Aynur MƏSİMOVA (TƏMKİN)
Ev Rauf üçün hər gün daha da cəhənnəmə çevrilirdi. Kamiləylə davaları tez-tez düşür, aralarındakı uçurum dərinləşirdi. Qadının hikkəsi gündən-günə artır, evdə davasız gün olmurdu. Gülpəri artıq sağ cana möhtac qalmışdı. Bir yandan oğlunun evindən didərgin düşməsi, bir yandan Kamilənin həyasızlığı, Şaiq Çamalın gündə bir xəbər yollamağı qadının səbir kasasını doldurub daşırırdı. Kamilə sənədi ciddi-cəhdlə Raufdan gizli saxlayırdı. Sənəd ələ keçsə Rauf heç bir dəqiqə düşünmədən onları saxtakarlıqda ittiham edərək dəmir barmaqlıqlar arasına göndərəcəkdi. Qadın Arazın imzası olan kağızın heç bir qüvvəsi olmadığını yaxşı bilirdi. Əgər üstü açılsa hər şey meydana çıxacaqdı. Bu zaman Rauf öz atasının imzası yerində başqa birisinin imzasını görüb dünyanı onlara dar edəcək, onu bir qələmlə həyatından silib atacaqdı. Qadın atasının adının ləkələnməsinə razı idi, nəinki Raufun onu boşamasına. Kamilə Raufun yenidən Şahanəyə dönməsini qəbul edə bilməzdi. O, ölər, amma buna imkan verməzdi.
Araz kişinin dilindən çıxan “Allah xoşbəxt eləsin” sözü evdəki ab-havanı bir qədər yumşaltmışdı. Hər kəsin başı xeyir işə qarışmışdı. Bu aralar meydanı boş görən Kamilə də gəzib əylənir, Raufun əl-ayağına çox dolaşmırdı. Rauf o iş-bu iş dalıyca qaçdığından sənəd axtarışını hələ ki, unutmuşdu. Nişan təlaşı, qardaşlıq məsuliyyəti ona şəxsi həyatını unutdurmuşdu. Adlarına, özlərinə layiq bir məclis qurmaq, evin sonbeşiyi Arzunun xeyir işini layiqli səviyyədə yerinə yetirmək onun qardaşlıq borcu idi. Qardaş yeganə bacısının xeyir işini ürəyi istədiyi kimi yola vermək üçün içindəki acıları qəlbinə gömmüşdü. Gecələr yatağına girəndə məclisdə yanında Şahanənin əvəzinə Kamilənin olacağı fikri onun ürəyini göynədir, qəlbini sızladırdı. Onlar birlikdə Arzunun xeyir işini o qədər xəyal etmiş, o qədər plan qurmuşdular ki. İndi Arzunun ağ gəlinlik donunu geyinib ata evindən uçub getməsinə az qalmışdı. Təəssüf ki, bunu Şahanə görməyəcəkdi. Və o nə qədər bacısının xoşbəxtliyinə sevinsə də bir tərəfi yarı qalmış olacaqdı. Qəlbində, könlündə biri, yanında başqası.
Lalə yeni donunda bir qədər güzgünün qarşısında fırlanıb özünə baxdı. Qız kiçik mələyə bənzəyir, fərəhlə özünü süzürdü. Bir az sonra atası gəlib onu bibisinin nişanına aparacaqdı. Qız forsla dabanları üstündə fırlanıb anasına baxıb gülümsədi:
– Ana, mən bibimin yanında oturacam.
Şahanə kiçik mələyinin qarşısında diz çöküb onun üzünü ovucları arasına aldı:
– Anam, bax orada özünü çox yaxşı apararsan. Qoy hər kəs görsün ki, mənim necə ağıllı, gözəl qızım var. Oldumu?Atanın başı qarışıq ola bilər. Diləfruz nənəylə, Emin əminin uşaqlarıyla sakit oturarsan, yaxşımı?
