Aynur MƏSİMOVA (TƏMKİN)
Əntiqə hirsindən fısıldayan qızını qəzəblə süzür, lakin dillənməyə tələsmirdi. Fikirlərini cəmləyib haradan, necə başlayacağını düşünürdü. Şaiq Camal bu gecə yaşadıqlarının təsirindən qurtula bilmədiyindən bir-iki qədəh viski içib otağına çəkilmişdi. Qalmışdılar bir ana, bir bala. Kamilə hirslə əlinin altında nə varsa ora-bura çaxır, dodaqaltı qarğışlar yağdırırdı. Əntiqə eşitdiyi hər qarğışdan, nifrindən üşürgələnir, qızını təəssüflə süzürdü. Qadın övladının bu hərəkətlərini gördükcə mənən yıxılır, əzab çəkirdi.
– Bəlkə daha sakitləşən? – deyə qızına acıqlandı.
Anasının səsinə fikir-xəyaldan ayrılan Kamilə key nəzərlərlə onu süzdü.
Əntiqə:
– Səninləyəm, eşitmirsən? – səsini yüksəldərək qızını səslədi.
– Eee. Sən nə deyirsən, ay ana? Əsəbi vaxtımda uşaq kimi məni danlama. Elə bil mənim beş yaşım var. Ana, sən orada olduğun bu bir neçə saatda ağzını açıb bir kəlmə söyləmədin. Elə qıraqdan-qırağa seyr elədin. Niyə məni müdafiə etmədin, onları susdurmağa çalışmadın? Yox, Əntiqə xanım öz doğma qızından utandı. Mənim yanımda olmaqdan onların tərəfini seçdin. Niyə? Sən mənim anam deyilsən? Bəlkə məni ayrı qadın doğub sənə verib, mən bilmirəm. Yox, atam olmasaydı sən məni qurda-quşa yem edəcəkdin, eləmi? Mən daha bilmirəm sənə nə deyim, ana? Bilirsən mənim o an sənin dəstəyinə nə qədər ehtiyacım vardı? Sən həmişə o biri qızlarınla fərəh duyub, qürrələndin, məni isə üz qarası bildin. Niyə ki, mən sevgim uğrunda mübarizə apardım. Mənim olmaq istəyənə sahibləndim. Daha nə etdim? Nə zamandan sevmək, sevilmək ayıb hesab olunub, mən bilmirəm? Ana, incimə, amma bu işdə sən mənim dostum yox, düşmənim oldun.
– Bəsdir, tərbiyəsiz! Bəsdir! Hansı sevgidən danışırsan sən? Nə sevgi bazarıdır?! Sevgi dediyin elə olmur.
– Eləmi, canım anam? Sevgi necə olur? – Kamilə anasını lağla süzdü.
