Firuzə DAVUDQIZI
Elşad evin tikintisi ilə bağlı gələcək planlarından söz açıb böyük həvəslə bunu mənə danışmaqda idi ki, bu vaxt qəfil gələn bəla kimi Zeynal həyətə girdi. Yenə həmin vəziyyətdə. Onu hər gün bu evdə belə gördükcə özümü təhqir olunmuş hiss edirdim.
Elşad qardaşının üzünə baxan kimi məsələni anladı. Tutulub qaldı. Mənim üzümdəki ifadəni gözucu izləyib, dodaqlarını bir-birinə sıxıb dayandı.
Zeynal bizə yaxınlaşıb, qızarmış gözləri axa-axa mənə sual verdi:
– Nə var yeməyə? – Cavab vermədim. Zeynal kinayə ilə təkrar mənə səsləndi. – Ağır eşidirsən deyəsən. Səninləyəm. Nəsə var zəhərlənməyə?
Elşad qardaşının mənə olan münasibətinə, xüsusilə onun bu vəziyyətinə gərilsə də dillənməmək üçün özünü tutub durdu.
Zeynal isə mənim yerimdən qımıldanmadığımı görəndə xidmətçisinə əmr edər təki tələb etdi:
– Dur ayağa, yemək hazırla!
Narazılıqla Elşadı süzüb, naəlac yerimdən qalxdım. Mən pilləkənə qalxanda Zeynalın kinayə ilə Elşada dediklərini duydum:
– Sən buna öz yerini başa salmamısan, ya əksinə? Evə çatan kimi kəndiri atıb boynuna, istədiyi yerə sürüyür səni? Şillə-yumruq görməyib deyəsən.
Elşadın gərginliklə köks ötürdüyünü duydum.
Hirsimdən dişim bağırsağımı kəsə-kəsə Zeynal üçün xörək isidib, dolu məcməyi ilə yenidən həyətə endim. Və gərginliklə masanı hazırlamağa başladım. Zeynal atmacasından qalmadı. Məni təbdən çıxarmağa davam etdi.
– Böyüklərinin başı qarışıq olub, yoxsa yadlarından çıxıb sənə tərbiyə vermək? Ədəb-ərkanı kimdən öyrənmisən? Nə edək, bir parça çörək istəyəndə ayağına yıxılıb yalvaraq? Kimlərdən olduğunu desəydin, bəlkə tanıyardıq. Baş əymək lazımdırsa, baş əyərdik.
Elşad altdan-altdan qardaşını süzür, rəng verib rəng alırdı.
Mən dolub-doluxsunmuş halda üzümü çevirib masadan ayrılanda o, səbrinə hakim ola bilmədi. Sərt tonda qardaşına dilləndi:
– Danışığına sərhəd qoy danışanda. Küçə adamı ilə danışmırsan. Sənə yalnız ona görə hörmət edib ağır söz demirəm ki, məndən yaşda böyüksən. Hərçənd hörmət qanan, hörmətə layiq olan insan deyilsən, amma məni buna vadar eləmə ki, hörmətsizlik edim.
Elşad bunu deyib, əsəbi bir hərəkətlə yerindən qalxdı. Küçəyə çıxdı.
Bir qədər sonra otağa gəlib, məzəmmətlə məni süzdü:
– Hiss elədin ki, mənim yanımda mənim qardaşıma nə ədəbsizlik elədin?
Doluxsunmuş halda onu süzdüm. Haqsızlığa bundan artıq davam gətirə bilmədim:
– Ədəbsizliyi mən edirəm? Sənin xəbərin var qardaşından? Dediyi sözlərdən! Davranışlarından!
– Hər kimdir, qardaşımdır da. Sən bu gerçəyi dəyişə bilməzsən! Ən azından mənə görə hörmətini saxlamalısan!
Özümə hakim ola bilmədim:
– Elşad, mən bu adamla bir evdə qalmaq istəmirəm! Çünki bacarmıram! Mənə yazığın gəlsin!
– Bura onun da evidir! Mən heç kimi qova bilmərəm evindən!
– Kimisə qovmağa ehtiyac yoxdur. Gedək burdan. Yalvarıram, Elşad. Mən artıq yorulmuşam. Gücüm qalmayıb. Güclü biri kimi görünməkdən, mənə hörmət qoyulmadığı halda ədəbli davranmaqdan, susub içərimə vurmaqdan, hər şeydən, hər şeydən yorulmuşam. Niyə burada saxlamısan bizi?
Elşad dillənmədi. Gözlərini məndən qaçıra-qaçıra susdu.
– Heç olmasa səbəbini de, bilim. – Qolundan tutub onu özümə tərəf çevirdim. Gözlərim yaşdan pərdələnmiş halda israrla cavab istədim. – Sən Hüseynsiz bir dəqiqə ayrı qala bilməzdin. İndi günlərlə üzünü görməməyə razı olursan. Nə möcüzə baş verdi ki, sən bizi özündən qoparıb atmağı lazım bildin? Nə oldu sənə? Niyə belə dəyişdin?
