Firuzə DAVUDQIZI
***
Elşaddan hələ bir xəbər yox idi. Atası evə alt-üst bir əhvalla qayıtmışdı. Başına yığılan hər kəs ona ürək-dirək verib ümidini üzməməsini söyləsə də, kişi toxtaqlıq tapa bilmirdi. Çırağı sönmüşdü. Üstəlik, gəlini ilə nəvəsinin evdə olmadığını öyrənəndə yer-göy başına fırlandı. Arvadına ağzına gələni dedikdən sonra Zeynalı otaqlardan birinə çəkib:
– Hanı gəlin?! – hiddətlə bağırdı. – Sənləyəm! Dillən! Gəlin hanı?
– Məndən niyə soruşursan?
– Kimdən soruşum bəs, ay biqeyrət? Sizə əmanət edib getmişdim.
– Hallı idim. – Zeynal sıxılıb-çəkinmədən etiraf etdi. – Bir az sözümüz çəpləşdi. Nazilə Allah şahididir. Səhər ayılanda gördüm yoxdur. Yəqin zəng edib, dədəsi gəlib aparıb.
– Tfu sənin qeyrətinə! – Əli Zeynalı vurdu.
Zeynal müvazinətini saxlaya bilməyib, arxasındakı masanın üstünə aşdı. Əlinin ürəyi soyumadı, ikinci şilləni çəkdi.
– “Yəqin” nədir? Ehtimalla danışırsan mənlə, bişərəf? Nə sarsaqlayırsan sən? İki gündə bir maraqlanmadın ki, bu gəlin haradadır? Atası evindədir, ya yox? Bəlkə başına bir iş gəlib? Ay sənin kişi təpərinə tüpürüm mən! Belə muğayat oldun? Bir bu qalıb millət söysün arxamızdan? Nə cavab verəcəksən qardaşına?! Hansı üzlə baxacaqsan qardaşının üzünə?!
Səs-küyə Əlinin qardaşı Əhməd içəri girdi. Gördüyü mənzərədən çaşıb qalaraq qardaşının qolundan çəkib onu Zeynaldan ayırdı.
– Bəsdirin, nə olub, evdə adam var!
– Hansı birinizin dərdini çəkim, ay naxələflər? – Əli hirsindən kükrəyib coşdu.
Əhməd bir yandan onu sakitləşdirməyə çalışdığı halda, bir yandan da qınaqla Zeynalı süzdü.
– Ölümünə susamısınız bu kişinin?! Bəsdirin də!
Zeynal dodağının qanını əlinin üstünə silib, dinmədi.
Bu vaxt səs-küyü eşidib içəri gələn və onu təəssüf içində süzən Etibar əmisini nigarançılıqdan qurtarmaq üçün dərhal dilləndi:
– Mən aparıb qoydum atası evinə, əmi. İndi gedib gətirərəm.
Əhməd qardaşını dilə tuta-tuta otaqdan çıxardı.
***
Əmilərim və dayım məni götürüb Elşadın ata evinə gəldilər. Burada onları böyük hörmətlə qarşıladılar.
Qapıdan içəri girəndə Zeynalı hələ uzaqdan görməklə elə bildim başımdan aşağı qaynar su ələndi. Bütün bədənimə od, hərarət gəldi.
Hüseyn evdə qucaqdan-qucağa gəzirdi. Elə bil bu son 3 gündə bülbül kimi dil açmışdı uşaq.
Durmadan “Dədə… dədə…” deyib atasını çağırırdı. Ondan bu kəlməni hər duyanda qayınanamın yarasına elə bil duz basırdılar. Sakitləşmək bilmədən yanıqlı-yanıqlı ağlayırdı.
Bir ara yenə ürəyi sıxılmışdı. Su istədilər. Bardağı suyla doldurub yanlarına getdim. Suyu ona uzadanda elə bir baxışla üzümə baxdı ki, sanki əfvini istəyirdi.
