Firuzə DAVUDQIZI
Nə dediyimi duymamış kimi çəkinə-çəkinə ehtiyatla salam verdi.
Açıq eyham vurdum:
– Sən mənimlə salamı çoxdan kəsmisən. Nə üzlə, nə cürətlə qarşıma çıxıb məni dindirirsən?
– Bəlkə bir az mülayim olaq? Qarşımızdakı insanı dinləməyi bacaraq. Əlbət mənim də əsaslı səbəblərim vardı.
– Heç bir izaha ehtiyac yoxdur. Çünki artıq bir mənası qalmayıb. Bir də qətiyyən qarşıma çıxma!
Bunu deyib palatadan çıxmaq istəyəndə o, çevik tərpənib qoluyla qapını tutdu, yolumu kəsdi:
– Mən sənə pislik eləmərəm, narahat olma.
– Sən mənə pisliyi 7 il bundan əvvəl eləmisən! Bundan artıq nə edəcəksən? Gözümdən çıxan hər damla yaşda günahkar sənsən!
Sözlərim onu necə tutdusa ixtiyarsız olaraq köks ötürdü. Gülnarə ona getməsini işarə etdi. Amma o, yerindən tərpənmədi. Bir gözü boynumdakı Elşadla mənim adımın baş hərflərinin yazıldığı boyunbağıda:
– Nəyə ehtiyacın olsa, sənə və uşağa dəstək olmağa hazıram, – dedi.
– Bizim sənin dəstəyinə ehtiyacımız yoxdur. Və sənin də bizim qayğımıza qalmaq üçün bir səbəbin yoxdur! Əmim oğlu, qardaşım, qaynım, yaxud bir yaxınım deyilsən. Bizə dəstək olmağa kifayət qədər yaxınlarım var. Sən Elşad ola bilməzssən. Özünü yorma.
– Haqlısan, mən kiminsə sevdiyinə zor gücünə sahiblənmərəm. O isə bunu gözəl bacarır.
Kinayəsi, eyhamlı sözləri məni özümdən çıxardı. Necə odlandımsa artıq kiminsə eşidə biləcəyini də nəzərə almadım. İllərdən bəri yığılıb qalan bütün nifrətimi, acığımı ağır şillə kimi bir-bir üzünə çırpdım:
– Sən hansı sevgidən danışırsan? Sən sevgini çoxdan mala-mülkə dəyişmişdin! İndi gəlib heç nə olmamış kimi gözlərimin içinə baxa-baxa özünə bəraət qazandırıb mənə eşqnamə oxuma! Onun səndən fərqli olaraq sevgisini etiraf etməyə və sahiblənməyə gücü, cəsarəti çatdı. Sözünün üstündə durdu. Fərqi yoxdur nə formada. Əsas odur heç nəyə boyun əymədi. Mübarizə aparmağı bacardı. Sevdiyini yarı yolda buraxmadı. Sənsə hünər edib bir kəlmə sözü belə mənə etiraf etməyə cəsarət tapmadın. Bilirsən, əslində sənə minnətdar olmalıyam, sənin vəfasızlığın olmasaydı, mən Elşad kimi bir insanı bu həyatda tanımayacaqdım. Buna görə çox sağ ol. Allahın sevdiyi bəndələrindən imişəm, məni sənə qismət etməyib.
– Hardadır ərin indi? – O, əsəbi tonda sözümü kəsdi.
Onun bu cürətkarlığı, verdiyi sual yaramın üstünə duz basdı sanki. Acıqla onu süzüb dedim:
– Ərim topun-tüfəngin qabağında! Erməniyə güllə atır! Sənin kimi kefdə-damaqda deyil!
– Nə bilirsən mən kefdə-damaqdayam? Mənim həyatıma nə dərəcədə bələdsən?
Nifrətlə onu süzüb dillənmədim. Rüfət odlana-odlana sözünə davam elədi:
– Hərənin öz peşəsi, öz işi var. Vaxtilə mən də öhdəmə düşəni etmişəm. Mən də xidmətimi edib, qayıtmışam. Günahkaram ki, ticarətçiyəm? O, hərbini seçib, mən biznesi!
– Bunu bilmək çətin iş deyil! – Mən onun imkanını, yaxşı həyat tərzini nəzərdə tutdum.
– Hər şeyi pul həll eləmir! – deyən Rüfətin acı təbəssüm gəzdi dodaqlarında. – Həyatda elə şeylər var ki, milyonlar xərcləsən belə əldə edə bilməzsən!
– Haqlısan! Kasıbın təmiz sevgisini əliylə kənara itələyib, öz xoşbəxtliyini imkanlının var-dövlətində görən oğlanlar üçün həqiqətən də belədir!
