Firuzə DAVUDQIZI
Biz tezliklə evdən çıxdıq. Qapının ağzında bizi gözləyən maşına əyləşdik. Elşad bizi xeyli arxaya, iş yoldaşının ata evinə gətirdi. Bizi oğlanın anası Almaz xalaya əmanət edib, muğayat olmasını xahiş etdi.
Yola düşəndə Hüseyn atasının getdiyini hiss edərək çığırıb ağlamağa başladı. Elşad onun səsini eşidəndə dözməyib geri qayıtdı. Qucağına götürüb bir də dönə-dönə öpdü. Ətrini, qoxusunu ciyərlərinə çəkdi. Yalnız bundan sonra uşağı mənə verdi. Bir anlıq diqqətlə gözlərimin içinə baxdı. Onun bu baxışları ürəyimə od saldı. Dözmədim, kövrəlib ağlamağa başladım. Lakin Elşad daha dayanmadı, iti addımlarla evdən çıxdı.
Almaz xala Hüseyni məndən alıb dedi:
– Get, qızım, yola sal ərini. Allah özü kömək olsun sizlərə, ay bala!
Mən yüyürə-yüyürə Elşadın dalınca getdim, qapının ağzında ona çatdım.
– Elşad!
Elşad çevrilib mənə baxdı. Yaxınlaşıb ona sarıldım:
– Özünü qoru!
Elşad bir gözü evin pəncərəsində, məni özündən ayırıb dedi:
– Ara sakitləşsin, gəlib aparacam sizi! Darıxdırma özünü! Hüseyn sənə əmanət! Özünə fikir ver. Ola bilər, vəziyyətlə əlaqədar bir neçə gün gələ bilmərəm, amma imkan tapan kimi mütləq gələcəm! – Barmaqlarını yanağıma toxundurub gözümün yaşını sildi. – Get evə, uşaq ağlayır.
Ondan ayrı qalacağımı bildiyim üçün bu bir neçə gün də mənə əsrlər, qərinələr qədər uzun gəlirdi. Bunu fikirləşəndə yenə dəliyə döndüm. Hisslərim ağlıma yenə güc gəldi. İrəli yeriyib, Elşadın dodaqlarından bərk-bərk öpdüm.
Evdəkilərdən kimsə görəcək deyə Elşad məni zorla özündən kənar elədi. Tərs-tərs üzümə baxdı, baxışlarıyla qınadı. Amma yaxşı bilirdim ki, bu onun da ürəyindən keçirdi. Sadəcə özünü tutub durmuşdu.
O, qapıdan çıxanda çiyninin üstündən dönüb bir də mənə baxdı. Daxilən keçirdiyi hisslərin təsiri ilə dodaqlarını bir-birinə kip sıxıb, üzünü çevirib getdi. Çox keçmədi ki, çırpılan qapı səsindən maşına oturduğunu anladım. İçimdən bir səs onun dalınca baxmamı tələb etdi məndən. Darvazanın aralı qalmış qapısından uzaqlaşmaqda olan maşının arxasınca baxdım. Tezliklə maşının açıq pəncərəsindən havaya burumlanıb qalxan tüstünü görəndə Elşadın artıq siqaretə sarıldığını başa düşdüm. Maşın gözdən itənə kimi yerimdən tərpənmədim.
4 GÜN KEÇDİ.
Onun bizi əmanət edib getdiyi bu evdə Elşadı gözləyirdik.
Günortadan sonra idi. İş yoldaşı Aslan gəldi. Evə keçmədən həyətdə anası Almaz xalayla bir xeyli qaşqabaqlı halda nə barədəsə danışmağa başladı. Almaz xala oğlundan duyduqlarına heyrət içində əlini üzünə apardı.
Mənə onların arasında gedən bu sirli söhbət bir az müəmmalı qalsa da ürəyimə pis heç nə gətirmək istəmədim. Yəqin ki, ailədaxili şəxsi məsələdir düşündüm.
Aslan bir xeyli yubandı həyətdə. Sonra yuxarı qalxdı.
Mən onu görəndə elə zənn etmişdim arxasınca Elşad da gələcək, amma yanıldım. Bununla belə, ümidimi itirmədim. O, evə keçəndə sıxıla-sıxıla olsa da Elşadı xəbər aldım:
– Qardaş, bəs Elşad niyə gəlmədi?
Mənim bu sualım Aslanı elə bil göydən yerə çırpdı. Bir az da tutuldu. Köks ötürdü. Gözlərini məndən qaçıra-qaçıra, haldan-hala düşərək tamam başqa söz dedi:
– Atasına xəbər etmişik. Yəqin ki, artıq yola çıxmış olar.
