Aynur MƏSİMOVA (TƏMKİN)
Lalənin gözü qapıda qalmışdı. Uşaqlarla əylənib, ora-bura cığırışaraq qaçsa da həsrətlə atasının yolunu gözləyirdi. Rauf telefonda Laləylə danışdığı zaman “Gəlib səni təbrik edəcəm” deyib söz vermişdi. Şahanə:
– Lalə! – deyə qızını səslədi. – Di gəlin görüm bura. Tortumuzu kəsək.
Lalə yüyürüb masaya yaxınlaşdı. Şahanə “Bir, iki, üç!” deyən kimi Lalə şamları üfürdü. Şaqraq gülüş səsləri bir-birinə qarışdı.
Axşam çoxdan düşmüşdü. Hələ Raufdan xəbər-ətər yox idi. Lalə gözü doluxsunmuş halda eyvana girib-çıxdıqca Şahanə əzab çəkirdi. Ürəyində onun qarasına deyinir, əsəbləşirdi: “Axı gəlməyəcəksənsə niyə uşağı ümidləndirirsən. Sən nə zaman atalıq məsuliyyətini dərk edib anlayacaqsan? Ah Rauf, ah. Görüşməyə qoysam bir dərd, qoymasam iki dərd. Nə olar, gəl çıx. Uşağın ürəyi bir tikə qaldı”.
Maşının siqnal səsini eşidər-eşitməz Lalə qapıya doğru qaçdı:
-Atam gəldi, atam! – deyə onun boynuna sarıldı.
Rauf uşağı sinəsinə basıb üz-gözünü duz kimi yaladı:
– Bax gör sənə kimi gətirmişəm. Səni görməyə bilirsən kim gəlib? – Lalə anasının gözünə bənzəyən gözlərini atasına dikdi. Maşının qapısı açıldı. Arzu yerə enər-enməz uşaq bibisinə doğru atıldı.
Rauf maşının baqajını açıb aldığı hədiyyələri qızına uzatdı. Qalanını da Arzu götürüb həyətə girdi. Nihal qızı qucaqlayıb evə dəvət etsə də qız heç bir vəchlə razı olmadı. Çəkinə-çəkinə:
– Qardaşım çöldə məni gözləyir. Onu orada qoyub mən burada necə oturum? – dedikdə Səbinə Arzunu qolundan tutub evə dartdı:
– Səni biz yola salarıq. O getsin.
Arzu alınsa da üzə vurmadı. Raufun günahlarının bağışlanmaz olduğunu bilirdi. Amma neyləyəsən, qardaş elə qardaşdır. Dırnağına daş dəysə ürəyi parçalanar bacının.
Arzu:
– Sağ olun hamınız. Amma daha gecdir. Bu saatda qonaq olmaz. İnşallah, bir də gələndə evə də çıxaram, çay da içərəm, – deyə sağollaşıb qapıdan çıxdı.
Rauf o yan-bu yana deviksə də Şahanəni görmək arzusu qəlbində qaldı. Şahanə yalnız Rauf onu görməsin deyə Arzunu qapıdan yolçu edərək evə qayıtdı. O bu dəqiqə Raufu nə görməyə, nə də danışmağa hazır idi.
Bəzi kişilər qız övladı doğulanda onu qəbul etməyə çətinlik çəkirlər. Lakin qızlar öz şirinliyilə atanın qəlbinə şəfqət dolduranda onlar vaxtilə keçirdikləri dilxorçuluq hissindən utanıb xəcalət çəkir, bir zamanlar qız övladını istəmədiklərinə görə üzülüb kövrəlirlər. Atalar yaşadıqları müddətcə qızları göz bəbəyi kimi qoruyur, əzizləyir, onların xoş təbəssümləri qarşısında əriyib gedirlər. Qızların qayğıkeşliyi, atalarına olan sevgisi onların əl-qolunu bağlayır. Qızlar ərlik yaşına çatanda atanın yuxusuz gecələri daha da artır. Qızlarının gələcək taleləri onları düşündürməyə bilmir: kimə rast gələcək, kimə könül verəcək?.. Dünyada ata-ana olmaqdan gözəl, eyni zamanda məsuliyyətli bir hiss varmı?!
