahanəni, Laləni soruşdu. Raufun bir andaca rəngi qızardı. Bu da təbii ki, yaxın dostunun nəzərindən qaçmadı:
– Nə olub? – Fərhad diqqətlə onu süzdü.
Rauf fikirli olduğu zamanlardakı kimi əlləriylə saçlarını daraqlayıb geri sığalladı. Sualı cavabsız buraxmaq istədi. Lakin nə düşündüsə baş verənləri qısaca onlara anlatdı. Fərhadın kefi qaçmışdı. Həmişə nümunəvi cütlük bildiyi dostlarının ailəsinin dağılması onu bərk məyus etmişdi. Bayaqdan sakit oturub söhbətə diqqət kəsilən İlqar sakitcə qulaq asır, heç danışmırdı. Rauf başını qaldırıb onun üzünə baxanda yenidən o işartını, o parıltını gördü. Rauf bu baxışları İlqarda son dəfə onlara qonaq gələndə görüb həyəcanlanmışdı. O zamandan dostlar bir də üz-üzə gəlməmişdilər. Əslində Nailəylə yaşadığı o xoşagəlməz hadisədən sonra İlqarı heç kim itirib-axtarmamışdı. Hələ o vaxt Rauf özünə söz vermişdi ki, harada İlqarı görsə onun Nailəyə etdiklərinin haqq-hesabını soruşacaq, ona layiq olduğu kəlmələri deyəcək. Lakin özü Şahanəyə elədiyi xəyanətdən sonra keçmiş dostuna irad tutmağa nə üzü kəsirdi, nə cəsarəti. Onun təqsiri İlqarınkından qat-qat artıq idi.
Xidmətçi əlindəkiləri masanın üstünə yığıb çəkilib getdi. Yeməklər soyuyur, kimsə süfrəyə əl uzatmırdı. Hərə öz aləminə dalmışdı.
– Mən elədiyim bütün günahların ağrısını ən gözəl illərimin hesabına ödədim. İndi bircə məqsədim var. O da yenidən arvadımın, qızımın etibarını qazanmaq.
– Yəqin keçmiş arvadım demək istəyirsən? – İlqar dodaqlarını büzdü.
Rauf qabırğa kababını İlqarın boşqabına qoydu:
– Yox, elə arvadım demək istəyirəm. Boşansam da, ayrı yaşasam da o mənim qızımın anası, mənim arvadımdır. Di başla. Soyuyandan sonra nə ləzzəti.
Üçü də səssiz-səmirsiz yeməyini yeyir, dinib-danışmırdılar. Nəhayət, Fərhad son tikəsini də ağzına qoyub gözlərini Raufa zillədi:
– Mən bilirəm siz iki aşiqi necə bir araya gətirmək olar.
– Necə? – Rauf maraqla soruşdu.
– Demək, belə. Mənim coxdan beynimdə tutduğum bir fikir var. Bakıya dönən kimi bütün uşaqları axtarıb tapıb hamını bir araya gətirəcəm. Şahanə xanımı da. Orada elə şərait yaradarıq ki, siz bir-birinizə bir az da yaxınlaşarsınız. İnşallah, qalanı da sənlik. Yenidən eşq etirafı edəcəksən, qızı götürüb qaçıracaqsan, bilmirəm. Amma siz bura qayıdanda yenidən barışmış olacaqsınız. Sənin səhvinin yozulası tərəfi yoxdur. Amma sən mənim dostumsan. Səni yaxşı tanıyıram. Gözlərindəki o sevgini görməsəydim, oğlumun canına and olsun ki, elə bu masadan qalxıb gedəcəkdim. Ancaq bu baxışları mən yaxşı tanıyıram. Sən hələ də Şahanənin dəlisisən. Sən nə deyirsən, ay İlqar? Bayaqdan lal gəlin, kar gəlin kimi oturmusan.
– Mən nə deyəcəm? Uşaq deyillər ki. Özləri hər halda nə istəklərini bizdən yaxşı bilirlər. Amma Şahanə ağıllı qızdır. Nə etdiyini yaxşı bilir. – İlqar yenə qəribə baxışla Raufu süzdü.
– Nə demək istədin indi sən? – Raufun səs tonu dəyişdi.
– Yəni şükür Allaha, ağıllı insanalrsınız. Ən doğru qərarı verməyi bacararsınız.
