Firuzə DAVUDQIZI
Sübh tezdən Nazilə eyvana çıxanda məni burada görüb, narazılıqla dedi:
– Yatmamısan, hə?
Dillənmədim. Eyvanda oturub gözümü yola dikmişdim. Elşadı gözləyirdim. Ya ölüsünü, ya dirisini. Amma gözləyirdim.
Bu vaxt Etibarın eyvana çıxdığını görüb, qeyri-ixtiyari özümü yığışdırdım. O, hər ikimizə:
– Sabahınız xeyir! – deyib həyətə enmək istəyəndə arxasınca səsləndim.
– Qardaş, mən atamgilə getmək istəyirəm. Apara bilərsən?
Etibar çevrilib gözucu Naziləni süzdü. Təəccüblə mənə baxdı:
– Gəlinbacı, nə vaxt istəsən, baş üstə, aparım, amma nə oldu ki, getmək istəyirsən? Burada rahat hiss etmədin özünü?
– Yox, elə deyil. Hər şeyə görə çox sağ olun. Nə vaxtdır görmürəm atamgili, görüşmək istədim. Amma gələcəm. Yəqin o vaxta qədər gəlib çıxarlar da Elşadgil, hə?
Buna məni inandırmasını istəyirmiş kimi intizar içində ona baxdım.
Bu dəfə qayınatamla birlikdə qardaşları da getmişdilər.
Etibar yenə gözucu Naziləni süzdü, üzü kədərli bir ifadə aldı. Amma bütün cəhdi ilə bunu mənə bəlli etməməyə çalışaraq ümid etmək, inanmaq istədi:
– İnşallah, sən deyən kimi olar, gəlinbacı. Oldu. Hazır olanda xəbər et, apararam.
1 SAAT SONRA
Əlim titrəyə-titrəyə qapının zəngini çaldım. Qapını üzümə açan atam idi. Baxışlarının zəhmi həmin andaca məni basdı. Qarşısında cücə kimi büzüşüb, titrəməyə başladım. O, dərin baxışlarla xeyli məni süzüb birdən gözləmədiyim sualı verdi:
– Hələ bir xəbər yoxdur? – Elşadı xəbər aldı.
Kövrələrək qarşısında nə vaxt diz çökdüyümü belə bilmədim. Atamın əllərindən yapışıb duz kimi yalamağa başladım:
– Ata, qurban olum! Ayaqlarının altında ölüm, bizi bağışla! Bizə xeyir-dua ver! Sən bizi bağışlasan, sən dua etsən, bilirəm, ondan bir xəbər çıxacaq!
Atam qəhərləndiyini büruzə vermək istəməyib, iradla:
– Keç evə. Uşaq yazıqdır, əzildi, – dedi.
Elə bildim həyata yenidən gəldim. Atamın ayaqlarını qucaqlayıb hönkür-hönkür ağladım. Anamla bacım səsə bayıra çıxdılar. Mənə doğru yüyürdülər. Sarılaraq ağlaşdılar.
Atam Hüseyni məndən almış, bağrına basmışdı.
1 GÜN KEÇDİ.
Leyla mənim fikrimi dağıtmaq, başımı qatmaq üçün əlindən gələni edirdi ki, az da olsa qəm-qüssəmi unudum.
İşdən yenicə gəlmişdi. Gözlərimi onun üzündəki ifadəyə zilləyib soruşdum:
– Bir xəbər öyrənə bilmədin?
– Bir xəbər olsa deyərəm də. Görmürəm bəyəm xəbər gözləyirsən? – Leyla baxışlarını qaçırıb Hüseyni məndən alaraq qucağına götürdü.
Dillənməyib köks ötürdüm. Ürəyim tamam sıxıldı. Leyla mənim halımı-əhvalımı görüb dedi:
– Gəl gedək bağda bir az gəzək, söhbət edək. Uşaq da təmiz hava alsın. Gör necə gözəl mənzərə var? Ağaclar çiçək açıb, hər tərəf yaşıllaşıb. Nə deyirsən?
