Aynur MƏSİMOVA (TƏMKİN)
Çoxdan bir araya gəlməyən əmi, bibi qızları qış sazağından büzüşmüş, yarpağı tökülmüş meynəli eyvanda oturub şirin-şirin söhbətləşirdilər. Nə qədər deyib-gülsə də Şahanənin gözlərindəki, qəlbindəki acılar getmirdi. Qızlar onun bu halına çox həssas yanaşır, söhbəti təzələməkdən çəkinirdilər. Bir Mehin içini sıxan sualları Şahanəyə vermək üçün qurcalanır, fürsət gözləyirdi. Qızlar deyib-güldükcə Nihal övladını gözucu süzür, onun əhvalının açılmasına sevinirdi. Şahanə aylardan bəri bəlkə də ilk dəfə idi ki, bu qədər ürəkdən gülümsəyirdi.
Mehin bic-bic gülümsəyib:
– Əmiqızı… – deyə ona baxdı. – Əmiqızı, vallah, daha səbrim çatmır. Mənə acığınız tutsa belə bu sualı sənə verəcəm. Sən Raufu unuda bilmisən?
Heç gözləmədiyi sualdan Şahanə silkələndi. Gülümsər çöhrəsi bir andaca tutuldu. Sevda bacısınını bu qəfil sualına əsəbləşərək tərs-tərs onu süzdü: “Sus” – deyərək ona təpindi. Lakin gecdi. Şahanənin yarasının gözü yenidən qopmuş, əhvalı korlanmışdı.
– Unutmamışam, – heç kəsin gözləmədiyi cavabı verdi Şahanə. – Mənə o qədər acı yaşadan bir insanı unuda bilmək bu qədər asandmı sanırsan? – Dərindən ah çəkdi. – O insan ki, həyatının hər anı ona bağlı idi. Bütün gələcəyə aid düşüncələrində o var idi. Aldığın nəfəsində, gördüyün yuxularda, qurduğun xəyallarda o var idi. Var sandığın anda əslində onun olmadığını, sandığın, tanıdığın biri olmadığını bilmək dəhşətdir, əmiqızı.
Qızlar Şahanənin bu qısa danışığından bərk təsirlənmişdilər. Hər kəs gözünü bir nöqtəyə zilləyib qalmışdı. Yenə Mehin dözmədi:
– Eh, ay Şahanə, sənin ağlın olsa onun acığına ondan da yaxşı birisinə ərə gedərsən. Qoy yanıb tökülsün.
Şahanə qızın bu sözündən bərk alındı, tərs-tərs Mehini süzdü:
– Bax, belə sözü səndən heç gözləməzdim, əmiqızım. Bunu mənə görə yox, ümumiyyətlə düşündüyünə belə üzüldüm. Bitə acıq edib köynəyimi oda atım? Qadın papaqdır ki, gündə birinin başına qoyula? Mənim ailəm dağılıb deyə acığa yenidən ərə getməliyəm? Belə şeyi əsla etmərəm. Mən qız anasıyam. Mənim övladımın öz atası ola-ola başqasının yanında olmasına, böyüməsinə heç vaxt razı olmaram. İnşallah, özüm işləyəcəm, övladıma da lazım olan hər şeyi verəcəm.
Mehin yenə dilini dinc saxlamadı:
– Əmiqızı, vallah, mən sənin yerində olsaydım ondan da qat-qat artıq oğlana gedib ona acıq verərdim.
Şahanə jaketinin boynunu qaldırıb büzüşərək onu kədərli baxışlarla gözdən keçirtdi:
– Mənim yerimdə olmayın, əmiqızı. Mənim yerimdə olmağı heç kimə arzulamıram. Hamınız xoşbəxt olun. Mən yaşamışam, barı siz yaşamayın.
