Aynur MƏSİMOVA (TƏMKİN)
Şahanə gözlərini bir nöqtəyə zilləyib qalmışdı. İki damla göz yaşı yanaqları boyu yuvarlanıb üzünə iz salmışdı. Keçirdiyi hissləri büruzə verməmək üçün için-için ağlayırdı. İçində kükrəyən fırtına qəlbini, hisslərini parça-parça edirdi. Kamilənin göstərdiyi masqara gənc qadının yenicə sakitləşmiş, dinclik tapmış ruhunu tar-mar etmişdi. Hənifə arvad Kamilənin qarşısına keçib Şahanəni müdafiə edənə qədər dəhlizdə xəstələrin ona yönələn şübhə dolu baxışları Şahanənin həyat dolu sevincinin üstünə qara kölgə salmağa yetmişdi. Bir-iki dəqiqəlik qınaq dolu simalar Şahanəni dərindən yaralamışdı. Şahanə bu məsələdə yalnız bir adamı – Raufu qınayır, ona olan kini, qəzəbi get-gedə böyüyürdü. “Gör məni kiminlə əvəz etdin, Rauf. Gör kimə görə körpə balanı ata həsrətiylə yandırdın sən. Yəqin sən elə belə birisini özünə rəva görürmüşsən. Əgər sən bu qadına bu qədər üz verməsəydin o buralara gəlib çıxa bilməzdi. Ah, Rauf, ah. Bu işdə bir təqsirkar var, o da sənsən, yalnız sən. Daha heç kim”.
Kamilə əsəbindən əsirdi. Hənifə arvad onun məkrli planını pozmuşdu. Qadının hirsi-hikkəsi yeri-göyü dağıdırdı. Əlacı olsa Hənifə arvadı rastına çıxdığı yerdə boğar, uf da deməzdi. Hətta bir ara maşında oturub onun klinikadan çıxmağını gözlədi. Məqsədi maşını arvadın üstünə sürmək, onu əməllicə qorxuzmaqdı. Lakin qonşusunu yaxşı tanıdığından buna cəsarəti çatmadı. Hənifə arvad qızışanda ağ-qara tanıyan deyildi. Qadın polis şöbəsinə gedib şikayət edəcəkdi. Bax o zaman Rauf onun klinikaya getdiyini öyrənəcək və yəqin ki, Kamiləni həyatından asanlıqla rədd edəcəkdi. Maşını hərəkətə gətirib, ayağını qaza basdı. Maşın nərildəyərək ləngər vurub həmin yerdən uzaqlaşdı. Böyük sürətlə şəhərdən çıxıb kənd ərazisinə girdi. Kamilə gölün yanında maşını saxlayıb yerə endi. Ətrafda kimsə gözə dəymirdi. Fürsətdən istifadə edib var səsiylə bağırdı. Əlinə keçən daş-kəsəyi hara gəldi tulladı. Lakin övkəsi səngimək əvəzinə daha da şiddətləndi. Yumruğunu zərblə kapota çırpdı. Təkərləri təpiklədi. Lakin heç nə hirsini sakitləşdirməyə yetmədi. Yalnız Şahanənin başına nəsə pis bir iş gəlsə Kamilə rahat nəfəs ala biləcəkdi.
Fariz ilk dəfə gördüyü Şahanənin xəyalını yaddaşından qova bilmirdi. Şahanə tez-tez yuxularına girib ona bir az da doğmalaşırdı. Fariz hər dəfə bir bahanə tapıb klinikaya getmək, onu görmək istəyir, lakin çəkinirdi. “Axı adını nə qoyum gedim? Eh, xalam da Bakıya getməyə vaxt tapdı. Ən azından onun yanına gəlmiş kimi gedib, qızı bir daha görərdim” – deyə ürəyiylə danışmaqdan yorulmuşdu. Yenicə ana olmuş gəlininin yanına gedən Zöhrə xala, kim bilir, nə zaman rayona dönəcəkdi. Buna onun səbri yetmirdi. Qızı bir daha görmək istəyi günü-gündən böyüyərək xəyallarına sarmaşıq kimi dolaşırdı. Hara baxsa onun xəyalını görürdü. Bəzən öz hisslərindən xəcalət çəkirdi. Axı kiminsə qızını bu qədər fikirləşməyə nə ixtiyarı var onun? Farizin gözləri kompüterdə dərin düşüncələrə qapanıb qalmışdı. Seymurun içəri girdiyini fərq edəndə dikəlib kresloda oturdu. Seymurun gözləri axır, özünü narahat hiss edirdi deyəsən. Tez-tez başını övkələyir, üz-gözünü turşudurdu.
