Azərbaycanda müvəqqəti yaşamaq qaydası
- 24 May 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetXəbər
Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti yaşaması qaydaları barədə arayış yayıb. Novator.az bildirir ki, arayışa görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə bu hallarda verilir:
– Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
– ölkə iqtisadiyyatına azı 500 000 manat məbləğində investisiya qoyduqda;
– Azərbaycanda azı 100 000 manat dəyərində daşınmaz əmlakı və ya ölkənin banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
– iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşlarının və ya ölkədə təsis edilmiş hüquqi şəxslərin dəvət etdiyi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;
– Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
– xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
– ölkədə təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
– Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda (göstərilən hal o vaxt müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan vətəndaşı olması tələb olunur);
– Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
– ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
– dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
– Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda ölkənin ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə 20 iş günü ərzində baxılır.
Müvəqqəti yaşamaq üçün icazə verilən şəxslərə icazə vəsiqəsi təqdim edilir.
İcazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Ölkə iqtisadiyyatına azı 500 000 manat məbləğində investisiya qoyduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.