Məhin soruşmaq istədi: “Sən onu hələ də sevirsən?” Lakin Şahanənin gözlərində parıldayan yaş damlalarını görüb sakitcə durub getdi. Əmisi qızının əhvalını korladığına görə utandı. Onun hələ də olanların təsirindən qurtula bilmədiyinə bərk üzüldü.
Rauf evə gec döndü. Heç kim yatmamışdı. Əllərini yuyub otağa girdikdə Arzudan göz-qaş işarəsiylə Kamilənin gedib-getmədiyini soruşdu. Arzu baxışlarını qardaşından gizləmək istədi, “Dayan, sənə çay gətirim” – deyərək oradan uzaqlaşdı.
Rauf yataq otağının qapısını itələdi. Kamilənin taxta yayxanaraq televizora baxdığını gördükdə alındı:
– Sən hələ buradasan? Sənə rədd ol dədənin xarabasına get deməmişdim mən? – deyib qadının üzərinə yeridi. Onun qolundan yapışaraq dartdı. – Demək, sən söz də saymırsan. Elə bilirsən sənin bu gün elədiklərini sənə keçəcəm? Əsla. Sənin şeytan olduğunu bilirdim. Amma özündən böyük birinə bu qədər tərbiyəsizlik edəcəyini bilmirdim. O insan ki, üç gecə göz qırpmadan sənə qulluq etmişdi. Qalx, qalx. Gedin nə istəyirsiniz edin. Eybi yox, mən bir yol taparam atamı sizin çirkin niyyətinizdən qorumağa. Dur, rədd ol, get. O sənədi də sizdən istəyirəm. Mən özüm diqqətlə baxacam görək siz orada nə sayıqlamısınız.
Rauf Kamilənin inadla dirəndiyini görüb daha da hiddətləndi. Bu zaman Gülpəri yüyürüb oğlunun qabağına keçdi:
– Yetər, bala. Qurban olum, gəl bu tərəfə. Sən bunu dədəsi evinə göndərəndə nə olacaq? El-aləm içində xar olmuşuq bəs deyincə. Gəl bala, gəl keç.
Kamilə oğlanın qapıdan çıxdığını görüb cəsarətləndi:
– Sanırsan ki, o qəh… arvadına dönə biləcəksən? Əsla! Sənə o zövqü yaşatmayacam.
Rauf Şahanənin ünvanına işlədilən nalayiq sözə daha dözə bilmədi. Kamilə üzünə beşaçılan kimi dəyən şillədən müvazinətini itirib köklü ağac kimi taxta aşdı. Qorxusundan daha heç nə demədi. Gülpəri oğlunu zorla itələyib otaqdan çıxartdı. Xəcalət yağan baxışlarını oğlundan gizləyərək yataq otağına çəkildi.
Gecədən xeyli keçmişdi. Lakin Rauf hələ də yatmamışdı. Gözlərini bir nöqtəyə zilləyərək nə barədəsə düşünür, arxasında durub onu süzən Arazı belə hiss etmirdi. Çöldəki gözəl qar mənzərəsi belə onun ağır düşüncələrini qovmağa yetmirdi. Bu gecə təbiət o qədər əsrarəngiz bir gözəllik yaratmışdı ki. Ağacların başı bütöv ağ qara bürünmüşdü. Hava yumşaq və sakit idi. Xırda qar dənələri göydə uçuşur, yerə qonub gümüşü parıltı verirdi. Lakin Rauf bütün bunları görmür, fikir girdabında çabalayırdı.
Rauf kürəyinə toxunan ağır əlin təmasından silkələnib geri çevrildikdə atasını görüb duruxdu. Yenicə çəkməyə başladığı siqaretini arxasına tutdu. Araz ağır-ağır oğlunun yanına oturdu. Heç biri dinmirdi. Ata oğlunun halından özünü günahkar tutur, sözü nədən başlayacağını bilmirdi. Nə desin? Necə desin? Bunca illər necə böyük işlər çevirən bir adam qıçı boyda bir qıza uyaraq bilmədiyi bir sənədə qol çəkməsini içinə sindirə bilmirdi. O sənəd olmasaydı, bəlkə də bu qədər alçalmaz, bu hala qalmazdılar. Kişi olanları düşündükcə xəcalət çəkir, günahının heç nəylə tələf olunmayacağını anladıqca içindəki hirsi-hikkəsi çoxalırdı.