– Başın ağrıyır? – Fariz soruşdu.
– Nə bildin? – Seymur zorla gülümsəməyə çalışdı.
– Üzündən xəbərin var sənin? Gör nə haldasan. Bəlkə təzyiqin var? Əgər çox narahatsansa İsmayıl müəllimə deyib, gedək təcili yardımda yoxladaq.
– Nə bilim. Bir az gözləyək, keçməsə gedərik.
Fariz pencəyini götürüb qoluna atdı:
– Mən İsmayıl müəllimə deyib gəlirəm. Tez gedək. Sənin rəngin çox boğulub. Sonra az işdən çox iş çıxar.
Maşını təcili yardım stansiyasının yanında saxlayıb düşdülər. Seymurun qolundan yapışan Fariz gözləriylə ətrafı gəzdi. Həkim otağının qapısını döyüb qapını açdı. Həkim Seymurun təzyiqini ölçüb qaşlarını çatdıqda Seymur daha da narahat oldu. Həkim xanım tələsik şprisi doldurub onun əzələsinə yeritdi. Fariz böyük narahatlıqla həkimin hər hərəkətini izləyir, gözlərini onlardan çəkmirdi. Vurulan iynələr yavaş-yavaş Seymuru sakitləşdirdi. Həkim Farizi ana şəfqətiylə süzüb, onun gözəl simasına gülümsədi:
– Oğlum, görürəm yoldaşına görə çox narahatsan. Qorxma, ciddi heç nə yoxdur. Arada həkimə görsənsə pis olmaz. Qanı tez laxtalanır. Bir müayinə elətdirin. İnşallah, keçib gedər.
Fariz xəfifcə başını yelləməklə qadına razılıq etdi. Seymuru da götürüb maşını Şahanə işləyən yerə sürdü.
İş saatının sonu idi. Fariz qızı görməyəcəyindən təlaşlandı. “Birdən çıxıb getmiş olsa…” deyə öz-özünə danışdı. Qanı bərk qaralmışdı. Bir yandan Seymurun qəfil dəyişən əhvalı, digər tərəfdən Şahanənin işdə olmamaq ehtimalı…
Fariz qeydiyyat şöbəsində qadına yaxınlaşıb Seymurun adını yazdırdı. Utana-utana Şahanəni soruşdu. Lakin bərk də pərt oldu. “Ay səfeh. Elə də qızın adını ağzına alırsan ki, elə bil yüz ilin tanışısan. Birdən soruşsalar ki, Şahanəni kim axtarır, nə cavab verəcəksən?” Özünü ittiham edirdi ki, laboratoriyanın qapısı açıldı, Şahanənin məlahətli səsi eşidildi. Fariz elə həyəcanlanmışdı ki, ürəyi titrəyirdi. Bircə dəfə gördüyü bir qadın üçün bu qədər duyğulanacağını heç zaman ağlına gətirməmişdi. Qəlbi çox şirin bir duyğuyla dolmuşdu. Qadının səsini duyub Seymuru belə unutmuşdu. Yaxınlaşıb qapının astanasındaca dayandı. Gözləri Şahanəyə ilişdikdə az qaldı özünü itirsin.
Gənc tibb bacıları Farizi görən kimi tanıdılar. İşvə ilə oğlanı salamlayıb içəri dəvət etdilər. Əvvəl Seymur, sonra isə özü otağa daxil oldu. Şahanənin hər hərəkətini gözaltı süzüb, ürək çırpıntısıyla onu seyr etdi. Lakin kiminsə görməyindən ehtiyatlandığından istədi gözünü qızdan çəksin. Bacarmadı. Şahanə işini görə-görə qızlara baxır, onların halına gülməyi tuturdu. Aytənlə Pərvanə diqqəti özlərinə çəkmək üçün dəridən-qabıqdan çıxırdılar. “Gənclər ki, gənclər. Allah hamınıza gözəl qismətlər yazsın! İkisi də yaxşı qızdır. İnşallah, layiqli biri çıxar qarşılarına”.