– Sənin dediyin sevgi deyil. Sevgi elə bir hissdir ki, hər insan onu duyub yaşaya bilmir, qızım. Sevgi dediyin qarşılıq gözləmədən fəda olmaq deməkdir. Hər əziyyətə, əzaba dözmək deməkdir. Yalnız bədənin tələbatını ödəmək, şirin sözlər söyləmək, sənə həzz verəcək duyğuları yaşamaq demək deyil. Sevgi dediyin iki qəlbin bütün çətinliklərə sinə gərib birlik olması deməkdir. Bir-birinin əlindən möhkəm yapışıb yoxsulluqda, xəstəlikdə hər şeyin öhdəsindən gəlmək deməkdir. Nədənsə şikayətlənməmək, yarı yolda qoyub qaçmamaq deməkdir. Səninki sevgi yox, xəstəlikdir, qızım. Qanını, canını zəhərləyən xəstəlik. Mən sənin ananam. Sən bu hissi yaşamamısan, bilmirsən. Heç bir ana balasının pisliyini istəməz. Sənin bacılarından heç bir fərqin yoxdur. Sən mənim ciyərimsən, ürəyimsən. Amma mən neyləyim ki, sənə bu işdə qol-qanad gərə bilməyəcəm. Sən ana olmağın nə qədər dərin bir hiss olduğunu bilmirsən. Ana olmaq fəda olmaqdır, qızım. Ana olmaq özünü unutmaq, övladla yaşamaq, onunla sevinib, onunla üzülmək deməkdir. Qadın ana olanda anlayır valideyn olmağın nə qədər məsuliyyətli bir hiss olduğunu. Mən illərlə hər şeyə dözdüm ki, balalarım ata-ana sevgisiylə böyüyüb doğru yolun yolçuları olsunlar. Şükür Allaha, bacılarının ailəsi, balaları… Bir səndən rahat ola bilmədim, bala. Sən əl boyda bir uşağın həyatını zəhərlədin. Gözünü yaşlı qoydun. Nə oldu? Sən heç zaman Raufun qəlbinə girməyi bacarmadın. – Əntiqə həyasından bir-iki dəqiqə susub yenidən dilləndi. – Cavab verə bilmirsən. Sən onun yatağını bəzədin. O da çox yox. Sən onun ürəyini qızdıracaq həyat yoldaşı, qəlbinin məlhəmi ola bilmədin. Yolunu o qədər azdın ki, sənin üçün müqəddəs heç nə qalmadı. Axırda da bir uşağın həyatıyla oynadın. Niyə? Nəyə görə? Bütün bunlara dəyərdimi? Heç düşündünmü ki, o uşaq yıxılıb ölsə nə olacaqdı. Sən elə bildin mən başa düşmədim ki, bunları edən sənsən? Qızım, sənə baxıram, bilmirəm ağlayım, ya neyləyim. Boşanmaq ayıb deyil. Amma ailə dağıtmaq, həm də bu qədər alçalmaq ayıbdır. Mən bilmirəm insanların üzünə necə baxım, nə deyim. Yoluna qayıt, qızım. Nə qədər gec deyil əl çək bütün pisliklərdən. Bəlkə nə zamansa səni həqiqətən sevən birinə rast gələcəksən, ana olacaqsan. Çalış bundan sonra alnın açıq, vicdanın təmiz olsun.
Kamilə anasını diqqətlə dinlədikdən sonra əsəbi halda güldü:
– Sən Allah, ay ana, eşidən elə bilər ki, tarlada qızmar günəşin altında işləyib bizə baxmısan. Elə kişinin arvadı olmaq nə deməkdir guya sən – mənim anam bilmirsən hə? Qarın dolusu çörəyin, xərclədikcə pulun, topdağıtmaz evin, cah-calalın. Nəyə dözüb, nə fədakarlıq etmisən ki, sən, ay ana.
Əntiqə qızından eşitdiyi sözdən dərindən sarsıldı. Titrək dodaqları söz tutmadı. Qadın qızından eşitdiyi kəlmələrdən az qaldı hönkürsün:
– Qarın dolusu çörək görmək hələ hər şey demək deyil, mənim insafsız qızım. Topdağıtmaz ev-eşik də hələ xoşbəxtlik deyil. Sənin bu cah-calal dediyin xanimanın içində mənim nə qədər göz yaşı tökdüyümü nə sən, nə bacıların bilməyib, duymayıb. Mən üzünüzdən gülüş əskik olmasın deyə ağladığımı həmişə sizdən gizli saxlamışam. Mənim hər şeyim olub, bir qadınlıq heysiyyətimdən başqa. Məhz övladlarım üzülməsin deyə sənin atanın xəyanətinə göz yummuşam. Tək qalanda hönkürüb ağlamışam. Ancaq atana belə bildirməmişəm ki, müalicə adıyla gedib otelə pozğunları gətirib əylənməyindən xəbərdaram. Hətta səhər ayılıb bir həsir, bir məmmədnəsir qaldığını, dostlarından pul istədiyini bildiyim halda susmuşam. Hirsimi, nifrətimi içimə vermişəm. Ancaq yenə dözmüşəm. Hamısı nəyə görə? Sizi sevdiyimə görə, ana olduğuma görə, mənə bağlı dörd körpənin atasız qalmamasına görə. Mən özümü unutmuşam sizə görə. Peşman deyiləm. Olmadım da. Çünki dörd günahsız körpənin göz yaşı tökməyindən mənim göz yaşı tökməyim daha doğru idi. Mən həmişə sizi mərifətli, tərbiyəli, düzgün əxlaqlı böyütməyə çalışdım. Amma görünür ki, nədəsə səhv etmişəm. Yoxsa sən kiminsə ailəsini dağıtmamışdan öncə papağını qabağına qoyub fikirləşərdin. Nə isə. Olan oldu. Daha bu gündən sonra mən səndən artıq bir hərəkət görsəm səni övladlıqdan rədd edəcəm. Əgər dediyimdən nəticə çıxarda bilməsən inandırım ki, sonunda tək qalacaqsan. Deyim ki, həyatda tək-tənha qalmaqdan ağır heç nə yoxdur. İndi get. Nə vaxt gərək olsa gedib imzanı atıb bu işi bitirərsən.
Qadın nəsə deyib etiraz etmək istəyən qızını təhdidedici nəzərlərlə süzüb qapını çırpıb otaqdan çıxdı. Kamilə yorğun, heysiz halda divana sərələnib gözlərini tavana zilləyib dərin fikirə getdi. “Bəlkə də anam haqlıdır. Mən məni sevməyən biri üçün özümü el-aləmdə xar elədim”. Lakin peşmanlıq duyğusu yalnız bir an çəkdi. Yenə gözləri məkrlə qıyıldı. Düşüncəsiz beynində, mərhəmətsiz qəlbində yenə nifrət qığılcımları yanaraq alovlandı. “Mənə mən deməsinlər, əgər bu dünyanı sizin başınıza dar etməsəm!” Göz qapaqları ağırlaşaraq qapandı və o, dərin yuxuya daldı. Üzünün tez-tez dəyişən ifadəsindən onun hələ də rahatlıq tapmadığı açıq-aydın görsənirdi.
Axşam qonaqlar getdikdən sonra Nihal heç nə deməsə də ürəyində qızının qarasına deyindi:
– Ay bala, deyirəm nə qədər cavansan ailə qur. Uşağına balam kimi baxaram. Gözüm kimi qoruyaram. İndi kişi sağ, mən sağ. Amma mən öləndən sonra necə olacaq? Əminin də, xalanın da, bibinin də, hərənin öz ailəsi, öz qayğısı. Səbinə də sabah köçüb gedəcək. Bir gələndə, bir gələ bilməyəcək. Onda bir başına döyəcəksən, bir dizinə. Ah, Şahanə, ah. Mən sənə deyəndə ki, bu nəsildən sənə xeyir gəlməz, bala, eşitmədin. İndi də eşitmirsən.
Şahanəni əhvalı yüksək, kefi saz görən ana sevindi. “Bəlkə fikrindən dönüb. Düşünüb-daşınıb, indi razılıq verəcək. Ah, nə yaxşı olar. Vallah, kasıba nəzir-niyaz paylayaram. Təki bu iş alınsın”.
Şahanə anasının boynuna sarılıb yanaqlarını öpüşlərə qərq etdi. Nihalı qoxlayıb, boynunu qucaqladı. Nihal onun üzünü sığallayıb gözlərinin içinə baxdı:
– Ağıllı qızım, sən ananı üzməzsən, bilirəm. Mənə elə gəlir ki, sən qonaqlara “hə” deyəcəksən, eləmi?
