Firuzə DAVUDQIZI
Bir müddət keçdi.
Bir gün heç gözlənilmədən İlkin gəldi. Sən demə, bizə sürpriz etmək üçün bilərəkdən xəbər verməyibmiş. Elşadı bağrına basıb:
– Təbrik edirəm, atacan! – deyə əlini şəstlə qardaşının kürəyinə vurdu. – Axır ki, biz də əmi olduq də.
Elşad söz altda qalmadı:
– Nəzərə al də… Qardaş qardaşa bundan artıq nə etməlidir?
Onun sözlərinə uğunub gülən İlkin məni qucaqlayıb alnımdan öpdü. Güləş ifadə ilə:
– Təbrik edirəm, gəlinbacı. Böyük oğlan olsun! – dedi və dərhal Elşada sarı göz vurub, xüsusi vurğuyla əlavə etdi. – Davamı gəlsin!
– Amin! Amin! – Elşad güldü.
– Yaxşı, bəs hanı mənim qardaşım balası? Əmisi gəlib axı onun görüşünə.
– Taxt-tacındadır. – Elşad baxışlarıyla beşiyi göstərdi. – Bütün gecə məni yuxu yatmağa qoymayıb, indi xumarlanır özüyçün.
– Düz edir! – İlkin güldü. Beşiyə yaxınlaşıb içərisinə əyildi. Diqqətlə şirin yuxuda olan Hüseyni süzdü. – Ay maşallah, Allah saxlasın, qardaş! Şükür sənə, ilahi! Elə bilirəm bu gördüklərim bir yuxudur, şükür möcüzənə! – deyə Hüseynin üzündən öpüb, bizə doğru çevrildi. – Oyatmayım. Oyananda doyunca öpüb oxşayaram.
İlkinin gəlişi bizi çox sevindirdi. Gələr-gəlməz zarafatları, məzəli söhbətləri ilə evdə canlanma yaratdı.
Çox keçmədi Hüseyn oyandı. Mən uşağı rahatladıqdan sonra onu aparıb İlkinin qucağına qoydum. İlkin uşağı daha aydın indi gördüyü üçün gözlərinin içi güldü.
– Bahoo! Salam, a kişi! Xoş gördük. Əmi qurban sənə! – Hüseyni dönə-dönə öpdü. Sonra çevrilib Elşada dedi. – Cizgiləri eynən sənsən. Ağlı-xasiyyəti oxşamasın! Yoxsa biz batdıq!
Elşad çayını içə-içə qaşlarını düyünləyib tərs-tərs İlkini süzdü.
İlkini gülmək tutsa da onu qıcıqlandırmaq üçün davam elədi:
– Əmisinə oxşasın, balam. Əmi sülhsevər adamdır. Atan kimi dəli deyil.
Hüseyn bu dəm üz-gözünü turşudub ağlamağa başlayanda İlkin dərhal sözünü geri götürməli oldu:
– Yaxşı-yaxşı, başa düşdüm, düyünləmə qaşlarını, Elşadın nüsxəsi. Xoşuna gəlmədi sözüm?
– Xəbərin olsun də, mənim oğlum söz götürən oğlan deyil! – Elşad ədalı-ədalı qaşını qaldırdı. – Söhbət deyil axı… Üzünə baxıb, atasını təhqir edirsən, hələ bir soruşursan ki, xoşuna gəlmədi?
İlkin gülər üzlə Hüseyni mənə verdi. Eyni zamanda Elşadın sualına cavab verməli oldu.
– Sən nə vaxt tərpənirsən? Hələ avaralanacaqsan? Yaş keçir.
– Mən hələ ki, evlənmək fikrində deyiləm. Hazırlaşmışam, Rusiyaya gedirəm. Şəxsi biznesimi qurmaq istəyirəm.
– Rusiyada nə işin var? – İlkinin fikri Elşadı açmadı. – Biznesi burada da qura bilərsən. Otur yerində! Kimi deyirsən, elçi göndər, evlən. Mənim elədiyim səhvləri eləmək məcburiyyətində qalma sonra!
