Fəxri Uğurlunun Nəriman Əbdülrəhmanlıya məktubu
Novator.az yazıçı Fəxri Uğurlunun 10 il qabaq həmkarı Nəriman Əbdülrəhmanlıya yazdığı məktubu oxucuların diqqətinə çatdırır. Nəriman Əbdülrəhmanlının 50 illik yubileyində qələmə alınmış məktubu bu il iyunun 3-də 60 yaşı tamam olan yazıçının növbəti yubileyi münasibətilə təkrar dərc edirik.
Çayları geri axıtmaq çağı
(Nəriman Əbdülrəhmanlının 50 yaşına gecikmiş məktub)
Əziz Nəriman, körpə Toğrulun bağırsaq çöpləri əlimi bir çöpə atmağa qoysaydı, məktubum sənə vaxtında yetişəcəkdi. Ancaq nə gizlədim, bu “çöp-çöp” məsələsi həm də bir bəhanədi. Mən məktubu Sənə may ayında, özü də şən bir ovqatla, səfərlərimizi, zarafatlarımızı, xoş günlərimizi-saatlarımızı yada sala-sala yazasıydım. Di gəl, may elə əzəl başdan üzümüzə gülmədi: mayın 5-i (68 yaşının tamamına 5 aydan bir az çox qalmış dünyadan gülə-gülə gedən atamın doğulduğu gün; bizim eldə bu günə yazın qırx beşi deyərlər) aylardan bəri xəstə yatan, 50 yaşını üçcə il qabaq keçirdiyimz, doğum günü Sənlə bir günə (torpağı sanı yaşayasan) – iyunun 3-nə düşən dostumuz Adil Qaçayoğlunu, qələmi namusdan bilən bir söz dəlisini torpağa tapşırdıq. Doğrudu, Adilin son həftələrini-günlərini yaşadığını bilirdik, ancaq bilmək nəyi dəyişir? Kim kimin öləcəyini bilmir ki!..
Beləcə, həmişə xəyalıma qırmızı (özü də lala qırmızı!) boyanmış gələn may ayı bu dəfə cəllad qırmızısı geyib Adilin qətlinə fərman verdi (bir ərəb şairinin sözü yadıma düşür: “Gerçəkdən ölüm də qətlin bir növüdü…”). Sözün düzü, qağa, o cəlladın qılıncının kölgəsində yazmaq məndən ötrü həmişə çətin olub. Mən yazını ovqatımın duru çağı, necə deyərlər, “kef”dən yazmışam, ağrıdan qurtarmaq üçün yox, ağrısız vaxtımda, azad olmaq istəyəndə yox, azad olanda yazmışam. Düşünmüşəm yazı gərək yazana da, oxuyana da könül dincliyi versin, işıq, umud gətirsin. İndi ürəyimin bir küncünə çəkilib keçən günlərimizi, məclislərimizi, söhbətlərimizi, səfərlərimizi, lətifələrimizi yada salıram, sənin leksikonundakı sözləri, “işarələri” xatırlayıram (“şaxadrom”dan, “ay dayı”dan, “bə-li”dən belə…), di gəl, içimə işıq düşmür, həmişə üzümə-gözümə nur yaxan xatirələr canımı isitmir. Ürəyimin qapısı bağlıdı. Bu ovqatla əlimə qələm aldığım bəlkə də olmayıb.
Ovqat düzəlməyinə düzəlirdi, yavaş-yavaş hala gəlirdim, yazılası yazıları beynimdə biş-düş eləyirdim, o tünlükdən yazılmayan məktubun cümlələri də boy göstərib əl eləyirdi. Dünən, yəni iyulun 6-sı üçün Sənlə qiyabi söhbətimi kağıza köçürməyi bir gün qabaqdan fikrimdə tutmuşdum. Yuxudan duranda artıq yazının ayrı-ayrı məqamları beynimdə sayrışırdı. Elə bu dəm qara at belində, qara yel qanadında gələn bir xəbər də çəpərimizi dağıtdı, çardağımızı uçurtdu: Məmməd Nazimoğlu! Çayçı Məmməd, “Avropa”nın Mirzə Sonucu… Qələmi namuslu, həm sözü, həm də üzü işıqlı Məmməd, zəhəri bal dadan Məmməd… “Avropa”nın al qırmızı sonuncu səhifəsi gözümdə qara boyandı!