Bu sözlərim bir xəncər kimi Rüfətin qəlbinə saplandı. O an onun üzündəki ifadəni təsvir etmək mümkün deyil.
Mən kasıb qızı idim. Amma o, imkanlı bir adamın qızını almışdı. Buna görə sözlərim onu tutdu. Yenə yanıb yaxıla-yaxıla köks ötürdü. Bunu fürsət bilib, bir zərbə də endirdim:
– Neçə ildən sonra bu gerçəyi dərk edə bildin – pulla xoşbəxtliyi satın almağın mümkün olmadığını? İkinci uşaqda?
Dillənmədi. Gözlərini əzab içində sıxdığını gördüm. Gülnarə də məyus halda başını önünə əymişdi. Amma altdan-altdan Rüfəti süzür, onun davranışlarını izləyirdi.
Susmadım. Özümü elə aparırdım ki, guya heç Elşadın başına bir iş gəlməyib. Onun qarşısında sınmaq istəmirdim.
– Hüseynin atası sən deyən imkana sahib deyil. Bizi normal saxlaya bilmək üçün səngərdə ölümü hər an başının üstə hiss edə-edə pul qazanır. İşi çətindir. Hər kişinin girəcəyi kol deyil! Xasiyyəti də çox ağırdır! Dil tapmaq, yola getmək çətindir. Amma mən onun ölüsünü belə ayaqlarımın altına xəzəl kimi tökülən milyonlara dəyişmərəm! Çünki o, kişi kimi kişidir! Pul üçün heç kimə əyilməz! Hətta doğma atasına belə! Ac qalar, amma qürurunu sındırmaz! Bilirsən əvvəl necə səhvlər eləmişəm? Bunu özümə bağışlaya bilmirəm. Sənin eşqin başımda dolananda mənim gözüm onu görmürdü! Onun olmuşdum, amma ona haqsızlıq edirdim. Halbuki sən başqasını çoxdan qoynuna almışdın! Məni çoxdan əzib keçmişdin! Mənsə axmaq kimi sənin yasını saxlayıb, həyatımı cəhənnəmə çevirməklə məşğuldum! Amma onu tanımağa başladıqca müsbət xüsusiyyətləri, yəni hər kişidə rast gəlinməyən mərdliyi, dürüstlüyü, – bu sözləri xüsusi vurğu ilə dedim, – sözü bütöv olması məni özünə bağladı! Çünki onda özümü tapmışam!
Rüfət onu mühakimə etməyimə daha davam gətirə bilmədi. Üsyankar bir səslə etirazını bildirdi:
– Mən pula görə kiməsə satılmamışam! Nə qazanmışamsa, hamısını əziyyət çəkib qazanmışam. Heç kəsin mənim qazancımda qara qəpiyi də yoxdur! Bilmədiyin çox şey var!
– Mən artıq sən barədə heç nə bilmək istəmirəm! Çünki sən məni zərrə qədər maraqlandırmırsan! Başa düşdün? Mənimçün indi yalnız bir Elşad var, bir də oğlumuz Hüseyn! Vəssalam!
Rüfət pərt ifadə ilə gözucu Gülnarəni süzüb, mənə eşitdirdi:
– Bircə bunu bil, yetər mənimçün. Mən səni təmiz məhəbbətlə sevmişəm, əsla oyun oynamamışam! Alınmadı, qismət olmadı, amma bilməyini istədiyim həqiqət budur!
Bunu deyib palatanı tərk elədi.
Məzəmmətlə Gülnarəni süzərək:
– Özümü lap… – Sözümün gerisini gətirməyib, baxışlarımla onu qınadım. – Bilirsən də, necə hiss elədim.
Gülnarə sözümün mənasını göydə tutdu. Ağzını açıb nəsə demək istəyirdi ki, bu vaxt anam içəri girdi.
Bir qədər sonra əmim məni kənara çəkib qayınatamın evinə qayıtmağımı məsləhət bildi.
– Sən orada olmalısan! Gedək evə, uşağı götür, aparım səni evinə. Ataya görə narahat olma. Sağalacaq.
Mən əmimin sözündən çıxa bilməyib razılaşdım. Çox istəsəm də atamı görə bilmədim. Əmimi maşında gözləmək üçün aşağı enmək istədim. Pilləkənlərə doğru getdiyim zaman tini burulanda gözlərim heyrətdən böyüdü. Tez geri çəkilib, divara qısıldım. Gələn adamı tanımışdım. Bu, Rüfətin böyük qardaşı HİKMƏT idi.
