Aynur MƏSİMOVA (TƏMKİN)
Fariz Şahanəni görmək üçün hər gün işə getməzdən qabaq klinikanın önünə gəlir, onu uzaqdan seyr edir, lakin yaxınlaşmağa cəsarət etmirdi. Fariz Şahanəylə maraqlandığı bu qədər vaxtda onun boşandığından bixəbərdi. Şahanənin məhəbbəti gün keçdikcə daha dərindən kök atıb onun ürəyinə işləyirdi. Fariz onun xəyalıyla yatıb, xəyalıyla durmağa adətkar olmuşdu. Harada gözəl nə görsə onu Şahanəyə yaraşdırır, ona layıq görürdü.
Zöhrə arvad gülə-gülə içəri girən kimi dəhlizdəki işçilər onun üstünə yüyürdülər. Səsə başqa kabinetlərdəki həkim və tibb bacıları da cölə boylandı. Zöhrə xalanı görər-görməz ona sarıldılar. Qadın hamıyla hal-əhval tutduqdan sonra dedi:
– Qızlar, bax burada kim varsa, hər kəsi bazar günü bizə dəvət edirəm. Özü də “mən ölüm” deyirəm, elə-beləcə gəlin. Çaşıb əlinizə bir tiftik-filan alsanız sizdən küsərəm. Elə gəlin bir yerdə oturaq. Gör nə zamandır sizləri görmürəm. Bir çay içək, söhbətləşək. Görək mən olmayanda buralarda nələr baş verib, nə olub. – Sonra başını aşağı dikib onun məzəli söhbətlərinə uğunub gedən Şahanəyə üzünü tutdu. – Bax a, təzə gəlmişəm, kollektivdə yeniyəm deməyəsən. Sənin yerin bizim yanımızdır. Səni də gözləyəcəm. Di sağ olun. Bazar günü saat beşdə bizdəsiniz.
Zöhrə xalanı yola salıb qızlar baş həkimin üzünə baxdılar. Rayonda adı-sanı yetərincə məhşur olan Əkrəm həkim gülərək çiyinlərini çəkdi:
– Hamımız gedirik. Ancaq Zöhrə xanımın sözünə bənd olmayın. Gəlin ona çox gözəl bir hədiyə alaq. Yeni doğulmuş nəvəsini də unutmayaq. Zöhrə xala bizim ağbirçəyimiz, anamızdır. Bu gün cümədir, birisi gün klinikanın qarşısına yığılıb elə piyada qalxarıq. Zöhrə xanımın bura yaxın bir yerdə bağlı-bağatlı gözəl xanimanı var. İndi hər kəs işinin başına. Xəstələri gözlətmək ayıbdır.
Şahanə əlləri qoynunda bərk fikrə getmişdi. Lalənin qarşısına töküb baxdığı fotolar onun fikirlərini qarışdırmışdı. Bir azdan qonaqlığa gedəcəkdi. Lakin fotolar əhvalını elə korlamışdı ki, əvvəlki həvəsi ölmüşdü. Hər şəkildə bir xatirə, bir sevgi, bir nisgil vardı. Raufun ona baxan baxışlarında Şahanənin unuda bilmədiyi sevgisi dururdu. Şahanə cəsarət edib etiraf etməsə də qəlbinin lap dərinliyində Raufu hələ də unuda bilmədiyini bilirdi. Bu acı həqiqət onun qadınlıq qürurunu alt-üst edirdi. Axı nəyə görə ona sədaqətsiz olan birini hələ də unuda bilmir? Nəyə görə o, layiq olmadığı birinə bu qədər dərindən bağlanıb?
Ürəkdən ah çəkdi. Lalə üçünün bir yerdə olan şəklini götürüb anasına yaxınlaşdı:
– Ana, burada mənim neçə yaşım var? – Onu süzüb sual verdi.
Şahanə qızının xurmayı saçlarını sığalladı:
– Üç yaşın vardı biz bu şəkli çəkdirəndə. Sən fotoqrafa baxmaq istəmirdin. Bax, görürsən atan üzünü tutub. O qədər o yan-bu yana başını yellədin ki, sonda məcbur başını saxlamalı olduq.
