Aynur MƏSİMOVA (TƏMKİN)
Gülpəri Raufun hələ də durmadığını görüb həyəcanlandı. Oğlunun yatdığı otağın qapısı önündə dayanıb nə edəcəyini fikirləşdi. Ehmalca qapını taqqıldatdı. Cavab almadıqda bir az da qorxdu. Ürəyi həyəcandan əsə-əsə qapını itələdi. Gördüyü mənzərədən dəhşətə gəldi. Otağın əvvəlki halından əsər belə qalmamışdı. Hər tərəf dağıdılıb tökülmüşdü. Rauf yumşaq kresloda oturub bütün şəkilləri önünə sərmişdi. Gözlərini qapamışdı, sanki nəfəs almırdı. Qadın əsə-əsə oğluna yaxınlaşıb əlini onun çiyninə qoydu. Rauf qımıldanmadı. Gülpəri oğlunun öldüyünü zənn edib qıyya çəkdi:
– Vay, balam əldən getdi! – deyib yerə çökdü.
Rauf güclə gözlərini açıb anasına baxdı. Heysiz əlini anasının çiyninə qoyaraq:
– Burax, ana, bu ağlamaqlarını, – dedi. – Kaş ki, başdan məni anlaya biləydin. Səninlə atam mənə can verib, sonra da o canı məndən diri-diri söküb aldınız. Dur, ana. Dur get, mən bir az yatacam. Şahanəylə qızımın acısını özümdən çıxacam. Get ki, qəlbinə dəyməyim.
Gülpəri göz yaşlarını silə-silə ürəyi övladının yanında otaqdan çıxdı. Saata baxdı. Saat çoxdan 10-u keçmişdi. Dəstəyi alıb Diləfruz arvada zəng elədi. Ağlaya-ağlaya onu evinə çağırıb səbirsizliklə eltisinin yolunu gözləməyə başladı.
Diləfruz təngnəfəs pillələri qalxıb dayandı. Dərindən nəfəs alıb içəri keçdi. Gülpəri üzü-gözü şişmiş halda başını sarıyıb oturmuşdu.
– Bıy, ay elti, bu nə haldır? İlanı boğub tulladınız. Yoxsa sevinmək əvəzinə özünə dərd etmisən bu olanları? Ay səni. Ay qız, yoxsa Kamilə üçün darıxmısan?
Gülpərinin zarafat edəcək halı yoxdu. Başı bərk ağrıyırdı. Qadın Kamilənin adını eşidəndə silkələndi. Üz-gözünü turşudaraq hikkəylə başını yırğaladı:
– Onun üzünü mürdəşir yusun! Balamı bədbəxt edib qoydu.
Diləfruz arvad qaşlarını çatıb əyri-əyri ona baxdı:
– Görürəm, ay elti, sən öz günahlarını çoxdan unutmusan axı. Məncə təqsirin hamısını Kamilənin üstünə atma sən. Xətrinə dəyməsin, günahkarın yekəsi Araz qaqaşımla sənsən. Havayıdan təqsiri başqasında axtarma. İndi de görüm nə olub?
Gülpəri eltisindən əməlli-başlı qorxurdu. Bu üzdən sakit dayanıb eltisini key-key süzürdü:
– Evim yıxıldı, ay bacı. Qorxuram balam axırda bir dərd tapsın. Get gör nə vəziyyətdədir uşağım! Evim yıxıldı, bacı. Evim yıxıldı!
Diləfruz heç nə başa düşməyib, maddım-maddım Gülpərini süzürdü.
– Ay qız, bir sərrast danış görüm nə deyirsən. Raufa nə olub ki? Kamilədən canınız qutarıb deyə sevinmək əvəzinə bunu özünüzə dərd edirsiniz?
– Eh, ay Diləfruz bacı. Sən də söz tapdın danışmağa. Nəyini dərd edəcəyik? Sənin xəbərin yoxdur e. Balamın son ümidi də belə getdi.
Yenə bir şey anlamayan qadın sual dolu nəzərlərini Gülpərinin rəngi avazımış üzündə saxladı.
– Balamın bəxtini Allah yazdı, mən pozdum. Şahanə ərə gedir deyirlər. Raufun bir halı var, nə deyim. Üzünə baxanda içim əzilir. Mən günahımı başa düşdüm, amma gec başa düşdüm. İndi də neyləyim, bilmirəm. Getdim yanına. Məni qovmaqdan betər elədi. Amma haqlıdır. Nə desə mənə azdır. Dilim quruyaydı o uşaqları Bakıdan çəkib gətirməsinə razılıq verdiyim günə. Gəlməsəydilər bu olub-bitənlər də baş verməzdi.
