Firuzə DAVUDQIZI
1 İL SONRA
“Təmas xəttində atəşkəs rejimi sutka ərzində 129 dəfə pozulub, erməni hərbi birləşmələri cəbhə xəttində yerləşən mövqelərimizdə növbəti dəfə təxribata cəhd edib. İtkilərimiz var”.
Televizordan duyduğum bu anonsa başımı kreslonun qoltuğundan qaldırdım. Və dərhal ayağa qalxıb salona keçdim.
İzah olunmaz bir narahatlıq varlığıma hakim olub hələ dünən gecədən məni məngənə kimi sıxırdı. Daxilimdə səbəbini anlaya bilmədiyim qəribə bir hiss vardı. Nədənsə bu xəbərdən mütləq mənə də pay düşəcəyi ürəyimə damdı.
Bir qədər sonra televizorun qarşısında verilən xəbəri dinləməkdə idim. Diktorun həyəcanlı səsi qulaqlarımda şimşək kimi çaxırdı. Qulağım xəbəri dinləyirdisə də nəfəsim gəldikcə dilim dua edirdi.
“Müdafiə Nazirliyinin rəsmi məlumatını diqqətinizə çatdırırıq. Bu gecə bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki şəxslər arasında da ölən və yaralananlar var. Qoşunların təmas xəttində yaranan gərginlik davam etməkdədir”.
Bu anda diktor şəhid olmuş hərbi qulluqçuların ad-soyadlarını açıqladı və ardınca yaralanmış zabitlərin ad-soyadlarını elan etdi: “Silahlı Qüvvələrimizin iki hərbi qulluqçusu – Hüseynov Elşad Əli oğlu və…”
Bunu duyanda daxilimdə sanki nə isə qırıldı. Mənə rahatlıq verməyən sıxıntının cavabını artıq tapdım. Diktor digər zabitin adını, soyadını səsləndirirdi, lakin mən daha dinləmək iqtidarında deyildim. Əllərim üzümdə, dəhşət içində dizi üstə yerə çöküb qalmışdım. Diktorun səsi qulaqlarımda radio dalğası kimi gedib-gəlirdi: “…Yaralıların vəziyyəti ağır qiymətləndirildiyi üçün onlar Bakı Şəhər Hərbi Hospitalına göndəriliblər”.
Necə hönkürüb ağladımsa öz səsimdən diktorun sonda nə dediyini də duymadım. İmkanım olsaydı, buradan Bakıya ayaqyalın qaçardım.
Səsimə anamla bacım təlaş içində içəri girdilər. Və məsələdən xəbər tutdular. Onlar da mənə qoşuldu.
20 GÜN KEÇDİ
Həmin gün mən tanış bir səsin iztirablı bir ahənglə məni çağırışına özümü pəncərəyə atdım. Gözlərimə inanmadım. Elşadı həyətdə gördüm. O, atamın müdaxiləsinə rəğmən həyətin ön tərəfinə keçdi. Yenidən məni səslədi.
– Mələk… Mələk…
Ürəyim quş kimi pərvazlandı. Qapıya yüyürdüm. Amma atamın qorxusundan eyvana çıxa bilmədim. Elşadın xahiş dolu bir səslə atama dediklərini duydum:
– Bir kəlmə sözüm var. Sözümü deyim, gedirəm.
– Mənim evim nədir səninçün? Görüş yeridir? Qızımı nə hesab edirsən sən özünə? – Atam hiddətlə ona səsini bozartdı.
Elşad dodaqlarını bir-birinə sıxıb, dinmədi. Başını aşağı saldı.
Hərbi geyimdə gəlmişdi. Gəldiyi dəqiqədən bir əliylə böyrünü tutub dayanmışdı. Hiss olunurdu ki, güclə ayaq üstə durur. Hələ sağalmamışdı.
– Mən sənə sözümü demişəm! Çıx get! – Atam ona son sözünü deyib yuxarı qalxdı. – Bir də buralarda görməyim səni!
Mənim gözüm Elşadda idi. O, arabir üz-gözünü turşutsa da şax dayanmağa çalışırdı. Amma üzündəki ifadədən aydın görünürdü ki, vəziyyəti yaxşı deyil.
Atamdan bu sözləri duyduğu halda o, yenə geri çəkilmədi. Özündə güc toplayıb acı çəkən zəif bir səslə yenidən məni çağırdı:
– Mələk… Bir dəqiqəliyə çıx bayıra. Səni görüm, gedirəm.