Lalə gülümsədi. Daha heç nə soruşmayıb, rəsmi sinəsinə basıb anasına söykəndi. Başını onun köksünə sıxıb gözlərini yumdu.
Zöhrə xala onların gəldiyini görüb gülə-gülə qarşılarına çıxdı. Qadın xanımları bağrına basıb qucaqladı, kişilərə əl verdi. Həyətdə, evdə böyük süfrə açmışdılar. Zöhrə xala qonaqları yuxarı çıxartdı, qohum-qardaşa təqdim etdi. Qonaqlar yalnız məclis başlayandan bir qədər sonra, ilk sağlıq deyiləndə Zöhrə xalanın ad günü olduğunu, nəvəsinin qırxı çıxdığını öyrəndilər.
Simuzər doktor:
– Siz bizi yaman aldatdınız, Zöhrə xanım. Heç olmasa bir işarə verəydiniz. Belə olmaz axı.
Zöhrə xala şaqqıldayıb güldü:
– Qızım, elə belə yaxşıdır. Nə dəxli var ki. Əsas odur hamımız bir yerdəyik. Hamınız sağ olun. Heç bilmirsiniz məni necə sevindirdiniz.
İşdən çıxıb evə, ordan da paltarını dəyişib xalasıgilə gələn Fariz xalasının iş yoldaşlarını da dəvət etdiyini bilmirdi. İçəri girib Şahanəni görəndə dünyanı sanki oğlana bağışladılar. Həyəcandan ürəyi köksündən çıxmağa hazırdı. Xəyallarının hakimi bacılarıyla, anasıyla bir süfrə başında oturub şirin-şirin söhbət edirdi. Aşağıda qərar tuta bilmədi. Hər dəfə bir bəhanəylə yuxarı qalxıb anasına, gah da bacılarına yaxınlaşdı. İstədi Şahanədən nəsə soruşsun, amma utandı. İstədi qızla söhbət eləsin, dili söz tutmadı. Bir gözü qızda bir girdi, bir çıxdı.
Məclis davam edir, hər kəs halından məmnun deyib-gülürdü. Arada Şahanənin zərif dodaqlarına da təbəssüm qonur, lakin bu çox az çəkirdi. Tanımayan biri olsa belə onun gözəl gözlərinə baxdıqda içindəki fırtınanı hiss edə bilərdi. Aradan illər keçsə də Şahanə yaşadığı acıları unutmaqda aciz qalmışdı. Nə qədər möhkəm olmağa çalışsa da Kamilələrin, onun kimi bəzi insanların hərəkətləri Şahanənin ruhuna dinclik vermirdi.
Saatına baxdı. Artıq 10-a işləyirdi. Şahanə heç vaxt evə bu qədər gec getməzdi. Atasına zəng edib süfrə arxasından qalxdı. Zöhrə xala dolu bədəniylə ləngər vura-vura onun qarşısını kəsdi:
– Bax, vallah, qoymaram. Hara tələsirsən? Hələ tort kəsəcəyik. Heç kim qalxmayıb. Sən hara gedirsən? Sən Allah, bir az da dayan.
Şahanə xəfifcə güldü:
– Zöhrə xala, süfrəniz həmişə açıq olsun, evinizdən ruzi-bərəkət əskik olmasın. İnciməyin. Lalə evdə yolumu gözləyir. Atama da zəng etmişəm, indi haradadırsa gələcək.
Zöhrə xala əlini-əlinə vurub şaqqıldadı:
– Rəhmətliyin nəvəsi, həyət dolu maşındır. Desəydin biri səni aparıb düşürərdi, ay qızım. Bir də o boyda kişini yerindən eləmisən. Zəng et, zəng et, de ki, gəlməsin. Budey, Fariz. Sən də tanıyırsan. O səni aparıb düşürər. Bir də atanı yerindən eləmisən qapıda maşın ola-ola.
Adını eşitcək Farizin üzü güldü. Fürsətdən istifadə edib tez xalasına yaxınlaşdı:
– Buyur, xala. Nəsə lazımdır? – Fərəhindən ürəyi köksünə sığmadı.
