Firuzə DAVUDQIZI
***
Rayona çatandan sonra yol boyu məni düşündürən suallara cavab tapdım.
Məlum oldu ki, atam Elşadın hərbiçi olduğunu oğlu əsgərlikdə xidmət edən bir tanışından iki il əvvəl təsadüfən, söhbət əsnasında öyrənibmiş.
Bizə gəlməzdən bir gün əvvəl onun harada və hansı hərbi hissədə qulluq etdiyini də həmin tanışından xəbər aldıqdan sonra yola düzəlib.
Kirayə qaldığımız evin ünvanını isə Kənandan Elşadın qayınatası olduğunu bildirdikdən sonra ala bilib.
Mən evə çatandan bir an olsun sakitləşə bilməmişdim. Bu vaxta qədər ata-anamın, bacımın həsrətiylə yaşasam da, bu müddətdə Elşada da çox bağlanmışdım. İndi yarı canım onun yanında qalmışdı.
Gecə yatağa girəndə istər-istəməz yenə Elşadı xatırlayıb, gözümün yaşını saxlaya bilmədim. Bacım yanıma gəlib məni qucaqladı. Sakitləşdirməyə çalışdı. Sonra diqqətlə məni süzüb:
– Atada günah yoxdur, bacı. Onu qınama, – dedi. – Heç bilmirəm bunu sənə necə deyim. – Sıxıla-sıxıla, dilini sürüyə-sürüyə sözünə davam elədi. – Qayınanan atanın iş yerinə gedib.
Mən yerimdə qalxıb oturaraq gözümün yaşını sildim. Heyrət içində onu dinləməyə başladım.
– Tələb edib ki, “Qızın oğlumdan əl çəksin! Sənin qızına görə oğlum bizdən üz döndərib! Elə etməsin ki, mən başqa yola əl atım! Sizi elə rüsvay etdirərəm ki…” Hətta fikrini, məqsədini çox iyrənc şəkildə elan edib. Bu söz ataya yaman təsir etmişdi, Mələk. Bıçaq vursaydın qanı çıxmazdı. Anaya sual verdi: “Heç bilirsən bu sözün mənası nədir?! Bu qadın öz oğlunu, onun adını düşünmürsə, mənim qızım onun üçün heç kimdir!” Bunu dedi, sənin dalınca getdi.
Yaşadıqlarımı gözümün önünə gətirib nifrətlə təsdiqlədim:
– İnanıram, edər! – Dərhal da qəti bir səslə əlavə etdim. – Amma mən Elşaddan əl çəkən deyiləm! Hamı bunu belə bilsin! Ölsəm də ondan ayrılmayacam! Papaq deyiləm başdan-başa qoyulam!
10 GÜN SONRA
Mən hələ də Elşadın yolunu gözləyirdim. Qulağım səsdə, gözüm yolda idi. Onun zəng vuracağını, dalımca gələcəyini umurdum, amma Elşaddan hələ də bir xəbər yox idi. Bu isə mənim çəkdiyim iztirabları minə qatlayırdı.
Elşad mənə mobil telefon işlətməyə icazə verməmişdi deyə bu günə qədər onun mobil nömrəsini də bilmirdim. Heç maraqlanmamışdım da. Amma evdən çıxmazdan əvvəl buna ciddi zərurət duymuş və Nazim əmidən Elşadın mobil nömrəsini öyrənmişdim. Bu günlər ərzində bir neçə dəfə ona zəng vursam da telefonuna zəng çatmamışdı.
Bir gün artıq dözmədim. Atamın evdə olmamasından istifadə edib telefona əl atdım. Elşadın telefonuna yenə zəng çatmırdı. Belə olan halda məcbur qalıb Sona xalaya zəng vurmalı oldum.
O mənim səsimi duyanda necə sevindi, ilahi. Elə bil dünyanı ona bağışladılar.
Mənsə danışmaq əvəzinə kövrəlib ağlamağa başladım. Elşaddan gileyləndim:
– Niyə gəlib aparmadı məni? Niyə bir maraqlanmadı? Mən burda yol gözləməkdən heç bilirsiniz nə haldayam?
Sona xala mənim ağlar səsimə çox üzüldü:
– Qurban sənə, Elşadı görsən tanımazsan. Sən gedən gündən ayıq günü yoxdur. Qapanıb evə, bütün günü içir. İşə də bir düz-əməlli getdiyini görmürük. Üzünü saqqal basıb, elə bil yüz ilin qocasıdır. Fikirdən, qüssədən özünü tamam unudub.