Gündüzkü hadisə yenidən Şahanənin yadına düşdü. Üzü bir andaca tutuldu. Sanki ürəyinə xəncər saplandı. Dərindən ah çəkib gözlərini qızlardan çəkdi. Farizin onu necə süzdüyünü belə hiss etmədi.
– Cavabları sabah səhər götürərsiniz, – deyə üzünü onlara tutdu.
Farizin üzü güldü. Fürsət özü onun ayağına gəlmişdi. Sabah yenə onu görəcək, onu seyr edəcəkdi. Oğlanın içi gülür, az qala xəstələndiyinə görə Seymuru qucaqlamaq istəyirdi.
– Sən narahat olma. Sabah mən özüm gəlib analizin cavablarını götürəcəm, – deyə Seymura baxdı.
Qızlar bir-birilərinə baxıb gülümsədilər. Fariz Şahanəni, onlar da Farizi yenidən görmək fürsətinə sevindilər.
O gün səhəri necə açdı, bir Allah bildi, bir özü. Səhərəcən yatağında qurcuxdu. Nə qədər çalışdı, yuxu tapa bilmədi. Şahanənin gözəl üzü beynindən çıxmadı. Anladı ki, ilk görüşdən qıza vurulub və yenidən sevdalanıb. Qollarını çarpazlayıb başının altına qoydu. Gözlərini göyə dikib qızı gördüyü hər anı, hər saniyəni hafizəsində yenidən və yenidən canlandırmağa başladı.
Onun kimi Rauf da həmin gecə səhərəcən yata bilmədi. Cavidanın xəyanəti, Kamilənin onunla bağlı mərcə durmağı onun kişilik izzət-nəfsini yandırıb tökmüşdü. Rauf o biri otaqda yatan Kamiləni boğazlayıb evdən atmamaq üçün özünü güclə saxlayırdı. “Yox, onun cəzası bu qədər yüngül olmamalıdır. Ona elə dərs verməliyəm ki, ölüncə yadından çıxmasın. Bir az səbir. Qoy məhkəmə ekspertizasının rəyini alım. Görək nə cavab verəcəksən sən mənə. Sənin bu evdən rədd olub getməyini necə həvəslə izləyəcəyəm, bir bilsən. Şeytan da sənin əməllərinin qarşısında heç qalar”.
Qəzəbi, hirsi içini yedikcə otaqda elə hey vurnuxdu. Gözləri hamıdan gizli saxladığı Şahanəylə Lalənin fotosuna ilişdikdə ahı ürəyini yandırdı. Fotonu əlinə alıb yerinə uzandı. Şəkli sinəsinə sıxıb gözlərini bərk-bərk yumdu. İtirdiklərinin acısı zəhər olub qanına işlədi. Amma neyləyəsən ki, sonrakı peşmanlıq fayda verməz. Rauf öz zəifliyindən ən dəyərli varlıqlarını itirmişdi. Bu itki gün keçdikcə daha çox sinəsini yandırır, həyata olan nikbinliyini əlindən alırdı. Onlarsız bir ömür yaşamaq yaşam deyildi ki…
Fariz erkən qalxıb üzünü, saçını qaydaya saldı. Güzgü qarşısında durub bir xeyli özünü süzdü. Fit çala-çala ətirləndi. Ürəyi həyəcanla çırpındıqca duyğularından məst oldu. Şahanənin varlığı onun həyata sevgisini artırmışdı. Sevmək, sevilmək, yaşamaq onun ən böyük haqqı idi. O, gözəl və sağlam bir insandı. Ətrafında onu sayıb, onunla hesablaşan dost-aşna çox idi. Bir məclisə getdikdə hörmət edilən, sayılan biri idi. Boy-buxunu, siması çox qadının, qızın xoşuna gəlirdi. Onunla tanış olmaq, ailə qurmaq istəyən gözəllər də çoxdu. O, Şahanəyə rast gəlincə ürəyinin qapılarını hər kəsə bağlamışdı. Şahanəni gördükdən sonra sanki yenidən dünyaya gəlmiş, yenidən evlənmək, ailə, oğul-uşaq sahibi olmaq xəyallarını qurmağa başlamışdı. Şıq geyinib bir də üstünə ətir sıxdı. Anasının hazırladığı süfrəyə oturub iştahla yeməyə başladı. Mahizər xala onun bu əhvalını, iştahını böyük təəccüblə qarşıladı. Sevinməyə bilmirdi. Amma bu dəyişikliyi də bir tərəfə yoza bilmirdi. “Nəysə, əsas odur ki, balamın üzü gülür. Bir evlənməyini, ata olmağını da görsəm, ölsəm də uf demərəm. Can bala, boy-buxununa anan qurban!”