Araz dolmuş gözlərini hər kəsdən gizləyir, ağlamaqdan özünü güclə saxlayıdı. O, Arzuya nə qədər acıqlanıb söylənsə də, qızı onun ən zəif, ən həssas nöqtəsi idi. Ata evinin qönçə gülünü başqa qapıya, başqa adamlara əmanət edəcəkdi. Arzunun gözündən çıxan hər damla göz yaşı Arazın ürəyini dağlayırdı. Bu günə qədər qızını o buyurub, o çağırmışdı. İndi sıra başqa bir atanın, başqa bir ananın idi. Ata üçün qızını kiməsə etibar etməsi dünyanın ən çətin, ən mürəkkəb məsələsi olsa da onun ailə qurmağını görmək də onun ən böyük arzusu idi.
Həyətdə iynə atsan yerə düşməzdi. Qonum-qonşu gəlini ata evindən yolçu etməyə yığışmışdı. Ev əhlinin əli-ayağı yerə-göyə sığmırdı. Əntiqə ayda-ildə bir dəfə gəldiyi qudasının evində lap başda oturmuşdu. Daima qudaları arasında hörmət-izzət görən qadın qızına baxdıqca əsəbindən gərilirdi. Ana Kamiləni süzdükcə dişi bağırsağını kəsirdi. Kamilə Eminin həyat yoldaşı Günelə sığınıb duran Laləni nifrətlə süzür, ötüb-keçib bir bahanəylə uşağı dümsükləməyə çalışırdı. Günel ona əmanət edilmiş uşağı yanından buraxmır, gözünü ondan götürmürdü. Nə hiss etmişdisə Rauf da tez-tez uşağın yanına gəlir, Günelə uşağı gözdən qoymamağı tapşırırdı. Həmişə ürəklə Laləni nənəsi evinə yola salan Şahanə də bu səfər icazə verməyə çətinlik çəkmişdi. Ürəyinə dolan qara-qorxu düşüncələrdən vücudu silkələnmişdi. Amma çar-naçar Arzunun bu xoş günündə qızına da, keçmiş baldızına da yox deməyə üzü kəsməmişdi. İndi Kamilə uşağı əfi ilan kimi süzdükcə Günelin ürəyi təşvişdən əsirdi. “Axşam düşsəydi, uşağı sağ-salamat anasına təhvil verə bilsəydim rahat nəfəs alardım. Gör əl boyda uşağa necə nifrətlə baxır. Utanmaz sifət var bu qızda. Bir camaatın evini dağıdır, bir də atanı balaya qısqanır. Sənin kərəminə qurban, ay Allah. Yaxşı ki, buna uşaq verməmisən. Yoxsa kim bilir nə hoqqalar çıxaracaqdı”.
Çalınan “Vağzalı”nın səsi həyəti bürüyəndə Gülpərinin əli ayağına dolaşdı. Gözlərindən bulaq kimi axan göz yaşı yanaqları boyu süzüldü. Ana ciyərparasını bu gün ər evinə yola salacaq, artıq onsuzluğa alışmalı olacaqdı. Ana qızının gələcək həyatı üçün narahat olmaya bilmirdi. Qaynana, qaynata nə qədər yaxşı insan olursa olsun, onun qızıyla necə davranacaq, onu necə qarşılayacaqdı?
Oğlan evindən olan, şərbət içən kök qadın Lalənin yanaqlarından öpdü:
– Ay bu nə gözəl baladır belə, – deyə uşağın saçlarını nəvazişlə oxşadı. – Bu Raufun ilk evliliyindən olan qızıdır? Yəqin gözəlliyini anasından alıb. –Sonra əyilib yanındakı gəlinin qulağına nəsə pıçıldadı.