Fərhad dostunun bu cavabına heç nə demədi. Lakin onun bu cür danışmasını da bəyənmədi.
– Ə, sən də yaxşı. Durun gedək. Mən hələ çoxlu-çoxlu dağ havasından udub gəzmək istəyirəm. Beş günlük dünyadır. Bir səhvdir etmisən. Əsas bundan sonrasıdır. Biz kişilər hansımız səhv etmirik ki. Sən belə, başqası elə.
Söz deyəsən hədəfinə dəqiq ünvanlanmışdı. İlqar bərk alınsa da səsini çıxartmadı. Əgər bir şey deyib etiraz etsə Fərhadın tənələri yatanacan davam edəcəkdi. Fərhad neçə il qabaq baş vermiş hadisəni hələ unutmamışdı. Vaxtaşırı bunu İlqara xatırladır, bir gənc qızın duyğularıyla oynadığına görə onu danlamaqdan çəkinmirdi. Fərhad dostunun peşman olduğunu sanırdı. Lakin İlqar bir kərə də olsa bu hissləri keçirməmişdi. İndi də Raufun Şahanəyə etdiyi xəyanəti eşidib bir az da ayağı yer almışdı. “Bu Fərhad da lap ağını çıxarıb. Elə bil mən uşağam, bu da mənim atam. Balam, sən get Raufun dərdini çək. Mən o eləyənin yanında neyləmişəm ki. İstəməmişəm də o cır Nailəni. Lap əcəb də etmişəm. Sonra nə qəbahətim var ki. Rauf bəy mənim istədiyimə ortaq çıxanda bəs bilmirdi ki, başqasının gözü olan bir qadınla xoşbəxt ola bilməyəcək?” Yenidən Şahanəni xatırladı. “Yəqin indi daha da gözəlləşib. Ünvanını bilsəydim ən azından bir kərə də olsa kənardan baxardım”. Dərindən ah çəkdi. Yenə gözləri o qəribə işıltıyla parladı.
Fərhad verdiyi sözə əməl etdi. Bakıya qayıdan kimi bir-bir keçmiş tələbə yoldaşlarının hamısının nömrəsini tapdı. Hər kəsə bircə-bircə zəng etdi. Bir Nailəni axtarıb tapmaq müşkülə dönmüşdü. O hadisədən sonra qızı görən olmamışdı. Sonda Fərhad Nailənin yaşadığı köhnə məhəlləyə üz tutub onların evlərinə qədər gedib çıxdı. Qapının zəngini basdı. Qapı açılanda qarşısında duran insanı görüb çaşdı. Bu o idi – Nailə. Fərhad çaşqınlıq içində durub baxır, qızın nə dediyini belə duymurdu. Nailə gülə-gülə Fərhadı dartıb içəri saldı. Yalnız ortaboy bir gənc kişi “Xoş gəlmisiniz” deyəndə Fərhad özünə gəldi. Xoşbəxt təsadüfə bax. Nailə elə bu günlərdə yaşadığı dağ kəndindən birdəfəlik yığışıb Bakıya gəlmişdi. O arıq, cılız qızın yerində indi illərlə dolğunlaşmış qəşəng bir ana durmuşdu. Ona “Xoş gəldin” deyən də elə Nailənin yenidən həyata baxışını dəyişən əri Nazim idi. Bir neçə saat söhbət etdikdən sonra Fərhad həmişə xətrini əziz tutduğu Nailənin evini yüngülləşmiş halda tərk elədi. Dərindən nəfəs alıb: “Kaş Raufla Şahanəni barışdırmağı bacaraydım” deyə könlündən keçirdi. Raufa zəng edib görüşəcəkləri tarixi, məkanı ona bildirdi.