Məni ağlamaq tutdu. Bunu çox istəsəm də əməl edə bilmədim.
Bu vaxt atam evə keçdi. Zəhmli bir baxışla üzümə baxdı. Xəbərdarlıq etdi:
– Evdən bayıra çıxdığını görməyim!
Mən ağlaya-ağlaya atamın qarşısında nə vaxt diz çökdüyümü belə bilmədim:
– Ata… – Göz yaşları içində sızladım. – İcazə ver, vidalaşım. Son dəfə! Söz verirəm sənə, adını da dilimə gətirməyəcəm!
Bu sözləri dediyim zaman nə əzablar çəkdiyimi bir Allah bildi. Çünki dildə belə desəm də Elşaddan ayrılmaq istəmirdim.
Anam mənə görə yalvar-yaxar edib, atamı yola gətirməyə çalışdı. Atam bir gözü məndə, əsəblə fısıldadı. Nə düşündü, nə fikirləşdisə ürəyinin buzu sanki az da olsa əridi:
– Sözünü de, qayıt geri! Yubanma! Onu görəndə elə bilirəm nəslimi üzümə söyürlər mənim!
Dərhal ayağa qalxıb, eyvana çıxdım. Məni görən kimi Elşadın üzünün ifadəsi dəyişdi. Çəkdiyi ağrılara rəğmən gözlərinin içi güldü.
Ağır addımlarla ona doğru gedib qarşısında dayandım. Üzünə baxan kimi dözmədim, hönkürdüm.
Evdən atamgil görərlər deyə ona sarılmamağa çalışırdım, özümü güclə saxlamışdım.
Elşad sonsuz kədər içində dərin bir köks ötürüb heç kimi vecinə almadı. Alnımdan öpüb başımı sinəsinə sıxdı. Hətta onun burnuma dolan ətrinin qoxusu üçün də nə qədər qəribsədiyimi hiss etdim.
Rahat danışaq deyə Elşad qolumdan tutub məni evin tininə çəkdi. Güclə addım atdığını görüb, ona irad tutdum:
– Dəli olmusan sən? Bu vəziyyətdə yola çıxarlar? Hələ sağalmamısan!
Kədərlə üzümə gülümsədi:
– Sənə demişəm axı, mən son nəfəsimi sənin qollarında verəcəm!
Göz yaşlarım yanaqlarıma süzülə-süzülə soruşdum:
– Dərindir yaran? Baxa bilərəm?
Gözünü məndən çəkmədən ağır-ağır başını tərpətdi:
– Hə, dərindir. Amma baxmağa ehtiyac yoxdur.
Mən əlimi onun alnına yayılmış tünd qəhvəyi saçlarında gəzdirdim, təzədən doluxsundum. Elşad əlimi tutub saxladı. Dodaqlarına aparıb həsrətli bir öpüş qondurdu. Gözümün içinə baxa-baxa dedi:
– Sən məni tərk etdiyin gün yaralanmışam mən, yeni deyil! Bu yara səndən sonra çəkdiklərimin yanında nədir ki.
Mən gözümün yaşını tökə-tökə başımı aşağı saldım. Elşad davam edirdi:
– Az qalmışdı sənin həsrətindən dəli olam! Bir az da belə davam etsəydi, silahı yerə qoyub fərarilik edəcəkdim, özümü güclə saxlamışdım. Deyirdim bir dəfə üzünü görə biləydim, başqa heç nə istəmirəm. Ayağım yer tutan kimi artıq dayana bilmədim. Minib taksiyə gəldim!
O, canı ağrıdığı üçün sözünə ara verə-verə, əzgin danışırdı. Bənizi sapsarı saralmışdı. Tər basmışdı onu. Amma ürəyi dolu idi. Mənə demək istədiklərini birnəfəsə deməyə çalışırdı:
– Sənə açıq deyirəm: səni məndən həmişəlik məhrum etsələr, bu qapıdan çıxandan sonra onsuz da yaşamayacam mən! Gərək bir güllə çaxım başıma ki, qurtarsın hər şey! Ölüm artıq gözümdə bir heçdir! Bəlkə bundan sonra hər iki tərəf sakit dayana!
– Elşad… – Mən onun alnının tərini sildim. Lakin sözümün ardını gətirə bilmədim, qəhər məni boğdu. Elşadın üzünü görən kimi atama verdiyim sözü unutmuşdum. Yanından ayrılmaq istəmirdim. Mən ona səsləndiyim halda Elşadın fikri məndən yayındı. Başı özünə qarışdı. Alt dodağını dişlərinin arasında sıxıb, bir xeyli donmuş vəziyyətdə dayandı. Özünə gəlməyə çalışdı, amma bacarmadı.