Mən də ana idim, onu çox gözəl başa düşürdüm. Bu dəqiqə nə hisslər keçirdiyini, təbii ki, anlayırdım. Bu pərişan halına ürəyim ağrısa da o mənə elə dərin yaralar vurmuşdu ki, əbədiyyən qaysaq bağlamayacaqdı. Ürəyim barışmırdı onunla.
Çox keçmədən qulağıma İlkinin səsi gəldi. Özümü eyvana atdım. O, indicə gəlib çatmışdı. Hüseyni bağrına basıb hönkür-hönkür ağlayırdı.
Atası və bir neçə qohumu onu sakitləşdirməyə çalışsalar da, özünü ələ ala bilmirdi. Gözü mənə sataşanda daha da kövrəldi. Mən pilləkəni yüyrək enib ağlaya-ağlaya ona sarıldım.
İlkin alnımdan öpdü. Onu boğan qəhərdən güclə dillənə bildi:
– Gəlinbacı, mən tanıdığım Elşad son damla qanına qədər mübarizə aparıb dirənər ki, nəyin bahasına olursa-olsun sizə qovuşsun! Belə asanlıqla ölümə təslim olmaz! İnanmıram bu xəbərə! Bilirəm ki, qayıdacaq! Mənim qardaşım zəif iradəli deyil! – deyə-deyə dönə-dönə Hüseyni öpdü. – Can dədə! – Uşağın dilindən bunu duyanda təkrar hönkürdü. – Sənin adına da, özünə də qurban olum, adın Hüseyn atana kömək olsun! Gələcək ata!
İlkin gələndən Hüseyni qucağından yerə qoymurdu. Onu bağrına basıb tez-tez öpdüyünü, həyətdə gəzdirdiyini görürdüm.
Həmin gecə qayınatamın telefonuna gələn qəfil zəng hamını heyrətdə qoydu. Elşad tapılmışdı. Yaralı idi və hərbi xəstəxanaya göndərilmişdi.
İlkinlə atası dərhal çıxdılar, gecə ilə yola düşdülər.
11-ci bölüm
Elşad hələ xəstəxanada ikən onun üçün deyilən qurbanlar kəsildi, nəzir-niyaz paylandı.
Tezliklə Elşadın başına gələnləri öyrəndik.
Üç gün davam edən gərgin döyüşlərin sonuncu günü Elşad yaralanmış zabit yoldaşını xilas etmək üçün onun dalınca gedəndə pulemyot atəşinə tuş gəlmiş, ayağından iki yerdən yaralanmışdı.
Həmin gün o özüylə bərabər yaralı silahdaşını gətirirmiş. Yarı yolda zabit dünyasını dəyişib. Buna baxmayaraq Elşad yoldaşını orada atıb gəlmək istəməyib. Qüvvəsi tükənənə kimi sürünə-sürünə bu vəziyyətdə xeyli irəliləyib.
Lakin özü də yaralı olduğu üçün və qan itirdiyinə görə bir qədər sonra huşunu itirib, hərəkətsiz qalıb.
O, tapılanda demək olar ki, sayılı nəfəsi qalıbmış. Dərhal Bakıya hərbi hospitala yola salınıb.
Bizə isə onun tapılması barədə məlumat bir qədər gec çatmışdı.
İlkin həkimdən duyduqlarını gəlib bizə danışırdı. Həkim belə ciddi yara ilə Elşadın bu qədər vaxt davam gətirdiyini, sağ qaldığını yalnız bir möcüzə hesab edirdi.
Günlər sonra o özünə gələn kimi ilk olaraq Hüseyni soruşmuşdu.
***
Artıq bir müddət idi ki, Elşad hospitalda yatırdı. Yaraları ona bərk əziyyət verirdi. Ağrıkəsicilər vasitəsilə ağrılara tab gətirməyə çalışırdı. Hələ xeyli müddət normal yerimək haqda düşünməməli idi. Evə çıxandan sonra da uzun müddət müalicə alacaqdı.