Şahanə tələsik:
– Yox, yox, Zöhrə xala, lazım deyil, – dedi. – Daha atam gəlib çatmış olar. Axşam-axşam Laləni parka aparmağa söz verib. Yəqin indi maşında oturub məni gözləyir.
Şahanə bunu deyib tez-tələsik qapıya doğru getdi, ayaqqabılarını alıb geyindi. Fariz pərt olmuşdu. Şahanə onunla getmək istəmədiyini açıq-aydın hiss etdirmişdi. Bir yandan da beynini qurcalayan sual onun əhvalını tamamilə korlamışdı. “Lalə kimdir? Belə kiçik bacısı var Şahanənin? Necə də tələsik qaçıb getdi. Heç üzünü doyunca görə bilmədim”. Ətrafına baxdı. Xalasını gözləriylə aradı, içəridə görə bilmədi. Eyvana çıxdı. Zöhrə xala Şahanəni yolçu edib geriyə, məclisə qayıtdı. Fariz onu boğan marağını öldürə bilmədi:
– Xala, Lalə kimdir, Şahanə xanımın elə kiçik bacısı var ki? – deyə sual dolu nəzərlərini ona dikdi.
Zöhrə xala gülüb əlini bacısı oğlunun kürəyinə vurdu:
– Ay dədəm, o keçmişdə idi arvadlar yeznə payı uşaq doğardılar. İndi hərə ya bir, ya da uzaqbaşı iki uşaqla kifayətlənir. Lalə Şahanənin qızıdır, ay oğul.
Fariz eşitdiyi sözdən yerində donub qaldı:
– Nəcə? Qızı? Şahanə xanım ərdədir?
Zöhrə xala zəndlə bacısı oğluna baxdı:
– Ərdə idi. Zəlil olmuşun biri bir belə xanım-xatın, bişli-düşlü, ədəb-ərkanlı cüvənəzana xəyanət edib, bir ləçərə görə yuvasını dağıdıb. Sən nə yaman həvəsli oldun belə, ə, köpək oğlu?! Bir boşanmış gəlin qalmışdı sən aşiq olası!
Xalası Farizi tərs-tərs süzdü. Fariz qulaqlarınacan qızardı:
– Ay xala, sən də söz tapmadın danışmağa deyəsən. Məni Şahanə xanımı aparmaq üçün sən dəvət etmədinmi? Gəlsəm bir söz, gəlməsəm bir söz.
Zöhrə arvad bacısı oğlunun alındığını görüb daha bir şey söyləmədən qonaqların yanına döndü.
Farizin çırtma vursan qanı dammazdı. Yenidən həyata bağlanıb, yenicə xəyallar qurmağa başladığı vaxt onun hissləri alt-üst olmuşdu. Yatsa yuxusunda belə görməzdi ki, aşiq olduğu qadın evli olub. O heç vaxt boşanmış biriylə evlənəcəyini fikrindən keçirməmişdi. İndi qəlbini, ürəyini fəth eləyən insandan vaz keçməliydimi? Atası-anası bu işə nə deyəcəkdi? Dost-aşnası bu məsələni necə qəbul edəcəkdi? Bir zamanlar belə izdivaclara sərt yanaşan Farizi bunun üçün ittiham etməyəcəkdilərmi? Suallarına cavab tapmaqda acizlik çəkirdi. İndi o neyləməlidir? Şahanədən vaz keçib, bu xəyalı başından qovmalıdırmı? Yoxsa bütün olacaqları sinəyə çəkib Şahanəyə qəlbini açmalıdır?
