Aynur MƏSİMOVA (TƏMKİN)
Həftələr, aylar bir-birini qovur, kiçik Lalə bir gözü gülər, bir gözü ağlar ata həsrətiylə yana-yana böyüyürdü. Həftədə bir kərə görüşmək kiçik qızın ata həsrətli könlünü ovutmağa yetmirdi. Lalə hər bir uşaq kimi ata-anasını yanında görmək, onlarla səhəri açıb, axşamaı qarşılamaq istəyirdi.
Rauf qızını gəzməyə, əylənməyə apardığı zaman Lalə anasından onlarla getməyi nə qədər rica etsə də Şahanə buna razılıq vermirdi. Onun üçün Rauf dəftəri çoxdan qapadılıb bir kənara qoyulmuşdu. Raufun ona etdikləri hər gün qəlbini daha çox yandırır, daha çox incidirdi. Onun qəbahəti əgər sevmək idisə, ona elə sevgi daha heç gərək deyildi. Şahanə sevgi adlı bir sözü hafizəsinin bir tərəfində gizləmişdi. Sevmək, sevilmək, sevimli olmaq. Bu sözləri zərif qəlbi daha nə duymaq, nə hiss etmək istəyirdi. Rauf isə hər gün artan sevdasından yanıb-yanıb kül olurdu. Şahanəsiz keçən hər gün ona olmazın əzab verirdi. Onu görmək, nəfəsini hiss etmək, ətrini duymaq ona o qədər əlçatmaz gəlirdi ki… Hələ evə döndükdə birinin eşqiylə yanıb qovrulduğu an, başqasını onun yerində görmək mənən öldürürdü Raufu.
Qapını arxadan kilidləyib uzandı. Gözlərini tavana zilləyib nə barədəsə düşündü. Sonra son vaxtlar tez-tez dinlədiyi musiqini yenidən dinləmək üçün qulaqcıqları taxıb gözlərini qapadı. Xəyalları onu yaxın keçmişə apardı. O məsud, gözəl anlar gəlib gözlərinin qarşısından keçməyə başladıqca yenə həsrəti dilə gəldi. Şahanənin səsini duymaq üçün içi göynədi, qəlbi alışıb yandı. Onların ev telefonlarını yığıb bir xeyli gözlədi. Dəstəyi Şahanənin götürdüyünə əmin olduqdan sonra musiqini qoydu. Şahanə bir anlıq çaşqınlıqla musiqini dinlədi, mahnının sözləri cərəyan olub onu silkələdi, duyğularını təzələdi. Gənc qadın bədəninin qızdığını hiss etdi.
Bu o mahnı idi. Bir axşam Rauf uşağı qapıda düşürəndə maşında səslənən musiqi. Gözlərindən iki damla yaş diyirlənib yanağı boyu yuvarlandı. Yalnız indi anladı cavabsız zənglərin kimdən gəldiyini. Onda Şahanə zənglərin Səbinənin gizli heyranından gəldiyini zənn edib, ona sataşmışdı. İndi gənc qadın qulağında dəstək ”Ağla halimə” deyə fəryad edən müğənninin sözlərinə bərk kövrəldi. İstədi üsyan etsin, çığırsın, bağırsın, “sən ki məni sevirdin, niyə mənə bunları yaşatdın” deyib onu sorğuya çəksin. Qüruru imkan vermədi. Gözlərindən bulaq kimi axan göz yaşını silib dəstəyi yerinə qoydu. Evdə kimsənin olmamasından istifadə edib yana-yana ağladı. Vəfasız yarına, yarıda qalmış duyğularına, hələ də silib ata bilmədiyi sevgisinə doyunca ağladı. Rauf qadının nəfəsinin titrəyişindən onun ağladığını hiss etmişdi. Onsuzluq vücudunu sardı, nəfəsi alışdı. Gözlərini yenidən qapadı, musiqinin həzin sədaları altında axıb getdi. Nə qədər acı. Bir anlıq nəfsini güdə bilməmək, əlindəkinin dəyərini anlamamaq nələrə gətirib çıxartdı. Və kim bilir, daha nələr yaşanacaq, nələr olacaqdı.