İlkin vaxtaşırı ona baş çəkməyə gedirdi. Hər gedişində də Elşad ondan Mələklə Hüseyni soruşur və eyni cavabı alırdı. Növbəti dəfə Elşad İlkinin yenə də Hüseynsiz gəldiyini görəndə artıq səbrinə hakim ola bilmədi. Canının ağrısına həsrət də əlavə olunduğu üçün hirsini İlkinə tökdü.
– Sən məndən nə gizlədirsən? Mən eyni sözü eşitməkdən yoruldum, sən eyni sözü dilinə gətirməkdən yorulmadın? Haradadır Mələklə uşaq?
– Evdə. Hər şey öz qaydasındadır, narahat olma. Fikirləşdim uşaq narahat olacaq, ona görə gətirmədim.
– Get, çağır həkimi bura, mən evə getmək istəyirəm! – Elşad əsəbi bir hərəkətlə qolundakı sistem şlanqının iynəsini damarından dartıb çıxartdı. – Çağır deyirəm!
– Dayan bir, a kişi, dəli olmusan? – İlkin özünü itirdi. Elşadı zorla yerində saxladı. – Sənə qalxmaq olmaz!
– Bu gedişlə dəli olacam, bəli! Çünki sən məni başa düşmürsən! Ürəyim partlayır uşaq üçün. Necə başa düşəsən e, məni?
– Sakit ol, özünü ələ al. Gedib gətirərəm, görərsən ikisini də.
– Bir neçə saat vaxt verirəm sənə! Qayıt rayona, götür gəl! Yoxsa baxmaram vəziyyətimə, özüm qalxıb gedərəm! – Elşad çılğın baxışlarla qardaşına baxıb, xəbərdarlıq etdi.
İlkin tibb bacısına vəziyyət barədə xəbər verib, Elşadla maraqlanmasını istədi. Elşaddan gizlin ona pıçıldadı:
– Bir iynə vurun buna, yatsın, – deyib narazılıqla başını buladı. – Allahdan dəlinin biri idi, bu əməliyyatlar bir az da dəli elədi.
***
Elşadı görmək üçün ürəyim uçunurdu. Həsrətindən dəliyə dönmüşdüm.
İlkindən məni də özüylə xəstəxanaya aparmasını xahiş edəndə o: “Hələ məsləhət görmürəm, gəlinbacı. Ağrıları çoxdur, iynə vurub yatızdırırlar. Təsəvvür elə də, əsəbi adam, bir az da əsəbi olub. Bir balaca özünə gəlsin, gedərik” – demişdi. Mən də daha israr etməyi lazım bilməmişdim.
Həmin gün İlkin Elşadın yanından gəlmişdi. Qapıdan içəri girən kimi mənə:
– Ərin dəliyə dönüb! Mənə o söz qalmadı ki, deməsin. Gətir Hüseyni, aparım görsün. Yoxsa mənim aqibətim pis olacaq! – dedi. Sonra diqqətlə məni süzüb soruşdu. – Getmək istəyirsən sən də?
Artıq dözümüm tükəndiyi üçün “hə” mənasında başımı tərpətdim.
Təxminən bir saat sonra yola düşdük.
Hospitala çatanda girişdə Elşadın dostu Natiqlə rastlaşdıq. Elşadın yanından gəlirdi. İlkinlə əl-ələ görüşdü. Hüseyni öpüb, hal-əhval tutduqdan sonra bizdən ayrıldı.
Elşaddan xəbər gözlədiyimiz o ağır günlərdə Natiqin həyətdə bir kənara çəkilib hönkürtü ilə için-için ağladığının dəfələrlə şahidi olmuşdum. İndi oğlanın rəngi durulmuşdu, əhval-ruhiyyəsi yüksək idi.