Yeməyini yeyib anasının boynuna sarıldı. Dodağını onun yanaqlarına yapışdırıb sağollaşaraq həyətə endi. Maşının yan-yörəsinə əl gəzdirib, çıxıb getdi. O, getdiyi mənzilə çatmağa çalışdıqca yol sanki uzandıqca uzanırdı. O, səhərin günəşli, gözəl anında Şahanəni görməyə uçunduqca Şahanə hər şeydən bixəbər qızın saçlarına daraq çəkirdi. Şahanə ona olan bütün haqsızlığa rəğmən həyat eşqini qorumağa çalışırdı, qızının xatirinə hər şeyə, hər kəsə dirənməyə hazırdı. Həyat onu əzməyə, sındırmağa çalışdıqca Şahanə daha da möhkəmlənir, daha da bərkiyirdi. Çətinlikdən qorxub kiməsə arxalanmaq, kimdənsə faydalanmaq istəmirdi. O yalnız özünə güvənməyə, özünə inanmağa çalışırdı. Yenidən kimisə sevmək, yenidən kimisə ərə getmək ağlının uçundan belə keçmirdi. Hissləri, qəlbi o qədər dərindən sarsılmışdı ki.
Fariz saatına baxdı. Hələ tezdi. Maşından enib yaxınlıqdakı parkda gəzinməyə başladı. Gözləri yolda qalmışdı. Ürəyinin çırpıntısı get-gedə artırdı. Ötən-keçən tanış biliş salamlaşıb, hal-əhval tutduqda belə gözlərini klinikanın qapısından çəkmirdi.
Şahanə onu klinikaya gətirən Elgizlə sağollaşıb içəri keçdi. Bu gün əhvalı qarışıq idi. Sabah qızının doğum günü idi. Qızının ondan dilədiyi hədiyyə ox olub gənc ananın qəlbini parçalamışdı. “Ana, atam da mənim ad günümə gəlsin” deyəndə Şahanə bərk təsirlənmişdi. Qızına cavab verməyə acizlik çəkmiş, bahar buludu kimi tutulub qalmışdı. Axı nə desin? Onsuz da Lalə, kim bilir, qəlbində hansı acını çəkir, nə hiss edirdi. Bu yaşananlar ana-balanı yormuş, usandırmışdı.
Şahanə ağ xələti üstünə keçirdib saçlarını düzəltdi. Qapı astaca tıqqıldadı. Geri çevrildikdə Farizi qapıda gördü.
– Sabahınız xeyir, xanım. Mən dostumun cavab kağızlarını almağa gəlmişəm. Yəqin hazır olmuş olar.
Fariz bunu deyib Şahanənin gözlərinin içinə baxdı. Qadının baxışları vücudunu sarsıtdı. Atəşli, ağıllı gözlər ruhunu silkələdi. Fariz qadının gözəl gözlərinin təsirindən donub qaldı. Bütün bədəninin titrədiyini hiss etdi. Özünü ələ verməkdən qorxub nəzərlərini qaçırdı. Qızı ilk həmlədən ürkütməkdən çəkindi.
Şahanə analiz cavablarını götürüb Farizə uzatdı. Fariz belə tez getməyi düşünməmişdi. Sanmışdı ki, cavablar gec hazır olar, o da qızla bir-iki kəlmə söhbət edər. Olan olmuşdu. “Sağ olun” deyib təəssüflənə-təəssüflənə otaqdan çıxdı.
(Ardı var)