Firuzə DAVUDQIZI
1 İL 6 AY KEÇDİ.
Bir yay səhəri yuxudan oyanıb eyvana çıxanda Elşadı səhər idmanı edən gördüm.
Hələ heç kim oyanmamışdı. Bunu fürsət bilərək dərhal həyətə enib, yanına getdim.
Gözucu mənə baxan Elşad gəldiyimi görsə də məşqinə davam etdi.
Mənim onu necə məhəbbətlə seyr etdiyimi görürdü. Sonda əllərini yerdən götürüb, bir-birinə çırpıb təmizlədikdən sonra barmağının ucu ilə koftamın ətəyindən yapışıb, məni özünə xas bir əda ilə yanına çəkdi. Çənəmi ovcunun içinə alıb dodaqlarımdan dəli bir istəklə öpdü.
– Sabahın xeyir! – dedi. – Öyrədə bilmədim də.
Mən əlindən çıxıb:
– Off, tərlisən, Elşad. Get gir duşa. Bu istidə sən də… – Narazılıqla onu süzdüm.
– Tərliyəm? Bərəkallah. – Elşad tərs-tərs məni süzdü. – Axır vaxtlar əcəb bəhanələr gətirirsən ha, gözəl qız. Hələ səbrimi basıram. Amma bu gedişlə, deyəsən, aramız dəyəcək. Dəqiq belə olacaq.
Onun nə demək istədiyini gözəl bilib, gözlərimi süzdürdüm.
Elşad ağacın altındakı skamyada əyləşib yerində yayxandı.
– Yaxşı yadıma düşdü. Ayın 8-i Kənanın toyudur. Nəhayət, evlənir, əclaf. – Gözləri təbəssümlə qıyıldı. – Getmək istəyirsən? Hüseyni də götürək, birlikdə gedək. Məni nə vaxt görsələr anası, bacıları həmişə xahiş edirlər ki, səni qonaq aparım onlara. Kənan onsuz da dəvət edib. Dilbədil tapşırıb ki, gələndə Hüseyni, gəlinbacını da gətir.
Kənan beş bacının tək qardaşı idi. Onun toyu kim bilir necə təmtəraqla keçəcəkdi. Çünki doğmaları arzu-niyyətlə bu günü çoxdan gözləyirdilər. Və nəhayət, könlünə yatan bir qızı ona adaxlamışdılar.
Mən tərəddüdlə Elşada baxdım:
– Tanımıram axı. Sıxılaram orada, – deyib, Elşadın yanında əyləşdim.
– Tanış olacaqsan da. İstiqanlı insanlardır. Tez qaynayıb-qarışırlar. Sevinərlər. Kənan mənə qardaşdan da artıq olub da, bilirsən. Dar günümdə də, şad günümdə də yanımda olub. Onun toyunda iştirak etməsəm, demək, kəsdiyimiz duz-çörəyi tapdayıb keçmiş oluram. O tərəflərin toylarının bir başqa ləzzəti var. Dədə-baba adəti ilə keçir məclis. Bizim toylar kimi axşamüstü başlamır.
– Nə bilim, baxarıq da.
Qaşının birini alnına qaldırıb gözucu məni süzən Elşad:
– Baxarıq yox, baş üstə! Böyük söz deyəndə kiçik əməl etməlidir, ata qurban. Hələ öyrənə bilməmisən? – deyə saçımı qulağımın arxasına keçirdi.
Elşadın sözlərinə istər-istəməz dodağım qaçdı. O isə gələcəklə bağlı nə düşündüyünü dilinə gətirdi:
– Deyirəm, böyük heç. O, düzələn deyil. Amma bu İlkini gərək evləndirək. Vaxt keçir. Bəsdir avaralandı. Bu dəfə gələndə onu aldadıb mütləq evləndirəcəm!
– Day, aldatmaq niyə?
Elşadın dodağı qaçdı. Yarı ciddi, yarı zarafat məzəli bir ifadə ilə izah etməyə başladı:
– Əvvəl qulağa xoş gəlir də evlənmək sözü! Sevincək olursan! Özün də bilmədən burunlu-qulaqlı düşürsən tələyə! Baho! Məsləhət verənlərə aldanıb evlənirsən, ağlın başına gələndə artıq gec olur. Arvad alır bütün ixtiyarını əlindən! Uşağın azadlığı əlindən gedəcək də. Ona görə deyirəm ki, aldadım.
– Puahh! – Tərs-tərs onu süzdüm.
– Elşadın canı üçün düz sözümdür! – Mənim üzümdəki ifadəyə Elşadı gülmək tutdu. Onun gülməyi məni bir az da özümdən çıxartdı.
– Azadlığın əlindən gedib?