Təlaşlandım:
– Nə oldu, yaran incidir?
– Heç. Sən fikir vermə. – Elşad güclə dilləndi. Çox keçmədən isə taqəti tükənmiş halda yerə çökdü. Və birdən özündən getdi.
Özümü irəli atıb dəli kimi çığırdım. Dəhşət içində onu süzüb yaxasından tutub silkələdim. Ayıltmağa çalışdım, amma olmadı. Elşad heç qımıldanmadı da. Əlimi onun alnına, sifətinə toxundurub, çığırırdım:
– Elşad! Aç gözünü! Qurban olum, məni qorxutma! – deyib, hönkürürdüm. Səsimə atamgil – evdəkilərin hamısı bayıra çıxmışdı.
Atam telefona əl atıb təcili tibbi yardıma xəbər verdi.
Mən qorxudan titrəyə-titrəyə Elşadın əynindəki hərbi geyimin düymələrini açıb yarasına baxdım. Dəhşətə gəldim. O, iki yerdən yaralanmışdı. Yaralarından, xüsusilə də qarnından aldığı yaradan qan axırdı. Yəqin tikiş sökülmüşdü. Çünki Elşad ağır əməliyyat keçirmişdi və yarası hələ qapanmamışdı. O qədər qan sızmışdı ki, üst geyimi belə islanmışdı.
Mən yerdə tərpənməz vəziyyətdə qalmış Elşadı durmadan çağırıb fəryad edirdim.
Tezliklə təcili yardım maşını həyətə daxil oldu. Tibb işçiləri Elşadın nəbzini yoxlayıb onu dərhal xərəyə qoydular. Maşına doğru aparanda qolumdan kimsə tutub məni geri çəkdi. Bu atam idi:
– Evə keç!
– Ata, qurban olum, mən də gedim! – deyə ilan dili çıxarıb yalvarmağa başladım.
– Evə keç dedim! – Atam mənə bağırdı. Və məcburi şəkildə məni pilləkənə tərəf aparmağa başladı.
Maşın həyətdən çıxanda məndən bir can ayrıldı sanki. Buna tab gətirə bilmədim. Atamın əlindən çıxıb maşının arxasınca yüyürdüm. Qapıdan çıxanda atamın qəzəbli səsinə bir anlıq ayaq saxladım:
– Getsən, mənim daha sən adda qızım yoxdur, bunu belə bil!
Mən geri çevrilib ağlaya-ağlaya:
– Ata, məni bağışla! – Az qala inlədim.
– Sənə deyiləcək sözüm yoxdur artıq! Özünə qiymət verməyən bir insanı mən zorla qiymətə mindirə bilmərəm! Bu yaşadıqların sənə dərs olmayıbsa, get! Özün bilərsən! Amma dara düşsən, səni bir də bu qapıda görməyim!
Mən əzab içində üzümü çevirdim. Və uzaqlaşmaqda olan təcili yardım maşınının arxasınca qaçmağa başladım. Küçədə dönüb mənə baxanlara əhəmiyyət vermədən var gücümlə qaçır, ona çatmağa can atırdım, amma çox davam edə bilmədim. Maşının sürəti ayaqlarımın gücünü qırdı. Hıçqırıqlar içində yolun ortasında yerə çöküb qaldım. Əllərimin qana bulaşdığını yalnız indi gördüm. Bu, Elşadın qanı idi. Və məni sızım-sızım sızlatdı. Daha yanıqlı bir hönkürtü ilə ağladım.
Elə bu vaxt yanımda bir maşın dayandı.
– Gəlinbacı…
Başımı qaldıranda İlkini gördüm. Həyəcanlı idi. Rəngi ağarmışdı. O, maşından düşüb məni yerdən qaldırdı.
– Gedək, gedək, – deyib, tələsdirdi. Maşına əyləşdirdi.
Biz xəstəxanaya çatanda həkimlər Elşadı artıq müayinə edirdilər. İlkin gedib qardaşının vəziyyəti ilə maraqlandı.
Mənsə dəhlizdəki divanda oturub soyuqdan donan adamlar təki büzüşmüşdüm. Həyatımız yenə çovğuna düşmüşdü. Yenə sazaq əsirdi.
Göz yaşları içində bütün qəlbimlə dua edir, Allahı Elşadın harayına çağırırdım.