Könülsüz-könülsüz bağa tərəf baxdım. Həqiqətən gözəl idi. Amma bunun mənimçün bir mənası yox idi. Səsimin çıxmadığını görən Leyla məndə maraq oyatmaq üçün əlavə etdi:
– Həm də sənə deyiləsi bir sözüm var, anagil eşitməsinlər, rahat danışaq.
– Nə söz?
– Gedək, danışacam. Amma söz ver ki, ana bilməyəcək. – Leyla sirli-sirli gülümsündü. – Yəni hələlik də.
Gözlərinin içi güldüyünə görə hiss etdim ki, könül məsələsidir.
Əslində bunun indi nə zamanı, nə yeri olmadığını Leyla özü də gözəl bilirdi. Sadəcə fikrimi günlərdir məni talan edən nigarançılıqdan, təşvişdən yayındırmaq istəyirdi.
Mənim ona sadiqliyimə şübhə ilə yanaşmasına narazılıq əlaməti olaraq irad tutdum:
– Aramızda olan söhbəti nə vaxt demişəm ki, anaya?
– Bilirəm, mənim bacım söz saxlayandır. – Leyla könlümü almaq üçün üzümdən öpdü.
– Siz gedin, gəlirəm mən də.
Leyla qucağındakı Hüseyni öpüb oxşaya-oxşaya bağa tərəf üz tutdu.
Gün batmağa doğru gedirdi və hava sərinləmişdi deyə Hüseynin jiletini götürmək üçün onlardan ayrılıb evə qalxdım. Dəhlizə keçəndə atamgilin otağından duyduğum səslərə ixtiyarsız olaraq ayaq saxladım. Elşad sarıdan qulağım səsdə idi, hamının ağzını güdürdüm.
Ayaqlarımın ucunda açıq qapıya yaxınlaşıb həyəcan içində dinləməyə başladım. Atam evə yenicə gəlmişdi. Anam onu dilə tutub, nə öyrəndiyini açıb deməsi üçün israr edir, bir yandan da ağlayırdı.
– Nəsə eşitmisən? Niyə bu haldasan? Xəbər çıxıb? Düzünü de, gizlətmə.
Onlar məni həyətdə Leylanın yanında bildikləri üçün rahat şəkildə danışırdılar. Otaqdakı ab-hava, səslərinin ahəngi mənə yaxşı heç nə vəd etmirdi.
Anamın həyəcanla verdiyi suallardan sonra əlim-ayağım boşaldı, ürəyim çırpına-çırpına atamın nə deyəcəyini gözləməyə başladım.
Atam dərindən köks ötürüb handan-hana dilləndi:
– Gizlin qalası daha heç nə yoxdur ki, gizlədəm də. İndən belə istəsək də gizlədə bilmərik. Nə deyim? Nə eşitmək istəyirsən? Yıxıldı evim! Göz görə-görə balam bədbəxt oldu. İndi gəl yaşa bundan sonra görüm necə yaşayırsan, necə tab gətirirsən!
– Belə demə, sən Allah. Allahın rəhmi çoxdur. Razıyam, desinlər yaralıdır, amma balası atasız qalmasın. Balam sahibsiz qalmasın, ey uca Allah, özün möcüzə göstər. Qıyma!
Atam anamın sözünü ağzında qoyub ona çəmkirdi:
– Ay qız, bəsdir nağıl danışdın! Bu vaxta qədər yaralı qalar? Mənim səsimi niyə qaldırırsan? Bunu bir vurun da başınıza! Uşaq deyilsiz. Özümüzü aldatmağın daha yeri yoxdur. Yaralılar hamısı hospitallarda! Şəhid olanlar çoxdan dəfn olunub. Neçə gün keçib, xəbərin var? Meyiti də tapılmırsa, deməli, minaya düşdü, tikə-parça oldu, başqa cür ola bilməz.
Bu söz ürəyimi dağlayıb, cızdağımı çıxardı.
