Firuzə DAVUDQIZI
12-ci bölüm
2 AY KEÇDİ.
Artıq taleyimlə barışmalı olmuşdum. Ev hazır olana qədər burada idik. Səsimi çıxarmayıb gözləməkdən və tablanmaqdan başqa çarəm yox idi. Elşadın xəstə yatağına düşməsi əl-qolumu biryolluq bağlamışdı. Artıq getmək barədə sözü dilimə gətirməyə də çəkinirdim.
Bir sabah biz Elşadla bundan belə bizə aid olacaq evin həyətində ikən İlkin üzünə sirayət edən fərəh və sevinc hissi ilə bizə yaxınlaşdı.
Elşadla ordan-burdan söhbət etsə də hiss edirdim ki, qardaşına şad xəbəri vermək istəyir, amma münasib bir məqam gəzir. Nəhayət, sözü zarafata çevirib qardaşına eşitdirdi:
– Ev tikiləcək, inşallah. Sən o biri məsələni yubatma. Tələs.
– Başa düşmədim.
– Burda başa düşməməli nə var ki? Çalış bir az tez tərpən də. İnşallah, qızını oğluma alacam!
Elşad çevrilib sual dolu nəzərlərlə mənə baxdı. Qardaşının nə demək istədiyini tam olaraq yenə anlamadı.
Mən təbəssümlə İlkini süzüb, ayaqlarımın ucunda qalxaraq Elşadın qulağına pıçıldadım:
– Zeynəb hamilədir.
– Ooo… – Aldığı bu xəbərlə Elşadı sevinc hissi necə sarsıdısa, əl atıb İlkinin boynundan yapışdı. Bir həmlədə onu özünə doğru çəkdi. Başını sinəsinə sıxıb saçlarından öpdü. – Ay səni dəyyus! – deyə güldü. – Arxı bir tullan, gör nə olur, sonra mənimlə bazarlığa başla də. Təbrik edirəm! Qədəmləri yüngül olsun!
– Bəri başdan elçiliyimi edim ki, sonra kiməsə söz verməyəsən də. – İlkin söz altında qalmadı, gülə-gülə qardaşının əlinin altından çıxdı.
Elşad bunu duyanda tamam ciddi halda:
– Yox. Bu məsələdə mənə üz vurma, – dedi. – Mən sizin nəslə qız vermərəm!
İlkini təkrar gülmək tutdu:
– Bu necə olan işdir? Sən bizim nəsildən deyilsən? Bəs bu qız necə gəldi sənə?
– Gəlmədi! Gətirdim!
İlkin güləş ifadə ilə mənə göz vurdu. Elşad sözünə davam edərək:
– O qayınatam idi, a kişi, bu qədər həngaməyə bir infarktla tab gətirdi, buna şükür! – dedi. – Mən dözə bilmərəm, boynuma alıram. Kimsə qızımı incitsin, mən də sakit dayanım?! Yox, qardaş, incimə! Bilirəm ki, oğlun da bizə çəkəcək. Ot kökü üstə bitər!
Həmin gün iki qardaş bu zarafatla xeyli danışıb güldülər.
Tezliklə körpə səsi duyulacaq bu ailədə indi hamı sevincli idi. Günləri sayırdıq. Bir müddət keçdi.
Son zamanlar qayınatamın səhhətində ciddi problemlər yaranmışdı. Tez-tez halı pisləşirdi.
Bir neçə gün əvvəl Elşad atasını Bakıya həkimə aparmışdı. Və artıq bir saat olardı ki, qayıdıb gəlmişdilər. Lakin Elşad hələ də evə qalxmamışdı.
Eyvana çıxıb baxışlarımı ətrafda dolandıraraq onu aradım. Heç yerdə görməyib həyətə endim.
Günlərdir bir-birimizi görmürdük. Onun gəlib görüşməməsi məni təəccübləndirdi.