Şahanə keçmiş rəfiqəsinin həyat dolu səsini eşidəndə sanki dünyanı ona bağışladılar. Uzun-uzun danışdılar, dərdləşdilər. Şahanə rəfiqəsinin xoşbəxtliyinə ürək dolusu sevinəndə Nailə bəlli etməsə də ona üzüldü. Bir qədər tərəddüd içində qalsa da sonda Şahanə Bakıya gəlməyə söz verdi. Gənc qadın gözəl günlərinin şəhəri olan rüzgarlı Bakıya ayrıldıqdan sonra ilk dəfə gələcəkdi. Köhnə dostlarla görüş, xəyallarının şəhərinə qayıdış yenidən onu ötən günlərə qaytarmayacaqdımı? Hər kəs onları evli bildikləri halda Şahanə kimə nə deyəcəkdi? Niyələrə nə cavab verəcəkdi? Razılıq versə də qayğılar içində batıb qalmışdı. Raufla yenidən üz-üzə gəlmək, sevdiyi halda uzaq durmaq onun sakitlik tapmış ruhunu dəbərtməycəkdimi? Şahanə çaşmışdı. Nə edəcəyini bilmirdi. O, qədərinin qarşısına keçməyəcəkdi. Hər şeyi axarına buraxacaq, taleyindən yalnız və yalnız gözəl olan şeyləri diləyəcəkdi.
Ah, gözəl Bakı. Rüzgarlı, tozanaqlı Bakı. Qədim olduğu qədər gənc olan sevimli Bakı. Səni sevməmək mümkün deyil. Burun qıcıqlandıran neft qoxusunu, Xəzərin duz qoxusunu belə insan istəyir, darıxır. Qədim qala divarlarını, könhə binaları, İçərişəhəri insan bir daha yenidən və yenidən görmək, daş döşənmiş küçələrində gəzmək istəyir. Şahanə avtobusdan enib sevimli şəhərinə göz dolusu tamaşa etdi. O, şəhərə, yenilənmiş Bakıya vurğunluqla tamaşa etdiyi an Rauf da onu nəzərləriylə təqib edir, gözünü keçmiş arvadından ayırmırdı. Şahanə avtobusa minib şəhərdən çıxandan bir qədər sonra Rauf maşını avtobusun arxasınca sürmüş, Şahanə onu qarşılamağa gələn xalası oğluyla taksiyə minəndən sonra çıxıb getmişdi.
Uzun illərdi bir-birini görməyən qızlar qucaqlaşır, oğlanlar əl verib görüşürdülər. Rauf gözləriylə Şahanəni arasa da gənc qadın hələ gözə dəymirdi. Rauf restorandan bir içəri, bir çölə boylanır, lakin həsrətlə gözlədiyi Şahanə gəlib çıxmaq bilmirdi. Dəvət olunan yoldaşlarından yalnız üç-dörd nəfəri yox idi. O da üzrlü səbəblərdən. Qızlardan biri yenicə ana olmuş, o birilərində də hüzr düşmüşdü.
Fərhad gələnləri qarşılayır, hər şeyi dönə-dönə gözdən keçirir, gözucu Raufa baxıb gülürdü. Rauf keçən günlərdəki kimi, ilk dəfə aşiq olan gənc kimi gözlərini yoldan ayırmırdı. Artıq hər kəs keçib yerinə oturmuşdu. Amma hələ ki, nə Nailə, nə Şahanə gözə dəyirdi. Rauf tamamilə əlini üzüb pərt halda gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Hətta Nailəylə Şahanənin nə zaman içəri girdiklərini belə hiss etmədi. Yalnız qızların haray-həşirlə bir-birinə sarıldıqları vaxt ayıldı ki, həsrətində olduğu qadın onun bir addımlığındadır. Onu görəndə gözləri güldü. Qəlbi şirin duyğularla titrədi. Nailəylə əl tutdu, Şahanəylə baxışları toqquşdı. İçindən güclü bir hiss bütün vücudunu silkələdi. Xəbərdar olanlar təəssüflə başlarını yelləyir, bilməyənlər təəccüb və maraqla onları süzürdü.
Fərhad:
– Diqqət! – deyib hər kəsin nəzərlərini özünə çəkdi. – Dostlar, bu gün hər birinizi burada görmək məni duyğulandırıb ötən günlərə qaytardı. Məhşur mahnıda deyilir: “Məktəb illəri”… Lakin mən deyirəm tələbəlik illəri. Hər biriniz xoş gəlmisiniz. Gəlişinizlə məni sevindirdiniz. Uzun-uzun illərdən sonra yenidən sizi bir yerdə görmək xoşbəxtliyi mənə nəsib oldu. Bir daha xoş gəldiniz. Bu şərbət dolu qədəhi sizlərin sağlığına qaldırıram. Nə yaxşı ki, sizin kimi yoldaşlarım var.