Necə sarsılmışdımsa, necə təlatümlə nəfəs alıb-verirdimsə, deyirdim bu dəqiqə ürəyim köksümdən çıxacaq. Azacıq ümidim vardı, o da atamın bu sözlərindən sonra öldü. Atam sözünə davam edərək:
– İndi əmisi ilə görüşdüm, – dedi. – Camaat orada yas hazırlığı görür, sən burda mənə nağıl danışırsan. Hələ də möcüzə umursan! Bəsdir! Səni and verirəm Allaha, tək burax məni, imkan ver bir az özümə gəlim. Görüm nə edirəm! Başıma haranın daşını salıram! Bundan belə bu qızın, bu uşağın üzünə baxa-baxa necə yaşayacam, heç özüm də bilmirəm. Ac-susuz qalmayacaq, uşaq da böyüyəcək. Hər şey öz yoluna düşəcək, amma mən onlara hər baxanda o dünyanı görüb qayıdacam! Bu gün öldüyüm gündür mənim, bundan sonra yaşasam nə fayda!
Anam için-için ağlayırdı.
Mən bundan artıq davam gətirə bilmədim. Qapıdan aralandım. Ayaqlarımı dalımca sürüyə-sürüyə eyvana çıxdım. Pilləkənin başında yerə çöküb oturdum.
Gözlərimi bir nöqtəyə zilləyib, donmuş vəziyyətdə eləcə baxırdım. Qulaqlarım uğuldayırdı, başım qaynar qazana dönmüşdü. Hələ dərk edə bilmirdim, həqiqətlə barışmağa gücüm, qüvvəm yox idi.
Necə yəni, mən Elşadsız qaldım? Onu həmişəlik itirdim? Mən onu görmədən, onu yanımda hiss etmədən necə yaşayacam? Necə tab gətirəcəm bu dərdə?
Özümə verdiyim bu sualların məndə cavabı yox idi.
Hüseynin qulaqlarıma dolan şirin gülüşü məni sanki özümə gətirdi. Donum açıldı. Yaşdan pərdələnmiş gözlərimlə bağa tərəf baxdım. Leyla Hüseynin şəklini çəkirdi. Başı qarışmışdı. Elə bu an eyvana çıxan atam gəlib başımın üstə dayandı. Mən baxışlarımı yerə dikib, çalışdım ki, dolmuş gözlərimi görməsin, hönkürtümü içərimə vurdum. O, titrəyən əlini saçlarıma toxundurdu. Sığal çəkib, yanımdan ayrıldı. Yeyin addımlarla pilləkəni enib uzaqlaşdı. Bildim ki, məndən qaçır. Üzümə baxmağa ürək etmədi. Çəkdiyi ah yaralı ürəyimi daha da sızlatdı.
Həmin gecə atamın halı pisləşdi. Onu xəstəxanaya yerləşdirdilər. Özündə deyildi.
Həkim müayinə edib diaqnoz qoydu. Atam başıma gələn müsibətə tab gətirməyib infarkt keçirmişdi. Dərdimin üstünə bir dərd də gəldi. Ağlayıb özümü öldürürdüm. Sakit ola bilmirdim. Huşu özündə olmayan atamın ayaqlarını qucaqlayıb öpə-öpə:
– Məni tək qoyma, ata, qurban olum! Bizə yazığın gəlsin! Mənim ucbatımdan oldu, məni bağışla! – deyib hönkürürdüm.
– Siz mənə mane olursunuz, xanım! – Səsini yüksəldən həkim tibb bacılarından məni palatadan çıxarmalarını tələb etdi.
Göz yaşları içində dəhlizə çıxdım. Anam ağlamaqdan qızarmış gözlərini üzümə dikdi, nəsə dedi, amma anlamadım.
Güclə addım ata-ata dəhlizin sonuna doğru addımlamağa başladım. Bu vaxt tini burulub dəhlizə yol alan və qarşıma çıxan adamı görməyimlə ikinci dəfə sarsıldım.
O da məni görəndə duruxdu. Addımlarını yavaşıdıb yoluna davam etsə də, mənə zillənmiş iztirab dolu baxışları, simasındakı sarsılmış ifadə məni yerimdə silkələdi. Yer-göy başıma fırlandı. Qarşımda dayanan, məni xəstəxana dəhlizində mənən yıxılmış, qəm-qüssədən, kədərdən darmadağın olmuş bir vəziyyətdə, gözü yaşlı görüb alt-üst olan bu adam RÜFƏT idi.