Onlar pilləkənüstü meydançada dayanmışdılar. Bilmədim onların burada nə işi vardı, xəstəxanaya niyə gəlmişdilər, amma Hikmət necə əsəbləşib coşmuşdusa harada olduqlarını nəzərə almadan əl-qolunu ölçə-ölçə hiddətlə ona deyirdi:
– Sənin ağlın çaşıb? Ağzından çıxanı qulaqların duyur? Yox, sən dəqiq başını itirmisən! Səni tanıya bilmirəm! Bizi heç düşünürsən?!
Rüfət dillənmədi. Hikmət məzəmmətlə qardaşını süzüb, yenidən sual verdi:
– Həmin qızdır, hə? Bilirəm, odur! Yenə ağlın çıxıb başından! Başqasına arvad olub, amma sən hələ gözünü yığmamısan ondan! Neçə illərdir onun kinini aparırsan bizimlə! Ailən bir yana, o qız bir yana!
Rüfətin yenə səsi çıxmadı.
– Nə var ki, bizim istəyimizlə evlənmişdin, bir xoş gün göstərmədin o ömrü gödəyə. Sağlığında da sənin şillənin-yumruğunun altında əzildi. Bizə olan acığını o fəqirdən çıxdın həmişə!
Rüfət sözün bu yerində sükutunu pozdu:
– Deməli, boynunuza alın ki, məni də bədbəxt elədiniz, onu da! Mənimki yaşamaq olmayıb bu keçən illərdə! Sürünmüşəm! Əzab çəkmişəm! Sizin sözünüz yerə düşməsin deyə həyatımı qaraltmışam! Heç biriniz məni başa düşmədiniz! – Qınaq dolu bir səslə üsyan etdi. – İnsan kimi yaşamaq mənim haqqım deyildi? Niyə həmişə ailənin adını, müqəddəratını mən düşünməliyəm? Niyə bəs bu sizinçün keçərli deyil? Həyatınızı istədiyiniz adamla, istədiyiniz kimi qurmusunuz! Atam infarkt keçirmişdi, əl-qolumu bağladınız, mənə mane oldunuz!
Mən əlimlə ağzımı möhkəmcə tutub səssiz dayanmışdım ki, burada olduğumu hiss etməsinlər. Duyduqlarım məni yerimdə dondurmuşdu. Hikmət danışa-danışa bir az da gərilirdi:
– Adə, ay qanmaz! Sənin neçə yaşın var? Tutduğun əməlin fərqinə varırsan? Bir dərk edirsən ki, buna görə adama nələr edərlər? Sən kimisə qeyrətsiz hesab edirsən? Heç fikirləşirsən ki, həmin kişi bunun əvəzini səndən necə çıxar? Bu da toyda çıxardığın hoqqa deyil! Sənə görə eşitmədiyim söz qalmadı. Bəsdir, yığış, otur yerində! Elə et ki, bu rayonda başıdik gəzə bilək!
Hikmətin bu sözləri yadıma Elşadın dostu Natiqlə telefonda gərgin halda etdiyi söhbəti saldı. Həmin o söhbətdə Elşad Hikmətin də adını çəkmişdi. Mənə indi aydın oldu. Demək, Elşad Rüfətdən bəhs edirdi və onlar toyda rastlaşmışdılar. Bəlli ki, bu təsadüf heç yaxşı nəticə verməmişdi.
Hikmətin səsi məni fikirdən ayırdı. Bu günədək bilmədiyim daha bir sirrin üstünü açdı:
– O oğlanın qardaşı ilə çörək kəsmisən. İlkinə qardaş deyirsən. Heç yaraşır? Düzgün işdir?
Gözlərim heyrətdən iriləndi. İlkinlə Rüfət dost imiş.
– Evlənmək istəyirsən, gözlə yoldaşının ili çıxsın, hansı qıza əlini uzatsan, gedib alaq. Daha bu biabırçılığa ehtiyac yoxdur. 7 il az müddət deyil e. O qadın sənin həyat yoldaşın olub. Uşaqlarının anası olub. Dirisinə hörmət qoymadın, heç olmasa ruhuna hörmət elə! Ata-anasını fikirləş. 6 aylıq o günahsız körpəni düşün. Ana üzü də görmədi. Sən bu qədər özünü unutmusan?
Mən duyduğum sözlərdən Rüfətə hiddətləndiyim halda, həm də sarsılmışdım. Rüfətin həyat yoldaşı, deməli, 6 ay bundan əvvəl uşaq dünyaya gətirərkən rəhmətə gedibmiş.
Amma qardaşı haqlı idi. Bu vəziyyət belə ona öz istədiyini etməyə əsas vermirdi.
Daha burada dayanmadım. Yolumu dəyişib bir başqa çıxışdan xəstəxananın həyətinə endim. Keçib əmimin maşınında əyləşdim. Hələ də duyduqlarımın təsiri altında idim.
(Ardı var)