Neçə gün idi özündə deyildi. Fikirləşməkdən gözləri çuxura düşmüşdü. Şahanəni başından çıxartmaq, unutmaq istəyirdi. Lakin heç cür bacara bilmirdi. Qəlbinə, beyninə hökm etməyi baçarmırdı. O, Şahanəni sevirdi. Amma sevdiyinin bir zamanlar evli olmağı, hətta bir qız anası olmağı onun içini dağlayırdı. O, Şahanəni təzə-tər bir çiçək kimi qoxlamaq, onun ətrini içinə çəkmək istəyirdi. Ona qarşı bir addım atmaq, açılmaq istəyirdi. Ancaq bacarmırdı. Onun sevdiyi qadının bir qızı olması əlini-qolunu bağlayırdı. Fariz Şahanənin dəli-divanəsi idi. Amma bu da onun Laləni qəbul etməsi üçün bir səbəb deyildi. Fariz nə qədər çalışsa da Laləni həyatına qəbul edə bilməyəcəkdi. O, ata olmağı çox arzulamışdı. Ancaq öz qızının, oğlunun atası olmaq istəyirdi. O, mərhəmətsiz insan deyildi. Bununla belə tanımadığı, bilmədiyi bir körpəni öz anasına qısqanırdı. “Mən o uşağın üzünə baxa bilməyəcəm. Hər dəfə ona baxanda atasından bir nişanə, bir oxşarlıq tapacam. O zaman hamımızın həyatı kabusa çevrilməyəcəkmi? Onun atasını xatırlayanda mənim içim dağlanmayacaqmı? Mən hər dəfə o uşağı görəndə onun atasının Şahanəyə toxunuşunu, oxşamasını gözümün önünə gətirməyəcəmmi? Of, niyə axı məhz belə olmalıydı? Niyə?”
Düşüncələrin içində itib-batmışdı. Heç Seymurun otağa girməsini də hiss etmədi. Telefonu zəng çalmasaydı, kim bilir nə qədər bu vəziyyətdə oturacaqdı. Başını qaldıranda qarşısında Seymuru görüb silkələndi. Otursun deyə əliylə işarə verdi, telefonunu açdı.
Seymur dostunu diqqətlə süzür, onun heç bir hərəkətini gözdən qaçırtmırdı. Onun son zamanlar dəyişən əhvalı Seymurun nəzərindən yayınmamışdı. Nəhayət, Fariz telefonu söndürdü, alnını ovuşdurdu:
– Yoruldum, vallah. Axşam olsaydı çıxıb gedərdik. Səhərdən eyni şeyi anlatmaqdan yoruldum. Vallah, bizim iş iş deyil ki. Sən nə edirsən? – deyə Seymura göz vurdu. – Yenə fikir-xəyalın dağda-bağdadır deyəsən.
Seymur şaqqıldayıb güldü. Onun qəhqəhəsi divarlarda cingildədi:
– Mən ölüm, mənəm fikri-xəyalı dağda-bağda olan, ya sən? Heç özündən xəbərin yoxdur deyəsən sənin. Ay qardaş, birdən aşiq-flan olarsan, lələşinin xəbəri olmaz.
Seymurun zarafatla söylədiyi söz deyəsən lap hədəfə dəymişdi. Fariz sirrini dostundan daha saxlamaq istəmədi. Bu dəqiqə onun məsləhətə, dəstəyə böyük ehtiyacı vardı.
– Hə, Seymur, qardaşın aşiq olub. Hətta deyim ki, Məcnun kimi dəli olub çöllərə düşməyinə az qalıb.
Seymur dostunun bu sözünü zarafat hesab etdi, ciddiyə almadı. Lakin Farizin qayğılı üzünə baxdıqda gülüşü dodaqlarında donub qaldı:
– Kimə? – deyə maraqla gözlərini onun ağzına dikdi. Oradan çıxan iki kəlmə söz yaxın zamanlarda dostunun həyatını dəyişəcəkdi. – Kimi? – sualını yenə təkrarladı. – Mən tanıyıram?
Fariz qısa tərəddüddən sonra “hə” mənasında başını yellədi:
– Bir kərə görmüsən.
Seymur marağını gizlədə bilmədi. Kreslosunu yaxına çəkdi:
– Bizdəki qızlardandır? Dayan, deyim. Gör düz tapıram? Səmradır?
Fariz “yox” deyə silkələndi.
– Yoxsa Əsmərdir? Yenə tapa bilmədim, eləmi? Onda özün denən görüm kimdir?
Fariz:
– Dedim axı bir kərə görmüsən. Yadındadır, başın ağrıyanda qanını yoxlatmaq üçün xalam işləyən xəstəxanaya getmişdik?