Hər kəs deyib-gülür, bir Rauf gözlərini Şahanədən çəkə bilmirdi. Deyəsən Fərhad bilərəkdən Şahanəyə Raufun yanında yer göstərmişdi. Rauf sevdiyi qadının yaxın təmasından, ilıq nəfəsindən bərk təsirlənmişdi. Şahanənin əlindən möhkəm tutmaq, bir daha buraxmamaq istəyirdi. Bəs Şahanə? O, yanında oturan gəncin yaxınlığından huşunu itirmək həddinə çatmışdı. Özünə belə etiraf etməyə çəkindiyi sevgisini üzə vurmaqdan qorxur, hər vəchlə bunu hiss etdirməməyə çalışırdı. Amma nə olsun? Rauf Şahanənin ondan qaçırmağa çalışdığı gözlərinin ifadəsindən, titrəyən vücudundan çoxdan anlamışdı Şahanənin hələ də onu sevdiyini. Həzin bir musiqi çalınanda Fərhad yaxınlaşıb onların arxasında durdu. Rauf cəld ayağa qalxıb əlini Şahanəyə uzatdı. Gənc qadın həyəcandan titrəyərək donmuş halda ona baxır, nə edəcəyini bilmirdi. O indi bu qədər yaxınlığa hazır deyildi. Raufla rəqs etmək ona yenidən şans vermək, ümidləndirmək deməkdi. Hər kəs onlara baxırdı. Nailə, Məlahət göz-qaşla işarə edib “dur” deyirdilər.
– Şahanə… – Rauf idi. Duyğuları üstün gəldi. Əlini uzadıb Raufun əlindən tutdu. İlahi, bu necə hiss idi. İkisi də eşqlərində axıb getmişdilər. Rauf əlinin təmasından titrəyən Şahanəsini bağrına basıb buraxmamaq, onu möhkəm-möhkəm tutub saxlamaq istəyirdi. Raufun Şahanəyə zillənən baxışlarında həm böyük sevgi, həm də elədiyi xəyanətin günahı, əzabı vardı.
Rauf onun gözlərinin içinə baxdıqca qadın baxışlarını qaçırır, bu baxışların cazibəsindən onu əfv edəcəyindən qorxurdu. Şahanə həyəcanla titrəyən ürəyinin səsini eşidir, lakin onu dinləməkdən çəkinirdi. O, Raufun geniş sinəsinə sığınaraq yaşadığı xəyanəti, ətrafdakı insanları, bütün pislikləri unutmaq istəyirdi. Amma yenidən güvənməkdən də qorxurdu. Rauf Şahanənin məstedici nəfəsini, saçlarının qoxusunu üzündə hiss etdikcə yaşadığı bütün ağrı-acıları unutmuşdu. Sanki ətrafda heç kimsə yox idi. Bütün olanlar yaşanmamışdı. Rauf xoşbəxtdi. Qısa da olsa Şahanə yenidən onundu.
İlqar cəsarət üçün bir-iki qədəh şərab içib musiqini kəssinlər deyə əliylə işarə etdi. Onun nə etməyə çalışdığını anlamayan gənclər İlqarı süzür, nə deyəcəyini gözləyirdilər. Fərhadın yenicə yaxınlaşdırmağa başladığı dostlarının rəqsini yarımçıq saxlayan İlqara acığı tutmuşdu. Rauf da bərk əsəbləşmişdi. İki dəqiqə öncə duyduğu xoşbəxtliyi bir andaca çırpınıb əlindən çıxaraq Nailənin yanında oturmuşdu.
– Nə olub əziz tələbə yoldaşlarım? Yəqin fikirləşirsiniz ki, İlqar nə deyəcək. – Əllərini bir-birinə vurub əl çaldı. – Bravo, Rauf bəy! Yenə qarşımı kəsməyi bacardın.
Raufu heyrət götürmüşdü. İlqarın dediyi heç nəyi başa düşmürdü.
– Sən mənim dostumsan deyə sevdiyim qızdan sənə görə vaz keçdim. Sən neyəldin? Elə ilk həmlədə ona xəyanət etdin. Mən Nailəyə söz verib, nişanı pozdum deyə hamınız az qalmışdı məni güllələyəsiniz. Amma xəyanət edən birinə bu gün şərait yaradırsınız ki, mənim sevdiyim qadını yenidən məndən alsın. Mən Nailəylə də yalnız Şahanəyə yaxın olum deyə münasibət qurdum. İllər uzunu sənə görə sevgimi qəlbimdə saxladım. İndi hər kəsin içində deyirəm. Şahanə, səninlə elə bu dəqiqə evlənməyə razıyam. Qızını da övladım kimi qəbul edərəm. Təki yenidən buna inanma. Unut hamını. Nailəsini də, Raufunu da, Fərhadını da! – İlqar bunu deyib hamını nifrətlə süzdü. – Unut hər kəsi. Yeni həyata başlayaq. Buralardan çıxaq gedək.
