Firuzə DAVUDQIZI
O gecə qayınanamın halı yenə pis idi. Həkim çağırdılar. İynə vurulduqdan sonra özündə olmadı.
Hamı dağılışıb ev boşalandan sonra mən də yatağıma uzandım. Qorxudan otağın qapısını içəridən bağlamışdım. Hüseynin yanına uzanıb, ona baxa-baxa saçlarını sığallayırdım.
Nazilə hələ gəlib çıxmamışdı.
Bu vaxt qapı kobud bir şəkildə döyüldü. Diksinib yerimdən qalxdım.
– Aç qapını.
Zeynal idi. Onun səsini duyanda məni titrəmə tutdu. Qorxa-qorxa qapıya yaxınlaşdım. Özümü toplayıb soruşdum:
– Nə olub?
– Aç qapını deyirəm!
Mənim tərəddüd etdiyimi görəndə Zeynal qapının arxasından səsini göyərtdi:
– Mənim səsimi qaldırma gecənin bu aləmi! İçəri girsəm sümüklərini qıracam, küçük!
Məcburən açarı burub qapını açdım. Zeynalın gözləri qıpqırmızı idi. Xumarlanıb süzülürdü. Rəngi də boğulmuşdu. Əvvəl elə zənn etdim içkilidir, amma sonra başa düşdüm ki, narkotik qəbul edib.
Məni görən kimi sərt tonda:
– Nə keçib oturmusan yuxarı başda?! – dedi. – Kim verib sənə bu ixtiyarı?!
Qorxa-qorxa üzünə baxdım. Dillənməyə halım olmadı.
– Çantanı ver bura görüm!
– Necə? Başa düşmədim. – Çaşqınlıq içində soruşdum.
O, mənə cavab verməyi lazım bilmədi. İrəli yeriyib özünə xas bir cürətlə asılqandan asılmış əl çantamı götürdü. Ağzını açıb içərisini qurdalamağa başladı. Və istədiyini tapıb:
– Bunları sənə atamgil alıb! Atanın xarabasından gətirməmisən! – dedi və öz əməlinə bəraət qazandıraraq, özünü haqlı sayaraq qızıl dəstini şalvarının cibinə basdı. Çantamı üstümə tulladı. – Mən sənə nə Elşad deyiləm, nə İlkin, nə də atam Əli!
Donmuş vəziyyətdə eləcə ona baxırdım. Deməyə söz tapmırdım. Zeynal isə təkcə bununla kifayətlənmədi. Ağlıma belə gətirmədiyim bir qəddarlıqla tələb etdi:
– İndi isə götür uşağını da, rədd ol bu evdən! Səni burda görmək istəmirəm!
Heyrət içində onu süzdüyümü görüb, özündən çıxdı:
– Nə gözünü döyürsən, axmağın balası! Çatmır dediyim söz sənə? Rədd ol!
– Hara gedim gecənin bu vaxtı? – Talan olmuş bir halda ağlamağa başladım. Zeynalın əlinə-ayağına düşdüm. – Rəhmin gəlsin bizə! Gedəsi yerim yoxdur! Uşaqla hara gedim axı? Körpədir, ona yazığın gəlsin!
Zeynal dilini-dodağını gəmirib məni vurmamaq üçün özünü zorla saxladı:
– Azz… mən bilmirəm hara gedəsən! Hardan gəlmisənsə, ora! Atanın xarabasına! Çıx bu evdən!
Bunu deyib, hirslə qolumdan yapışdı. Və məni uşağı götürməyə məcbur etdi. Çarəsiz bir şəkildə dediyinə əməl etməli oldum. Qolumu buraxmadan otaqdan çıxardı. Bəlkə insafa gələr deyə yalvarmağa başladım. Amma kar etmədi. Bu anlar bu evdə məni müdafiə edəcək nə İlkin vardı, nə atası. Meydan Zeynala qalmışdı. Onun da bu bir ayda qulaqlarını mənim əleyhimə o ki var doldurduqları üçün məni görməyə gözü yox idi.