Çaşqın halda ona baxdım:
– Niyə? Nə baş verib ki? Atasına nəyi xəbər vermisiniz? Bəs, axı Elşad…
Aslan çətin vəziyyətdə qaldığını izhar edən bir tövrlə dərindən ah çəkdi. Xeyli özünü ələ ala bilmədi. Amma yalan danışmağın mənasız olduğunu özü-özlüyündə qət edib, dilini sürüyə-sürüyə dedi:
– Orada aləm dəymişdi bir-birinə. Düzü, necə deyim, heç özüm də bilmirəm! Meyitlərin bəzisini hələ götürə bilməmişik. Güman edirik, bəlkə onların arasındadır. Təxliyyə qrupu yollanıb, bəlkə bir xəbər çıxar. – Son sözünü onu boğan qəhərdən güclə tamamladı.
Mən onu dinləsəm də artıq əlimin-ayağımın titrəməsinə əngəl ola bilmirdim. Dəhşət içində, yaşdan pərdələnmiş gözlərimi oğlanın üzünə zilləmişdim. Elə bilirdim beynimin içində top atırlar.
Vahimə içində soruşdum:
– Nə meyit?
Uzun və dəhşətli dərəcədə üzücü bir sükut yarandı arada. Bu sükut canıma vəlvələ saldı. Ürəyimə qorxunc bir şübhə hakim kəsildi. Məni saran təlaşla tir-tir əsə-əsə imdad edər təki yalvardım:
– Qardaş, qurban olum, düzünü deyin. Nə olub Elşada? Başına nə iş gəlib? Gizlətməyin! Gizlətməyin, xahiş edirəm! Mənə düzünü deyin, sizi and verirəm Allaha! Boş yerə atasını bura çağırtmazsınız!
Aslan əzab içində baxışlarını ətrafda dolandırıb, güclə dilləndi:
– İki gündür Elşaddan xəbər tuta bilmirik. – Bu ağır anların təsiri ilə az qala inlədi.
Mən bu duyduqlarımdan sonra qarşımda ölüb-dirilən, çəkdiyi əzabdan kiçilib büzüşən pəhləvan cüssəli bu oğlana baxaraq başıma gələn müsibəti dərk etməyə çalışırdım. Birdən qətiyyətlə dilləndim:
– Yox, o, gələcək! Dedi ki, burada gözləyin! O bizi heç vaxt atıb getməz! Hüseyni yetim qoymaz! – Son sözümü hönkürərək dedim. Və çığırmağa başladım.
Aslan bundan artıq tab gətirə bilmədi. Əlləriylə qulaqlarını qapayıb, iti addımlarla evdən çıxdı.
Mən talan olmuş bir halda yerə çökdüm.
Almaz xala hövlnak içəri, mənim yanıma yüyürdü. Yanıb yaxıla-yaxıla necə nalə qopardığımı görüb:
– Can bala! – deyib, boynumu qucaqladı. – Dözümlü ol!
Özü də kövrəlib mənə qoşularaq ağladı. Məni yerdən qaldırmağa çalışanda keçirdiyim güclü həyəcandan qarnımın altında dəhşətli bir ağrı duyub, əlimlə qarnımı sıxdım.
Gözlərimi açıb özümə gələndə xəstəxanada, palatada uzanmış vəziyyətdə idim. Çaşqın-çaşqın ətrafa göz gəzdirdim, heç nə başa düşmədim. Nə yaşadığımı da unutmuşdum. Bu vaxt bir tibb bacısının həyəcanlı səsi gəldi qulağıma:
– Həkim! Xəstə ayıldı!
Palatada qəribə bir canlanma yarandı. Ağ xalatlı orta yaşlı bir qadın əlimi tutdu. Nəbzimi dinləyərək soruşdu:
– Xanım qız, özünüzü necə hiss edirsiniz?
Mən hələ də nə baş verdiyini anlamağa çalışırdım, amma olmurdu. Qalxmaq istədim, bədənimə gücüm çatmadı. Həkim həmin dəqiqə iradla:
– Olmaz! – dedi və məni yerimdə saxladı.
Mən qarnımın üstündəki buz torbasını bu zaman gördüm.
– Nə olub mənə? – Həyəcanla həkimə baxdım.
– Yaxşı olacaqsınız, inşallah. Fikir eləməyin. Ağıllı qız olub, sözümə qulaq assanız, tez sağalacaqsız. Qanaxmanız vardı. Şükür, təhlükə sovuşdu.