İlkin başını arxasındakı divara söykəyib tez-tez ah çəkirdi:
– Ay Allah, özün kömək ol!
Artıq yarım saata yaxın idi ki, Elşad əməliyyat otağında idi. Sökülmüş tikişləri həkimlər yenidən bərpa edir, ona qan vururdular. Çox qan itirmişdi. Vəziyyəti ürəkaçan deyildi. Onun qan qrupuna uyğun təcili qan tələb olunurdu. Tibb bacısı dəhlizə çıxıb bunu elan edəndə İlkin tez irəli yeridi. İlkindən başqa tanımadığım cavan bir oğlan da ona qoşuldu. Tibb bacısının yanına düşüb ona qan verməyə getdilər.
Mən yenə də özümü yeyib bitirə-bitirə təlaş içində dua etməyə başladım.
Düz bir gün sonra Elşad özünə gəlib gözlərini açdı.
Tibb bacısı bunu bizə xəbər verəndə elə bildim çiyinlərimdən məni xıncım-xıncım edib əzən ağır bir yük qalxdı. Asudəliklə nəfəs aldım. Elə bil dünəndən ürəyim də vurmurdu. Şiddətlə döyündüyünü bu an hiss elədim.
Dünəndən İlkin də, mən də burada idik. O məni evə aparmaq üçün nə qədər təkid etmişdisə də, razı olmamışdım. İnadımı görüb mənə irad tutmuşdu:
– Ac-susuz burda dayanacaqsan? Aparım səni evə, bir az dincəl, özünə gəl, sonra gətirəcəm yenə. Mən burdayam da.
– Yox, burdan heç yana tərpənən deyiləm! – Mən bütün gecəni göz yummasam da, heç nə yeməsəm də, bununla belə sözümdən dönmədim. – Elşadı görməyincə rahat olmayacam! Ürəyim partlayar mənim evdə! Qala bilmərəm!
– Yaxşı tapmısınız bir-birinizi. İki tərs! “Ərlə arvadın torpağı bir yerdən götürülüb” deyənlər düz deyiblər e. Görün sizdən törəyən nə olacaq da!
Mən başımı aşağı salıb, daha səsimi çıxarmadım ki, İlkin bir də getmək təklifi eləməsin.
Həkim görüşməyə icazə verəndə yerimdən necə qalxdımsa, İlkin həyəcanımı görüb, gülümsündü:
– Sizi qovuşdurum bir-birinizə, mən çıxıram, – dedi və məni palatanın qapısından içəri saldı.
– Yoldaş leytenant, bir dəqiqə vaxtınızı almaq olar? – İlkin irəli gedib, Elşadın boynunu qucaqladı, üzündən öpdü. – Necəsən?
Elşadın asta səsi eşidildi:
– Pis sayılmaram. Deyəsən bu dəfə də cırdım kəfəni. Əzrayılı yola saldım, getdi!
Qardaşı narahat olmasın deyə Elşad belə deyirdi. Amma rənginə-ruhuna baxanda bilinirdi ki, hələ ağrıları çoxdur. Ondan bu sözləri eşidəndə İlkin:
– Səni and verirəm Allaha, daha yerindən tərpənmə! – deyib yarı ciddi, yarı zarafat qardaşına tapşırıq verdi. – Sağal, dur ayağa, sonra nə dəlilik edirsən, et! Bizə yazığın gəlmir, heç olmasa bu qızı düşün!
Elşad baxışlarını çevirib məni qapının ağzında dayanmış gördü. Üzünün ifadəsi dəyişdi. Yorğun, halsız bir gülümsəyişlə məni süzdü.
İlkin bizi tək qoymaq üçün palatadan çıxmağa hazırlaşdı. Amma yenə zarafatından qalmadı. Elşada məni göstərib dedi:
– Gəl, qardaş, təhvil al bu tərs keçini. Mənlik bu qədər. Bu qızın dilini yenə sən bilirsən. Oxşatmısan özünə. Sənin kimi tərsin biridir.
Mən gözümü Elşaddan çəkmədən gülümsündüm.
İlkin çıxan kimi Elşad körpə uşağı yanına çağırar təki həmişəki qaydada əlinin işarəsi ilə məni çağırdı.