Elşada qızını almaq istədikləri xalası da burada idi. Bacısına görə qalmışdı. Zeynalın mənə nə etdiyini, mənim yalvarışlarımı duyurdu, amma çıxıb mane olmurdu. Çünki bu günü onlar çox gözləmişdilər.
Mən onun bir ara qapını bir balaca aralayıb bizi dinlədiyini, divara düşən kölgəsini görmüşdüm.
Zeynal məni həyətə çıxardı. Darvazaya tərəf apardı. Qapını açanda gözümün yaşını leysan kimi tökə-tökə təkrar yalvardım:
– İcazə ver həyətdə gözləyim. Səhər açılsın, söz verirəm, çıxıb gedəcəm!
– Çıx! – deyə məni küçəyə itələmək istədi. – Nağıl danışma mənə!
Mən sarsılmış halda Zeynalı süzür, yerimdən tərpənmirdim. Dözməyib dilləndim:
– Sən necə insansan, qardaşın balasını küçəyə atırsan! Ürəyin daşdır? Mən yad qızı ola bilərəm, amma bu sənin doğma qardaşının balasıdır!
– Qardaş evlənib, uşaq əkəndə mənimlə məsləhət eləmişdi? Aparıb harada saxlayır, saxlasın! Söz verməmişdim ona! Cəhənnəm ol burdan! Gözümə görünmə!
Elə bu məqamda Nazilə ilə əri Etibar qapının ağzında göründülər. Onlar Zeynalın səsini duymuş və nə etmək istədiyini anlamışdılar. Hər ikisi mat-məəttəl Zeynalı süzürdü.
Nazilə ilə Etibar əmioğlu-əmiqızı idilər. Bir-birlərini sevib evlənmişdilər. Etibar Əhməd əminin ortancıl oğlu idi. Elşadın ata evi ilə onların evi arasında çox az məsafə vardı.
Etibar həyətə keçib gördükləri qarşısında dözməyərək hiddətlə Zeynalın üstünə yeridi:
– Bu nə hərəkətdir edirsən? Çaşmısan?
– Sənə dəxli yoxdur! Öz evimdə səndən icazə alası deyiləm!
– Camaat sənin qapına yığışır, bu nə biabırçılıqdır? Tüpürməzlər adama? Kişilikdəndir bu?!
-Mənə kişilik dərsi keçmə! Götürün bunu da, rədd olun burdan!
Etibar əl atıb Zeynalın yaxasından yapışdı. Bir həmlədə onu özünə sarı çəkdi. Vurmaq istəyəndə Nazilə araya girdi. Ərinə yalvarmağa başladı:
– Etibar! Qurban olum, baş qoşma! Ayıbdır!
– Şərəfsiz! – Etibar həqarətlə əmisi oğlunu süzdü. – Qardaşının ailəsidir e, küçəyə atmaq istədiyin! Gücün köməksiz qadına, körpəyə çatır, ay alçaq?! Bu gəlinin namusu yəni sənə heç maraqlı deyil? Bilmirik sabah nə gözləyir bizi. Olmadı elə, oldu belə! Belə sahib çıxacaqsan?
Bütün bu sözlərin qarşılığında Zeynaldan ağır sözlər eşidən Etibarın sinəsi təlatümlə qalxıb-enir, rəngi boğulmuş bir halda onu vurmamaq üçün özünü zorla saxlayırdı:
– Qurban eləyirəm səni əmimə, bir də Elşada! Əgər qorxduğumuz başımıza gəlibsə, heyif Elşad kimi oğuldan! Heyif!
Sanki bu sözlərin heç biri Zeynala deyilmirdi. O, üzünü çevirib laqeydliklə evə qalxdı. Qapını çırpıb örtü. Qaldıq həyətdə üçümüz və bir də qucağımda yuxuya getmiş – dünyanın çirkinliklərindən, həyatın əsl simasından bixəbər olan Hüseyn.