Evin tininə keçəndə Elşadı bağda görüb, duruxdum. Dərhal yanına getdim. Ağaclardan birinin altında iki əli ilə başını tutub çömbəltmə oturmuşdu. Ona çatmağa az qalmış:
– Elşad, burda niyə dayanmısan? – soruşdum. – Niyə evə gəlmədin?
Elşad mənim səsimə fikirdən ayrılıb dərhal özünü yığışdırdı.
Davranışları mənə qəribə göründüyü üçün şübhələndim. Addımlarımı yeyinlədib, gedib düz qarşısında dayandım.
– Nə olub?
Elşad mənə baxmadan:
– Heç, – dedi. Üzünü başqa səmtə çevirdi. Köks ötürdü.
Əhval-ruhiyyəsi xoşuma gəlmədiyi üçün narahat oldum. Dizi üstə onunla qabaq-qənşər oturdum.
– Nə olub axı?
Elşad yenə də üzümə baxmadan:
– Get evə sən. Mən də gəlirəm, – dedi.
– Həkim nə dedi? Ciddi bir şey olmaz, inşallah. Hə? Elədir?
Elşad dillənmədi. Qoluna toxundum.
– Niyə dinib bir söz demirsən?
– Mələk, get, xahiş edirəm səndən. Bir az tək qalmaq istəyirəm. Qurban olum, get. Sonra danışarıq. – Üzünü qolunda gizlətdi. Səssiz dayandı.
Əl çəkmədim.
– Sən boş yerə belə dilxor olmazsan. Nə isə olub. Elşad, üzümə bax, – deyib, onun üzünü zorla özümə tərəf çevirdim. Onunla baxışlarımız toqquşanda Elşadın göz bəbəklərində hər kəsdən gizlətməyə çalışdığı acı bir həqiqət və bu yükün altında təkbaşına əzilən dərdli bir insan gördüm. Gözlərinin nəmi hələ qurumamışdı. İndi başa düşdüm nə üçün üzümə baxmırmış.
– Analizin cavablarını aldınız?
– Aldıq. – Elşad kədərlə dillənib, yenə köks ötürdü.
– Nəticə nə oldu bəs?
Elşad uzun, dərin bir baxışla gözlərimin içinə baxdı:
– Atam xərçəngdir.
– Nə? – Heyrətlə onu süzdüm. Bu cavabı alacağım yatsaydım yuxuma belə girməzdi. Elşad mənim üzümdəki ifadəni izləyə-izləyə nağıl eləməyə başladı:
– Həkim kabinetinə çağırdı. Mənimlə ikilikdə söhbət elədi. Açıq danışdı. İnanmaq istəmədim. Bir neçə həkimə də göstərdim, hamısı eyni diaqnozu qoydu. – Köks ötürdü. – Nəticə budur. Çox bərbad haldayam. Üç gecədir yatmıram.
Donmuş vəziyyətdə eləcə Elşadın üzünə baxır, onu rahatladacaq, az da olsa ümid verəcək bir kəlmə söz tapmırdım. Gözümün önündə belə əzab çəkməsinə dözə bilmirdim. Amma əlimdən də heç nə gəlmirdi.
Elşad qüssə dolu bir səslə yenidən dilləndi:
– Hamının atası bir gün dünyadan köçəcək, bu hamının başına gələcək. Amma bunun bu qədər tez olacağını ağlıma gətirməzdim. Mən… Mən hələ hazır deyiləm buna. Qəbul etməyə hünərim çatmır. Açıq deyirəm, indidən alt-üst olub yıxılmışam. – Elşad boğazına tıxanan qəhərdən sözlərini güclə tamamladı.
– Elşad… – Doluxsunmuş halda ona sarıldım.
O mənə bildirmək istəməsə də körpə uşaq kimi ağlayırdı. Məni bərk-ərk bağrına basıb, üzünü saçlarımda gizlətmişdi. İçərisinə vurduğu hönkürtüsünü aydın hiss edirdim. Və bu da mənə çox ağır gəlirdi.
Günlər sonra Elşad atası ilə birlikdə yenidən Bakıya yola düşdü. Qayınatam xəstəxanaya yerləşdirildi.
