Aynur MƏSİMOVA (TƏMKİN)
– Şahanə xanım… – Kim idisə səsi tanış gəldi. Çevrilib baxanda Zöhrə xalanın bacısı oğlunu tanıdı.
– Salam. Buyurun, – deyib gözlədi.
Fariz gözləri axa-axa qadını çılğın nəzərlərlə süzdü. Şahanə ona xoş gəlməyən baxışlardan üşürgələndi. Ürəyi anlaşılmaz, narahat bir halda titrədi.
– Şahanə xanım, mənim sizə deyəcək sözüm var. Bəlkə yaxınlıqdakı parkda oturaq söhbət edək. İki dəqiqə vaxtınızı alacam.
Şahanə oğlanı diqqətlə süzdü. Təklifin onun xoşuna gəlmədiyi baxışlarından bəlli olurdu:
– Nə sözünüz varsa burada deyin. Mənim parka getmək niyyətim yoxdur. Buyurun, sizi dinləyirəm.
Fariz bəlkə ömründə ilk dəfə bir qadının qarşısında aciz qalmışdı. Şahanə açıq-aydın narazılığını büruzə vermişdi.
– Şahanə xanım, onda söhbətə birbaşa keçəcəm. – Fariz dərindən nəfəs aldı. – Mən anamı sizə göndərmək istəyirəm.
Şahanə əvvəlcə nə deyəcəyini bilmədi, sonra yavaş-yavaş özünü ələ aldı. Həyəcanını ört-basdır etmək üçün barmaqlarını ovuşdurdu:
– Kimsə qonaq gəlmək istəyirsə, bunun üçün icazəyə ehtiyac yoxdur.
– Şahanə xanım, mən anamı sizə elçi yollamaq istəyirəm. Sizinlə evlənmək, yuva qurmaq, qızınıza atalıq etmək istəyirəm. – Heç özü də bilmədi birnəfəsə o sözləri neçə söylədi.
Şahanə gözləmədiyi xəbərdən bərk pərt oldu. Yenidən evlilik təklifi eşitmək ona ağır təsir bağışladı. Sanki dünya-aləm başına fırlandı. Özünü birtəhər ələ alıb sərt baxışlarıyla Farizi süzdü:
– Əgər qonaq bizə bu niyyətlə gəlirsə, onda bizim qapımızı heç bir qonaq açmasın. Sizə kim dedi ki, mən yenidən evlənmək, ailə qurmaq istəyirəm? Mənim ərə, qızımın da ataya ehtiyacı yoxdur. Kiminsə qəlbini qırmaq, xətrinə dəymək istəmərəm. Amma bu halda onu da edərəm. Bu söhbət burada qalsın, bir də açılmasın.
Farizin Şahanədən asanlıqla əl çəkmək niyyəti yox idi. O, başına bir fikri yeritmişdisə, buna nail olana qədər dinclik tapa bilməyəcəkdi.
– Şahanə xanım, o dəqiqə silib atmayın. Siz gənc, gözəl qadınsınız, mən də gözəl, sağlam bir kişiyəm. Sizin ailəyə, mənim də sizin kimi gözəl xanıma ehtiyacım var.
Şahanənin halı bərbaddı. O, deyilən sözlərdən nəticə çıxartmayan insanlardan həmişə uzaq qaçır, onlardan qorxurdu. İndi yaxşı tanımadığı bir adamın onun qarşısına keçib bu qədər sərbəst danışması qadının əsəblərinə toxunurdu. Şahanə əsəblərini çilovlaya bilməyəcəyindən ehtiyatlandı:
– Mənə baxın, axı mən sizə dedim ki, elə niyyətim yoxdur. Heç kim – nə siz, nə başqa biri bu adla mənim qarşıma çıxmasın. Zöhrə xalaya hörmətimdən sizin xətrinizə dəymədim. Amma sizdən çox xahiş edirəm həddinizi bilin.
Şahanə son sözlərini qəzəblə pıçıldayıb əsəbi halda oğlanın yanından uzaqlaşdı.
Fariz bunu gözləmirdi. Bu günə qədər qadınlara o “yox” demişdi. İndi Şahanənin danışığı onun qürurunu yaralamışdı. Lakin bu da onu dayandıra bilməyəcəkdi. Tez-tələsik telefonu çıxardıb xalasına zəng etdi, ondan evlərinə gəlməyi xahiş etdi.