– Hə, yadımdadır. Hələ orada qan alan qızdan başqa iki tibb bacısı da vardı. Hansıdır?
Fariz alnında puçurlamış təri silib ayağa qalxdı:
– Onlar deyil, Seymur. Şahanədir. Qan alan xanım.
Seymurun üzü güldü:
– Eləmi? Təbriklər, qardaşım. – Seymur Farizi qucaqlayıb, bərk-bərk kürəyinə döyəclədi. – Nə vaxtdır toy? Mahizər xalanın, Müzəffər dayının xəbəri var?
Fariz Seymuru özündən araladı:
– Hələ bir dayan. Sevinmək üçün çox tezdir. – Keçib yerinə əyləşdi. – Hələ bilmirəm necə olacaq. Mən artıq həyatımı onsuz təsəvvür edə bilmirəm. Amma neyləyəcəyimi də çaşmışam. Səninlə məsləhət etmək istəyirdim. Məqam düşmürdü. Seymur, Şəhanə evlidir.
Seymuru sanki ilan vurdu. Gözləri hədəqəsindən çıxdı, içini çəkdi:
– Evlidir nədi, ay kişi! Dəlisən-nəsən. Necə yəni evlidir? Sən evli qadına nə deyib aşiq olmusan? Heç sənə yaraşan işdir ki, hələ utanmadan ağzına da alırsan?
Fariz əsib-coşan Seymuru birtəhər sakitləşditrməyə nail oldu:
– Ay kişi, bir dayan hələ. Mən elə demək istəmədim. Evli olub, amma indi boşanıb.
– Niyə boşanıb ki?
– Xəyanət üstündə.
Söz ağzından çıxar-çıxmaz yenə səhv nəticə çıxardan Seymur qızışdı:
– A kişi, nə hətərən-pətərən danışırsan ey sən. Xəyanət nədir deyirsən. Birinə xəyanət edən qadına da aşiq olarlar?
Fariz yorğun gözlərini ona dikib diqqətlə dostuna baxdı:
– Ay kəmhövsələ, bir diqqətlə mənə qulaq as. Çaşdığımdan fikrimi doğru-dürüst anlada bilmirəm. Əri xəyanət edib deyə Şahanə xanımın ailəsi dağılıb. Məşədi Əliabbas törəsinin sevimli nəvəsi Raufdur, nədir, onunla evli olub. Sonra bizim müdirin tez-tez yanına gəlib-gedən Şaiq Camalın qızıyla gizli eşq yaşayıb. Şahanə də bunu bilib, ayrılıb.
Seymur dərindən nəfəs aldı. Lakin daha bir şey söyləmədi. Fariz imdad diləyirmiş kimi dostunun üzünə baxdı.
– Nə? Məndən nə soruşmaq istəyirsən ki? Bu işdə qərar yalnız sənindir. Mən könül məsələsinə nə deyib müdaxilə edim. İncimə. Belə şeylər üçün mən doğru seçim deyiləm.
Fariz qaşlarını çatıb, sərtləşdi:
– Bilirsən, mən onu ilk dəfə görəndə vurulmuşam. Əslində yenidən sevəcəyimi heç düşünməmişdim. Amma kim bilir məhəbbət haçan gəlib sənin qapını döyəcək. Onu özündən xəbərsiz izlədim. Hərəkətləri, xanımlığı ürəyimə çox yatdı. Mən anladım ki ,Şahanə ən doğru seçimdir. Mən həyatımın qalanını onunla yaşamaq istəyirəm. Amma Şahanənin bir zamanlar evli olması işləri bir az qəlizləşdirir. – Sözünə ara verib, dərindən ah çəkdi. Siqareti damağına qoyub yandırdı. Hərisliklə sümürüb tüstüsünü ciyərinə doldurdu.
Seymur diqqətlə dostunu dinlədikdən sonra bir şey anlamırmış kimi, ilk dəfə görürmüş kimi onu başdan-ayağa süzdü:
– Burada qəliz olası nə var ki? Sən də evli olub boşanmısan, Şahanə xanım da. Bu halda siz bir-birinizi daha yaxşı anlamış olarsınız. İkiniz də yaşadığınız acını unudarsınız. Ailənizi möhkəm təməllər üzərində qurarsınız.