Etibar hirs onu boğsa da mənim yanımda çox irəli getmək istəmədi.
Məni özləri ilə götürüb evlərinə gətirdilər.
Evə keçdik. Etibar eyvanda dayanıb siqaret çəkirdi. Bir qədər sonra Naziləni eyvana çağırdı.
Ard-arda yaşadıqlarımın üzüntüsü və canımın ağrısı bir-birinə qarışmışdı. Amma heç nə mənə Elşadın yoxluğu qədər dözülməz gəlmirdi.
Düşdüyüm acınacaqlı vəziyyətə baxdıqca bir daha alt-üst olurdum. Çünki artıq sahibsiz qalmağın ilk şilləsini dadmaqda idim.
Etibarın eyvanda Naziləyə dediklərini duyurdum:
– Anasının oğludur əclaf, elə bil heç əmimin belindən gəlməyib! – Hirsli-hirsli danışır, eyni zamanda Naziləyə irad tuturdu. – Sən görürdün də məsələ nə yerdədir, niyə gəlirdin evə? Gəlməməli idin!
– Mən haradan bilim ki, o, bu qədər irəli gedib belə iş tutar? Lap, tutalım, yanında olsaydım, bacara bilərdim bəyəm onunla? Gördün ki, ağlı başında deyildi.
– Mən gecənin bu aləmi səsimi qaldırmaq istəmədim. Yoxsa alardım onu ayağımın altına, başa düşərdi nə qələt elədiyini! Əmim durdu boğazımda! Ötürdüm getdi! Başa düşə bilmirəm, bir Allah bəndəsi yoxdur o evdə? Hara baxırdılar, niyə biri çıxıb mane olmayıb? Bunların hamısı ağlını itirib? Adamı söyməzlər? Bu nə deməkdir? Dərəbəylikdir?
– Əmidostunun bacısı idi evdə. Vəssalam.
– Bacısı da elə özünün tayıdır! – Etibar Nazilənin sözünü ağzında qoydu. – Bir bezin qırağıdırlar hamısı! Elşadı qınayırdım. Sərt münasibətinə görə danlayırdım onu. İrad tuturdum. Bir dəfə olsun səsini çıxarıb cavab qaytarmırdı mənə. Düşünürdüm günahını, səhvini bilir, buna görə səsini çıxarmır. Amma indi haqq verdim ona. Başa düşdüm nə çəkirmiş! Yaşaya bilmirdi də belə insanlarla bir damın altında. Necə yaşamaq olar axı. Bu ana-balanın insanlıqdan qətiyyən xəbərləri yoxdur!
Həmin gecə Nazilə məni otağına yerləşdirib, özü də bizimlə qaldı.
Hamı şirin yuxuda idi. Mən isə gözlərimi gecə lampasının alatoran işığına zilləyib Elşadı düşünür, göz yaşı tökürdüm.
Naziləni də yuxu tutmamışdı. Halımı başa düşür, arabir mənə səslənirdi:
– Mələk, yatmısan?
– Yata bilmirəm.
– Çalış bir az yatasan, bacı qurban. Başın ağrıyar sonra. Səhər açılsın, xeyirliyə açılsın. İnşallah, bir şad xəbər alarıq. Allah möcüzə göstərər. Dua elə, bir az mürgülə, sakitləş.
Nazilənin bu sözlərinin əvəzində mən gözümü gecə lampasından çəkmədən:
– Mən rahat yataqda uzanmışam, o, yarasının qanı süzülə-süzülə torpağın üstündə, heç bilmirəm haradadır. Necə üzü pis adamam, hələ yaşayıram! – dedim.
Nazilə kövrəldi:
– Belə sözlər demə.
– Bacı, Etibara de ki, səhər açılan kimi məni atamgilə aparsın.
– Niyə gedirsən ki? Getmə.