***
Bir gün gecə yarısı evə gəlib çıxan Zeynal Elşadı eyvanda görüb, daha evə keçmədi. İstiqamətini dəyişib, tənbəl-tənbəl masanın arxasına keçdi.
Elşad qardaşının üzünə baxan kimi onun yenə də narkotik qəbul etdiyini anladı. Qaşları düyünləndi. Qanı qaraldı. İradla:
– Sənə neçə dəfə xəbərdarlıq etməliyəm ki, evə bu kökdə gəlmə, – dedi. – Xəbərin var nə gündəsən?
– Xoşunuz gəlmir, qeyrətinizə toxunur, hər ikiniz arvad-uşağınızı da götürün, çıxın evdən. Mən atamın evi ola-ola küçələrdə qalası deyiləm.
Elşad hirsli-hirsli fısıldadı. Səsini bir qədər qısaraq təngə gəlmiş bir halda dedi:
– Mənə xoş deyil hər gün bu evdə Mənsumə ilə üz-üzə gələm. Canımı dişimə tutub oturmuşam burada. Tüpürdüyümü yaladım, yenə girdim bu qapıdan içəri. Amma bir soruşan yoxdur: niyə, nə üçün? Dərk etmirsiniz ki, mən atama xatir bu evdəyəm?
Zeynal qardaşının bu sözlərinə kinayəli bir təbəssüm etdi:
– Sənin səhvlərinə əzəl gündən göz yumublar də. Həmişə bağışlanmısan, hələ üstəlik mükafat da almısan. Xəstədir, sən maraqlan də. Sevimli oğlu sənsən!
– Lənət sənə kor şeytan! – Elşad başını əllərinin arasına alıb fısıldadı.
Zeynal bu sözləri duymurmuş kimi başqa söz dedi. Daha doğrusu tələb etdi:
– Mənə pul lazımdır! Özü də vacib!
– Mənim narkotikə xərcləməli pulum yoxdur! Problemlərim başımdan aşır.
– Neyləyim bəs? Gedib oğurluq edim? İlkindən istəsəm onsuz da min bəhanə gətirəcək.
– Oğurluq niyə? Başa salım da səni. Ya bu yoldan biryolluq daşın, ya da get as özünü öldür. Heç olmasa buna kişiliyi çatdı deyək arxandan. – Elşad tənbehedici nəzərlərlə Zeynalı süzdü. – Sabah hansısa anası fahişələr gəlib bu qapıda banlamasın: “Qardaşınız Zeynalın bizə borcu var, ödəyin”. Çatır sənə nə demək istədiyim? Yoxsa başının dumanı hələ çəkilməyib?
Zeynal xumarlanıb süzülən gözlərini qardaşının üzündən çəkməyərək kinayə ilə gülümsədi:
– Allah məni siz qardaşlara möhtac eləməsin!
Elşad narazılıqla başını buladı. Zeynal onu bir xeyli süzüb şübhəli-şübhəli soruşdu:
– Arvadın icazə vermir mənə kömək edəsən?
Elşad tərs-tərs qardaşını süzdü.
– Öz sözünü danış!
– Yox də, bilmək istəyirəm görüm səbəb nədir ki, mənə pul vermək istəmirsən? Evlənəndən sonra çox dəyişmisən. Həmin Elşad deyilsən.
– Pulum yoxdur dedim! Söz tapmırsan danışmağa?
Zeynal eyni qənaətlə təkrar etdi:
– Bilirəm, onun ədavətini aparırsan mənimlə. Xəbər verib yəqin, Zeynal bizi atırdı küçəyə! Eləmişəm, belə lap əcəb eləmişəm! Ev mənim atamın evidir, onu burada görmək istəmirəm! Əmin oğlu Etibar gəldi köməyinə. Yoxsa çoxdan qurd-quş yemişdi. Oturub-durub Etibara dua eləsin. Vaxtında dadına çatdı.