Fariz alnını övkələyə-övkələyə sınayıcı nəzərlərlə dostuna baxdı:
– Deyək ki, dədəm də, anam da bu evliliyə hə dedi. Bəs qızı neyləyək?
Seymur təəccübləndi:
– Nə qız, ay Fariz. Qız kimdir?
Fariz üzünü turşutdu:
– Şahanənin bir qızı var. Onu deyirəm. Uşağı neyləyək?
Seymur dostunun dəyişən üz ifadəsini heç bəyənməyərək zəndlə onun gözlərinin içinə baxdı:
– Nə gözəl. Ata olmaq sənin ən böyük arzun deyildimi? Bir-birinizə dəstək olub, gözəl ailə qurarsınız. Allah nəsib edərsə yenə uşağınız olar.
Son kəlməsi Seymurun ağzından çıxar-çıxmaz Fariz acıqlandı:
– Seymur, mənimlə əylənirsən? Ay qardaş, mən kiminsə uşağına baxanam? Mən uşaq istəyirəm. Amma öz uşağımı. Özgədən törəmiş birini mən neyləyirəm? – Seymurun ona maddım-maddım baxdığını görüb daha da qızışdı. – Mənə elə baxma. Sən məni çətin ki, anlayasan. Mən o qızı görəndə Şahanəni hər kəsə – keçmişinə, ərinə, hər kəsə, hər kəsə qısqanacam. Mən o uşağa baxdıqca keçmiş ərinin Şahanəyə toxunuşunu, nəvazişini yadıma salıb dəliyə dönəcəm. Başa düşürsən, ya yox?! Mən Şahanəni hamıya, hər kəsə, qızına belə qısqanıram. Sən mənim yerimdə olsan neyləyərdin? Bax, görürsən, cavab vermirsən. Çünki mənim doğru olduğumu bilirsən.
Seymur kreslodan qalxaraq təəssüflə dostunu süzdü:
– Əgər mən uşaqlı bir qadına həqiqətən aşiq olsaydım, onda övladını balam kimi bağrıma basıb onu qəbul edərdim. Çalışardım atasının yerini doldurmasam da, ona qayğı ilə yanaşım, onu sevim.
Farizin üzünün əzələsi əsəbindən titrədi:
– Demək asandır!
– Sən ki öz xasiyyətini bilirdin, onda bu duyğunu elə ilk başdan qəlbində basdıraydın! – Seymur səsini ucaltdı.
Fariz yorğun halda başını ovucları arasına alıb sıxdı:
– Elə bilirsən istəmədim? Nə qədər fikrimdən çıxartmağa çalışsam da alınmadı. Mən nə olursa-olsun Şahanəyə ürəyimi açacam. Elçi göndərib işi rəsmiləşdirəndən sonra uşağı istəmədiyimi bildirəcəm. Ya nənəsi baxsın, ya atası. Mənim üçün fərq etməz. Atam-anam Şahanəyə yox deməyəcəklər. Amma uşağı qəbul etməyəcəklərini dəqiq bilirəm.
– Birdən razı olmasa? – Seymur soruşdu.
Fariz çox arxayın şəkildə başını dikəldib Seymura baxdı:
– Dostum, mən kimi istədim, əldə edə bilmədim? Şahanə məndən yaxşısını haradan tapacaq?
Seymur dostunu mütəəssir halda süzərək qapını açdı:
– Dostum olsan da deyəcəm. Heç bir ağıllı qadın hansısa kişiyə görə övladını atıb ərə getməz. Eləsindən nə sənə arvad olar, nə gələcək övladına ana. Nə qədər ki, gec deyil, bu sevdanı başından çıxart. Övladını sevməyən bir qadın qadın deyil! – Bunu deyib Seymur otaqdan çıxdı. İllərlə dostluq etdiyi, güvəndiyi bir insanı əslində tanımadığını anlamaq onu bərk məyus etmişdi.
(Ardı var)