Mən bir anlıq sükutdan sonra məqsədimi açıqladım. Tamam açıq şəkildə dedim:
– Gedirəm halallıq alım atamdan! Hüseyni anama tapşırım, ona əmanət edim. Bilmək olmaz sabah başıma nə gələcək. Bilmirəm Elşad insaflı olub özü gələcək, yoxsa çiyinlərdə gələcək. Əgər o, sağ qayıtmasa, mən də onunla birlikdə məzara girəcəm!
– Bəsdir dəli-dəli danışdın. Bu nə sözlərdir? – Nazilə qalxıb yerində oturdu. Heyrətlə məni süzdü.
– Mən ciddiyəm. Zarafat eləmirəm. Sənə deyirəm, sən də mənim bu istəyimi atasıgilə çatdırarsan. – Bizi bir yerdə dəfn eləsinlər. Söz ver ki, bu sözümü onlara çatdıracaqsan.
– Mələk… – Nazilə yanıma gəldi.
Susmadım. Sözümə davam elədim:
– Bilirəm, anası buna şiddətlə qarşı çıxacaq. Məni görməyə gözü yoxdur. Bizim bir yerdə olmağımızı heç vaxt qəbul edə bilməyib. Amma yeri gəlsə, diz çöküb qarşısında yalvararam ona. Heç olmasa Elşadın ölüsünü mənə çox görməsin! Heç olmasa məzarda ayırmasın bizi.
Naziləni ağlamaq tutdu. Rəngi ağarmış halda məni qucaqlayıb, başımı sinəsinə sıxdı:
– Belə sözlər deyib ürəyimi üzmə. Ağıllı ol. Sən mənim dəli-dolu qardaşımın mələyisən. Bu gözəl gözlərin bir də, inşallah, göz yaşı görməyəcək. İnşallah, Elşad sağ-salamat qayıdacaq. Birlikdə o qədər xoş günlər görəcəksiniz ki. Belə fikirləri at başından.
Hıçqırıqlar içində ağlaya-ağlaya mənə sonsuz əzab hissi yaşadan etirafımı etdim:
– Mən Elşada çox zülm eləmişəm bu həyatda. Ona ancaq əzab vermişəm. Bunu özümə bağışlaya bilmirəm. Yanıb-yaxılıram.
– Olub-keçib daha.
– Bilirəm, buna görə Allah mənə bu əzabları yaşadır. Üzümü güldürmür. Təəssüf ki, bunu sonradan anladım. Mən onsuz yaşaya bilmərəm! Yanında olsam da mənim ucbatımdan həmişə tək hiss edib özünü. Heç olmasa məzarda tək qalmasın.
– Bəsdir! Bir də bu sözləri eşitməyim səndən. Ağlını başına yığ. Bilirsən sənin vəziyyətində olan, səninlə eyni taleyi yaşayan bu dəqiqə nə qədər qadın var? Hər kəs özünə qəsd eləsə, onda bu həyat necə davam edər? Bilirəm, çətindir. Dözmək olmur. Səni anlayıram. Hətta bir anlıq özümü sənin yerinə qoyuram. Mən olsam nə edərdim, necə tablanardım deyə özümə sual verirəm. Amma bir insanın qapısını bədbəxtlik, qəm-qüssə döyəndə o, mütləq kiməsə tutunub yaşamağa, ayaq üstə dayanmağa çalışmalıdır. Kiməsə görə yaşamalıdır. Unutmaq mümkün deyil, amma aldığın yara bir gün mütləq qaysaq bağlayır. İntihar Allahın bağışlamadığı günahlardan biridir. Sənə bu canı Allah veribsə, məsləhət bildiyi gün yalnız o alar. Elşadı canından çox sevsən də sənin bu cana qəsd etməyə ixtiyarın yoxdur. Özünü günaha batırma. Körpəni düşün. Yəni heç onu gözünün önünə gətirmirsən?! Hüseynə yazığın gəlmir sənin? Necə ürəyin gələr ki, onu anasız qoyasan bu həyatda? Buna haqqın yoxdur!
Gözümün yaşı leysana döndü, qəhər boğazıma tıxanıb məni boğdu, dillənməyə gücüm qalmadı.
(Ardı var)