Biz palataya girəndə Elşadın damarına iynə vururdular. Gözü yolda olduğu üçün qapı səsinə dərhal çevrildi. Gözləri gözlərimə sataşan kimi bütün bədənim yarpaq kimi əsdi. Ürəyim şiddətlə vurmağa başladı.
İlkin qucağındakı Hüseyni Elşada tərəf apardı:
– Bu da Hüseyn kişi! Gəlib atasına baş çəkməyə!
Tibb bacısı işini görüb qurtaran kimi Elşad əliylə İlkinə uşağı ona verməyi işarə etdi. Hüseyni qollarının arasına alaraq həsrətlə öpüb, qoxuladı. Arada fürsət tapıb mənə də baxdı.
İlkin bizi tək qoymaq üçün palatadan çıxdı.
Özümdə qüvvə tapıb ona doğru getdim.
Elşad bir qolunun üstə Hüseyni qoyub, o biri qolunu mənə tərəf açdı. Kövrəlib ona nə vaxt sarıldığımı bilmədim. Hönkür-hönkür ağladım. Ürəyim necə dolub qabarmışdısa hələ-hələ boşalan deyildi. Göz yaşlarım selə dönmüşdü. Onu gördüyümə həm sevinir, həm də Elşadın bu halına-vəziyyətinə dözə bilmirdim.
Tərpədə bilmədiyi yaralı ayağına, qollarının, əllərinin torpağın üstündə sürünməkdən kol-kosda, daş-kəsəkdə kəsilmiş, cırılmış yerlərinə baxdıqca daha da kövrəlirdim.
Elşad diqqətlə məni süzüb:
– Səni görəndə tanıya bilmədim, – dedi. – Həmin Mələk deyilsən.
– Səndən xəbər tutmadığımız günlər asan keçmədi.
Elşad uzun, dərin bir baxışla gözlərimin içinə baxdı. Qısa sürən bu sükutda yalnız baxışlarımız danışdı. O, marağını boğa bilməyib soruşdu:
– Necə gəlib çıxdınız rayona? Atam gətirdi?
Gözlərimi Elşadın gözlərindən ayırmadan başımı yüngülcə tərpətdim.
O, bir qədər fikirli göründü. Daha bir neçə sual verdi və mən cavablandırdım.
Hüseyn dinc dayanmırdı. Atasının yaralı ayağına toxunmasın deyə yerimdən qalxıb onu Elşaddan aldım. Bu zaman Elşad baxışlarını qəfildən qarnıma zillədi. Və məsələdən hali olub, tutulub qaldı. Dərin köks ötürdü:
– Elşadın ucbatından biri də qurban getdi? – Bunu deyib, dodaqlarını bir-birinə sıxdı. Gərgin göründü.
Mən Hüseyn qucağımda təkrar öz yerimə oturaraq məyus halda:
– Qismət deyilmiş, – dedim. – Allahım onun əvəzində səni yenidən mənə qaytardı! – Əlimi Elşadın saçlarında gəzdirə-gəzdirə əlavə etdim. – Bizi bir də həsrətində qoyma! Mənim daha qüvvəm qalmayıb qorxu-həyəcan keçirməyə!
Elşad başımı sinəsinə sıxdı. Saçlarımdan öpdü.
***
Günlər, həftələr keçdi.
Hospitaldan çıxmasına bir neçə gün qalmış onu həmişə ziyarətə gedən atası bu dəfə bir başqa məqsədlə getmişdi. Palatada ikisi qalanda Əli oğlu ilə açıq söhbətə başladı:
– Bilirəm, sağalıb ayağa qalxan kimi yenə üz döndərib gedəcəksən. Bilinmir bir də nə vaxt görəcəyik üzünü.