– Niyə yatmırsan? – deyə xırıltılı səslə oğlundan soruşdu. – Soyuqdur, azarlayarsan. Dur get yat.
– Ata, sən o sənədə nə vaxt qol çəkmisən? – Səsi sakit və buz kimi soyuq idi.
Araz çaşqınlıq içində oğluna baxdı:
– Gecənin bir aləmi bu haradan yadına düşdü sənin? – Raufun diqqətlə ona baxdığını görüb xatırlamağa çalışdı. – Deyəsən, sizin münasibətinizi bilən arada.
Rauf atasının sözlərinə təəccübləndi:
– Necə yəni? Axı həmin vaxtlar oranın bütün hüquq sənədlərini mən tərtib edirdim. Mən elə bir şey yazdığımı, təsdiqlədiyimi xatırlamıram, ay dədə. Onlar bizə gələndə mən hirsimdən ancaq sənin imzan olan hissəyə baxdım. Artıq heç nə görmədim. Əslində nə yazıldığını belə oxumadım. Amma gərək diqqətlə baxaydım. Ay dədə, bir yadına sal görək orada nə yazılmışdı. Bax gör xatırlaya bilirsən?
Araz siqareti yandırıb damağına qoydu. Hafizəsini təzələməyə çalışdı. Siqaretdən ard-arda bir neçə qullab alıb havaya üfürdü. Birdən sanki kişini ilan sancdı, bənizi ağardı. Əlləri əsəbi halda titrəməyə başladı. Rauf atasının halından narahat olub onun qolundan yapışdı:
– Oldu, ay dədə. Sən fikir eləmə. Mən bir çarəsini taparam. Sən get yat, –deyə onu sakitləşdirməyə çalışdı.
Araz qeyzlə əlini pilləkənə çırpdı:
– Ə, bunlar dədəli, balalı nə əclaf insanlarmış, hə? Ay atam, mən hələ indi xatırlayıram. Mən bizə göstərilən sənədə imza atmamışam. Mənim qol çəkdiyim kağızı yaxşı xatırlayıram. Orada qeyri-qanuni heç nə yox idi. Ax, əçlaf köpəkoğlu, əclaf. Adam da bu qədər şərəfsiz olarmı? Tfu sənin kişi qeyrətinə. Amma təqsirin hamısı məndədir. Mən bu alçaqlara uymamalıydım. Yox, burada mənə aydın olmayan şeylər var. Rauf, sabahca o sənədi tap, oğul. Məndən də narahat olma. Mənə görə həyatını qaraltma. Əgər bunu saxlamaq, arvad kimi qəbul eləmək istəmirsənsə özünü daha artıq üzmə. Lazım olsa mən gedib türmədə yataram.
Rauf atasını zorla yatmağa razı salıb, özü dərin fikrə getdi: “Mən mütləq o sənədi tapıb yenidən gözdən keçirtməliyəm. Yoxsa şəxsi həyatımı məhv edən kimi, iş həyatımı da alt-üst edərəm. Öz hüququnu müdafiə edə bilməyən bir hüquq işcisinə kim haqqını müdafiə etməyi tapşırar?..