Mən israrla nə baş verdiyini soruşub, həkimdən həqiqəti öyrənəndə növbəti zərbəni aldım bu amansız həyatdan.
Yaşadığım sarsıntı təsirsiz ötüşməmişdi. Bətnimdəki uşaq tələf olmuşdu. Və mən dünəndən burada idim.
Əzab içində yanıb qovrula-qovrula dəli kimi necə çığırırdımsa, onlar qolumu güclə tutub mənə sakitləşdirici iynə vurdular. Nə vaxt özümdən getdiyimi belə bilmədim. Gözlərimi bir də açanda Almaz xala başımın üstə dayanmışdı.
Mən heysiz və hərəkətsiz bir halda yazıq-yazıq soruşdum:
– Elşad gəldi?
Almaz xala gözlərini sıxıb gilə-gilə göz yaşı tökdü. Dillənmədi. Heç mən də cavab tələb etmədim. Tamam sakit bir səslə başqa sual verdim:
– Hüseyn haradadır? Onu görmək istəyirəm.
Almaz xala ürək ağrısı ilə məni süzdü. Saçlarımı sığalladı.
– Qızıma əmanət edib, gəlmişəm. Onun yanındadır, narahat olma. Bir az özünə gəl, həkim icazə verən kimi evə gedərik.
– Hüseyni görmək istəyirəm! Birini itirdim, heç olmasa o yanımda olsun! – deyə doluxsundum. – Ona sarılıb itkinimin yolunu gözləyim. Bəlkə tab gətirməyə gücüm ola!
Almaz xala sözlərimə hönkür-hönkür ağladı.
İki gün sonra qayınatam Almaz xalagilə gəldi. Rəngi meyit rəngində idi. Ayaq üstə ölmüşdü. Hüseyni qucağına götürüb, öpüb bağrına basanda dözmədi, hönkür-hönkür ağladı:
– Evim yıxıldı! Belim sındı! – dedi. – Balamın ətrini səndən alım, ay günahsız bala!
Xeyli sakitləşə bilmədi.
Kişi çəkdiyi əzabdan necə yanıb-yaxılırdısa özünü ələ ala bilmirdi. Bəlkə də qarşısını kəsən bəlli maneələri yıxıb, qüruruna söz keçirə bilsəydi, məni də bağrına basardı. Bu dərəcədə peşman bir ifadə dolanırdı simasında. Alt-üst olmuşdu.
Mən hələ sağalmamışdım deyə çarpayıda idim. Qayınatam içəri girəndə biixtiyar yerimdə qalxıb oturmuşdum. O qədər öyrəşmişdim ki, günahkar sayılıb tənə yeməyə, gözləyirdim kişi bu dəqiqə ağzının acısını mənə tökəcək.
Qayınatam nə baş verdiyini deyəsən Almaz xaladan öyrənmişdi. Gözümün içinə baxmasa da, altdan-altdan halımı-təhrimi izləyirdi. Çünki baxa bilmirdi. Bəlli ki, mənə hər baxanda oğluna göstərdiyi düşmən münasibət gəlib dururdu gözləri önündə. Bu da ona tab gətirə bilməyəcəyi bir əzab hissi yaşadırdı. Bir qədər özünü toplayıb, tutqun bir səslə mənə:
– Yol gedə biləcəksən bu vəziyyətdə? – deyə sual verdi. – Sizi rayona aparım, mən qayıdacam bura.
Mən getməyi, xüsusilə də o evə, qətiyyən istəməsəm də qayınatamın sözünün qabağında söz demək istəmədim. Susdum. O da bunu razılıq əlaməti kimi qəbul etdi.
Səhər ertədən yola düşdük.
Rayona qayıdırdıq. Cismim gedirdi bu yolu, ruhum və qəlbim orada Elşadın yanında qalmışdı.
Uzanıb gedən, bitmək bilməyən yollara baxa-baxa Elşadı sağ-salamat bizə geri qaytarması üçün nəfəsim gəldikcə Allaha dua edirdim.
Qayınatam bir neçə dəfə geri çevrilib qucağımda yuxuya getmiş Hüseynə ürək ağrısı ilə nəzər salanda mənim səssiz-sədasız göz yaşı axıtdığımı görmüşdü. Mən onun baxışlarını üzərimdə hiss edərək tez gözlərimi silsəm də, onun simasındakı talan olmuş ifadə gözümdən yayınmamışdı…
(Ardı var)