Palatadakı stullardan birini götürüb onun çarpayısının yanında oturdum. Hələ də gözlərimə inana bilmirdim, Elşadla üzbəüz dayanmışam. Gözlərim onun gözlərinə baxır. Qəhər boğazıma tıxanıb yenə məni boğurdu. Dillənib bir söz də soruşa bilmirdim. Bunun əvəzinə saçlarını sığalladım. Əlimlə sifətinə toxunub, barmaqlarımın təması ilə oxşadım. Onu görər-görməz məni saran bu güclü hissdən birdən-birə ürəyimə söz keçirə bilmədim. Heç kimi və heç nəyi nəzərə almadan Elşadın üzünü əllərimin arasına alaraq dəli bir istəklə onun qanı qaçmış, quruyub çat-çat olmuş dodaqlarından bərk-bərk öpdüm.
Elşad bunu gözləmədiyi üçün təəccüblə gözlərini gözlərimə dikdi. Kiminsə palataya gələcəyindən ehtiyatlanaraq mənə xəbərdarlıqla qaşlarını oynatdı. Onun bu vəziyyətinə məni gülmək tutsa da, bir yandan da ayrılığın, həsrətin acısı məni bu qədər vaxtda elə yandırmışdı ki, ağlayırdım. Onu buraxıb, öz əməlimə bəraət qazandıraraq:
– Havam çatmırdı, – dedim. Gözümün yaşını sildim.
Elşad bir vaxt mənə dediyi sözü indi mənim dilimdən eşidəndə dodağı qaçdı. Bir gözü qapıda:
– Tam ayılmamışdım narkozdan. İndi ayıldım! – dedi. Sonra diqqətlə məni süzərək zarafatyana bir irad tutdu. – Adam adama belə zülm eləyər? Özü də burada! Xəstə adamam, yazığın gəlmir?
Mən həm ağlayıb, həm də məni saran sevincdən gülə-gülə onun əlini tutub yanağıma söykədim. Əlindən öpdüm. Bu zaman gözümdən çıxan iri yaş damlası onun əlinin üstünə düşdü. Elşad narazılıqla məni süzdü:
– Niyə ağlayırsan? – fısıldadı. – Qorxma, üzü pis adamam, heç nə olmaz mənə! Xəstə yatağındayam da, ona görə belə məzlumlaşmışam. Qoy bir ayağa qalxım, sonra sənlə o qədər didişəcəyik ki…
Mənsə onun bu zarafatının qabağında tamam başqa sözlər dedim:
– Daha səndən başqa tutunacaq kimsəm yoxdur. Məni bir də özündən məhrum eləmə! Bax, bu əlini tutmaqdan ötrü əzib keçdim hamını! Məni övladlıqdan da rədd etdilər. Artıq kimsəsiz sayılıram. Səndən başqa güvənə biləcəyim bir kimsəm yoxdur!
Elşad tutuldu. Bayaqdan gülən üzü ciddi ifadə aldı. Baxışlarını otaqda gəzdirib, köks ötürdü. Udqunub, dilləndi:
– Bir az vaxt lazımdır bizə! Sonra hər şey yoluna düşəcək. Söz verirəm, barışdıracam səni atangillə! Mənim ucbatımdan oldu, mən də həll edəcəm.
Bu vaxt palatanın qapısı döyüldü. Mən durub qapını açanda İlkin mənə valideynlərinin gəldiyini pıçıldadı. Elşad başının işarəsiylə məndən nə olduğunu soruşdu.
– Atangil gəldi. Mən çıxsam yaxşı olar.
Elşad bunu duyanda əhval-ruhiyyəsi bir saniyədə dəyişdi. Üz-gözünü turşudub hirsli-hirsli fısıldadı. Sanki onları bura mən çağırıbmışam kimi narazılıqla sual verdi:
– Kim xahiş edib onlardan bura gəlməyi? Qoysunlar ölüm öldüyüm yerdə də… – Üz-üzə gəlmək istəmədiyi üçün narazı bir ifadə dolandı simasında. Amiranə bir tonda mənə səsləndi. – Çağır İlkini bura!
Palatadan çıxmaq istəyəndə çevrilib bir də ona baxdım. Elşad barmaqlarıyla düyünlənmiş qaşlarının ortasını sıxıb səssiz dayanmışdı. Gərginliklə nəfəs alıb-verirdi.