Kamilə əsəbi halda yerindən sıçrayıb qadının qarşısını kəsdi. Ağzını doldurub ona bir-iki kəlmə acı söz demək istəyirdi ki, Əntiqə arxadan ona yaxınlaşıb qolundan çəkdi:
– Ağzından tək kəlmə çıxsa qızım deyib üzünə baxmaram, Kamilə. Özünü ələ al, keç yerinə əyləş.
Kamilə qadına təhdidedici nəzərlərlə baxıb daha bir şey söyləmədən keçib anasının yanında durdu.
Gəlinin üzünə alafanı salıb, belinə qırmızı lenti bağlayandan sonra Araz gəlib qızına xeyir-dua verdi. Son kəlmələri dedikdə dili-dodağı əsdi. Ağlamasın deyə əlini yeznəsinin çiyninə vurub dodaqlarını dişlədi. Çox böyük çətinliklə:
– Oğlum, qızım öncə Allaha, sonra sənə əmanətdir! – deyib sanki qaçırmış kimi çıxıb getdi. Lalənin otağına girib hakim ola bilmədiyi göz yaşlarına boğuldu. Elə bir hönkürtüylə ağladı ki,onun arxasıyca gələn qardaşı bir şey söyləmədən oradan uzaqlaşdı.
Qız övladının yükü o qədər ağır və çətindir ki. Bu hissi yalnız məsuliyyətini dərk edən valideyin anlayıb başa düşə bilər. Araz kişi Raufda çox səhv buraxdığından eyni səhvi Arzuda da təkrarlamaqdan qorxurdu.
Günel güzgünü yengənin əlinə verib, şamların birini Laləyə, o birini öz qızına uzatdı. Bəy gəlinin qolundan tutub çıxmağa hazırlaşanda uşaqlar qabaqda, pilləkənin başında durdular. Molla avazla dua oxuyub, xeyir-dua verdikdən sonra yenidən “Vağzalı”nın sədaları altında hər kəs ehtiyatla pilləkəndən enməyə başladı. Kamilə Arzuya “Donun arxasını düzəldirəm” deyib irəli əyildi. Heç kimin hiss etmədiyi tərzdə bibisinin qarşısında yeriyən Laləni itələdi. Uşaq bir andaca müvazinətini itirib sanki top imiş kimi irəliyə doğru uçdu. Elə bir qarışıqlıq düşdü ki, kimsə nə edəcəyinə çaşdı. Bayaqdan bəri ora-bura vurnuxan Rauf da gördüyündən tamamilə sarsıldı, ayaqları əsdi, sanki belinə balta çaldılar. Günel qorxudan “Vay!” deyib çığıranda mollanın yanında duran Cavidan özünü itirmədi. Dizi bərk çaxılsa da irəli tullanıb uşağı göydəcə tutdu. Hamı özünü itirmiş, donub qalmışdı. Vəziyyəti belə görən Cavidan uşağı sinəsinə basıb üzünü toyçulara tutdu:
– Allah xoşbəxt eləsin! Çalın, əmi-bala oynayaq! – deyə şuxluq yaratdı. “Vağzalı”nın sədalarına qolunu geniş açaraq rəqs etməyə başladı. Deyəsən aradakı gərginliyi yumşaltmağa nail ola bilmişdi. Onun şuxluğu ətrafdakılara sirayət etdi. Gülüş, qəhqəhə səsləri aləmi bürüdü.
Rauf qorxudan rəngi ağarmış qızını Cavidandan alıb sinəsinə basdı. Son zamanlar nifrətlə xatırladığı əmisi oğlunun kürəyinə vurub boynunu qucaqladı. Kamilə hirsindən fısıldayır, bilmirdi hikkəsini kimdən çıxsın. Yaxşı ki, kimsə onun elədiyini görməmişdi, xüsusən də Rauf.
Kamilə Cavidana qanlı-qanlı baxıb gözünü süzdürəndə Cavidan elə bil silkələnib ayıldı. Uşağın yıxılmasında Kamilənin barmağı olduğuna artıq heç bir şübhəsi qalmadı. Arxadan Güneli səsləyib Raufun qucağındakı uşağı ona təhvil verdi. O yan-bu yana boylanıb ətrafda onu duya biləcək kiminsə olmadığını görüb:
– Günel bacı, Laləni o alçaqdan qoru, Kamiləni onun həndəvərinə buraxma – deyib maşınına oturdu.