Zeynalın öz dilindən duyduğu bu sözlərə qulaqları uğuldayan Elşad əlində tutduğu armudu stəkanı daxili gərginliklə ovcunda sıxıb nə vaxt çiliklədiyini hiss etməmişdi. Sifətinin əzələləri titrəyə-titrəyə, rəngi boğulmuş halda qanlı-qanlı qardaşına baxdı. Bütün bədəninə od-alov gəldi.
– Neyləmisən?
Sualı versə də Zeynalın cavabını gözləməyə səbri çatmadı. Ovcundakı şüşə qırıqlarını əlinin bir hərəkəti ilə süfrəyə çırpıb yerindən qalxdı. Və göz qırpımında Zeynalın boğazından yapışdı. Bir həmlədə onu yerindən qaldıraraq eyvanın məhəccərinə sıxışdırıb başı aşağı saxladı.
Zeynal nəyə uğradığına çaşıb qaldı.
– Yiyəsiz görmüşdün? – Elşad hiddətlə səsini qaldırdı. – Kimsən sən? Kimsən! Başa sal görüm! Nə cürətlə!
Ayaqları yerdən üzülən, nəfəsi daralmaqda olan Zeynal qardaşının əlinin altında çapaladı. Elşadın onu eyvandan aşağı buraxacağına bu an o, şəkk-şübhəsiz əmin idi. Çünki onun təbiətinə bələd idi. Qəzəbi coşanda, əsəbləşəndə gözü ayağının altını görmürdü. Bu səbəblə canını qorxu aldı. Elşadın onun boğazına kilidlənmiş barmaqlarını açmağa cəhd edərək onun qolundan yapışdı, xırıltılı bir səslə:
– Özünə gəl! Çaşma! – dedi.
Mənsumə dərhal İlkinə xəbər verib, onu köməyə çağırdı. İlkin ildırım sürəti ilə eyvana çıxıb, irəli cumdu. Həyəcanla Elşadın qolundan yapışdı:
– Qaqa, yaxşı, qurban olum! – yalvar-yaxar edib, Elşadı Zeynaldan ayırmaq istədi. İlk cəhdi uğursuz alınsa da, onu əlinin bir həmləsi ilə kənara itələyən Elşadı israrla fikrindən daşındırmaq istədi. Və çox çətinliklə buna nail oldu.
Sinəsi təlatümlə qalxıb-enən Elşad iradla:
– Halal olsun! – dedi. Od tutub yana-yana səsini təkrar qaldırdı. – Mənim ailə bildiyim insanlara bax, a kişi! Kənarda düşmən axtarmaq lazım deyil mənə! Düşmənlərim burnumun dibindədir! Bu əclaflıq edəndə bəs siz hara baxırdınız? Nə qələt elədiyini bilə-bilə məni bura gətirdiniz ki, bu biqeyrətlə bir damın altında qalım? Bu pisliyi də elədiniz mənə?
İlkin bilmədi nə desin, məzəmmətlə Zeynalı süzdü.
Anasının göz yaşlarını görüb, Elşad nifrətlə ona səsini bozartdı:
– Nədir, bu da ssenarinin ikinci hissəsi idi? Bu dəfə oğluna həvalə etmişdin? Məni rüsvay edəcəyinizə and içmisiniz də, belə görürəm!
Əzab içində qovrulan Mənsumə Elşadın bu sözlərinə hönkür-hönkür ağladı.
– Yaxşı, sakit ol. – İlkin onu kənara çəkib sakitləşdirmək istədi. Lakin Elşad İlkini dinləməyib, təkrar Zeynala tərəf çevrildi. Onu saran əsəbdən titrəyə-titrəyə, barmağını qeyzlə silkələdi:
– Gözümə görünmə! Yaşamaq istəyirsənsə, çalış gözümə görünmə! Sənə açıq deyirəm. Səhər səni bu evdə görsəm, heç kimi nəzərə almayacam, dərini üzəcəm! Qərar sənindir. Eləməsəm, məndən nakişi yoxdur bu həndəvərdə!