Zöhrə xala da, Mahizər arvad da çaşıb qalmışdılar. Bu eşqi Farizin başından çıxarmağa çalışsalar da oğlan Nuh deyib, peyğəmbər demirdi.
– Ana, bax, sizə deyirəm. Elçi gedirsiniz, o qızı mənə alırsınız. Atamı da yola gətir. Uşağa gəlincə, narahat olma, o işi də yoluna qoyacam. Siz əsas Şahanəni ad edin, yetər.
Mahizər arvad oğlunun inadı qarşısında çaşmışdı. O, dul qadını evində buyurmaq, çağırmaq istəmirdi. Hələ yanı uşaqlını heç istəmirdi. Ana:
– Ay bala, bu qədər vaxtda könlünü bir kimsəyə vermədin. İndi nə oldu boşanmış qadına aşiq oldun? – deyə dərindən ah çəkdi. – Bala, bu boyda şəhərdə qız qəhətdir ki, sən boşanmış adama könül verirdin? Kişiyə indi mən nə deyəcəm? Bilsə söyüb sulayacaq.
Arvad az qala özünü çırpıb ağlayası olmuşdu. Bir yandan da kişisinin xofu onu öldürürdü.
Ərinə söhbəti açanda Müzəffər kişi bir anlıq fikrə getsə də sonra arvadının üzünə güldü:
– Ay arvad, əsas könlü tutan olsun. Bizə nə lazımdır? Sözləri bir-biriylə tutsun, xoşbəxt olsunlar, bəsdir. Nə lazımdır, necə lazımdır et. Ay mübarək olsun!
Müzəffər kişi bunu deyib iştahla yeməyə girişdi. Mahizər arvad mat-məəttəl bacısına baxdı. Amma kişisinin qorxusundan daha bir kəlmə söz demədi.
Kamilə eşitdiyi xəbərdən şaqqıldayıb güldü. O qədər sevindi ki, az qaldı rəqs etsin:
– Az, mən ölüm doğru deyirsən? Sən Allah, sənə kim dedi? Bax, papa canı, kiməsə deməyəcəm. Arxayın ol. Ox, gör nə heyif çaxacam bunlara. Ox, ox. Canıma dəysin. Mənə dediyi o sözlərin heyfini gör alıram ondan, ya yox. Sən hələ bir dayan.
Gülpəri əlindəki çiçək dəstəsini gətirib güldana qoyanda Kamilə ikrahla onu süzüb gülməyə başladı. Qadın gəlininə fikir vermədən işinə davam etdi. Lakin xoşagəlməz bir hiss qəlbinə dolub onu üşürgələndirdi.
– Az, çox tərifləyirdilər. Amma nə yaxşı oldu. Bəlkə o getsə mən arxayın nəfəs alaram. Küçüyünü də aparsa, hələ bu şəhərdən rədd olub getsə, lap gözəl olar.
Kamilə Raufun gəldiyini görüb dəstəyi asdı. Divana əyləşib ayaqlarını bir-birinin üstünə aşırdı. Mənalı-mənalı Raufu süzdü. Lakin ərinin onu vecinə almadığını gördü. Kamilə gəlib Raufun qarşısında durdu. Raufun əhvalı yoxdu. Qaşları düyünlənmiş halda bərk fikirləşirdi. Arvadının ona nəsə deməyə çalışdığını gördüyü halda dinmirdi.
Gülpəri otağa girib oğlunu bir xeyli süzdü. Raufun çuxura düşmüş gözləri içini dağladı. Arzu gəlin köçəndən Rauf evə gecəyarıdan tez gəlmirdi.
– Xoş gəldin, bala! – deyə oğlunu səslədi. – Nə yaxşı bu gün evə tez gəlmisən, ay oğul. Arzu köçəndən bu evdə ata-ananın olduğunu lap unutmusan sən.
Rauf anasını görmürmüş, eşitmirmiş kimi lal-sakit dururdu.
– Rauf, – anası təlaşla onun qolunu çəkişdirdi, – dillənsənə, ay bala. Adamı qorxuzma. Nə olub elə?
Bayaqdan onları qıraqdan seyr edən Kamilə bərkdən şaqqıldadı:
– Nə əcəb sən hələ bilmirsən, ay qaynana?
– Nəyi? – Arvad Kamiləyə baxdı.
Kamilə iştahla əlini-əlinə vurub güldü:
– Ay, ay, ay. Doğrudan bilmirsən? Yoxsa sevimli gəlinin namını yerə vermək istəmirsən?