Şahanə həyatında yeni səhifə açmağa hazırlaşırdı. Bu gün o, həyatının ən böyük arzularından birinə çatacaqdı. Yeni həyat, yeni yoldaşlar, yeni iş. Gənc qadının sevincindən uçmağa qanadı yox idi. Axı bu mühüm qərar onun acılarının xəfifləməsinə bir təkan, bir səbəb olacaqdı. Gözlərinin içi gülürdü. Yeni libasını geyinib güzgünün qabağında durub son dəfə də özünü gözdən keçirtdi. Saclarına bir də daraq çəkib çantasını götürdü. Həyəcanla titrəyən əlini ürəyinin üstünə qoydu. Dodaqlarında dua oxuyub, Nihalla Laləni öpüb qapıdan çıxdı. Görən onu necə qarşılayacaqdılar, necə qəbul edəcəkdilər? Yeyin addımlarla yeriyib atasının yanında oturdu. Elgiz qızının məsum üzünə baxıb dərindən köks ötürdü. Ata qızının üzündə yaranan ifadəni gördükdə sanki qəlbində bir ümüd, bir nəşə yarandı. “Kaş, qızım bu gündən dərdini-kədərini unudub normal həyatına qayıda biləydi” deyə ürəyində pıçıldadı.
Yeni iş yeri Şahanəni elə isti qarşılayıb bağrına basdı ki, onun həyəcanından heç nə qalmadı. Gülərüz baş həkim, tibb bacıları ona böyük həvəslə laboratoriyanı göstərib əyninə yeni xələt verdilər. Nəhayət, nəhayət, Şahanə özü pul qazanacaq, həyatına daha möhkəm bir inamla davam edəcəkdi.
Rauf evləndikdən bəri ilk dəfə idi məkana ayaq basırdı. Orada işləyən xidmətçilər oğlana ehtiramla salam verib, onun gəlişindən məmnun olduqlarını təbəssümlə bildirirdilər. Rauf iş otağına girib qapını arxadan kilidlədi. Həyatını məhv etmiş sənədi axtarmağa başladı. Hər yerə baxdı. Lakin axtardığına heç yerdə rast gələ bilmədi. “Axı hara olub, hara bu zəhrimar kağız?!” Bir-bir hamısını götürüb içinə baxdı. Heç yerdə yox idi. Masanın siyirməsinə baxdı. Lakin o qədər axtarışa rəğmən sənəd tapılmadı. O gecə Kamiləyə kömək edib, bütün əmrləri pul qarşılığında yerinə yetirən xidmətçi Raufun gəlişini görüb Kamiləyə çoxdan xəbər çatdırmışdı. Qadın bir əli sükanda fikirləri-xəyalları qarmaqarışıq get-gedə sürəti artırdı: “Demək, belə. Artıq duyuq düşdün, Rauf bəy. Axtar görüm necə tapacaqsan. Mən o qədər axmaq deyiləm ki, sənin əlinə fürsət verim. Allah eləməmiş, tapmış olsan, dədənin əvəzinə sən məni həbsə göndərərsən. Bilirəm niyə axtarırsan. Yaxşı bilirəm. O ləçər arvadına qayıtmaq üçün nələr etməzsən”. Əsəbiliklə əlini sükana çırpdı: “Axı niyə? Niyə? Sənin o ləçər arvadından mənim nəyim əskikdi? Nəyim. Amma yox, Rauf. Sənə o zövqü ölsəm də yaşatmayacam. Məni sevməsən də səndən ayrılmayacağam. Ölənə qədər sənin qızın atasıyla-anasını bir arada görə bilməyəcək. Nifrət edirəm. Şahanəyə də, Laləyə də. Lənətə gəlsinlər. Lənətə!”
Şahanə işə başladıqdan sonra həyatı rənglənmişdi. Səmimi iş yoldaşları, mehriban kollektiv onu sevə-sevə qəbul edib, illərin tanışı kimi sinəsinə basmışdı. Abrıyla, ismətiylə, ədəbiylə hər kəsin könlünü ala bilmişdi gözəl Şahanə. Xəstələrə, insanlara göstərdiyi nəvaziş onu yoldaşlarının gözündə bir az da ucaltmışdı. Günorta fasiləsinə az qalmışdı. Baş tibb bacısı Zöhrə xala laborotoriyanın qapısını taqqıldatdı. Qapını aralayıb Şahanəyə gülümsədi:
– Qızım, gedirsən?