– Bağırma! – Zeynal Elşada bozardı. – Səsin özünə xoş getməsin!
Yaxınlığındakı kətili göz qırpımında ayağının ucu ilə havaya qaldırıb əlinə alan Elşad onu hirslə pilləkəndə dayanmış Zeynala tərəf tulladı. Zeynal çevik tərpənib bir neçə pillə aşağı atıldı. Kətil divara çırpılıb pilləkəndən aşağı yuvarlandı.
– İtil burdan! – Elşad səsini göyərtdi. – Məni təbdən çıxarma! Bu dəqiqə rədd ol! Yoxsa özümə cavabdeh deyiləm. Nə qədər ki, qanın buraları yumayıb, nə qədər ki, əlimdən bir xəta çıxmayıb, çıx get! Sənə yaxşılığım ancaq bu ola bilər! Məni vadar eləmə əlim qardaş qanına bulansın. Hüseynə yazığınız gəlsin, bu pisliyi də etməyin mənə!
Vəziyyətin bu həddə çatması Mənsuməni qorxuya saldı. Elşadın əlinə-ayağına düşdü. Onu sakitləşdirmək istədi. Hiddətlə qardaşını süzən Elşad yumruğunu düyünləyib dilini-dodağını gəmirirdi. Anasının yalvarışları isə onu bir az da gərdi.
Zeynalın hələ də yerindən tərpənməməsi İlkini də özündən çıxardı. Çünki Elşadı güclə saxlamışdı, onu zəbt edə bilmirdi. Bütün hirsini Zeynala tökdü. Onu qınadı:
– Söz eşitmirsən? Çıx get də. Nəyi gözləyirsən? Ürəyini partlatmaqdır fikrin? Bir şey olsa sakit olacaqsan?
Mənsumə cana doymuş bir ahənglə Zeynala lənət yağdırdı:
– Sənin kimi oğul olmaz olsun! Çıx get! Bəsdir! Dağılıb onsuz da evim! Bir də sən dağıtma! Çıx get!
Zeynal yalnız bundan sonra daha burda dayanmadı. Pilləkəni enib həyətə, sonra küçəyə çıxdı.
Elşad stula çöküb oturdu. Titrəyən əlini ürəyinin üstünə apardı. Üz-gözünü xəfifcə turşutdu. Nəfəsi təngiyir, boğulurdu. Gərginliyi üzərindən ata bilmədən dişlərini bir-birinə sıxaraq Zeynalın qarasına dilləndi:
– Alçaq!
İlkin qardaşının rənginə-ruhuna baxdıqca narahatlığı bir az da artdı.
– Həkim çağırım? Özünü pis edirsənsə zəng vurum gəlsin.
– Lazım deyil! – Elşad sərt tonda İlkinin sözünü kəsib, bu təklifi rədd etdi. – Mən ölməli adamam! Kim mənə nə edirsə, haqq edir! Özüm səbəb olmuşam bütün bunlara! Amma Allah- təala bilib niyə canımı almayıb orada. Qəbrim od tutub yanacaqmış!
– Yaxşı, özünü ələ al. – İlkin çevrilib evə səsləndi. – Mələk, dərmanlarını gətir Elşadın.
İlkinin bu sözündən sonra Elşad baxışlarını çevirib qapının ağzında dayanmış, rəngi ağarmış halda titrəyən Mələyi yalnız indi gördü. Bir daha mənən yıxıldı. Çünki ailəsi haqqında təkrar yanılmışdı.
Yerindən qalxıb yaxasını əli ilə genişləndirdi, nəfəs almağa çalışdı. Yerində var-gəl edərək canındakı hirsi qovmağa çalışdı. Amma bacarmadı. Bu anda keçirdiyi hisslərin ağırlığına tab gətirməyərək yumruğunu özünə olan qəzəbi ilə divardakı güzgüyə çırpdı. Çiliklənib yerə tökülən şüşə qırıqlarının səsi hamını bir anlıq yerində dondurdu.
(Ardı var)