Yatsam yuxuma da girməzdi ki, tale bizi nə vaxtsa belə ağır bir gündə üz-üzə gətirəcək.
Həyat məni yerdən-yerə vurub, o ki var sındırıb, bir vaxtlar sevgisindən dəli olduğum bu oğlanın qarşısına bədbəxt olmuş halda, belə bir vəziyyətdə çıxardığı üçün mən bir daha öldüm sanki. Daha ona tərəf baxmağa tabım çatmadı, qüvvəm tükəndi. Gözlərim yaşdan pərdələnmiş halda baxışlarımı dərhal qaçırıb yoluma davam etməyə çalışdım. Spirt, iynə-dərman qoxuyan ağır ab-havalı bu dəhlizdən çıxıb təmiz hava udmaq istəyirdim. Boğulurdum. Ürəyim partlamaq dərəcəsində idi. Lakin çox uzaqlaşa bilmədim. Birdən gözlərim qaraldı və mən tir-tap yerə sərildim. Bu andan sonra baş verənlər mənə məlum olmasa da özümə gəlib gözlərimi açanda başımın üstə bir vaxtlar tibb kollecində mənimlə, lakin ayrı bir fakültədə oxuyan Gülnarəni gördüm:
– Özünü necə hiss edirsən, Mələk?
Tutqun nəzərlərlə onu süzdüyümü görüb, gülümsədi.
– Tanıdın məni?
– Tanıdım. – Soyuq səslə dedim. – Sizləri unutmaq mümkün deyil.
Bu eyhamımı göydə tutan Gülnarə bununla belə özünü sındırmadı. Başqa söz dedi:
– Kolleci bitirəndən sonra bura işə düzəldim. İllər necə tez gəlib-keçir. Bir az əvvəl anan burda idi. Eşitdim sənin də bir oğlun var, Allah saxlasın.
Dilucu razılıq edib, yerimdən qalxmağa çalışdım.
– Dayan, təzyiqini ölçüm, sonra.
– Ehtiyac yoxdur! Atamı görmək istəyirəm! – deyib onun əlini geri itələdim.
– Atanı reanimasiya şöbəsinə yerləşdiriblər. Həkim onsuz da icazə verməyəcək onu görəsən. Dayan, bir özünə gəl.
– Sən mənə görə narahat olma!
Bunu deyib çarpayıdan enmək istəyəndə palatanın açıq qapısından dəhlizdə divara söykənib içərini gözətləyən Rüfəti gördüm. Hiddətlə Gülnarəyə baxdım.
– Vallah, mənim bir günahım yoxdur. – O, yazıq-yazıq üzümə baxdı. – O, həmişə bura gəlir, söhbət edir, mənimlə dərdləşir.
Gülnarə Rüfətin yaxın qohumu idi. Rüfət mənə olan sevgisini illər öncə onun vasitəsilə mənə bildirmişdi. Ondan mənə söz göndərir, şirin vədlər verirdi. Elçilərini göndərəcəyini, hətta vaxtını-vədəsini belə mənə çatdırmışdı. Məni sevgisinə, dürüstlüyünə inandırmış, əmin etmişdi. Amma çox keçmədən başqa birinə nişanlanması xəbəri gəlmişdi mənə.
Rüfət bunu gözləyirmiş kimi dəhlizdə dayananların gözünü oğurladıb palataya girdi. Gülnarə bunu görəndə narahat halda onun qarşısına keçib yolunu kəsdi:
– Nə edirsən? Mənə problem yaratma, sən Allah. Qohum-əqrəbası burdadır. Sonra gəlib yaxamdan yapışarlar ki, görüş təşkil eləmisən.
– Qorxma. Cəmi 5 dəqiqə başlarını qat, sözümü deyim, gedirəm.
– Nə mənası var indən belə? Öz başına iş açma!
Nifrətlə onu süzdüyümü görən Rüfət Gülnarəni yola gətirmək üçün baxışları ilə az qala yalvardı. Lakin mənim sərt səsimə duruxdu:
– Çıx bayıra!
Yerindən qımıldanmadan dinməzcə üzümə baxdı. Düzü, onun buna cürət edəcəyini sanmırdım.
(Ardı var)