Lalə ceyran baxışlarıyla anasını süzüb başını astaca tərpətdi. Rauf çoxdan gəlib qapının qarşısında durmuşdu. Heç olmasa bu gün Şahanəni bir anlıq görmək onun əsəblərini azca sakitləşdirəcəkdi. Kamilə Raufun Lalənin arxasıyca getdiyini duyub araya dadsızlıq salmışdı. Uşağın, Şahanənin ünvanına nalayiq sözlər söyləmişdi. Rauf əsəblərini cilovlaya bilməyib qıza hücum çəkmiş, Eminlə o biri əmi oğlanları onu güclə sakitləşdirmişdilər. Rauf Kamiləni otağa itələyib ağzına bir şillə endirdikdən sonra qadın qorxusundan susmuşdu. Amma kim bilir axşam nələr olacaqdı.
Dərindən nəfəs alıb zəngi basdı. Lalənin “Gəldim” deyə səslənməsi sanki içinə sərin su səpdi, ruhunu oxşadı. Qapı açılar-açılmaz uşaq atasının boynuna sarıldı. Rauf keçmiş qaynatasının üzünə baxmaqdan çəkinərək gözlərini qızına dikib salam verdi. Kişi də onun üzünə baxmadan salamını alıb qapını çəkdi. Ata qızını bədbəxt edən bir insanla görüşmək, salamlaşmaq istəmirdi. Lakin neyləməli, şərtlər bunu tələb edirdi. Rauf kişinin bu hərəkətindən bəlkə də ayrı vaxt pərt olardı. Amma olmadı. O, Elgizin bu hərəkətinə haqq verdi. Özünü qınadı, utandı. Qızının üzünə baxıb fikrə daldı. Bir anlıq özünü Elgizin yerinə qoydu. Laləyə kimsə pislik etsə Rauf onun dərisini boğazından çıxartmazdımı?
Uşağı görcək Kamilə donquldanmağa, dodaqları altında ağzına gələni çərənləməyə başladı. İlan kimi uşağın boğazına dolaşmaq, onu boğduqca boğmaq istədi. Əgər Əntiqənin sərt baxışları olmasaydı kim bilir Kamilə məclisi pozub hər kəsdən heyfini çıxmaq üçün nələr edəcəkdi.
Gülpəri həyəcanını boğmağa çalışırdı. Qadının fərəhindən sinəsi qabarmışdı. Bir yandan Arzunun gözəl ailəyə gəlin getməsi, digər yandan qızına baxdıqca könlü fərəhlə döyünən oğlunun sevinməsi ananı xoşbəxt etməyə bilməzdi. Əri yanında, övladları, nəvəsi yanında. Daha ona bundan artıq nə lazımdı ki? Kaş Pənah da olanları unudub onu əfv etsəydi. Kaş indi Gülzarla Pənah bu qapıdan içəri girmiş olaydı. Bax onda onun nəşəsinin qarşısını heç kim və heç nə ala bilməzdi. Həsrətlə qapıya, içəri salona boylandı. Yox. Qardaşı əsla gəlməyəcək, onu bağışlamayacaqdı. Arazın Pənahın üstünə hücumundan, Raufun işi buraxıb rayona dönüşündən sonra bacı-qardaş artıq görüşməz, danışmaz olmuşdular. Böyük qardaşı vasitəsiylə dəvətnamə göndərsə də, görünür, qardaşının onu bağışlamaq, yenidən barışmaq niyyəti yox idi. Pənah Şahanə kimi gəlini boşadıqdan sonra bacısı oğlundan da, bacısından da sidqi sıyrılmışdı.
Rauf qızıyla rəqs edir, onun nəşəylə gülməsinə baxıb fərəhlənirdi. Qızçığaz hər gün daha da Şahanəyə bənzəyirdi. Onun anasını xatırladan baxışları Raufun qəlbinə işləyirdi. Şüuru ona yalnız bir şeyi pıçıldayırdı: “Sən onlarsız yaşaya bilməzsən. Sən onlarsız nəfəs ala bilməzsən!”