İndi, qağa, özün fikirləş, gör fikrim daşdan-daşa necə dəydi, ortaq yaddaşımızın işığına gələn sevincimin qanadları necə yandı. Bundan sonra Sənə deyəcəklərimi büsbütün unutdum. Bircə Sənin son vaxtlar qayğıdan qırışığı açılmayan üz-gözün xəyalımdan silinmədi. Bu gün qoluma güc verib qələmi yerdən götürdüm (lap ölü götürən kimi!); yox, unutduqlarımı geri qaytarmaq üçün yox (onsuz onları yada salmağa nə halım vardı, nə həvəsim), eləcə saysız-hesabsız qonaqlıqların təşəbbüskarı, qəhrəmanı, həm də şəriksiz tamadası olan Sənə bir balaca ovqat qonaqlığı vermək istədim, halımı halına qatmaq istədim…
Yadındamı, Məmməd “Avropa”nın sonuncu səhifəsindəki karandaşla çəkilmiş şəklinin altından 1959 yazıb qarşısından sual işarəsi qoymuşdu. İyulun 6-da o, ömrünün ən böyük sualına cavab tapdı, ancaq bu cavab sənin-mənim də cavabım ola bilərmi? Mən istərdim hərə öz sualına yox, hamı yekə bir sual işarəsinə cavab axtarsın: NƏ VAXTACAN?! Nə vaxtacan bizi bu sallaqxanada ov kimi qovub, cani kimi yaxalayıb, qurban kimi kəsəcəklər?! Həyat deyirsənsə həyat, ölüm deyirsənsə ölüm, fələk deyirsənsə fələk olsun – bu gün mənim içimdən ona qarşı bir üsyan püskürdü. Ölümə çarə tapmalıyıq, yoxsa bu həyat bizi qırıb qurtaracaq.
İndi bunları dindirsən, hamı ölənin cavanlığına yanacaq (kaş bir az da yaşayaydı… balalarını yerbəyer eləyib gedəydi… qocalıb öləydi…), ancaq durub desən, kaş heç ölməyəydi, keşkə dünya durduqca yaşayaydı, ən yaxşı halda səni ürəyi açıq, ağlı kəm sayacaqlar. Bunlara desən, siz heç vaxt ölməyəcəksiz, həmişə olmusuz, həmişə də olacaqsız – əlbəttə, xoşlarına gələcək, ancaq heç birində eşitdiyinə bir tozca inam olmayacaq. Budu, bax, bizi öldürən! Gerçəyə qalsa, yer üzündə insanın ölməməkdən özgə bir arzusu yoxdu, öləcəyini bilən tək canlı olsa da…
Mən bu düşüncələri beynimin dalğalarıyla sənə ötürəndə günortaydı, Gəncə çayının üstündəki körpüdə üzü dağlara durmuşdum. Körpu üstdən çay aşağı baxmağı heç xoşlamaram, həmişə çay yuxarı baxaram – suların getdiyi yerə yox, gəldiyi yerə. Həmişə mənə elə gəlib son mənzil çayların ayaq ucunda deyil, baş ucundadı, er-gec bütün sular qızıl balıqlar kimi çaylar boyu üzügeri axacaq, dağların bətninə qayıdacaq… Mən gözümü axan çaya zilləyib suları geri axıtmağın, üstəlik, düşündüklərimi sənə çatdırmağın yollarını axtarırdım. Körpüdən keçənlər bir əyilib çaya, bir dönüb mənə baxıb keçirdilər. İstəyirdim deyəm, qorxmayın, sizdən ötrü dünyada heç nə dəyişməyib, dəyişəsi də deyil (inan, heç istəmirlər də, qırx min ildi barışıblar bu gedişatla), arxayın olun, sel-zad gəlməyib, gələsi də deyil (heç gəlsə də, xeyri yoxdu). Sel mənim içimdən gedirdi – qan seli…
…Bir ay qabaq bu körpünün üstündən üzüm-gözüm dağlara Məmmədə zəng eləmişdim. Qəribədi, bundan irəli neçə yol cəhd eləsəm də, düşməmişdim, bu körpünün üstündə dalğa tutdu nə təhərsə. İstanbulda oturub diaqnoz gözləyirdi. Mən bilən, diaqnoz çoxdan qoyulub, qağa, diaqnoz – həyatdı, o məşhur filmin adındakı kimi: “Həyat – ölümcül xəstəlik…” Məmmədin də diaqnozunu bilirdik, sözün hərfi mənasında diaqnozdan danışıram, həkimlər Türkiyədən qaytaranda üstünə bir az da umud qoyub göndərmişdilər (bunları mən ilk dəfə Adilin qırxında tənqidçi-jurnalist dostumuz İlham Abbasovdan eşitdim), ən azından bu tezliklə gözləmirdik. Ancaq əzəli-əbədi diaqnoz yenə bütün diaqnozları üstələdi. İyunun 13-ü günü Adilin mağarının qarşısında İlham Abbasovun dedikləri yadımdan çıxmır; dedi son dörd ildə hər il bir yaxın dostumu itirmişəm, hamısını da cavan-cavan – Akif Səmədi, Hüseyn Əfəndini, Mətləb Nağını (Məmmədin səhifəsindəki şeirlərin müəllifi Mətləb – Ə.Qardaşbəyli), Adil Qaçayoğlunu deyirdi. Fələk Məmmədi heç olmasa gələn ilə də saxlamadı. Yazıq İlham…