Şahanənin bütün vücudu əsirdi. Boşanmış olduğunu hər kəsin içində üzünə vurmuşdular. Qadın ən sevdiyi rəfiqəsinin ağarmış bənizinə baxmaqdan utanırdı. Bütün bu olanlarda qəbahəti varmış kimi xəcalət çəkirdi. Onun dodaqlarının rəngi qaçmış, aldığı növbəti zərbədən qara gözləri yaşla dolmuşdu. Deməyə söz tapa bilmirdi. O, İlqarın dost deyə-deyə, onların evinə girib çıxa-çıxa ona göz qoymasını qəbul etməyə acizlik çəkirdi. Bir insanı tanımaq nə qədər çətin imiş. Ona elə gəldi ki, ruhu bədənini get-gedə tərk edir. Hər kəsin nəzərləri üzərində İlqara yaxınlaşdı. Heç gözləmədiyi bir qüvvəylə onun içkidən pörtmüş sifətinə möhkəm bir sillə çəkdi:
– Əclaf! Mənim də, Nailənin də adını murdar dilinə alma. Ayıb olsun sənə! Dost deyib evimizin qapısını üzünə açdıq. Dost dedik, qardaş bildik. Bunu mənə də, bu qıza da necə rəva bildin? Mən sənə nə zaman üz verdim ki, sən bu gün utanmadan, çəkinmədən mənə evlilik təklif edirsən? Bir qadının ailəsi dağılıbsa onun qərarını soruşmadan, fikrini almadan evlilik təklif etməyi özünüzə şərəf bilirsiniz, eləmi? Nədi-nədi mən boşanmışam. Mənim heç nəyə hüququm çatmır. Əgər kimsə mənə evlilik təklif edirsə mən ona minnətdar olmalıyam? Yox. Mənim nə sənə, nə sənin kimi başqa birisinə ehtiyacım yoxdur. Bir qadın istərsə namusuyla, iffətiylə tək yaşayıb, övladını halal çörəyi ilə böyüdə bilər. Sənin kimi biri nə sevə bilər, nə sevdirə bilər.
Son sözlərini dedikdə artıq dili-dodağı titrəyirdi. İlqar onun qadınlıq qürurunu heçə saymış, dost, yoldaş anlayışını ləkələmişdi. Bayaqdan yerində donub qalan Raufa sürətlə, lakin küskün, incik, qəzəblə baxıb oranı tərk elədi. Hər kəsin kefi qaçmışdı. Kimsənin deyib-gülməyə, yeyib-içməyə həvəsi qalmamışdı. Rauf İlqara yaxınlaşıb ikrahla onu süzdü:
– Mən sənə dost dedim, sənsə mənim əmanətimə xain gözlə baxdın. Mənim ocağımda çörək kəsdin. Amma murdar niyyətinlə o duz-çörəyi ləkələdin. Sənə könül verən bir qızı az qala həyatından qoparırdın. Bu gün onun gözəl ailəsinin olduğunu bilə-bilə onun yarasını qoparmaqdan çəkinmədin. Mənim kiməsə öyüd verməyə haqqım yoxdur. Amma inan ki, mən heç vaxt qardaş, dost dediyim birinin halalına haram gözlə baxmazdım. Bu dəqiqə sənin o evlilik təklif edən ağzını vurub dağıdardım. Amma sən buna da layiq deyilsən!
Rauf İlqarı sinəsindən möhkəm itələdi. Heç kimlə sağollaşmadan oranı tərk elədi. Fərhad arxasıyca çıxıb boylansa da Rauf maşınına oturub çoxdan gözdən itmişdi.