Mənim İlkini çağırmağa vaxtım belə qalmadı. Qapının kandarında qayınatam və qayınanamla qarşılaşdım. Qayınanam məni görən kimi üzü yenə zəhrimar dolu bir ifadə aldı. Qanlı-qanlı məni süzüb, kinayə ilə dedi:
– Biz yəni səndən yaxamızı qurtara bilməyəcəyik? Almısan başının üstünü oğlumun? Nə deyib dəli elədin ki, bu vəziyyətdə durub düzəlib yola? Sabah ona bir şey olsa mənə oğul verəcəksən? Didmərəm səni?! – Nifrətlə səsini qaldırdı. Onun səsini hətta bəlkə Elşad da eşitdi. Qayınatam gözucu məni süzüb, ona:
– Yaxşı! Bəsdir! – dedi, sakit olmasını istədi.
Mən bu anlar zahirən sakit və səssiz-səmirsiz dayansam da daxilən özümlə vuruşurdum. Allahdan mənə səbir verməsini diləyir, dillənməməyə cəhd edirdim. Baxışlarımı qayınanamın mənə zillənmiş iynəli baxışlarından qaçıraraq yenə də zəhərli sözlərini udmaq məcburiyyətində qaldım. Heç bir söz demədən yanından ayrılıb, bir neçə addım kənarda dayandım. Bu vaxt İlkinin anasına iradla dediyi sözləri eşitdim:
– Xəstəxanadayıq! – İlkin hirs onu boğa-boğa dedi. – Bəlkə bir az sakit olasan? Millət tamaşamıza durmasın də!
– Sakit olmaq nədir? Onun qanını içərəm, yenə ürəyim soyumaz! – Qayınanam odlana-odlana dedi. – Məni bura gətirdiniz ki, bunu görüm, qanım qalxsın?
– Sənin oğlunun ağlı bura qədər işləyir, buna qız neyləsin? Bilmirdi bəyəm nə vəziyyətdədir?
– Səni buna vəkil tutub Elşad? Nə qahmar çıxırsan e, bu ölmüşə?
– Yox, vəkil tutmayıb, o mənim qardaşımın həyat yoldaşıdır! Sizə hələ də çatmırsa, deyim, bilin! Əgər oğlunu az da olsa düşünürsənsə, bir az sakit ol!
İlkin bunu deyib, sonra mənə yaxınlaşdı.
– Gəl çıxaq havaya, – deyib, məni də özüylə apardı.
Yetim quzu kimi yanına düşüb, dinməz-söyləməz addımladım. İlkinlə birlikdə xəstəxananın həyətinə çıxdım.
İlkin həyətdəki skamyalardan birində mənə yer göstərib, gözlədi. Mən oturduqdan sonra özü də əyləşdi. Əsəbi bir qədər soyuduqdan sonra anasını işarə edib dedi:
– Sən onun heç bir sözünə əhəmiyyət vermə. Xasiyyəti budur. Hikkəlidir.
Mən başımı aşağı salıb dinmədim. Əslində Elşadın özünə gəlməsi məni necə sevindirmişdisə, qayınanamın zəhərdən acı sözləri belə bu sevinci üstələyə bilmədi. İlkinin səsinə başımı qaldırıb ona baxdım:
– Sən hələ nə vaxta kimi oruc tutacaqsan?
– Nə? – Çaşqınlıq içində təəccüblə gülümsədim.
İlkinin dodağı qaçdı.
– Deyirəm bəsdir ac qaldın. Gəl bu daşı tök ətəyindən, gedək evə. Yeməyə bir şey hazırla. Bacı-qardaş oturub bir tikə çörək yeyək. Gördün də Elşadı. Şükür Allaha, daha yaxşıdır. Mənimsə vəziyyətim ürəkaçan deyil. Mən ölürəm e, acından. Nə deyirsən, gedək?
İlkinin belə yazıq-yazıq üzümə baxmasına dodağım qaçdı. O, bunu görəndə:
– Onsuz da Mənsumə xanım nə qədər ki, burdadır, səni Elşada yaxın buraxmayacaq, arxayın ol, – deyə güldü. Məni də güldürdü. – Zəbt edib oranı. Özünə yazığın gəlsin, ac qalma. Hələ xəstəyə də baxmalısan. Dur, dur ayağa, getdik.
İlkin israrla məni skamyadan qaldırdı. Birlikdə maşına tərəf getdik. Sükan arxasına keçəndə açarı bura-bura mənə eşitdirdi:
– Sənin bu “milli qəhrəmanın” sağalıb dursun ayağa, onunla söhbətim hələ sonradır. Dəlidir də, bu oğlan. Ağlına nə dolursa, onu edir.
Maşın hərəkətə gəldi.
Mən bir söz deməyib, təbəssümlə pəncərədən yola baxmağa başladım.
(Ardı var)