Elşad baxışlarını yerə dikib dillənmədi. Əli onun üzündəki ifadəni izləyə-izləyə sözünə davam elədi:
– Bu məsələdə hamımızın səhvimiz, günahımız var. Heç birimiz günahsız deyilik. Mənim bir böyük kimi səhvim var, bunu yaxşı bilirəm və ağrısını da çəkirəm. Amma sənin də bir oğul kimi səhvin çoxdur. Özün də gözəl bilirsən. Buna görə sənə bəraət qazandıra bilməsəm də, bir kişi kimi həmişə haqq vermişəm. Çünki doğru olanı sən etdin, biz yox. Amma gəl, hər şeyi qoyaq bir kənara. Nə olubsa unudaq getsin. Hüseynə xatir bunu edək.
Qaşları düyünlənmiş Elşadın səsi çıxmadı.
Onun sükutu ürəyindəki sözləri dilinə gətirməsi üçün Əliyə fürsət verdi:
– Düzdür, bala arasında fərq qoymaq mümkün deyil, hamısını eyni məhəbbətlə sevirsən, amma mən həmişə səni üstün saymışam o biri balalarımdan. Sənə dikmişəm gözümü. Sənə güvənmişəm. Çünki səni oğul yox, qardaş bilmişəm özümə. – Əli sözünə ara verib, daxilini talan edən dərin bir köks ötürdü. Sonra yenidən davam elədi. – Zeynaldan mənə oğul olan deyil, hamımız bilirik bunu. İlkin də ki, hələ uşaqdır. Düşüncəsi, həyata baxışı sənin qədər ola bilməz. Bilmirəm nə qədər ömrüm qalıb. Amma nə qədər qalıbsa, icazə ver onu nəvəmlə keçirim. Məni Hüseyndən məhrum eləmə.
Elşad gərginliklə köks ötürdü, amma yenə dillənmədi.
– Sağal, qalx ayağa, get işinin dalınca. Amma Hüseyn də, gəlin də bizimlə qalsın. Nəyim varsa Hüseynindir. Bunu bir nəfər kimi hamısına demişəm, xəbərdardırlar. Sənədlə, imzamla da təsdiq edəcəyəm.
Bayaqdan sükut içində atasını dinləyən Elşad sözün bu yerində səbir edə bilmədi. Soyuq səslə:
– Bu qədər dərinə getməyə ehtiyac yoxdur, – dedi.
– Qulaq as. Axıra kimi dinlə məni. Əlbət mən nə etdiyimi, nə dediyimi çox gözəl bilirəm.
Elşad özü də hiss etmədən atasının sözünü kəsdi:
– Mən mal-mülk qarşılığında sizinlə sövdələşib o qapıdan içəri girəcəyəmsə, ölsəm bundan yaxşıdır. Mənim o evdə bir çöp dənəsində belə gözüm yoxdur, bunu sizə dəfələrlə demişəm. Sadəcə məni düz başa düşmənizi və sakit həyat istəyirəm. Ayrı heç nə ummuram.
– Hər halda mən sənin atanam. Əbəs danışmıram. Buna rəğmən məndən üz döndərirsənsə yenə də sağ ol, Allah canını sağ eləsin.
Elşad baxışlarını yerə dikib, fısıldadı. Atası qısa sükutdan sonra sözünə qaldığı yerdən davam etdi:
– Bir söz deyim, yaxşı-yaxşı fikirləş: heç kəs bu dünyanı tutub gedən deyil, hamı vaxtı-vədəsi çatanda köçəcək bu dünyadan. Amma mən öləndə mənim meyitimi oğlanlarım ola-ola özgələr yerdən götürəcəksə, oğlum yad adam kimi yasıma gələcəksə, mənə belə oğul lazım deyil. Diri ikən sözüm yerə düşürsə, mən öləndən sonra mənə yas saxlamağının, qəbrimin üstünə gəlməyinin bir mənası yoxdur.
Bu sözlərdən sonra Elşadın üzü tutqun ifadə aldı. Daha bir söz demədi.
(Ardı var)