Diləfruz arvad çaşqınlığından heç bilmirdi nə desin. Eləcə məəttəl-məəttəl qadını süzür, dinmirdi. Əslində qadın bunun belə olacağını heç zaman düşünməmişdi. Şahanənin ərə gedəcəyinə inanmaq istəmirdi. Amma inansa da, inanmasa da, ondan ərə getməməyi istəmək ağılsızlıq olardı. Onların buna nə haqqı vardı, nə üzləri. Qadın sarsılmışdı. Etiraf etməsə belə ürəyinin dərinliyində Şahanənin bir gün Raufu bağışlayıb geri dönəcəyini xəyal etmişdi.
– Kimdən eşitdiniz bu xəbəri? – Səsi boğuq və həyəcanlı idi.
– O həyasız Kamilə dedi dünən.
– Allah sizin fəryadınıza çatsın. Siz də axmağın birinin sözünə inandınız, eləmi? Day sizə sözüm yoxdur.
– Ay bacı, yalan olan heç nə yoxdur. Həqiqətən də dünən elçilik edib Şahanənin “hə”sini alıblar. Rauf o oğlanla görüşüb, ya neyləyib, tam anlaya bilmədim, o da bunu təsdiqləyib.
– Eh, sənə nə deyim, ay Gülpəri. Öz balanı əllərinlə bədbəxt elədin. Daha sənə nə deyim.
Diləfruz nə fikirləşdisə tələsik telefonu alıb kiminsə nömrəsini yığdı.
– Salam, ay nənənin balası. Mənim quzum necədir? Ay Diləfruz nənə deyən dilinə qurban! Mama necədir? Nənə, xala necədirlər? Hə, olsunlar, nənənin ağıllı balası. Mamaya verirsən? Hə, ver. Ver danışım. – Dəstəkdə Şahanənin səsi eşidiləndə Diləfruz arvad həyəcanlansa da bunu büruzə vermədi. – Ay salam, salam. Sən necəsən, qızım? Hə, çox şükür, hamı yaxşıdır. Sizdə yeni nə var, nə yox? Hər şey yaxşımı? Deyirlər siz tərəflərdən toy səsi gəlir… Yox? Bəs mənə dedilər ki, sənə xeyirli qismətlər çıxıb. Bağışla, qızım, deməyə də utanıram. Amma ərə gedəcəyini duydum. Əgər elə bir şey varsa bizə də sənə xoşbəxtlik arzulamaq qalır.
Telefonda nə duydusa qadının gözləri parıldadı. Sevincindən az qaldı bağırsın. Lakin tez özünü ələ aldı. Sevincək sağollaşıb dəstəyi yerinə asdı. Çox mənalı şəkildə eltisini süzüb başını yellədi:
– Ay qız, sizdə bu nə adətdir, soruşmadan, dəqiqləşdirmədən qərar verirsiniz. Nə ərə gedən var, nə bir şey. Day sizə sözüm yoxdur mənim. Özünü ələ al, dur üz-gözünə su vur. Mən də gedim Raufa xəbər verim.
Qadın ərklə qapını açıb otağa girdi. Ortalığı elə görüb hirsləndi. Otağın pəncərələrini taybatay açdı. Raufu gözucu süzüb doluxsundu. Diləfruz Raufu çox istəyir, onu öz balalarından ayırmırdı:
– Dur, Rauf. Qalx get əl-üzünə su vur, gəl. Nə ərə gedən var, nə kişi axtaran. Sən nə vaxt ağıllanacaqsan? Bir araşdırmadan, soruşmadan xalxın qızına şər atırsan. Ə, dur ayağa. Sənin qulaqlarına, yoxsa başına söz çatmır?
Rauf güclə gözlərini aralayıb əmidostunu süzdü. Sandı ki, qadın onu ovutmağa, təsəlli verməyə çalışır. Lakin onun əhvalını saz görüb eşitdiklərinin həqiqət olduğuna inandı. Daha bir şey söyləmədən ayağa qalxıb Diləfruza yaxınlaşdı. Ona sarılaraq yanaqlarından öpdü. Qadın hamam otağına gedən Raufu baxışlarıyla ötürüb göz yaşlarını sildi. Onun pərişan halı qadını dərindən sarsıtmışdı. Diləfruzun Raufa olan son damla qəzəbi də belə keçib getdi. O, əsl ana sevgisiylə ürəyində Raufun Şahanəyə qovuşması üçün əlindən gələni əsirgəməyəcəyinə and içdi.
