Aynur MƏSİMOVA (TƏMKİN)
Rauf hər yerdə Kamiləni axtarsa da onu tapa bilmədi. İstəməsə də məcburən yataq otağının qapısını aralayıb otağa boylandı. Çarpayının üstü yığılmamış, pal-paltarları ətrafa səpələnmişdi. Rauf təəccüblə ətrafı süzüb içəri girdi. Qadını bir-iki ağız səslədi, hamam otağının qapısını taqqıldatdı. Səs verən olmadı. Bu zaman nəzərləri tumbanın üstündə duran, bəzəkli çərçivəyə salınmış fotoya ilişib qaldı. Şaiq Camalın şəstlə baxan ədalı baxışları onu qıçıqlandırdı. Fotonu əlinə alıb diqqətlə kişini süzdü. Ona elə görsəndi, yoxsa doğrudan da çərçivə olduğundan ağır gəldi, bilmədi. Marağını boğa bilmədi. Ehmalca çərçivəni şüşədən ayırdı. Bir yığın foto və yazılı kağız parçası yerlə bir oldu. Rauf kağızı yerdən qaldırıb diqqətlə oxumağa başladı. Qaşları qeyzlə çatıldı. Rəngi gah ağardı, gah qızardı. Tələsik imza yerinə baxdı. Atasının və özünün imzasını gördükdə əsəbi halda gərildi. İmza yerindəki imza onlarınkı deyildi. Taxtın ucunda oturub başını tutdu. Kamilənin sərhəd tanımaz oyunları onun son damla səbrini də əlindən almağa yetdi. Bir anlıq istədi Kamilənin nəyi varsa pəncərədən bayıra atsın. Lakin sonra düşüncələrindən vaz keçdi. Kamiləni yerinə oturtmağın ən doğru yolu bu deyildi. Rauf qan çanağına dönmüş gözlərini kağızdan çəkməyərək öz-özünə elə hey deyindi, dodaqaltı qadını söydü: “Bunun belə olmağını siz istədiniz, Kamilə xanım. İndi baxaq görək sən qanun qarşısında necə cavab verəcəksən. O çox güvəndiyin hiylə ortağın dədən səni qorumaq üçün daha nələrə əl atacaq”.
Baxışları sürüşüb yerə tökülən rəsmlərdə ilişdikdə Rauf cin-şeytan görürmüş kimi gözlərini geniş açaraq donub qaldı. Dizlərini qatlayıb xalının üstünə çökdü. Rəsmləri bir-bir qaldırıb diqqətlə baxmağa başladı. Xəyalları onu neçə il əvvələ sürüyüb apardıqda unutmaq istədiyi o günlər gözləri önündən sürətlə ötüb keçdi. Cavidanın sərxoş vəziyyəti, qızla qol-boyun oturuşu ən xırda məqamlarına kimi yadına düşdü. O zaman Kamilənin xüsusi canfəşanlıqla onlara yardımı, Raufa göstərdiyi yaxınlıq, o gündən sonra Cavidanın onu tez-tez həmin məkana dəvət etməsi… Demək, bütün bunlar böyük bir oyunun başlanğıcı, Raufun bədbəxtliyinin təməl daşları imiş. Yenə fikirləri içində axıb getdi: “Bəs, yaxşı, bu şəkilləri kim çəkib? Niyə çəkib? Nə məqsədlə bu fotolar belə gizlin saxlanır, qorunur. Ax, Cavidan. Demək, sən əzəldən bu işin içindəymişsən, mənim xəbərim yoxmuş. Ay alçaq! Ax, şərəfsiz! İnsan da qardaş dediyi birinə bunu edərmi? Mən bunu bəlkə heç düşmənimdən gözləmirdim, nəinki səndən”. Yumruqlarını düyünləyib zərblə divara çırpdı. “Ay biqeyrət, bunun hesabını səndən soruşmasam atamın çörəyi mənə haram olsun!”
Tələsik fotoların hamısını yığışdırıb, şəkli də çərçivəyə salıb otaqdan çıxdı. Fikirləri qarmaqarışıq idi. Əvvəlcə nədən başlayacağını bilmədi. Bir xeyli dərin düşüncəyə daldı. Sonra cəld maşına doğru yeriyərək qapını açıb əlindəki sənədi və fotonu qabaq oturacağa tulladı. Maşın cüyültüylə həyətdən çıxdıqda Gülpəri təşviş içində çölə qaçdı. Çırpınan ürəyinin təlatümünü yatırtmaq üçün dərindən nəfəs aldı. Arvad qara qorxu içində pilləkənə çökdü.