– Getməyib? – Məni qıcıqlandırmaq üçün gülməyə davam etdi. – Mən bəyəm həmin Elşadam? Gözümün odunu necə aldınsa, əl-qolumu necə bağladınsa, zalımın balası, ixtiyarım nədir dönüb ətrafıma baxam. Başıaşağı işə gedib, işdən qayıdıram. Quzu kimi!
– Yüz Mələk ola, sən bildiyini edəcəksən! Məni hövsələdən çıxartma!
– Şərə, böhtana keçmə, gözəl qız.
Yumruğumu düyünləyib, bütün hirsimlə qoluna vurdum. Hiddətlə ayağa qalxanda Elşad biləyimdən tutdu.
– Getmə, sözüm var sənə.
Mən onu dinləməyib əlindən çıxmağa can atdım. Bir həmlədə özünə doğru çəkib yanında oturtdu. Boynumun ardından yapışıb dodaqlarını qulağıma dirədi. Və bir gözü evin pəncərəsində, güləş ifadə ilə pıçıldadı:
– Sən mənim nəfəsimsən, qısqanc pişik. Başlama o dəqiqə adamı cırmaqlamağa. Yadında saxla, sən olmasan, deməli, mən də yoxam. Çatdı sənə fikrim?
Ona inanmadığımı bəlli edən bir baxışla gözlərinin içinə baxıb dinmədim.
– Söz soruşuram. Çatdı?
Küskün ifadə ilə gözlərimi gözlərindən qaçırıb, başımı tərpətdim.
– Əhsən. İndi get süfrəni hazırla, duşdan beş dəqiqə sonra mətbəxdəyəm. Ölürəm acından. Tərpən!
2 ay sonra İlkinə toyda görüb bəyəndiyi bir qızı adaxlayıb, nişan məclisi etdilər.
Nişan günü mən güzgünün qarşısında özümə əl gəzdirib hazırlaşmaqda ikən Elşad çoxdan gözlədiyim sualı verdi.
Qızılları soruşdu.
Diqqətcil və bütün xırdalıqlara fikir verən bir insan olduğu üçün bu onun nəzərindən yayına bilməzdi.
– Həmin vaxt xəstəxanada unutmuşam. Çantada idi. Yaddan çıxıb qalıb palatada. Elə bir vəziyyətdə idim ki, yadıma düşən qızıl deyildi.
Ağlıma gələn ilk yalanı dilimə gətirdim. Və kiminsə ucbatından ona yalan danışdığım üçün sıxıldım. Özümü həddən artıq pis hiss elədim. Amma ayrı çarəm də yox idi. Və evdə bu günədək heç kim bu barədə heç nə bilmirdi.
Elşad bir qədər fikirli göründü. Cavab onu qane etmədiyi üçün adəti üzrə şübhəli-şübhəli soruşdu:
– İtirmisən, başa düşdük. Yaxşı, bəs mən niyə bundan indi xəbər tuturam? Bərəkallah!
– Söz düşməyib, deməmişəm. Böyütmə. – Narazılıqla onu süzdüm. Bir anlıq susub, sonra yenidən dilləndim. – Mənə qızıldan vacib səninlə Hüseyndir.
Elşad fısıldayıb:
– Bir az cəld ol! – deyərək otağı tərk elədi.
Nişan məclisi çox gözəl və təntənə ilə keçdi.
İndi hamılıqla İlkinin bir neçə ay sonra baş tutacaq toy mərasiminə hazırlaşırdıq.
Çox keçmədi ki, Leyla üçün də nişan üzüyü gətirdilər. Bacım da tezliklə öz yuvasını qurub gəlin köçəcəkdi.
Başımız ard-arda xeyir işlərə qarışdığı bu ərəfədə bir gün Elşad məni özüylə evin qarşı tərəfindəki boş sahəyə gətirdi. Və gözlərinin içi gülə-gülə mənə bilmədiyim bir xəbər verdi:
– Atam bu yeri mənə verib. Bir xeyli var, demişdi nə vaxt istəsən ev tikdir özünçün. Bu ərazi sənə aiddir. Mən də danışmışam ustalarla. Materialı, daşı, qumu, sementi, nə lazımdırsa sifariş vermişəm. Buraları sahmana salsınlar, bir həftəyə iş başlayır! Hüseynə ev tikdirəcəm burada.
Bu xəbərə nəinki sevindim, əksinə, qanım qaraldı. Bir ildən çox idi ki, qayınatamın evində yaşayırdıq. Elşad sağalıb işə çıxandan sonra bizi daha özüylə aparmamışdı. Həftədə bir gün gəlib bizə baş çəkir, yenidən işə qayıdırdı. Bu evdə mənə münasibət müsbət mənada dəyişsə də, yenə burada qalmaq istəmirdim. Günümü sayırdım ki, Elşad gəlib bizi öz yanına aparsın. İndi isə onun fərəhi köksünə sığmayan bir əda ilə öz qərarını mənə açıqlaması məni pis mənada təəccübləndirdi.