– Bunu düz buyurdun. Xətrinə dəyməsin, mən özümə bir gün-güzəran qurmayınca evlənən deyiləm. Mənsumənin əlinə ikinci qurbanı da mən verməyim də. Fikrim qətidir. Gedəcəm. Gəldim sizi, uşağı görüm, həm də vidalaşım.
– Nə deyim, Allah xeyrini versin! – Elşad dildə belə dedisə də, ürəyində bu qərarla qətiyyən razılaşmadı.
Yemək zamanı mən bir ara mətbəxə keçəndə Elşadın qardaşına dediklərini duydum:
– Heç olmasa xəbərləri var ki, nənə-baba olublar?
– Bilirlər. Demişəm.
Mən fikirləşirdim ki, nəvələri olduğunu bilsələr qayınatamla qayınanam kini-nifrəti bir kənara qoyub, biz heç, Hüseyni görməyə gələrlər. Amma İlkini tək görəndə yanıldığımı anladım. Elşad da deyəsən əvvəl belə düşünmüşdü. Amma valideynlərinin saymazlığı ona toxunmuşdu deyə indi dilə gəlmişdi. Mənim yanımda açıb-ağartmasa da təkliyə düşən kimi qardaşından xəbər alırdı. Rahat danışsınlar deyə salona keçmədim. Elşad bir də soruşdu:
– Niyə gəlmədilər? İndi nəyi bəhanə gətirdilər?
– Mənsumə xanım deyir ki, mən canımı çöldən tapmamışam. Güllə atarlar, diksinərəm. – İlkin yeməyini yeyə-yeyə yarı zarafat, yarı ciddi cavablar verirdi. – Dedi bəri tərəflər olsaydı, gedərdim.
– Hmm… – Elşad ağzındakı tikəni çeynəyə-çeynəyə kinayə ilə dilləndi. – Gəlməməkdə düz edib! Mən o zaman bilməyəcəkdim erməniyə güllə atam, yoxsa Mənsuməni çıxaram güllənin altından. Ton yarımdır. Məcburam ki, sonra çıldağa da aparam. Diksinib eləyər, heç nədən işə düşərik.
Məni gülmək tutdu. Lakin səsim duyulmasın deyə əlimi ağzıma tutdum. Və bütün səyimlə bunu onlara bəlli etməməyə çalışdım.
AYLAR SONRA
Hüseyn artıq 7 aylıq idi. Böyüdükcə Elşada daha çox bənzəyirdi. Elşad evdə olduğu günlərdə bütün vaxtını ona sərf edir, qucağından yerə qoymurdu. Sanki maraqlı bir oyuncaq tapmışdı özünə. Uşağı danışdıra-danışdıra oynadıb, bir əylənirdi ki.
İradıma baxmayaraq onu boynunda belə gəzdirirdi. Hüseyn də halından şikayətçi deyildi. Buna bir gözəl adət etmişdi və atası yanından bir balaca uzaqlaşan kimi dodağını büzüb, dalınca ağlayırdı.
Bəzən onları bir yerdə qoyub gedir, işimi görüb qayıtdıqda Elşadı yatmış, Hüseyni qıqıldayıb əli və ayaqları ilə oynayan görürdüm. Bəzən də yataqda Hüseyni atasının qolunun üstə, ikisi də şirin-şirin yatmış bir vəziyyətdə. Dayanıb bir müddət onları seyr edir, bu mənzərədən ləzzət ala-ala gülümsünürdüm. Bir insana əsl xoşbəxtliyin bu olduğunu dərk etmək üçün daha nə lazım idi ki…
Beləcə sakit yaşayıb gedirdik.
Bir gün səhər mən Elşadı işə yola salmazdan əvvəl masanı hazırlayarkən, qəfildən əhvalım yenə dəyişdi. Özümü vanna otağına güclə çatdırdım. Öyüdüm. Bu vəziyyət son günlər hər səhər təkrarlandığı üçün artıq əmin idim.