Günel qızları da Eminin maşınının arxa oturacağına oturdub özü qabağa keçdi. Bir az öncə astanasından döndükləri faciəni düşündükcə yer-yurd onun ayaqları altından qaçdı. Eminin ona söylədiyi son sözlər beynində saatda yüz kərə səsləndi. Yadına Kamilənin Arzunun arxasında duraraq donunu düzəltdiyi düşdü. “Bəlkə Laləni elə o itələdi. Yoxsa durduğu yerdə uşaq niyə yıxılsın ki? Amma yox. Bu qədərinə də cəsarət edə bilməz. Yox, yox. Belə bir şey… Amma nə bilim. Kiminsə günahına girmək də istəmirəm. O günaha bata bilmərəm”. Günel sürətlə döyünən ürəyinin odunu söndürmək üçün maşının şüşəsini saldırdı, dərindən nəfəs aldı. Ürəyində Allaha ele hey dua oxudu. Cavidan olmasa, kim bilir, bəlkə də toy yasa dönəcəkdi.
Əntiqə evə dönüb doyunca ağladı. O, baş verənlərin birbaşa qızıyla əlaqəli olduğunu bilirdi. Ana elədiyi bütün xəbərdarlığa rəğmən qızının bu addımı atmasını heç cür qəbul edə bilmirdi. Əntiqə insan əvəzinə belə canavar doğduğunun xəcalətini çəkirdi. “Ay Allah, bu qız nə zaman belə yırtıcıya döndü? Mənim öz doğma balamdır, nəsə deməyə dilim gəlmir. Amma bu nə cür insanlıqdır? İnsan da kiməsə qıyarmı? Mən toyuğu belə öldürməyə cəsarət tapa bilmirəm. Mənim doğduğum bir insanın həyatına qəsd edir. Əgər o uşaq yıxılsaydı, yerə çırpılsaydı, çətin ki, bir də ondan adam olardı. Bu qədər kin-küdurət haradan dolub bunun qəlbinə? Bu qız nə zaman belə zəhərləndi, mən bilmədim. Vallah, gün gələcək bu qız öz zəhərində boğulacaq. Onda hər şey gec olacaq”.
Ərinin səsinə diksinən Əntiqə xəyal dünyasından ayrılıb gözlərini ona dikdi.
– Ay Əntiqə, eşitmirsən səni çağırıram?! Nə üçün cavab vermirsən? Yəqin indi hər kəs bizi gözləyir. Sən nə əcəb hələ paltarını dəyişməmisən? Hər halda toya bu paltarda getmək fikrin yoxdur sənin.
Əntiqə qəzəbli baxışlarla ərini süzdü:
– Mən getmirəm. Get, o qızın, o sən.
Şaiq arvadının bu cavabından bərk çaşdı:
– Nə olub, ay arvad, sənə? Yuxunda dədəni görmüsən nədir? Bu nə danışıqdır mənimlə danışırsan?! – Kişi getdikcə səsini yüksəltdi. – Sənə yüz kərə demişəm ki, mənimlə belə tonda danışma. Qarşındakı uşaq deyil sənin.
Bayaqdan bəri dolub-daşan Əntiqə daha dözmədi:
– Dədəmi dingildətmə. Sən də mənimlə bu cür danışma. Getmirəm dedimsə demək ki, bir səbəbim var.
Şaiq Camal qalın qaşlarını ədayla dartdı:
– Bura bax. Yoxsa o Gülpəri ifritə sənə nəsə deyib?
Əntiqə istehza ilə ərini süzdü:
– Vallah, Şaiq, içim qan ağlayır. Dilim bar verməsə də deyəcəm. Yekə ifritə bizim dünyaya gətirdiyimiz qızdır.