Lalənin yorğunluqdan gözləri qapanırdı. Rauf ehmalca qızını qucağına alıb Arzuya yaxınlaşdı. Qızçığaz kiçik qollarını bibisinin boynuna dolayıb yanağını onun üzünə yapışdırdı. Arzu doyunca uşağı qoxlayıb öpdü. Onlar danışıb güldükcə Kamilə bütün baş verənləri diqqətlə izləyir, onlara ağlına gələni deməmək üçün özünü zorla saxlayırdı. Nəhayət, ərinin uşağı götürüb salondan çıxdığını görüb sürətlə ona tərəf yeridi. Oğlanın qarşısına keçib yolunu kəsdi:
– Hara belə?
Rauf hirsindən fısıldayan qadının üzünə belə baxmadan:
– Çəkil! – deyə əmr etdi.
Qadın irişdi:
– O qəh… qaçırsan eləmi?
Rauf Lalənin qorxu dolu baxışlarını görüb uşağı bərk-bərk sinəsinə sıxdı. Qadını möhkəm itələyib ondan uzaqlaşdı:
– Az, səbir elə, bir azdan gəlirəm. Səninlə söhbət edəcəm.
Lakin qadın dinc durmadı:
– Gözləyəcəm. Gələrsən, danışarıq. – Ətrafında durub heyrətlə onu süzən hər kəsə çəmkirdi. – Siz nə gözünüzü döyürsünüz, gedin işinizə baxın.
Elgiz uşağın yolunu gözləyərək divandaca yatmışdı. Qapıda maşının durduğunu eşitcək Nihal ərini bir neçə dəfə səslədi. Lakin gündüzdən təhərsiz olan kişi bərk yatmışdı. Nihal naçar halda qızına baxdı. Şahanə anasının niyyətini başa düşüb yalvarış dolu baxışlarını ona zillədi. Nihal Raufla bu zaman kəsişməsində bir kərə də üz-üzə gəlməmişdi və deyəsən gəlmək niyyətində də deyildi. Ananın yazıq-yazıq baxan qızına ürəyi yansa da qapıya çıxmaqdan qəti boyun qaçırtdı. Şahanə çarəsiz halda özü uşağı götürmək üçün qapıya çıxmalı oldu. Rauf gözlərini bir nöqtəyə dikib dalmışdı: “Kaş Şahanə qapıya özü çıxmış olaydı. Kaş bir kərə də olsa, onu görə biləydim”.
Darvaza ehmalca açıldı. Elgizin əvəzinə Şahanənin çıxdığını görəndə sanki dünyanı Raufa bağışladılar. Oğlanın gözlərinin içi güldü. Ayrıldıqdan sonra ilk dəfə idi ki, gənc ər keçmiş arvadını bu qədər yaxından görürdü. Qaranlıqda Şahanə üzünün qızardığını hiss etdi. Ürəyi çoxdan yadırğadığı bir həyəcanla titrədi. Özünün bu zəifliyindən utanıb, əsəbiləşdi. Hətta qapıya çıxmağına belə peşman oldu. Rauf zamanı tutub saxlamaq, Şahanəni daha çox görmək istəyirdi. Arzusu çin olmuş, xəyalı həqiqətə çevrilmişdi.
– Axşamın xeyir, Şahanə, – deyə pıçıldadı.
– Salam, – qadın güclə eşidiləcək səslə cavab verdi.
– Necəsən, Şahanəm?
– Çox sağ olun…
Şahanə nə qədər gizlətmək istəsə də Rauf onun səsinin titrəyişini duydu. Lakin qadının rəsmi danışığı onun bir az əvvəlki sevincinə su ələdi. Çevrilib maşına doğru getdi. Uşağı səsləmək istədi. Amma o, yatmışdı. Ehmalca qucağına alıb anasının yanına gətirdi. Şahanə çaşıb qalmışdı. O, yatan vəziyyətdə Laləni qucağına alsa, istər-istəməz əli Raufa toxunacaq, nəfəsini daha yaxından hiss edəcəkdi. “Yox, yox. Bu qədər yaxınlığa gərək yoxdur” düşüncəsiylə uşağı səslədi. Bərk yorulmuş Lalə mışıl-mışıl yatırdı. Daha ayrı yol qalmadı. Gecənin sərin havasında qızcığaza soyuq olardı.