– Nə oldu dəyişdin fikrini? Həmişəlik burada qalırıq demək! – Qaşqabağımı tökdüm. – Əvvəl başqa söz deyirdin!
Mənim belə etməyim Elşadı açmadı. Dodaqlarındakı təbəssüm bir anda yoxa çıxdı.
– Mən qalırıq demədim!
– Ev tikdirirsən də! – Əsəblə üzümü çevirdim. – Başqa nə cür başa düşməliyəm? Qərarını çoxdan vermisən!
– Ata yurdunda evimin olmağının nəyi pisdir ki?
– Mənə lazım deyil buradan heç nə!
– Sənə lazım olmaya bilər! Amma Hüseynin gələcəyi üçün lazımdır! – Elşad gərildi. – Özü də bu nə sifətdir edirsən mənə? Bu nə danışıqdır?
– Lənət şeytana! – deyib, narazılıqla Elşadı süzdüm.
– Məncə də lənət! – Elşad tərs-tərs gözlərimin içinə baxdı.
Hiddətlə üzümü çevirib getmək istədim, lakin onun sərt səsinə ayaq saxlamalı oldum:
– Bura gəl!
Mən onu eşitdiyim halda əməl etmədiyim üçün o, bu sözü üç dəfə əsəblə təkrarladı. Əlacsız qalıb ona doğru çevrildim.
– Off! Nədir?
– Gəl, biləcəksən!
Könülsüz halda gedib yanında dayandım. Elşad qolunu boynuma dolayıb məni qoltuğunun altına saldı. Və tərpənməyə qoymayıb:
– Məni hövsələdən çıxartmaq xoşuna gəlir? – soruşdu.
Dilimi dinc saxlaya bilmədim, ona irad tutdum:
– Bəs, ev verirdilər səninçün? Deyirdin burada qalan deyilik. Avazın yaxşı gəlirdi.
– Ev veriləndə sənin də xəbərin olacaq! – Elşad sərt səslə sözümü kəsdi. – Mən münəccim deyiləm sənə dəqiq bir gün təyin edib deyim! Gedib dava-qırğın edəsi deyiləm ki! Nağdı qoyub, nisyənin dalınca qaçmayaq da.
Dillənmədiyimi görüb, bir qədər mülayim tonda əlavə etdi:
– Burada səninçün bir ev tikdirəcəm ki, millət tamaşasına duracaq!
– Hmm…
– Başa düşmədim. Necə yəni hmm. Bu bir az müəmmalı oldu. İnanmırsan?
Narazılıqla köks ötürdüm.
– Başa düşürəm səni, amma biz ayrı ev-eşik olacağıq. Bizə heç kim qarışmayacaq. Sən mənə de görüm, yataq otağımız hansı səmtdən olsun? Vacib məsələ budur e.
– Mənə maraqlı deyil. Həyatımızda bütün qərarları sən verirsən. Nə vaxt mənim fikrimi soruşmusan ki?
– Yox, sən necə istəsən, elə olacaq. Kişi sözü verirəm sənə! Amma təklif edirəm pəncərəsi bağ-bağçaya açılsın. Təzə gəlinlə qayınanası saçyolduya çıxanda bizi narahat etməsinlər. – Anasını və İlkinin gələcək həyat yoldaşını nəzərdə tuturdu.
– Tək dərdimiz bircə yataq otağıdır da.
– Məni maraqlandıran otaq oradır. Xüsusi olmalıdır. – Elşad şeytani bir təbəssümlə gözlərimin içinə baxdı.
Bir həftə sonra Elşadın dediyi kimi evin tikintisi üçün ilk işlər görüldü. Birinci mərhələ başa çatdı və hörgü işləri başlandı. Bu minvalla birinci mərtəbənin divarları çox keçmədən hörülüb qurtardı. İkinci mərtəbənin hörgüsünə başladılar.
Elşad istirahət günləri rayona gələndə işin gedişatı ilə şəxsən maraqlanır, ustalara tapşırığını verib gedirdi.
Hər şey öz yolunda getsə də məni Elşaddan ayrı qalmaq üzürdü. O isə bizi burada nə üçün saxladığının səbəbini hələ də açıb demirdi. Bir yandan da hər gün Zeynalın gözüm önündəki hərəkətləri, halı-vəziyyəti canımı boğazıma yığmışdı. Elə bir gün olmazdı narkotik istifadə etməsin. Əvvəllər başa düşməsəm də, artıq üzünə baxan kimi anlayırdım. Rəngi-ruhu, baxışları bunu özü açıb adama deyirdi.
Mənə yer edən Elşadın belə bir insanla bizi bir damın altında qoyub getməyə necə razı olması idi. Bu günədək səsimi çıxarmasam da həmin gün artıq səbrim tükəndi.
(Ardı var)