Gülpəri Şahanənin adını eşidib daha da maraqlandı:
– Bala, nə sözü saqqız kimi çeynəyə-çeynəyə durursan? Şahanənin bu işlərə nə dəxli var?
Rauf da Şahanənin adını eşitcək dərin fikirlərindən ayrılıb Kamilənin üzünə baxdı. Arvadının söyləyəcəyi söz ona da maraqlı gəldi:
– Ha-ha-ha! Sən Allah, yaxşı. Artistlik eləməyin. Bax, bax sən hələ. Elə də baxırsan ki, ay Rauf bəy. Yoxsa sevimli Şahanənin nə elədiyindən xəbərin yoxdur sənin?
Rauf əsəbi halda qadının üzünə baxdı:
– Bura bax. Nə sarsaq-sarsaq danışırsan. Açıq de görüm nə deyirsən.
Kamilə Raufun bu məsələdən xəbərsiz olduğunu anladığı an dişi pələngə döndü. Elə şaqqanaq çəkdi ki, yerində donaraq onun nə deyəcəyini gözləyən Gülpəri diksindi.
– Demək bilmirsən? Olsun. Mən bu xəbəri sənə sevə-sevə deyəcəm indi. Amma su iç. Hazırsan? – Qalib nəzərlərlə ana-balanı süzdü. – Sənin sevimli Şahanən çox qızların ağlını başından alan gözəl bir oğlanla eşq yaşayır. Tezliklə, da-da-dam! Deyirlər ki, toy olacaq. Şahanə xanım ərə gedəcək. Qızı da ona yengəlik edəcək. Toy gecəsi anasının şamını tutacaq. Hə, necədir, xəbərim xoşunuza gəldi?
Raufun qulaqları cüyüldədi. Rəngi bir andaca ağardı, tükləri biz-biz durdu. Eşitdiyi söz o qədər sərrast bir atışla hədəfə dəymişdi ki, özünü, sözünü, ətrafı unutdu. O, Kamiləni bu gün yerində oturdub, dərsini verəcəkdi. Lakin tam tərsi oldu. Kamilə onun iç dünyasını bir andaca təlatümə gətirib, yenidən altını-üstünə çevirdi. Çaşqınlıq içində anasına, sonra Kamiləyə baxdı. Kamilənin qələbə dolu baxışları ağlını başına gətirdi. Qadının üzərinə yeriyib onun boğazından yapışdı. Möhkəm barmaqları ilə boğazını sıxdı:
– Nə dedin sən? Bir Şahanənin namusuna dil uzatmağın qalmışdı. Ədəbsiz! Bu qədər də yalan olarmı?
Kamilə qorxudan gözləri hədəqədən çıxmış halda boğularaq oğlanın əlindən çıxmağa çalışdı:
– Papamın canına and olsun, doğru deyirəm. Burax, əclaf. Get gündə bir lotuyla gəzib, axırda birini caynağına keçirdən qəh… boğ. Burax deyirəm. İnanmırsan get yoxla. Şahanənin təzə lotusunun adı Farizdir. Özü də bankda şöbə müdiridir.
– Yalan deyirsən sən. Şahanə heç vaxt bunu eləməz. Özünlə onu qarışdırma.
– Burax, nəfəs ala bilmirəm. Burax deyirəm sənə. Hə, nə oldu? O toz qondurmadığın əyləmçə arvadını sən hələ yaxşı tanımamısan.
Gülpəri ağlamsına-ağlamsına Raufu dartışdırdı:
– Anan ölsün, ay bala. İnanma onun sözlərinə. Səni təbdən çıxartmağa çalışır. Burax, bala. Əlini qana bulama. Onun məqsədi səni dəli eləməkdir. Barı qızını düşün. Burax, anan qurban, burax.
Rauf üzü pörtmüş halda Kamiləni var qüvvəsiylə itələyib, tələsik otaqdan çıxdı. Gülpəri ağlaya-ağlaya onun dalıyca yüyürdü. Qolundan tutub saxalmağa çalışdı. Lakin gücü yetmədi.
– Vay, evim yıxıldı! – deyə həyətdəcə yerə çökdü. Eyvanda durub onu süzən Kamilə həvəslə saçlarıyla oynaya-oynaya otağına çəkildi.
Hara gedirdi, nəyə gedirdi, heç özü də bilmirdi. Fikirləri darmadağın, qəlbi parça-parça. Utanmasa uşaq təki ağlayardı. O heç zaman Şahanənin kimisə sevib, onunla ailə quracağını düşünməmişdi. İndi bunu fikirləşmək onu öldürür, diri-diri məzara soxurdu. Qısqanclıqdan ürəyi partlamaq həddinə çatmışdı.