Şahanə qeyri-ixtiyarı qollarını uzadıb Raufun qucağından qızı götürdü. Bu zaman, bu zaman hər ikisinin nəfəsi kəsildi, sanki ağılları başlarından çıxdı. Rauf Şahanənin isti nəfəsini hiss etdikdə ürəyinin guppultusunu qulaqlarında eşitdi. Qadının əllərinin təmasından bədənini hərarət basdı. Rauf çoxdan yaşamadığı hisslərinin təsirindən axıb getdi. O məhrəm, o gözəl hisslər gənc qəlbini isitdi, oxşadı. Ürəyinin döyüntüsü bütün vücudunu silkələdi.
Qapı çoxdan örtülmüşdü. Lakin Rauf hələ də durduğu yerdə donub qalmışdı. O, Şahanənin nə qədər həsrətindəymiş. Dili-dodağı qurumuşdu. Ürəyi hələ də yeni aşiq olan gəncin ürəyi kimi çırpınıb onu həyəcanlandırırdı. O hələ də Şahanəni dəlicəsinə sevir, onu dağa-daşa, havaya-suya, hər kəsə qısqanırdı. Bəs Kamilə? Kamilə onun üçün aydın səmada qara nöqtədən başqa bir şey deyildi. Ən böyük pisliyi Şahanəyə və özünə etməsinə baxmayaraq, hələ də içində bir ümid, bir işartı qalmışdı. Artıq bütün xəyallarında yalnız Şahanə vardı. Rauf Şahanənin yenidən eşqini, güvəncini qazanmaqdan ötrü əlindən gələn hər şeyi edəcəyinə and içdi. Heç bir qüvvə, heç kəs ona mane ola bilməyəcəkdi.
Rauf salona qayıdıb əmisi oğlanlarının masasına yaxınlaşdı. Eminlə, Fərhadla zarafatlaşdı. Emin diqqətlə onu süzüb gülümsədi:
– Əmioğlu, maşallah, kefin yaman kökdür.
Rauf aşağı əyilib onun qulağına həyəcanla:
– O məni hələ də sevir, – deyə pıçıldadı.
Emin oğlanın nəşəli halına baxıb onun kefini korlamaq istəmədi. Qədəhinə içki töküb:
– Vur! – dedi.
Onları qıraqdan-qırağa seyr edən Cavidan baxışlarını Raufdan qaçırdır, onun gözlərinə baxmaqdan xəcalət çəkirdi. O vaxtdan bu yana xeyli zaman keçsə də Cavidan özünü bağışlaya bilmirdi. Əvvəllər bir oturub, bir qalxdığı əmisi uşaqlarından qaçır, vicdan əzabından özünü yeyib bitirirdi. Bir az öncə ortalıqda dolaşan uşağı gördükcə olan-keçənləri xatırlayır, ağzına bir tikə çörək qoya bilmirdi. Qəhərdən boğazı düyünlənmişdi. Cavidan ona inanıb, ona etimad edən əmisi oğlunu, qardaşını xaincəsinə arxadan vurmuşdu.
Kamilə anasının yanında oturub dodaqaltı elə hey mırıldanır, əsəbindən barmaqlarını ovuşdururdu. Əntiqə ara-sıra ona göz ağardır, ətəyini çəkirdi. Qadın qızının hərəkətlərindən əsəbilik keçirdir, qızını dümsükləməkdən özünü güçlə saxalyırdı. Heç bir qızı onu bu qədər incidib, qudalarının yanında başıaşağı eləməmişdi.