– Eeee… Ay arvad, mus deyincə Mustafa de, canım qurtarsın. Nə gəvələyə-gəvələyə durursan. İnsaf da yaxşı şeydir. Ürəyimi üzmə. Adam kimi danış görək nə olub.
Əntiqə ərinin gözlərinin içinə baxıb od püskürdü sanki:
– A kişi, bayaq olanlar elə bilirsən durduğu yerdə oldu? Bunu sənin çox güvəndiyin qızın elədi, bilirsən? Bizim ərsəyə gətirdiyimiz qız əl boyda bir uşağın həyatıyla oynadı. Bunu bilmək də, düşünmək də nə qədər ağrılıdır, ay Şaiq. Bir uşağın həyatına qıyan bir insan, Allah bilir, daha nələrə qadirdir.
Ərinin çaşdığını görən Əntiqə:
– Bunun bir səbəbkarı var, o da sənsən, ay kişi. Bu qızın çaldığına oynayıb onu qudurtdun. Budey, axırı da belə oldu. Mənim o toya gedəsi nə üzüm qaldı, nə sözüm. Sən get toya, gözünü də ondan çəkmə. Mən ki belə görürəm, bizim qızımız bütün pisliklərə qadırdir.
Raufun kefi olmasa da özünü toxtaq tuturdu. Bu gün onun dərd ortağı, sirdaşı öz ocağını quraraq ata evindən uçurdu. Bunca vaxt onun qulluğunda durub, ona Şahanə məsələsində həmişə sirdaş olan, onunla kövrəlib, onunla gülən bacısı biryolluq evlərini tərk edirdi. Qardaş Arzu olmayan evə necə dönəcəkdi? Hər yerdə onun nəfəsi, şaqraq gülüşləri, xoş təbəssümləri qalmışdı. Rauf gülürdü. Amma bu gülüşün, bu təbəssümün özündə nə qədər dərin iztirab dururdu. Bəzən yuxulaya bilməyəndə Arzunu otağına çağırar, bacı-qardaş saatlarla dərdləşər, xatirələrini bölüşərdilər. İndi artıq Arzu da olmayacaqdı. Sevdikləri bir-bir ondan ayrı düşürdü. O, doğulduğu, böyüdüyü evə getmək istəmirdi. Ata-anası olmasa bir gün düşünmədən bəlkə də çıxıb başqa ölkəyə, başqa diyara gedərdi. Şahanə yox, Lalə yox, Arzu yox. Bir ev, bir ona hər gün daha artıq ehtiyac duyan ata-anası, bir də nifrət etdiyi Kamilə. Raufun içində yenidən fırtınalar əsdi. O, ekspert rəyini gözləyirdi. Əlinə sənədləri alandan sonra eynən Kamilənin ona etdiyini Rauf da Şaiq Camalla qızına edəcəkdi.
Rauf anasını, qızını məkrlə süzən Kamiləyə nifrətlə baxmaya bilmirdi. Onu görmək, onunla bir evi bölüşmək Raufa ölümdən betər gəlirdi. O, Kamilə qədər özünə də nifrət edirdi. Bu gün bacısının məclisində Raufun o böyük, bağışlanmaz səhvi olmasaydı hər şey fərqli olacaqdı. Lalə boynubükük halda qohum-qardaşın yanında durmayacaqdı. Birdən özünü o qədər bədbəxt sandı ki. Ancaq neyləyə bilərdi, daha gec idi. Bunu zamanında anlayıb, vaxtında ailəsinin qədrini bilməliydi. O, Şahanənin eşqini qazanmaq üçün nələrə dözdüyünü, nə acılar çəkdiyini unudaraq bir andaca hər şeyi məhv etmişdi. Bunun üçün də nə səbəbkar axtarmalıydı, nə günahkar. Özü üçün, qızı üçün, dəlisi olduğu Şahanə üçün özünü ələ alıb dirənməliydi. Onları yenidən geri qazanmaq üçün möhkəm olmalı, sonacan mübarizə aparmalıydı.
(Ardı var)