Maşının sürətini getdikcə artırmağa başladı. Hirsi-hikkəsi içini ac qurd kimi gəmirirdi. Hər şeyi Cavidandan öyrənmək üçün maşınını düz o işləyən “Çay evi”nə sürdü. İçəri girib ətrafı gözdən keçirdi. Əmioğlusu heç yanda gözə dəymirdi. “Yəqin otağındadır” fikirləşib onun kabinetinin qapısını itələdi. Cavidan kresloya yayxanıb gözlərini yummuşdu. Zərblə divara çırpılan qapının səsini eşidib dik atıldı. Yuxulu nəzərlərini Raufa dikib key-key ona baxdı. Deyəsən bərk qorxmuşdu, ya nədən idisə kəkələməyə başladı:
– Raaauuff, xxxooşş gəəlmisən…
Raufun sərt baxışları neştər olub onun ürəyinə işləyəndə sıçrayıb qollarını geniş açdı, Raufun üstünə yeridi. Rauf bir dəstə şəkli onun rəngi qaçmış üzünə çırpıb yaxasından yapışdı. Var qüvvəsiylə onu silkələyib:
– Bu nə deməkdir, əmioğlu?! – deyə onu sorğuya çəkdi.
Cavidan əmisi oğlundan bunu gözləmədiyindən çaşmışdı. Söhbətin nədən getdiyini hələ anlamamışdı. Baxışlarını fırlayıb yerə səpələnmiş fotolara diqqətlə baxdıqda bənizi bir az da ağardı. Yazıq-yazıq Raufa baxdı. Rauf “Anlat!” deyib bağırdıqda dərindən nəfəs alıb, “Burax, anladacam” deyə kresloya çökdü. Başını əlləri arasına alıb xəcalət yağan baxışlarını Raufdan qaçırdı.
– Sənə bunu edən gündən hələ bir gecə də rahat yuxu yatmamışam, əmioğlu. Hamısı mənim boşluğumun, acizliyimin hesabına oldu. O gün mən ora o pozğunla getməsəydim bütün bunlar bəlkə də sənin başına gəlməyəcəkdi. Bu şəkillərin hamısını Kamilə çəkib, sonra da səni əldə etmək üçün məni şantaj edib. Dedi sən tez-tez Raufu bura dəvət etməsən, dediklərimi yerinə yetirməsən şəkilləri şəhərin görünən hər yerinə yapışdıracam. Hədələdi məni. Mən də qardaş dediyim, dost dediyim səni onun hədə-qorxularından qorxub bu bələya düçar etdim. Amma balalarımın əziz canına and olsun ki, bu neçə ildir vicdanımın ağrısından ürək dolusu gülə də bilmirəm. Gecələr yatağıma qor dolur. Sənə, Şahanəyə, Laləyə etdiyim pisliyin cavabını necə verəcəm, bilmirəm.
Cavidan qəzəbindən əsən Raufun qarşısında durdu:
– Vur, əmioğlu, vur. Mənim cəzamı sən kəs. Bəlkə bundan sonra bir gün də olsa insan kimi nəfəs alaram. Vur ki, ürəyin boşalsın. Vur ki, mənim əzabım sona yetsin. Vur deyirəm sənə. Vur, əmioğlu.
Üzünə dəyən zərbədən səyirləndi. Lakin geri çəkilmədi:
– Vur deyirəm sənə. Mənim tək xainin cəzasını sən öz əllərinlə ver. Mən neçə illərdir uşaqlarımı belə ürəklə qucaqlayıb, ətrini içimə çəkə bilmirəm. Hər dəfəsində Lalə gəlib gözlərim önündə durur.
Cavidanın dodağının qanı şoralanıb çənəsi boyu axmışdı. Rauf gözləri dönmüş halda növbəti zərbəni endirdi:
– Qızımın adını ağzına alma. Bu gündən mənim sən adlı əmim oğlu yoxdur. Lənətə gələsiniz. Mən səni qorumağa çalışdığım vaxt sən mənim ocağımın odunu söndürdün. Xain, əclaf! Heç fikirləşmədin ki, bu işin sonu hara varacaq? Amma təqsir məndədir, məndə. Mən səni orada o vəziyyətdə qoysaydım bütün bunlar olmayacaqdı.