İndi nə deyirsən, qağa, axan suyu, əsən yeli yolundan necə saxlayaq? Cavabını üçüncü qulağımla eşidirəm: “qismət…” Bilirəm, su qabağı kəsmək, yelə bənd vurmaq sənlik deyil, Sən yelin, selin axarına düşüb gedənlərdənsən (az dur o yelçəkəndə, ay yel aparmış!..), özü də son vaxtlar yaman qismətbaz olmusan (Əlabbasın sözü olmasın), hər sözə bir sözlə cavab verirsən. Ancaq mənim belə qismət heç boğazımdan keçmir, ay Nəriman, mən belə qismətə üsyan eləyirəm. Əzəldən Şeytanı qiyamçı tutublar, bilirəm, ancaq Şeytan üsyana qalxanda Tanrı hələ hakimiyyətdəydi. İndisə Şeytan iş başındadı, min illərdi yeri də, göyü də əlində fırladır, fələyin çarxını hərim-hərim hərləyir, əlində ölüm kimi silahı var. İndi Şeytanın özünə qarşı qiyam qaldırmaq vaxtıdı. Yoxsa bu qismət bizi qıracaq.
Əslində elə hər yazılan söz, cümlə, kitab bu qismətdən qurtulmaq üçün deyilsə də, bəs nə üçün yazılır? Bu mənada tanıdığım adamlar içində insan oğlunun qismətinə Sən qədər müqavimət göstərən bir kimsə tanımıram. Sən bu əlli ildə əlli ilin işini görmüsən, sənin əmək stajın anadan olduğun gündən hesablanmalıdı. Sənin zəhmətsevərliyin, məhsuldarlığın, iş intizamın, gördüyün işə, oxuduğun qəzetə, çəkdiyin siqaretə… sədaqətin yaradıcılıq psixologiyası baxımından bircə-bircə araşdırılmağa, həm də qiymətləndirilməyə layiq fenomenlərdi (dostlar arasında bu haqda çox danışmışıq). Qarşı duran “ədəbi” cəbhələr sənin dəyərini görüb dəyər vermirsə, vecinə də alma; demək, onların ya dəyərölçəni, ya da vicdanı yaxşı işləmir (“yaxşı” sözü bəlkə də artıq oldu). Qəm eləmə, bunlar onsuz da düzələn deyillər (şair demiş: darıxma, düzəlməyəcək…). Dəyərlər üstə qurulmayan istənilən birlik, qrup, banda… tezliklə dağılasıdı. Səndən bircə təmənnam var: ölmə, yaşa, çox yaşa, çürük qoz üstə gedən davaların sonunu görənəcən yaşa.
Ölənlərin ölməyi məni ən çox nəyə görə yandırır, bilirsənmi? Onlar bu işlərin AXIRINI görmədilər. Səbirləri çatmadı. Mənim ta uşaqlıqdan ən böyük arzum da elə bu olub: AXIRDA hamımız bir yerdə olaq, AXIRI hamımız bir yerdə görək.
Yox, bu işlərin axırı yoxdu demə. Əgər bu çarx bir gün dayanmayacaqsa, onun fırlanmağının bir qara qəpik dəyəri yoxdu…
Bağışla, Səni ürəyim istəyən kimi tərifləyə bilmədim – təriflik halda deyiləm (sağlıq olsun, bir yaxşı sağlıq deyərəm, əvəzi çıxar). Ürəyimin kilidi açılmayıb hələ. Dünən axşam əlimi qələmə atandan dağlardan gələn yağış bu gün axşamtərəfi mən məktubu bitirhabitirdə ara verib (təsəvvür elə: iyul ayında!). Dünəndən göyün qapısı bağlanıb, dünya bir az da daralıb, yerdə su, göydə bulud daşır (elə bil dağlardan bir dağ ölüb). Təbiət qabağa düşmüş olsaydı, əhvalımı havadan görərdim. Ancaq bu dəfə tərsinə oldu, hava özü mənim halıma düşdü.
Deyəsən, qiyam yavaş-yavaş nəticə verir. İndi çayları geri axıtmaq barədə ürəklə düşünmək olar…
Fəxri Uğurlu
Gəncə, 7-8 iyul 2008
F.Uğurlu ilə N.Əbdülrəhmanlının söhbəti
“Bakıda yaşamaq tale deyil, sənətdir”