Gecədən xeyli keçsə də heç kəs yatmamışdı. Rauf Şahanəni gördükdən sonra xəyalları göylərə pərvazlanıb onun sevgi dolu qəlbini həyəcanla çırpındırırdı. Bayaqkı görüşləri yadına düşüdükcə bədəni xoş hisslərlə gizildəyirdi. O, gələcəyini, həyatının qalanını onlarsız təsəvvür edə bilmirdi. Toyu yola verdikdən sonra Rauf sənədləri mütləq axtarıb tapacaq, bütün anlaşılmazlıqları aradan qaldıracaqdı. Daha bu işi uzatmağın, günü günə satmağın bir mənası yox idi. Rauf Kamiləni həyatında görməkdən usanıb, yorulmuşdu. Daha heç kimin və heç nəyin onların sevgisini öldürməyə gücü yetməyəcəkdi. Rauf canı bahasına da olsa Şahanəni geri döndərməyə and içdi. Bu arzularla da gözləri qapandı, şirin yuxuya daldı.
Kamilə isə səhərəcən göz qırpmadı. Sübh namazına qədər otaqda vurnuxdu, yenidən xain planlarını qurmağa başladı. Səhər erkəndən ilk işi Şahanənin işə başaldığı klinikanı tapmaq, onu çalışdığı yerdə biabır etməkdi. Qadının gözləri qorxulu bir parıltıyla alışıb yandı: “Gör səni bütün şəhərdə rəzil-rüsvay edirəm, ya yox! Sənin hələ Kamilədən xəbərin yoxdur. Qoy sənin bütün iş yoldaşların sənin nə mal olduğunu görsün. Ay qəh… Bir az döz. Çox yox. Bir azca!” Saatına baxdı. Hələ saat yeddi yox idi. Yatağına uzanıb gözlərini qapadı. Yenə yata bilmədi. Durub yerində oturdu. Səhərin açılmasını gözlədi.
Şahanə uzun zamandan sonra yenidən nəfəs-nəfəsə gəldiyi Raufu nə qədər çalışsa da xəyallarından qova bilmədi. Gözlərini yuman kimi keçmiş ərinin siması gözü qarşısında canlandı, onun yaralı qəlbini incitdi. Şahanə onu hələ sevdiyini öz qəlbində etiraf etməyə də qorxdu. Başqasının əri haqqında düşünmək ona yaraşan hərəkət deyildi. Gənc qadın Raufun onu gördüyü zaman nə hala qaldığını hiss etmiş, görmüşdü. Onun titrək nəfəsi üzünü qarsıyanda həyəcandan özünü itirmiş, əl-ayağı titrəmişdi. Şahanə bunları xatırladıqca özündən utandı, yatağında sağa-sola buruldu. Amma yenə də yuxu tapa bilmədi. Əyilib mışıl-mışıl yatan qızının üzündən öpdü. Onun məsum siması ananın qəlbini parçaladı.
Telefonun zəngi Şahanəni xəyallardan ayırdı. Gecənin bir aləmi kim idi ona zəng edən? Nömrəni tanıdı. Ancaq açmadı, zəngi səssizə qoyub telefonu əsəbiliklə kənara tulladı. Ürəyinin dərinliyində hər şeyə rəğmən hələ də onu sevdiyini duysa da, Raufun xəyanətini heç vaxt bağışlamayacaqdı. Şahanə ona xas olmayan bir qəddarlıqla öz-özünə “Səni bir daha bağışlamaram” deyib, qızına sarılıb, gözlərini bərk-bərk yumdu.
İş saatı yenicə başlasa da hər tərəf xəstə ilə dolu idi. Şahanənin bir dəqiqə boş vaxtı yox idi. Hər şey öz yolunda gedirdi. Xəstə çox olsa da, hər kəs öz işini rahatca görür, kimsə kimisə narahat etmirdi. Birdən dəhlizdə eşidilən səs-küy getdikcə artmağa başladı. Kimsə “Hanı o ev dağıdan, ərləri yoldan çıxardan ləçər!” deyə əsib-kükrəyir, ağlına gələni sayaqlayırdı. Şahanə səsi duysa da nə qapını açıb çölə boylanır, nə də hər şeyə maraqlı tibb bacısına çıxmağa imkan verirdi.