– Belə həll edir problemi? İçki içməklə? Bəs mən necə olacam? Bunu bir fikirləşir? Heç deyilsə, bir zəng vurardı. Yəni bir zəngə də dəymirəm hə, mən? – Gözümün yaşını leysan kimi tökməyə başladım.
O, yenə də təkcə özünü düşünürdü. Mənim nə çəkdiyim gözünə görünmürdü.
– Yox, ay qızım, belə demə, balamsan. O da istəməzdi belə olsun. Dünən dostu gəlmişdi – Kənan. Dişinin dibindən çıxanı deyib. Üstəlik, Nazim əmin nə qədər danlayıb. Söz dinləmir ki…
– Qonşusu bəs niyə təsəlli vermir? Azadlıqdır da. Kama xanım da elə bunu istəyirdi ki…
– Kama yoxdur, çoxdan rədd olub gedib burdan! Məni o deyil, sizin aqibətiniz maraqlandırır, qızım.
– Kaş Elşadı da bir balaca maraqlandıraydı. – Mən istehza ilə dedim.
– Gələcək, qızım. Səbirli ol. İşini yoluna qoysun, bu bəladan bir qurtulsun, əlbəttə, gələcək.
4 AY KEÇDİ.
Mən hələ də atam evində idim.
Həyatdan aldığım zərbələr psixologiyamda dərin iz buraxmışdı. Əsəb sistemim pozulmuşdu və mən uzun müddət idi ki, müalicə alırdım.
Elşadın həsrəti məni dəliyə döndərmişdi. Az qalmışdı qəm-qüssədən, onu düşünüb göz yaşı tökməkdən ağlımı itirəm.
Heç kəslə ünsiyyət qurmurdum, yeməkdən-içməkdən kəsilmişdim.
Həyatdan əlimi üzüb, özümə qapanmışdım.
Hələ kollecdə oxuduğum və ona düşmən gözüylə baxdığım o illərdə onunla bağlı hadisələr bu gün mənim üçün xəzinə dolu qızıldan qiymətli bir xatirəyə dönmüşdü.
Hər gün yolumun üstə dayanıb özünəməxsus bir əda ilə maşına söykənən və bütün diqqətiylə məni izləyən Elşadın o baxışları indi də gözlərim önündədir.
Mən yanından bir qədər aralanan kimi o, yenidən maşına əyləşib bir başqa döngədə məni qarşılayırdı. Və bu minvalla az qala rayonu dövrə vururdu.
O zamanlar yatsaydım yuxuma girməzdi ki, vaxt gələcək, mən bu oğlan üçün dəli-divanə olacaq, həsrətindən xəstəlik tapacağam. Onun hər rastıma çıxanda fürsət tapıb mənə eşitdirdiyi sözləri və ahəngindən qətiyyət yağan səsi qulaqlarımdan çəkilib getmirdi.
“Bu oğlan heç vaxt boş söz danışmaz, gözəl qız! Məndən qaçmaqla deyil, xəbərin olsun ki, bizim yolumuz artıq birdir. Qəbir evinədək, bunu unutma! Yer-göy dağıla, yenə də səndən əl çəkən deyiləm!”
Və beləcə, Elşadın bir vaxtlar mənə güvənc verən sözlərinin bu gün tamamilə əksini gördüyüm halda yenə də gözümü yola dikib, görünməmiş bir inadla onu gözləyirdim.
Anam bu halıma ağlayıb özünü həlak etsə də, atam içərisində çəkir, mənə baxa-baxa şam kimi əriyirdi. Amma özünə verdiyi sözdən də dönə bilmirdi.
Son vaxtlar təcili tibbi yardım maşını tez-tez bizə çağırışa gəlirdi.
Hər gecə Elşadı yuxuda görürdüm. Çığırıb yuxudan oyanır, özümə gələ bilmirdim. Yalnız qoluma sancılan iynənin təsirini bütün vücudum boyu hiss etməyə başlayanda “Elşad…” deyib, onun adını sayıqlaya-sayıqlaya özümdən gedirdim.
Səhər ayılanda isə bir ölüdən fərqim olmurdu. Lal baxışlarla, səssiz-sədasız hamının üzünə baxırdım. Nə desələr müti bir şəkildə dinməzcə əməl edirdim.
Bir gecə yenə bu vəziyyət təkrar olmuşdu. Həkim iynə vurduqdan sonra mən göz yaşları içində öz-özümə pıçıldayırdım: “Gəlmədi. İtirib-axtarmadı məni. Ata haqlı imiş. Verdiyi sözlərin hamısı yalanmış. Mənim dəyərim, qiymətim onun gözündə bu qədər imiş. Bir oyuncaq kimi oynatdı, sonra da atdı”.