Şahanə telefonunu çantasına qoyub ağzını bağladı:
– Bəli, Zöhrə xala. Bir şeymi lazımdır sizə? Deyin, edərəm.
Qadın gülümsəyərək Şahanəni başdan-ayağa süzdü:
-Allah bədnəzərdən qorusun səni, qızım. Heç kimə yox demirsən. Sağ olasan. Amma tələsirsənsə gələn dəfəyə qalsın. Day neyləmək olar.
Şahanə:
– Bəli tələsirəm, Zöhrə xala. Qızıma söz vermişdim ki, onu bu gün mən özüm bağçadan götürəcəm. Amma eybi yox. Xalasından xahiş edərəm o gedər.
Zöhrə arvad heyrət içində donub qaldı:
– Sən ərdəsən ki, ay qızım?
Şahanənin yanaqları allandı. Gözlərini qadından qaçırıb yerə dikdi:
– Evli idim, Zöhrə xala.
Şahanə dərindən ah çəkdi. Onun gərgin vəziyyəti yaş yetirmiş qadının gözündən qaçmadı. Bu üzdən daha heç bir sual vermədən söhbətin axarını dəyişdi:
– Bağışla, balası, sənin də vaxtını alıram. Amma neyləyim. Mən bəxtəvərin kəllədə bir göz bacı oğlum var. Axır vaxtlar oturaq işdəndirmi, yoxsa bu zəhrimara qalmış kompüterin şüalarının təsirindəndimi bilmirəm, yaman başı ağrıyır. Şövkət həkimə dedim, dedi gətir bir analiz versin, sonra müayinə edək görək nəyi var, nəyi yox. Gün bu günə imiş. Axır anası da, mən də yalvar-yapış birtəhər tərs oğlu tərsi razı salmışıq. Hər dəfə bir bəhanəylə boyun qaçırırdı. Bu gün nə əcəbsə razılaşıb işdən çıxıb gəlməyə. Qadan alım, can qızım, nə olar bir ondan qan analizi al, sonra get. Olar?
Şahanənin solğun dodaqlarında mehriban bir gülüş yarandı. Xələtı yenidən üstünə keçirdib Səbinəyə zəng vurdu.
Fariz enlikürək, hündür, qaraqaş, qaragöz bir gəncdi. Ali məktəbi bitirəndən sonra hərbi xidmətə getmiş, həmin rayonda da Aliyə adında bir gözəllə tanış olub, ona aşiq olmuşdu. Xidməti borcunu yerinə yetirib geri döndükdən sonra təhsilini davam etdirmək üçün xaricə getsə də könlündə taxt quran Aliyəni unuda bilməmişdi. Odur ki, Vətənə dönər-dönməz qıza elçi düşüb onunla evlənmişdi. Fərqli dünyanın, fərqli adətlərin əsiri olan bu iki gənc bir-birilərini dəlicəsinə sevsələr də, uşaqları doğulub öldükdən sonra tamamilə yad birinə çevrilmişdilər. Atası evinə qonaq getmək adıyla Farizlə öz rayonlarına qayıdan Aliyə sonra bütün hər şeyə rəğmən “Daha dönməyəcəyəm” deyə inad etmişdi. Onun bu inadından tərsə düşən Fariz evlərinə qayıtdıqdan az müddət sonra Aliyənin başqa birinə qoşularaq ölkəni tərk etdiyini eşitmiş və ondan sonra insanlara, sevgiyə inamı tamam itmişdi. Yaşadığı acıları unutmağa, yenidən aşiq olmağa nə qədər səy göstərsə də Aliyənin xəyanəti onu əvvəlki halına qayıtmağa mane olmuşdu. Güvənib, sevdiyi bir qadının birdən-birə bu qədər üzüdönük çıxması onu sındırmışdı. Bacıları, anası, xalaları, nənəsi nə qədər cəhd göstərsələr də onu yenidən ailə qurmağa razı sala bilməmişdilər. Özünü işinə verən gənc evlilik dəftərini qapatdığını, bir daha kiməsə güvənməyəcəyini deyərək söhbətə son nöqtəni qoymuşdu.