– Sevda, axı biz çıxıb orada neyləyəcəyik ki? Eşitmirsən nələr danışır? Deyək ki, çıxdıq. Deməzlər ki, ay xanımlar, sizin burada nə işiniz var? Ən yaxşısı gəl işimizi görək. Ağrımayan başımıza buz bağlamayaq. Bir qadının bu cür sözlər danışması heç bir tərbiyəyə sığmır. Əgər özünü bilməzin biridirsə? Qayıdıb bir xoş olmayan sözü bizə də desə? Onda necə?
Son sözləri dodaqlarında “donub” qaldı. Gənc qadın öz adını eşitdikdə dərindən sarsıldı. Demək, bayaqdan bəri deyilən sözlər onun ünvanına imiş. Əsəbindən əsə-əsə qapını açıb dəhlizə çıxdı. Heç tanımadığı biri onun ünvanına olmazın böhtanlar yağdırır, xəstələr, onlarla birgə gələnlər də heyrətlə ona baxırdılar. Kamilə Şahanəni görüb bir an duruxdu, lakin bu bir an çəkdi. Kamilə əl-qolunu ataraq tamaşasına davam elədi. Səsə çıxan həkim və tibb bacıları çaşqınlıq içində vurnuxur, çarəsiz halda Kamiləyə baxırdılar. Kimsənin ağlına mühafizəçini çağırmaq düşmürdü. Heyrət içində ona baxıb başlarını bulayırdılar. Kamilə getdikcə coşur, Şahanəyə hüçüm etməyə çalışırdı. Şahanə qarşısında durub el-aləm içində onu biabır edən qadına nəsə demək belə istəmirdi. O, Kamilənin səviyyəsinə enmək, onunla ağız-ağıza vermək istəmirdi. Lakin insanların ona yönələn baxışları altında əzilir, qüruru alt-üst olurdu.
Bayaqdan bəri durub bu mərəkəyə tamaşa edən bir qadın Kamilənin sakitləşmədiyini görüb onun qarşısına keçdi:
– Ay qız, bir dayan hələ! – deyə ona səsini qaldırdı.
Kamilə qonşu Hənifə arvadı görüb sakitləşdi. Qorxu dolu nəzərlərlə onu süzdü. Məhəllədə Dəli Hənifə adıyla tanınan bu qadının qızışanda nələr danışacağını və haqq danışacağını bildiyindən Kamilə aradan çıxmaq istədi. O, artıq istəyinə çatmış, qınaq dolu baxışlar Şahanəyə tuşlanmışdı. Dəli Hənifə Kamiləni güclü əlləriylə tutub saxladı.
Kamilə:
– Burax məni, ay arvad! – deyib çırpınsa da qurtula bilmədi.
– Az, ay əxlaqsız! Bu gəlin alıb sənin ərini əlindən? Ay camaat, siz bu ləçərə aldanmayın. Bu özü bu bədbəxtin kişisinin yatağına girib, evini dağıdıb, balasını atasız qoyub. Az, sənin mənliyin yoxdur? Ay sənin abrın batsın. Boyunu yerə soxum sənin. Səni elə bil Əntiqə doğmayıb. Elə anadan belə qız! Ayıb olsun sənə. Ayıb! – Hənifə arvad üzünü həkimlərə çevirib, Kamiləni itələdi. – Ay doxdur, sən Allah, mənə bax, çıxım gedim. Bunu da rədd eləyin, çıxıb getsin. Kül olsun bunun dədəsinin kişi başına. Şaiq Çamal şəhərdə qarnını qabağa verib gəzəndə ədası, forsu yeri-göyü dağıdır.
Kamilə Şahanəni qanlı-qanlı süzüb kor-peşman çıxıb getdi. Ürəyində Hənifə arvadı əcdadlarına kimi söydü. Oynadığı oyun öz başında çatlamış, Şahanənin yerinə özü biabır olmuşdu.
(Ardı var)