Divanın üstündən yastıqları götürüb Lalənin çarpayısı, oyuncaqları olan otağın qapısını açıb içəri keçdi. Burada hər şey ona qızını xatırlatdı, yaddaşını oyatdı. Yorğun, üzgün, halsız halda xalının üstünə uzanıb Lalənin ətri hopmuş adyalı üstünə çəkdi. Göz qapaqları ağırlaşdı, qapandı və o, dərin, əzablı yuxuya getdi. Nə qədər yatdı, bilmədi. Dərin səksəkə içində ayıldı, “Şahanə!” deyib əlini uzatdı, lakin bu zaman hər şeyin yuxu olduğunu anlayıb gözlərini yenidən yumdu. Bir insan oğlu nə qədər əzab çəkə bilirsə bütün bunları içində duydu, içində çəkdi. Səhər çox gec oyandı. Bir xeyli uzanmış halda fikirlər girdabında axıb getdi. Nə düşündüsə telefonunu axtardı. Hansısa nömrəni yığıb qulağına tutdu, həyəcanla gözlədi. Nəhayət, uzun aylardan bəri ilk dəfə Şahanənin doğma, yumşaq səsini eşitdi. Qadının səsi yorğun ruhunu, təlaşlı qəlbini oxşadı, məlhəm kimi gəldi. Şahanə bir-iki ağız “Alo” deyib dəstəyi asdıqda zəng edənin Rauf olduğunu xəyal belə etmədi. Haradan biləydi ki, qəlbindən söküb atmağa, unutmağa çalışdığı, nifrət etdiyi biri onun üçün dəli-divanədir.
Rauf onun duyuq düşməsindən qorxduğu üçün hər gün olmasa da ara- sıra zəng edib onun səsini dinləyir, yenidən və yenidən həyəcanla ona qovuşmağı arzulayırdı. Arzulayırdı. Lakin kim bilir, Şahanə onu əfv edəcəkdimi? Bu acı həqiqət Raufun sevgi dolu qəlbini üzdükcə üzürdü. Onun Şahanəyə olan həsrəti günü-gündən böyüyür, qısqanclığı içini ac qurd kimi gəmirirdi. Artıq Kamiləylə otaqları belə ayırmışdı. Gecələrini Lalənin oyun otağında gecələyir, səhərləri səssizcə çıxıb gedirdi. Aradakı gərginlik artıqca artır, Kamilə hər gün daha da ipə-sapa yatmaz olurdu. Ərinin onu bir qadın kimi önəmsəməməsi onun gənc qadın qürurunu yerlə-yeksan edir, onu vəhşi birinə döndərirdi. Qadın hər fürsətdə qaynanasının, Arzunun yanında Şahanənin ünvanına hədyan yağdırır, onu ləkələməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Gılğınlığının həddi-hüdudu olmayan Kamilə Şahanənin hər zaman tərəfini saxalyan Diləfruz arvada qaş-qabaq sallayır, onun yanında ağlına gələni sayaqlayır, qadının bu evə gəlməməsi üçün əlindən gələni əsirgəmirdi.
Diləfruz arvad ehmalca qapını tıqqıldadıb həyətə girdi. Xırda addımlarla pillələri qalxdı. Qadının üzü gülür, eltisinə eşitdiyi xəbəri çatdırmağa tələsirdi. Uzaq qohumları Arzunu görüb çox bəyənmiş, Diləfruz arvadla Gülpəriyə ismarış göndərmişdi. Sayıb-seçilən ailədən olan oğlanı Arzu da toyda görüb bəyəndiyindən indi onlar elçi gəlmələri üçün heç bir maneə qalmamışdı. Qadın nəşəli-nəşəli öz-özünə gülümsədi. Havada duyulan bahar təravətli çiçək qoxusunu içinə çəkib dərindən nəfəs aldı. Bir-iki ağız eltisini səsləyib böyük aynabəndin qapısını açdıqda Kamiləylə üz-üzə gəldi. Arvad onu gözləmədən salam verib içəri girdikdə Kamilə sinəsini irəli verib qadının qarşısını kəsdi:
– Bura bax, hara belə? Sən səhər-axşam nə gəzirsən e, buralarda? Sənə çox üz veriblər deyəsən burada. Niyə qaxılıb xarabanda oturmursan?! Nə durub üzümə baxırsan? Gözlərini heyvan kimi döymə. Yeri, çıx get də.