Maşını düz klinikanın qarşısına sürdü. Bir istədi ensin, lakin nə düşündüsə oturub gözlədi. Saatına baxdı. İş vaxtının bitməsinə az qalmışdı. Nə etmək istəyirdi, heç özü də qərar verə bilmirdi. O yalnız Şahanəni görmək, onun gözlərinin içinə baxmaq, bütün eşitdiklərinin yalan olduğuna əmin olmaq istəyirdi.
Şahanə qapıdan çıxıb iki addım uzaqlaşmışdı ki, Farizi yenidən qarşısında gördü. Sinirləri gərildi, əsəbi halda oğlanı süzdü. Yanından ötüb keçmək istədikdə Fariz:
– Şahanə xanım, anamgil sizdədir. Siz bəlkə də mənim məhəbbətimə, sevgimə inanmadınız. Bu üzdən fikirlərimdə ciddi olduğumu sizə sübüt etmək istədim.
Fariz bunu deyib gülə-gülə maşınına oturdu. Şahanə heyrət içində onun arxasıyca baxdıqda dünyası başına yıxılan Rauf əsəbi halda, qəzəbindən, qısqanclığından tir-tir titrəyərək Şahanəni izləyirdi. Onun könül dünyası fırtınaya düşmüş, eşqi qış sazağından donmuş bir gülə dönmüşdü. Halı bərbaddı. İstədi maşınını işə salsın, əlləri titrədi. Sükanı saxlaya bilmədi. Hirsindən var quvvəsiylə sükanı, oturacağı yumruqladı. Lakin içi soyumadı. Dərindən nəfəs alıb açarı burdu. Maşın nərildəyərək yerindən tərpəndi. Gözləriylə Farizin maşınını (nömrəsini yadında saxlamışdı) axtara-axtara şəhərdə fırlandı. Nəhayət, onun maşınını məhşur çay bağının yanında gördü. Aşağı enib ətrafa boylandı. Fariz halından məmnun halda çay içir, gözləri nəşəsindən axırdı. Rauf ağır addımlarla qarşısında durub zəhmlə oğlanı süzdü. Təklif gözləmədən stul çəkib oturdu. Fariz ilk dəfə gördüyü yaraşıqlı gənci təəccüblə süzdü:
– Bağışlayın, siz deyəsən səhv yerə oturdunuz axı… – Gözlərini ona dikdi.
Rauf hirsini güclə boğub soruşdu:
– Sənin Şahanənin yanında nə işin var?
Fariz gözlərini döydü:
– Cavan oğlan, siz kimsiniz?
Rauf son dərəcə əsəbi:
– Mən Rauf. Şahanənin əri.
Fariz yalnız indi anladı ki, qarşısında oturub onu sorğu-suala tutan adam Şahanənin keçmiş əridir. Üzü bir andaca tutuldu. Gözləri atəşlə yandı:
– Yəqin demək istəyirsiniz ki, keçmiş həyat yoldaşı, eləmi? Sən kimsən ki, mənim qarşıma keçib belə danışırsan?
– Mən onun əri, qızının atası! Bəs sən kimsən? Nə haqla onun yoluna çıxırsan, onunla danışırsan?
Fariz kinayə ilə Raufu süzdü:
– Sən evli deyilsən? Sən hansı haqla məni sorğu-sual edirsən? Kim verib bu ixtiyarı sənə? Bir daha Şahanəni narahat etmə. Bu gündən onun adını çəkməyə sənə icazə vermirəm. Sən artıq keçmişdə qaldın. Anam, bacım, xalam bu dəqiqə Nihal müəlliməylə şirinçay içirlər.
Rauf çaşqınlıq içində onu süzür, nə demək istədiyini, son sözünün nə olacağını anlamağa çalışırdı. Səsi boğunuq halda:
– Yəni? – deyə sual verdi.
Fariz Raufun gərgin halına baxıb, zəfər qazanmış sərkərdə ədasıyla stuldan qalxdı:
– Yəni bu gündən Şahanə xanım mənim nişanlımdır. Sən o haqqını çoxdan itirmisən, xəbərin yoxdur.
– Ay oğlan! – deyə çay paylayanı çağırdı. – Bu bəyə məndən bir çay! – deyib gülə-gülə oradan uzaqlaşdı.
(Ardı var)