Vanna otağında xeyli yubanmışdım deyə Elşad dalımca gəldi. Məni çağırdı. Cavab vermədiyimi görəndə qapını açıb soruşdu:
– Nə olub?
Mən ağladığımı bilməsin deyə soyuq su ilə üzümü yuyub:
– Gəlirəm, – dedim. Və bir qədər sonra ona doğru çevrildim. O, üzümə baxan kimi gözlərimin qızartısını görüb, şübhə ilə soruşdu:
– Ağlamısan?
Cavab vermədim. Yanından ötüb salona keçdim. Elşad da dalımca. Ağlamağımın səbəbini soruşdu. Əl çəkmədiyini görəndə etiraf etməli oldum. Qanıqara halda dedim:
– Hamiləyəm.
Bunu duyanda Elşadın rəngi duruldu. Zahirən ciddi görünsə də, gözlərinin içi güldü:
– Buna görə ağlayırlar?
– Hələ istəmirdim. – Mən təkrar doluxsundum. – Hüseynin hələ heç bir yaşı da yoxdur.
– Eybi yox, birlikdə böyüyərlər.
Onun fikrini anlayıb, özümdən çıxdım:
– Mən həkimə getmək istəyirəm. Özü də təcili!
– Qalacaq! – O, amiranə bir səslə sözümü ağzımda qoydu.
– Elşad, niyə başa düşmürsən?
– Qalacaq dedim, vəssalam! Artıq kəlmə eşitmək istəmirəm! – Eyni səs tonu, eyni ifadə ilə sözümü kəsib, tərs-tərs üzümə baxdı.
Hirsimdən üzümü çevirib mətbəxə keçdim. Xasiyyətinə bələd idim deyə onunla söz güləşdirməmək üçün gözü önündə dolanmaq istəmədim.
Elşad bir qədər sonra yanıma gəldi. Tamam sakit əhval-ruhiyyə ilə:
– Ağıllı ol! – dedi və əliylə çiynimi yüngülcə sıxdı. Bu bir xəbərdarlıq idi.
Və beləcə biri qucağımda, o biri bətnimdə, ikisini birdən saxlayıb böyüdə-böyüdə ayları, günləri ötürməyə başladım. Mənimçün nə qədər çətin olsa da, hər şey yolunda gedirdi. Firavan yaşayırdıq.
Həmin günə qədər.
Bir gecə yuxudan dəhşət içində oyandım. Elşadı və özümü yuxuda qan içində görmüşdüm. Bu, Tanrının bir işarəsi, bizi gözləyən müsibətin əlaməti, xəbərdarlığı idi.
Mənim səsimə Elşad da oyanmışdı. Nə halda olduğumu görüb, məni sakitləşdirməyə çalışdı. Dəli kimi ətrafıma boylanıb:
– Hüseyn hanı?! – təşvişlə soruşdum.
– Hüseyn beşiyindədir. Harada olacaq? – Elşad təəccüblə mənə baxdı, baxışlarıyla taxtın böyründəki beşiyi göstərdi.
Mən hələ də gördüyüm kabusun təsirində idim, baxsam belə məni saran dəhşətdən nə beşiyi, nə də içərisində mışıl-mışıl yatan Hüseyni anışdırırdım.
Rəngimin ağardığını, tir-tir əsdiyimi görən Elşad başa düşdü ki, yuxu görmüşəm. Su gətirdi. Amma mən su içmək iqtidarında olmadım. Bunun əvəzinə Elşada sarılıb onu bərk-bərk qucaqladım, için-için ağlamağa başladım. O, duruxsa da məni anladı, daha bir söz demədi. Sadəcə sakitləşdirdi.
Başımız o qədər bəla çəkmişdi ki, çin çıxar qorxusu ilə gördüyüm yuxunu dilimə gətirməyə də çəkinirdim.
Aradan xeyli müddət ötdü. Hamiləliyimin 5-ci ayını yenicə tamam eləmişdim. Bir gecə ermənilər atəşkəsi pozdular. Atışma səsləri gecəyarısı daha da şiddətləndi. Elşad evə gəlmədi. Bildim ki, buraxmayıblar.