– Mən həmin adamam! Bu sənə belə gəlir! Başa düşməmiş kimi danışma! – Elşad da səsinin tonunu qaldırdı. – Sizdən imtina etməmişəm, həftənin beş günü işdəyəm! Nə edim bəs?
– Necə yəni nə edim? Bizi də öz yanına apar. Səninlə hər çətinliyə dözərəm, istənilən şəraitdə yaşayaram, amma təki yanında olum. Bizim haqqımız çatmır bəyəm insan kimi yaşamağa? Ömrümüzün sonuna kimi məgər ayrı qalmağa məhkum edilmişik? Niyə? Nə səbəbə? İzah elə, mən də bilim günahım nədir! Niyə bu qədər zülm çəkirəm!
– Sakit ol bir az.
– Sakit ola bilmirəm! Çünki səni başa düşə bilmirəm. Bu qədər əzab-əziyyətə qatlanıb dözdüm ki, axırda dönüb-dolanıb yenə bura qayıdım, Hüseynlə məni burada girov qoyasan?
– Kəs səsini! – Elşad əsəbi halda mənə bozardı. – Başından böyük qələt eləmə!
– Bilirsən nə var? Onun iynə vurub mənə istədiyi sözü deməsini sən qəbul edə bilirsənsə, öz işindir! Amma mən həzm edə bilmirəm…
Elşadın qəfil şilləsi sözümü ağzımda qoyub məni susdurdu. Duruş gətirə bilməyib taxtın üstünə yıxıldım. Əlimi od tutub yanan sifətimə tutub hönkür-hönkür ağlamağa başladım.
– Xoşun gəlmir? – Başımın üstə dayanan Elşad mənə bağırdı. – Sənləyəm! Dillən! Xoşun gəlmir, buyur, qapı açıqdır! Amma getsən Hüseynsiz gedəcəksən!
Elşadın sözləri qulaqlarımda şimşək kimi çaxdı.
Bizim səsimizə yuxudan diksinib oyanan və çarpayısında hıçqırıqlar içində ağlayan Hüseyn gah mənə, gah atasına baxıb titrəyirdi. Göz yaşlarım yanaqlarıma süzülə-süzülə dedim:
– Mənə nə desən, nə etsən haqqın var! Mən buna layiqəm! Çünki mükafatım qovulmaq olmalı idi bir gün, bunu bilirdim. Sən kiməsə görə məni vurmağa adət etmisən! Mən də kiminsə ucbatından əzab çəkməyə öyrəşdim! Əslində bizim bir-birimizdən fərqimiz yoxdur. Sadəcə sən özün-özünü yanlış anlamısan. Nə mən, nə də Hüseyn sənin nəfəsin deyilik. Sən nəfəsi bunlarla alırsan.
Dodaqlarını bir-birinə sıxıb dayanmış Elşad gərginlik içində məni dinləyirdi. Bir gözü Hüseyndə idi. Sonuncu sözlərimdən əzab içində fısıldadı. Bir anlıq əsəblə dilinə gətirdiyi sözə peşman olsa da artıq gec idi.
Mən Hüseyni çarpayısından götürüb, Elşada müraciətlə:
– Mən hazıram, apara bilərsən! – deyib, yanından ötüb keçdim.
Mənim bunu deməyimlə Elşad özünə olan hiddətindən gecə lampasını bir anda tumbanın üstündən götürüb hirslə divara çırpdı. Lampa iki bölündü. Mən diksinib uşaq qucağımda qapının tininə çəkildim. Hüseyn yenidən qorxub çığırmaqa başladı. Onu sakitləşdirmək üçün dərhal otağı tərk etdim.
Elşad yerindən tərpənmədən iki əliylə başını sıxıb dayanmışdı. Gərginliklə nəfəs alıb-verirdi.
Yol boyu heç birimiz bir kəlmə də danışmadıq. Mən üzümü Hüseynin saçları arasında gizlədib səssiz-sədasız ağlamaqda idim.
Maşının kondisionerindən salona sərin hava vururdu, amma bu mənə təsir etmirdi. Bu anda ürəyimin başında elə bir od, bir ocaq qalanmışdı, çətin ki, soyuyub sərinlik tapaydı. Şillənin sifətimi tutub yandırdığı yer hələ də sızlayırdı.
Elşad isə daxili gərginliklə maşını necə idarə etdiyini belə bilmirdi.
Yol uzunu maşının önündə gedən digər maşının sürücüsünə bir ara kəskin və uzun-uzadı siqnal verərək ondan yoldan çəkilməyi tələb etdi. Hətta maşını onun maşını ilə yanaşı sürüb, şüşəni endirdi:
– Sür də bunu, yatmısan?! – deyə sərt tonda tanımadığı bu adama irad tutdu.