Şahanənin üzü bərk tutuldu. Bayaqkı gözəl əhvalı bir andaca korlandı. Geri-geri çəkilib stola söykəndi:
– Ana mən elə bildim bu söhbəti bir az bundan qabaq unutduq. Sən yenə niyə bu mövzuya qayıdırsan ki? Ana, qurban olum, bu şeyləri beynindən çıxart. Mən heç kimə ərə getməyəcəm. Mənə ər lazım deyil. Mən bu söhbətdən yoruldum. Sən görmədin Zöhrə xala da, bacısı da mən “yox” deyəndə necə sevindilər? Ana, niyə məni anlamaq istəmirsiniz? Bilirəm mənim xoşbəxt olmağımı arzulayırsan. Amma sənin canın haqqı, mən belə xoşbəxtəm. Mən daha heç kimi, heç kəsi ər gözündə görə bilmərəm. Razı ola bilmərəm ki, qızımı artıq hesab etsinlər. İndi o, atasıyla az-az olsa da istədiyi zaman görüşə bilir. Amma mən belə bir addım atsam o şəraiti qızıma kim yaradacaq? Nə bilirsən, ay ana, sənin o yaxşı bildiyin insanlar pis olmayacaqlar. Yox, ana. Yox. Mənim qərarım qətidir. Mən bir də ərə getməyəcəm. Vəssalam. Səndən də artıq dərəcədə xahiş edirəm bu söhbət bir də heç vaxt, heç zaman açılmasın. Anacan, gecən xeyrə qalsın. Mən getdim yatmağa. Daha sən də get yat, heç nəyi də özünə dərd etmə. Səni çox istəyirəm.
Şahanə bunu deyib yenidən anasının boynuna sarıldı. Hər iki üzündən öpüb otağına çəkildi.
Gecə gözəl, gecə sakit. Bir gənc ağlamasa da göz yaşlarını qəlbinə axıdır. Özündən, göz yaşlarından, ürəyinə etdiyi zülümlərdən utanır. Ayrılığın hökmü möhür kimi onun taleyinə vurulub. O qədər əzilib ki, fikirlərinin ağırlığı altında sinəsi yanır. Artıq heç nə onun yıxılan qüruruna, parçalanmış xəyallarına məlhəm ola bilməz. Ölmək, hər şeyi yarıda buraxıb getmək onun üçün rəzillikdir. Amma belə yaşamaq da ölümdən betərdi. Şahanənin xəyalı gözləri önündən getmir. Daha nəsə arzulamağa nə qüvvəsi qalıb, nə cəsarəti. Sevdiyi qadını itirmək. Bu dəhşətli bir hissdir ki, yaşamayan bilməz, onu anlamaz. İstədi durub şərab gətirib içsin. Amma etmədi. Lap deyək ki, dərdini bir günlük unutdu. Bəs sonra? Nə dəyişəcəkdi ki? Şahanə gerimi dönəcəkdi? Yenə yana-yana dinlədiyi musiqini qoydu. Telefonu götürüb tərəddüd içində qaldı. Lakin nə fikirləşdisə Şahanənin nömrəsini yığıb gözlədi. Cavab olmadı. İsrarla bir də yığdı. Nəhayət, Şahanənin zərif səsi eşidilib, könlünü yandırdı. “Ağla, ağla halimə” deyən fəryad səsləri yuxusunu qaçırtdı. Lakin bu dəfə qadın telefonu söndürmədi. Mahnıya sonacan qulaq asdı. “Kim bilir kaçıncı arayışım bu, Məndən kaçan mutluluğumu… Ağla, ağla halimə” və dərindən ürək yandıran bir ah. Şahanənin daha dözmədi. Telefonu tullayıb yatağına yıxıldı. Üzünü yastığa sıxıb hönkür-hönkür ağladı. Rauf öz otağında, Şahanə öz yatağında kədərlərinə boğulub qaldılar. Nə ay üzlü gecə, nə məstedici çiçək rayihəsi onların qəlbini ovutmağa yetmədi.
(Ardı var)
Əsərin 1-ci hissəsi: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
İkinci hissə: 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33