Hara baxdısa Şahanəni görə bilmədi. Qəzəbindən yeri-göyü dağıtmağa hazırdı. İlqar onu heç sayaraq, hər kəsin içində onun qadınına evlilik təklif etmişdi. Yol kənarlarına baxdı. Yaxınlıqdakı metroya düşüb o yan-bu yana boylandı, lakin Şahanəni tapa bilmədi. Yenidən maşının sürətini artırıb Şahanənin xalası yaşayan binanın qarşısına sürdü. Tərəddüd içində bir az fikirləşdi. Lakin sonra qəti addımlarla Əsmər xanımın evinə gedib, zəngi basdı. Qapı şaqqıltıyla açılanda Əsmər xanım heyrətindən içini çəkdi:
– Rauf? Sənin burada nə işin var?
Rauf güclə nəfəs alaraq yalvarış dolu baxışlarla Əsmər xanımı süzdü:
– Xahiş edirəm Şahanəni çağırın.
Qadın qaşlarını çatıb oğlanın qarşısına keçdi:
– Bura bax, Rauf. Nə istəyirsən sən bu qızdan? Ay bala, sən evli deyilsən? Sənin arvadın ola-ola Şahanədən nə istəyirsən? Yeri get, oğul. Əl çəkin bu qızdan. Qoyun həyatını rahat yaşasın, balasına baxıb böyütsün də.
Rauf səbirsizcəsinə saçlarını geri daraqladı:
– Əsmər xanım, mən artıq ayrılmışam. Şahanəni geri qazanmaq üçün nə lazımdırsa edəcəm. Amma xahiş edirəm çağırın, Şahanə gəlsin. Ona bir-iki söz deyib sonra gedəcəm.
Qadın onun halını görüb Raufa ürəyi yandı:
– Ah, bala. Ağılsız Rauf. Tez get. Şahanə rayona qayıtdı. Nə qədər dilə tutdumsa razı düşmədi. Dedim, bala, bir gün də artıq qal, saxlaya bilmədim. Şamil onu avtovağzala apardı. Yəqin saat ikinin avtobusuyla çıxacaq.
Rauf saatına baxdı. Artıq saat dördə işləyirdi. “Sağ olun” deyib sürətlə pillələri endi. Hansı avtobusla getdiyini bilmədiyindən əvvəl maşını avtovağzala sürdü. Şahanə heç yerdə gözə dəymirdi. Şahanənin telefonunu yığdı. Cavab almadı. Yaxınlaşıb qeydiyyat aparan xanımdan soruşdu. Şahanənin həqiqətən də saat iki avtobusunda olduğunu öyrənib vaxt itirmədən onun arxasınca yollandı.
Əli sükanda olsa da halı pərişan, fikirləri darmadağın idi. İlqarın onu saya salmadan Şahanəyə etdiyi evlilik təklifi gözləri önündən getmirdi. Bildiyi bütün ağır sözləri onun ünvanına işlətdi. Yenə əsəbi soyumadı. İlqar bunca vaxtda onun gözünün içinə kül üfürmüş, dost deyərək sevdiyi qadına hər kəsin içində eşq elan etmişdi.
– Ax, əclaf! Gərək sənin boynunu sındıraydım. Lənət sənə, kor şeytan! Amma kimdənsə inciməyə nə haqqım? Mən sevdiyim qadına xəyanət edib meydanı itə-qurda verdim. Kimdənsə nə küsməyə, nə inciməyə haqqım yoxdur. Düşmənim özüm oldum. Allah da məni cəzalandırdı.
Avtobusları gözdən qoymurdu. Hamısına baxır, lakin rayonlarına gedənini görə bilmirdi. Yenə söydü: “Bu hansı sürətlə gedir ki, mən bunu görmürəm”. Qaza basdı. Maşın sürət həddini get-gedə aşırdı. Nəhayət, Rauf qarşısında gedən iri yük maşınının önündən avtobusu görə bildi. Üzü güldü. Kefi duruldu. Avtobusa çataraq siqnal verdi. Maşınının işıqlarını yandırıb söndürdü. “Kənara ver” işarəsiylə əlini pəncərədən çıxarıb yellədi. Avtobusun önünə keçmək üçün yenə sürəti artırdı. Qarşıdan gələn ağır tonnajlı yük maşınıyla arasındakı məsafənin hesabını düzgün apara bilmədi. Maşınını toqquşmaqdan qaçırmaq istədikdə sükan əlindən çıxdı. Və maşını çox böyük zərbəylə yoğun gövdəli qoca palıda dəydi. Başı şüşəyə çırpıldı.
(Ardı var)