Qəfildən başlayan yağış dayanmaq bilmir, get-gedə daha da şiddətlənirdi. Gündüzdən hava günəşli və isti olduğundan Şahanə yağış yağacağını təxmin etməmiş, çətirini götürməmişdi. İşin gətirməzliyindən Elgiz də şəhərdə yox idi. Şahanə nə edəcəyini bilmirdi, çaşmışdı. Lakin gözləmək də faydasızdı. Yağış bu tezliklə kəsənə oxşamırdı. Yeyin addımlarla qapıdan çıxdı. Bir andaca bərk islandı. İrəli getmək mümkün deyildi. Yağış o qədər şiddətli idi ki, hətta qarşını görmək olmurdu. Birdən Şahanə yanında maşın dayandığını hiss etdi. Qapının açıldığını gördü. Lakin başını qaldırıb baxmadı. İstədi yoluna davam etsin. Ancaq tanış, doğma, həsrətini çəkdiyi bir səs ayaqlarını möhkəmcə yerə pərçimlədi. O səsi, o insanın ətrini, qoxusunu o dəqiqə tanıdı. Soyuq yağışdan islanmış bədəninin bir andaca isindiyini hiss etdi. “Rauf! – Könlündən bir inilti qopdu. – Bunun burada nə işi var axı”.
– Şahanə, – gəncin səsi inlədi. – Şahanə, min maşına. Azarlayacaqsan.
Şahanənin bütün vücudu titrəyirdi. Ürəyi şiddətlə atmağa başlamışdı: “Demək, məni gözləyir, məni izləyir”. İçi illər öncəsi unutduğu şirin duyğulardan titrədi. Lakin bu, çox qısa çəkdi. Şahanə var qüvvəsini toplayıb iti addımlarla Raufdan uzaqlaşdı. “Yox, yox. Sənə yenidən dönmək, yenidən inanmaq, yenidən yaralanmaq istəmirəm. Sənsizlikdən ölsəm belə yox. Mən yenidən o acıları çəkməyəcəm. Ölsəm də, qalsam da ruhum da, varlığım da yalnız sənindir. Amma o cəhənnəmə dönməyəcəm”.
Rauf maşını Şahanənin ardınca sürüb, onun qənşərini kəsib yerə endi. Qüvvətli əlləriylə onun qollarından tutub özünə tərəf çəkdi. Od kimi əllər Şahanənin vücudunu yandırıb-yaxdı. Nəfəsləri toqquşdu. Sanki göy üzündə ildırım çaxdı. Hələ də unutmaq istəyib unuda bilmədikləri eşqləri gözlərindən ruhlarına axdı. Rauf həyəcanından titrəyən Şahanəni bağrına basmaq, bir də buraxmamaq istədi. Lakin incidilmiş, küsmüş Şahanə ürkək ceyran kimi Raufun əllərindən çırpınıb qaçdı. Rauf Şahanənin arxasıyca baxıb gülümsədi:
– Şahanə! Şahanə, hara qaçırsansa qaç. Səni bir kərə itirdim, bir daha itirmək niyyətim yoxdur. Sən mənimsən, mənim olaraq da qalacaqsan. Bizi yalnız ölüm ayıra bilər.
Ətrafına boylandı. Onu eşidə biləcək bir kəs yox idi. “Səni çox sevirəm” deyə öz-özünə pıçıldadı. “Səni sevirəm”. Kefi durulmuşdi. Şahanə gözdən itənəcən boylandı. Baxdı ki, yağış kəsib, göylər gözəli göy qurşağı öz gözəl çətiriylə göy üzünə körpü salıb. Ürəyi fərəhindən köksünə sığmayacaq dərəcədə şiddətlə ata-ata sükan arxasına keçib oradan uzaqlaşdı.
Sözlər öz təsirini göstərə bilmişdi. Eşitdiyi kəlmələr qulağını oxşayıb, ruhuna məlhəm kimi gəlmişdi. Şahanə yenidən əvvəlki Raufu görmüş, yenidən duyğulanmışdı. Heyhat, bütün olanlara rəğmən alçalmış qadınlıq qüruru Raufu yenidən bağışlamağa əngəl olaraq qalmışdı. Rauf yenidən Şahanəni əldə edə bilmək üçün deyəsən çox əlləşib-vuruşmalı olacaqdı.
Gəncin Şahanədən vaz keçmək niyyəti yox idi. O, sevdiyi qadına yenidən özünü sevdirmək üçün ölümə belə getməyə hazırdı. Yetər ki, Şahanəsi onu bağışlayıb, yenidən ona dönəydi.
(Ardı var)
Əsərin birinci hissəsi: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
İkinci hissə: 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34