2 ildən çox idi ki, burada idim, amma hələ beləsini görməmişdim. Artilleriya zərbələri yeri-göyü titrədirdi. Atəş səsləri səngimək bilmirdi. Ordumuzun düşmənə cavab həmlələri endirdiyini də asanlıqla təyin etmək olurdu.
Bir anda dəyişən vəziyyətə görə baş verənlər qarşısında çaşıb qalsam da, mənə sonra məlum olacaqdı ki, erməni hərbi birləşmələri o gecə bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi hədəf alıb atəşə tutublar. Məhz həmin gecə və gərginliklə keçən sonrakı günlər tarixə “Aprel döyüşləri” adı ilə düşəcəkdi.
Bu günədək mən müharibəni yalnız televiziya ekranlarından gördüyüm qədəri ilə, kitablarda, romanlarda oxuduğum kimi dərk edirdim. İndi isə əsl simasını görür və dəhşətini duyaraq hiss edirdim.
Belə çətin bir məqamda evdə təkbaşına, köməksiz vəziyyətdə, qucağımda Hüseyn, bətnimdə doğulmamış körpəm, qorxu, həyəcan içində qalmışdım. Vahimə dolu o anlar həyatımın sonunadək hafizəmdən silinib getməyəcək.
Evin pəncərələrini çilikləyən, divarlarını dəlib keçən, iri çaplı güllələrin lap yaxınlığıma düşən gilizlərini gördükcə bədənimdən soyuq bir gizilti, bir üşənmə keçirdi. Qorxudan titrəsəm də, Hüseynə görə səsimi çıxarmırdım. Uşaq onsuz da səs-küyə yuxudan diksinib oyanmışdı, iri badamı gözlərini açıb vahimə ilə ətrafa boylanırdı.
Ardı-arası kəsilməyən mərmi yağışından qorunmaq üçün uşağı sinəmə sıxıb, Elşadın məni başa saldığı kimi arxa otaqlardan birində köhnə bir dolabın küncünə qısılıb oturdum. Gözümün yaşı yanaqlarıma süzülə-süzülə dua edirdim. “Allahım, sən onu qoru! Onu bizə çox görmə! Bu uşağa yazığın gəlsin! Rəhm elə!”
Bu vəziyyətdən sıxılan Hüseyn qucağımdan enmək istəyir, ağlayır, sakitləşmək bilmirdi. Mənsə nə edəcəyimi bilmədən aqibətimizin necə olacağı barədə düşünərək, yenə də bütün qəlbimlə Allahı köməyimizə çağırırdım.
Bütün gecə bu gərginlik və həyəcanla keçdi. Sübh çağı evdə eşidilən ayaq səsinə diksindim. Yerimdə dikəlib dinlədim. Ürəyim yarpaq kimi əsirdi.
– Mələk!
Elşadın səsi idi. Gəlmişdi. Onun səsi, sanki düşüb qaldığım ucsuz-bucaqsız dərin bir quyunun dibindən dartıb çıxartdı məni. Elə bildim həyata yenidən gəldim. Gözlərimə işıq gəldi. Amma qalxa bilmədim. Səhərədək küncə qısılıb bir vəziyyətdə oturmaqdan ayaqlarım şişib keyimişdi.
Elşad həyəcanlı bir səslə narahat halda otaqlarda bizi gəzirdi:
– Mələkk!.. Səsini çıxar, bir cavab ver! Mənə yazığın gəlsin! Öldüm axı mən, nəfəsim kəsildi! Mələkk!..
Elşadı tanıdığım gündən onun səsində hələ heç vaxt bu qorxunu, bu təlaşı sezməmişdim. Səsi titrəyirdi.
Ayaq basdığı hər yerdə ayağının altında qalan şüşə qırıqlarının xırçıltısını buradan da aydın duyurdum.