Əlini uzadıb Cavidanın boğazından yapışdı:
– Tfu sənin kişi sifətinə! Şərəfsiz! Sənin buradaca xirtdəyini üzərdim. Amma qurban olasan o körpələrə. Mənim qızım atasız böyüyür, barı səninkilər o ağrını dadmasınlar.
Cavidanın az qala nəfəsi kəsiləcəkdi. Bu zaman otağa daxil olan Emin gördüyü mənzərədən dəhşətə gəldi. Raufu kənara itələyib ikisinin arasında durdu. Heyrətlə, çaşqınlıqla hər ikisini süzdü. Səsini yüksəldib bağırdı:
– Nə deməkdi bu?! Ayıb deyil sizə?! Yekə kişisiniz, amma uşaq hərəkəti edirsiniz. Nə olub axı? – Key nəzərlərlə ona baxan Cavidanla Raufu süzdü. – Susmayın. Deyin görək nə məsələdir.
Rauf nifrətlə Cavidana səsləndi:
– Hə, indi anlat əməllərini. Görək nə deyəcəksən. Qoy əmin oğlu da görsün sən necə əmioğlusan, nə cür qardaşsan. – Əyilib yerdəki fotoları yığıb, Cavidanın üstünə tulladı. – Bunları da yığışdır. Rədd elə getsin. Daha kimsəyə masqara olma. Oğluna, qızına ayıbdır.
Emin heyrətlə fotolara baxıb sonda deyəsən olanları anladı. Cavidanı məzəmmətlə süzüb başını buladı:
– Sən nə deyib belə şey eləmisən? Başın harada idi sənin? Öz rahatlığı üçün qardaş da qardaşa xəyanət edərmi? Bunu səndən heç gözləməzdim, əmioğlu. Heç! Yatsam yuxuma girməzdi ki, sən bu qədər alçala bilərsən.
Cavidanın halı dəhşət saçırdı. Daxili dünyasındakı gərginlik üzünə yansımışdı. Dodaqlarından axan qan köynəyinin yaxasına süzülmuş, gözünün altı qançır olmuşdu. Amma ağrılarını hiss etmir, vicdanının sızıltısından göynəyirdi.
Raufun gözlərinin içi qırmızı qan çanağına dönmüşdü. Əlləri titrəyir, Cavidanı ürəyi soyuyana qədər döymək, döymək istəyirdi.
Emin Raufa göz ağartdı. Qolundan tutub onu çölə çıxartdı. Bir xeyli diqqətlə Raufu süzdü:
– Bura bax. İçəridə səsimi çıxartmadım. Amma Cavidanın üstünə bu qədər getməyin heç doğru deyil. Demirəm süddən çıxmış ağ qaşıqdır. Təqsirkardır. Onun bağışlanası tərəfi yoxdur. Amma o sənə deməyib ki, get Kamilənin yatağına gir. Bura bax. Sən hər şeyin təqsirini onda axtarma. Bu söhbəti də uzatmayın. O, elədiyinin əzabını bəs deyincə çəkib. Elə sən də. Bir qadının üstündə aranızın pozulmasına əsla razı olmaram. İndi get, üz-üzə, göz-gözə söhbətini elə, bir daha bunun üzərinə qayıtma.
Bunu deyib Emin Raufun qoluna girdi, onu içəri aparmaq istədi. Rauf inadla qolunu onun möhkəm ovucları arasından dartıb çıxardı, dirəndi:
– Burax, Emin, burax. Bəlkə vaxt keçdikcə onu bağışlaya bilərəm. Amma indi yox. Mən hər şeyi ona yükləmək fikrində deyiləm. Bu işdə ən böyük təqsirkar, əlbəttə ki, mən özüməm. Mən günahlarımı kiminsə üstünə atmaram. Amma etiraf elə ki, onun elədikləri də heç bir kişiliyə sığan iş deyil. Mən gedirəm. Onu da vicdanıyla baş-başa buraxıram. Ağlı varsa, daha qarşıma çıxmasın. – Səsinin tonunu bir az da qaldırdı. – Harada görsəm üzümü çevirib gedəcəm. Mən onu bir daha yaxınımda görmək istəmirəm. İstəmirəm, vəssalam!
(Ardı var)