Bu sözlərimə, çəkdiyim acıya dözə bilməyən bacım yanıma gəlib saçlarımı sığallaya-sığallaya:
– O gəlmişdi, Mələk… Gəlmişdi, inan mənə! O səni atmayıb, əksinə, dəli- divanə olub həsrətindən! Sənə həkim iynə vurmuşdu, yatmışdın. Buna görə heç nədən xəbərin olmadı. O, dəfələrlə gəlib bu qapıya, amma atam icazə verməyib sənlə görüşsün. Hər gəlişində onu qovub. Bağışla bizi! – deyib hönkürdü. – Bağışla!
Bacımın sözlərindən sonra gözlərimə sanki işıq gəldi. Amma iynənin təsirindən dilim söz tutmadı. Gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü. Tezliklə ölü kimi yuxuya getdim.
Bir neçə gün keçdi.
Günortadan xeyli ötmüşdü ki, qapı döyüldü.
Mən hələ də evə keçmədən həyətdəki skamyada oturub qalmışdım. Evdə bacımla ikimiz idik. Gedib qapını açdı. Və çox keçmədi məni çağırdı:
– Mələk… Səni görmək istəyən var.
Mən çevrilib baxanda qapının ağzında Elşadın maşınını görüb yerimdən dik qalxdım. Ürəyimin çırpıntısını təsvir etmək mümkün deyil.
– Elşad gəldi! – deyə yüyrək qapıya sarı götürüldüm. Çatanda qarşımda Elşadın əvəzinə İlkini görüb, duruxdum.
– Gəlinbacı… – İlkin kövrəldi, irəli yeridi.
Körpə uşaq kimi qaynımın qabağına qaçıb ona sarıldım. İlkin alnımdan öpüb, məyus bir ifadə ilə üzümə baxdı. Hal-əhval soruşdu.
Mənsə küçəyə boylanıb təəccüblə İlkini süzdüm:
– Bəs Elşad hanı?
İlkin məzlum-məzlum üzümə baxıb, güclə dilləndi:
– Elşad gələ bilmədi.
– Sən aparacaqsan məni? – Sevincək soruşdum.
– Yox, Elşad icazə vermədi. “Atası evində gözləsin, imkan tapan kimi gələcəm” dedi.
– Bəs özü hanı?- Həyəcan və narahatlıq içində İlkini süzdüm.
İlkin köks ötürüb izah etməyə başladı:
– O əsgər söhbəti nəhayət bağlandı. Hərbi məhkəmə işi sona çatdırıb. Əsgər dili söz tutan kimi izahat verib, qeyd edib ki, “Həmin gecə mən hərbi hissəni özbaşına tərk etmişdim”. Bir sözlə, Elşadı müdafiə edib. Qəzada ciddi xəsarət aldığı üçün yararsız sayıldığına görə onun özünü də ordudan tərxis etdilər. Elşadın da iş yerini dəyişib, ön xəttə göndərdilər.
– Ön xəttə? – Heyrətlə İlkini süzdüm. Gözlərim doldu.
– Nə deyim ki, yerinə düşsün, heç özüm də bilmirəm. – İlkin təəssüf içində başını buladı. – Allah özü kömək olsun! Bircə bu gəlir əlimizdən, dua etmək.
Sonra maşından götürdüyü çantaları qapıdan içəri qoydu.
– Bunları Elşad göndərdi.
Çantalara baxan kimi bildim mənim geyimlərimdir. Bir az da kövrəldim. İlkinin səsinə ona doğru çevrildim.
– Evin açarlarını da ev sahibinə təhvil verib, maşını götürüb gəldim. Elşad artıq yola düşürdü. Heç üzünü də düz-əməlli görə bilmədim. – O, birdən sözünü yarıda kəsib, məni bağrına basdı. – Ağlama. Yaxşı olar, inşallah! Özündən muğayat ol! Nəyə ehtiyacın olsa, məndən gizlətmə. Tez-tez gəlib baş çəkəcəm sənə!
Həmin axşam çantaları açıb geyimləri yerbəyer etmək istəyəndə paltarlarımın arasında Elşadın köynəyini görüb tutuldum. Köynəyi burnuma tutub qoxuladım. Onun üçün necə qəribsədiyimi bir daha hiss edərək, hönkür-hönkür ağladım.
(Ardı var)