Elşadın əhval-ruhiyyəsini onun danışığından, üzündəki ifadədən oxuyan sürücü onunla mübahisə etmək istəmədi. Maşının istiqamətini dəyişib bizdən aralandı.
Bir qədər sonra atamgilin darvazasının önündə dayananda Hüseyni götürüb maşından enmək istəyərkən Elşad arxaya qanrılıb çevik bir hərəkətlə biləyimdən tutdu. Məni yerimdə saxladı:
– Bir-iki gün qalın, gəlib aparacam.
Üzünə baxmadan soyuq səslə:
– Sən sözünü dedin, mən də eşitdim. Ehtiyac yoxdur, gəlmə dalımca! – deyib, biləyimi güclə də olsa ovcunun içindən çıxarıb maşından endim. Elşad da zirək tərpənib mənimlə eyni anda maşından endi. İti addımlarla maşının önünə keçib yolumu kəsdi. Acıqla üzümə baxaraq dişlərini bir-birinə sıxa-sıxa təkrar etdi:
– Bir-iki gün qalın, gəlib aparacam dedim! Çatmadı sənə nə dediyim?
Bunu deyib etirazıma, müqavimət göstərməmə rəğmən Hüseyni məndən aldı. Bağrına basıb dönə-dönə öpdü. Uşağın yaşarmış gözlərini silib, təkrar köksünə sıxdı.
– Ver uşağı! – deyə inadla Hüseyni ondan almağa çalışdım. Amma müvəffəq ola bilmədim. Elşad Hüseyni saxladığı qolunu yana çəkib bütün səyi ilə onu məndən qaçırdı. Bunu gördükcə ona daha da hiddətləndim. Hətta Hüseyni məndən alıb özü ilə aparacaq deyə canımı qorxu-təlaş sardı.
– Ver uşağı dedim! – Hirslə qoluna, sinəsinə vurub Hüseyni ondan almağa cəhd etdim. Mənim belə etməyim Elşadı özündən çıxardı. Biləyimdən tutub hirslə sıxdı. Və buraxmadan qaşlarını düyünləyib zəhmli-zabitəli baxışlarını gözlərimin içinə dikdi. Barmağını silkələyə-silkələyə qəzəblə dedi:
– Səni də, özümü də məhv edərəm, başa düşürsən? Bura qədər çəkdiklərim mənə artıqlaması ilə bəsdir! Onsuz da bezmişəm canımdan! Bircə bu uşağa yazığım gəlir, əllərdə qalmasın! Eşidirsən məni?! Atanın qapısında ürəklənib xam xəyala düşmə! Məni vadar eləmə ki, elə buradaca boğazını üzüm! Allah üzünə baxıb, küçədəsən! – Baxışlarını hirsli-hirsli ətrafda dolandırıb, mənim üzümdə saxladı.
Təəssüf hissi ilə onu süzüb dedim:
– Sən, bax belə insansan! Əlindən gələn ancaq budur! Öldürərəm! Vuraram! Kəsərəm! Hədə-qorxu, hərbə-zorba ilə öz dediyini sübut etməyə vərdiş etmisən! Sənin həyata baxışın budur! Amma belə davam etməyəcək! Məni qurban etdin o evdə, Hüseyni kimlərəsə qurban verməyinə razı olmayacam! İndən belə Hüseynin üzünü görsən mənə çox sağ ol deyəcəksən!
– Nə deyirəm ki! Mən də sənə sözümü demişəm! Məndən canını necə qurtara biləcəyini də xəbərdarlıq etmişəm! Sən istədiyini eləsən, onda mən Elşad deyiləm! Demək, atamın belindən gəlməmişəm! – Hüseyni mənə verib, qapını açdı. Mənim həyətə keçməyimi gözlədi.
Qapıdan içəri keçib, toxtamağa çalışdım. Amma sakitləşmək əvəzinə məni ağlamaq tutdu.
Qapının arasından onu görürdüm.
Elşad gərgin halda maşına əyləşib qapısını zərblə çırpdı. Dalın-dalın sürüb bir xeyli uzaqlaşandan sonra manevr edib qaza basdı, sürüb getdi. Maşını necə təlatümlə yerindən tərpətdisə təkərin altından oynayıb çıxan çınqıllar ətrafa sıçradı.
Nəmli gözlərində qorxu donub qalmış və hələ də içini çəkə-çəkə ağlayan Hüseynə baxıb onu bərk-bərk sinəmə sıxdım.
“İlahi, nə günah işləmişdim qarşında ki, indi də Zeynalın ucbatından bunları yaşamaq məcburiyyətində qalmışam?” deyə ürəyimdən keçirib daha da kövrəldim.
Bu vaxt hər şeydən xəbərsiz olan Leyla həyətə çıxıb bizi qapının ağzında görəndə sevincək irəli yeridi.
Yaxşı ki, atamla anam evdə deyildilər. Məni bu vəziyyətdə görmələrini istəməzdim.
(Ardı var)