İlham İsmayıl
Qarabağ müharibəsi veteranı
Bəlkə də 51 il əvvəl baş vermiş bu müharibəni yada salmamaq olardı, amma Qarabağ davasını yaşamış, yaşayan və yaşayacaq dövlət olaraq tarixdən bəzi dərslər almaq üçün məhz müharibədən danışmaq, torpaq uğrunda qanlı qarşıdurmaları yada salıb bəzi nəticələr çıxarmaq faydalıdır.
51 il əvvəl, 1967-ci ildə iyunun 5-dən 10-na kimi davam edən İsrail-ərəb (Misir, İordaniya, Suriya, İraq və Əlcəzair) müharibəsi tarixə 6 günlük müharibə kimi düşüb. Bu müharibə haqqında geniş danışmağa ehtiyac yoxdur. İsrail dövlət kimi cəmi 19 il idi vardı və bu illər ərzində ərəblərlə üç müharibə aparmış, heç birindən də məğlub ayrılmamışdı. Bəlkə zamanında bizim də müstəqilliyimizin tarixi 19 il olsaydı, Qarabağ müharibəsinin nəticələri indiki kimi fəlakətli olmazdı. Biz 6 gün yox, 6 il (1988-1994) ərzində Qarabağın 80 faizini – 18 rayondan 12-ni itirmiş durumdayıq. 6 ilə itirib 24 ildə də seyrçi qaldığımız işğalı biz də 6 günlük müharibə aparıb qələbə ilə bitirə bilərik və nə ruhumuzu, nə də ümidimizi itirmişik.
İsrailin qarşısında oturuşmuş ərəb dövlətləri vardı və onlardan beşi müharibəyə qoşulmuşdu. Az qala hər günü bir dövlətə həsr edən İsrail qoşunları ilk növbədə havadan, sonra qurudan, dənizdən hücum etməklə hərb məktəblərində dərslik vəsaiti olan döyüşlər apardı. Hamısı İsrail üçün böyük uğurla başa çatdı. Müharibənin nəticələrinə diqqət edin: 10 uyun 1967-ci ildə Qərbin və sosialist düşərgəsinin təzyiqləri nəticəsində atəşkəs rejimi qüvvəyə mindi. İsrail qalib gəldi və nəticədə Sinay yarımadasını, Qəzza bölgəsini, İordan çayının qərb sahilini, Şərqi Yerusəlimi və Colan təpələrini tutdu.
Müharibə ölüm-itim deməkdir, qələbə də qurban vermədən əldə olunmur. Hər iki tərəfin itkilərinə diqqət edək: İsrail: – 776 ölü, bir o qədər də yaralı; 100 tank və 48 döyüş təyyarəsi.
Britaniya Strateji Tədqiqatlar İnstitutunun məlumatına görə, ərəb ölkələrinin itkiləri belədir: 70 min ölü və yaralı, 2 min əsir, 1200 tank, 469 döyüş təyyarəsi, 1100 artilleriya qurğusu.
6 günlük müharibədə başqa itkilər də olmuşdu, amma bu qısa məlumatla diqqətinizi əhalisi bütün ərəb ölkələrinin əhalisindən yüz dəfə az olan ölkənin yüz dəfə artıq üstünlük əldə etməsinə cəlb etməkdir. Bu necə olmuşdu? Tələsib ABŞ-ın köməyindən danışmayın. O vaxt SSRİ də ərəblərin müdafiəçisi idi və yeri gəlmişkən, həmin müharibədə ABŞ 34, Sovet İttifaqı 35 hərbi məsləhətçi itirmişdi. Məsələnin əsası xalqın iradəsi və onu yerinə yetirən dövlətdir! İsrailin indiki müdafiə naziri Liberman iki il əvvəl Amerikada olanda demişdi ki, biz dünyada ən güclü silaha malikik. Bu silahın adı yəhudi xalqıdır!
6 günlük müharibəni təsadüfən yada salmadıq. Bizim vəziyyətimizdə olan dövlət vətəndaşını hər gün müharibəyə hazırlamalıdır. Hələ ölkə televiziyalarının ilin 366 gününün altı günündən çoxunu vətənpərvərlik mövzusuna həsr etdiyinin şahidi olmadığımızdan İsrailin 51 il əvvəl, iyunun bu günlərində beş ölkənin dizini yerə gətirməsi haqqında danışmağımızda qəbahət axtarmayın.
Vətən, torpaq sevgisi qeyrətdəndir. Torpağı da, vətəni də qeyrətlilər azad edir. Amma vətən darda olanda bir millətin ki başı şəxsi varlanmağına, gündəlik dolanışığına qarışdı, özündən yüz dəfə balacalara uduzacaq! Ərəblər İsrailə uduzan kimi.
Bir gün Bakı çayxanalarını, ümumiyyətlə ölkə çayxanalarını müşahidə edin. Dəhşətli bir mənzərə ilə rastlaşacaqsınız. Bu çayxanalarda toplam bir diviziya kişi domino oynayır. Bu adamların arasında vətənin bugünkü əsirliyinə biganələşmiş və ya biganələşməkdə olanlar, uduzulan vətən torpağına görə deyil, dominoda uduzmaqdan üzünə kədər çökənlər var. Başı dominodan betərinə – rüşvətə, talana qarışmış və Qarabağ dərdini unutmuş məmurlardan isə heç söz açmağına dəyməz. “Erməni batır, dağılır” tipli yersiz təbliğatın yastıq rolu oynamasının bundan az təhlükəli olmadığını da qeyd eləmək burada yerinə düşər.
Böyük Hüseyn Cavid deyir: “Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Məncə, mübarizəsiz ömür bir ömür deyil”.
Hamı öləcək, heç kəs əbədi deyil, amma vətən uğrunda öləndə əbədi qalan vətən olacaq – Qarabağ olacaq!
Yazdığım pafos deyil, dərddəndir! Hər gün şuşalı dostum Hikmətlə dərdləşir, ayrılanda: “Dərdləşdik, amma yüngülləşmədik” deyib qırıla-qırıla qaldığımızdandır! İçində yaşadığımız dərdin torpaq, vətən itkisi ilə nəticələnəcəyini, bu böyük fəlakətin yaxınlaşdığını hiss etdiyimizdəndir!
Bu vətən – Qarabağ, Azərbaycan bizi əfv etməyəcək! Gələcək nəsillərə şikəst vətən qoyduğumuz üçün bizi bağışlamayacaqlar!