Zöhrə xala qapını açıb içəri girdi. Onun arxasıyca da Fariz salam verib otağa daxil oldu. Onun gözəl duruşu gənc tibb bacılarının gözündən yayınmadı. Onlar gizli heyranlıqla gənci süzüb, ürək çırpıntısıyla sanki bəhsə girdilər. Oğlanın gözünə girmək, ona xoş görünmək üçün biri jqutla qolunu sıxdı, o biri qanı şprisə çəkdi. Zöhrə xala qızların bu canfəşanlıqlarını gördükcə bacısı oğlunu altdan-altdan gözucu süzdü: “Ay xalan ölsün, bir başını qalxız, bax da bu yazıq qızlara. Gör nə gözəl, nə qəşəng qızlardı. Hərəsi bir ailənin yaraşığı. Amma yox. Tərs oğlu tərsdir. Hara baxır. Heç baxar ki? Elə bil qocalanda işi ona arvadlıq edəcək, qayğısına qalacaq. Yazıq qızların ürəyi üzüldü. Bir gör heç yalandan da olsa qızların üzünə baxır?”
Şahanə qanı götürüb sınaq şüşəsinə tökdü, heç nə söyləmədən işini görməyə başladı. Fariz sağollaşıb qapıdan çıxanda bayaqdan başını qaldırıb heç kimə baxmayan Şahanəni gözucu süzdü. Qızın boy-buxunu, insanı rahatlandıran gözəl üzü ürəyini çırpındırdı. O, oğrun baxışlarını qızdan qaçırdıb çıxıb getdi. Heç özü də bilmədi nə hiss idi bu. Sakit, səssiz gəncin qanı sanki bir andaca qaynamağa, son illər boz görünən hər şey rənglənməyə başladı. Oğlan özünün varlığını sanki yenidən kəşf etdi. Gözəl və sağlam bir kişi olduğunu sanki indi xatırladı. Dərindən ciyər dolusu nəfəs alaraq maşına oturdu. Maqnitofonun düyməsini basıb, avtomobilini işə saldı. Daha işə getməyib evə gəldi.
Anası oğlundakı dəyişikliyi həmin dəqiqəcə hiss etdi. Arvad sevincək yemək hazırlamağa başladı. Ona hiss etdirməsə də qadın sevincindən göylərə uçdu. Birdən-birə üzü işıqlanan oğluna baxıb bir az da kövrəldi. Aliyə gedəndən sonra ilk dəfə idi ki, Fariz evə bu qədər tez və eyni açıq qayıtmışdı.
Ana gətirib yeməyi, salatı masanın üstünə yığdı. Müzəffər kişi arvadına göz vurub oğlunu göstərdi. Qadın gülümsəyərək çiyinlərini çəkdi. Ata şkafı açıb iştahla yeyən oğlu və özü üçün şərab şüşəsini götürdü. Şərabı büllur qədəhlərə süzdü. Qədəhini onun qədəhinə vurub:
– Qaldır, bala, qaldır. Bilmirəm nəşəni nəyə borcluyuq. Amma nə olursa olsun, sənin qəlbini işıqlandıran səbəbin şərəfinə. Götür çək başına.
Bunu deyib Müzəffər kişi şərabı başına çəkdi. Fariz atasının sözləri qarşılığında əvvəl-əvvəl təəccüblə ona baxdı, sonra o da qədəhi başına çəkib, şərabı son damlasına qədər içdi. Yeməkdən sonra durub otağına çəkilib gözlərini yumdu. Amma nə qədər etdisə yata bilmədi. Hər gözünü yumduqda ilk dəfə gördüyü qadının siması gözü qarşısından çəkilmədi. Fikirləri başından qovmağa çalışsa da qadının xəyalı hafizəsinə yapışıb qaldı. İçində onu yenidən və yenidən görmək həvəsi oyandı. Hisslərini anlamağa çalışsa da öz duyğularından baş aça bilmədi. Nə biləydi, nə biləydi ki, ilk görüşdən eşqə inanmayan gənc indi ilk tanışlıqdan qıza heyran olacaq, ölmüş duyğuları yenidən baş qaldıracaq.
(Ardı var)