Hüseyn yatmışdı deyə səsimi çıxara bilmirdim. Ona burada olduğumu bildirmək üçün bilmirəm o an əlimin altında nə var idi, onunla divarı gücüm yetdikcə döyəclədim. Bilmədim eşitdi, ya yox. Aradan bir neçə saniyə daha keçdi. Uşaq qucağımda güc-bəla ilə yerdən qalxmağa çalışırdım ki, bu vaxt Elşad üzündə sarsılmış bir ifadə, təşviş içində otağa girdi. Bizi sağ-salamat görəndə özünü ələ ala bilməyib süst halda divarın dibinə, yerə çökdü.
– Off!… – Dərindən yanıqlı bir ah çəkdi. – Şükür!
Təkcə bunu deyə bildi. Gözləri doldu, daha sözünün gerisini gətirə bilmədi. İki əliylə başını tutub, bir neçə saniyə iztirab dolu baxışlarla bizi süzdü.
Mən keyi çəkilməmiş ayaqlarımı yerə basa bilmədiyim üçün ona doğru süründüm. Ağuşuna sığınıb, göz yaşları içində boynunu qucdum. Həsrətli-həsrətli ona sarılaraq buraxmadım. Elə bilirdim onu görmədiyim bir gün deyil, min ildir.
Elşad məni Hüseynlə birlikdə bağrına basmışdı. Həyəcandan titrəyən əlini Hüseynin saçlarında gəzdirib, həm uşağı, həm də məni dönə-dönə öpdü. Əlini qarnıma toxundurdu:
– Yaxşısan?
Qəhər məni boğdu, dillənə bilmədim. Başımı tərpətdim. Elşad yalnız indi rahatlandı. Dərindən nəfəs aldı. Bir qədər özünə gələndən sonra gəlişinin məqsədini açıqladı:
– Uşağa nə lazımdırsa götür, gedirik. Sizi təhlükəsiz bir yerdə qoyum, mən qayıtmalıyam. Bir az cəld ol! Maşın gözləyir.
Mən bunu duyanda suda boğulan adam sayağı Elşaddan yapışıb yalvarmağa başladım:
– Yox! Mən səni burda atıb, sənsiz heç yerə gedən deyiləm! Ölsəm də burada öləcəm!
Elşad gərginlik içində üstümə bozardı:
– Sən deyəsən hələ heç nə başa düşmürsən! Vəziyyət bilmirik necə olacaq! Tərslik vaxtı deyil! Nə deyirəmsə, ona əməl elə! – Bir anlıq susub, sonra irad yağan bir tonda əlavə etdi. – Gecəni səhərəcən sizi fikirləşib, heç bilirsən mən nə vəziyyətə qalmışam o səngərdə?! Yüz dəfə ölüb-dirilmişəm! Buraxmırdılar, yalvar-yaxar edib, güclə icazə ala bilmişəm. Bilirsən icazə istəyəndə adama nə deyirlər? Deyirlər bəs bizim ailəmiz nədir, toyuq-cücə saxlamırıq ki… İndi gəl ud görüm bu sözü, necə udursan!
Yenə ayrı düşəcəyimizi anladım, məni ağlamaq tutdu:
– Elşad, qurban olum, belə eləmə.
– Söz eşit! – Elşad sözümü ağzımda qoyub əsəblə mənə bağırdı. Diksinib, dərhal yerimdən qalxdım.
Elşad isə onun səsinə oyanıb çığırıb ağlayan Hüseyni sakitləşdirə-sakitləşdirə, eyni zamanda həm də məni tələsdirdi.
Salona keçəndə buranı tanımadım. Evin tavanı yox dərəcəsində idi. Divarlar dəlik-deşik olmuş, pəncərələrdə bir dənə salamat şüşə qalmamışdı.
Mən bizim üçün yalnız vacib olan bir-iki şey götürdüm. Atəş səsləri eşidilməkdə idi. Elşad məni gözləyə-gözləyə ermənilərin ünvanına tez-tez söyüş yağdırırdı:
– Ay sizin ananızı, arvadınızı… – Hirsindən dilini-dodağını gəmirirdi. – Öz torpağımızda nəfəs ala bilməyək yəni, it uşağı?!
(Ardı var)