Diləfruz arvad qarşısında durub onu təhqir edən bu qıza baxıb, hirsindən əsdi. Qadın Kamilənin sinəsindən itələyib içəri girdi:
– Sən kimsən ki, mənə iş öyrədirsən, ay bala? Əvvəla, get o çox güvəndiyin dədən sənə doğru tərbiyə versin, sonra sən mənim qarşımı kəsərsən. Məqsədin hər kəsi bu evdən uzaq tutmaq, şəltəni işlətməkdir, eləmi? Olmaz, balası. Sənin dediyin keçməz. Keçməz!
Kamilə çox sakit bildiyi Diləfruzun həmləsindən çaşdı. Qadın bir-iki sözüylə onu yerinə otutduraraq, payını vermişdi. Sözlər tam mənasıyla onun hafizəsinə çatdıqda Kamilə hikkəylə Diləfruzun ardıyca otağa girdi. Qan çanağına dönmüş gözlərini arvada dikib, kükrədi:
– Sən hələ də Şahanənin bu evə dönməyinə inanırsan, eləmi? Ay sizin hamınız birdən öləsininz. Olmayacaq o! Mən buna ölsəm də imkan verməyəcəm. Sən, qoca kaftar, Laləni, o küçüyü də bura sən dadandırdın. Sənsən hər işin başı! Sən! Amma vallah, yox. Səni mən buradan bayıra atmasam, ürəyim partlar!
Bunu deyib Kamilə Diləfruzun üstünə yeridi. Yenicə otağa girən Gülpəri Kamilənin qolundan yapışıb onu var qüvvəsiylə kənara itələdi:
– Səninki, artıq çox oldu, ədəbsiz! Kimsən ki, sən evdən adam qovursan. Tərbiyən batsın sənin. Rədd ol otağına! Lalənin adını da o murdar dilinə gətirmə bir də. And olsun dədəmin goruna, sənin o ilan dilini kökündən qopardaram!
Kamilə hər sözlə sakit duran biriydimi? O, əsla geri durmaq niyyətində deyildi:
– Az, elə bilirsən sənin Lalən böyüyüb səni sayacaq? Ay sən öləsən! Az, sənin heç it dəftərində adın da olmayacaq. O küçük böyüyəndə sənin nə mal olduğunu öyrənəcək, heç narahat olma. Mən özüm ona hər şeyi anladacam. Özü də çox nəvəm demə. O da böyüyüb anası kimi qəh… olacaq.
Gülpəri artıq dözmədi. Son söz ona çox ağır gəldi. Əlini necə qaldırdı, ağır şilləni Kamiləyə ard-arda necə endirdi, heç özü də bilmədi. Yaxşı ki, Rauf evdə yox idi. Yoxsa kim bilir nələr olacaqdı. Gülpəri hirsindən tir-tir titrəyir, əli-ayağı əsirdi. Sinəsinə döyüb, bağrına basıb gətirdiyi gəlini indi ilan kimi boynuna dolaşıb onu boğurdu. Səsə o biri eltilər, hətta qoca qaynanansı da yüyürüb gəlmişdi. Gördükləri mənzərə qarşısında donub qalmışdılar. Nəcibə arvad hələ də dinmək bilməyən Kamiləyə nifrətlə baxıb:
– Yığ, ay bala, yığ anasının, dədəsinin telefonunu, gəlib qızlarının mərifətinə baxsınlar. Görsünlər ki, tərbiyə verdikləri qız nə qızdır.
Kamilə arvadın dediklərindən bərk alındı:
– Yox, yox. Buna imkan verə bilmərəm. Anam məni öldürər. Zəhrimar dilim. Kaş ki, susa biləydim. Lənətə gəlsin Şahanəni də, qızını da. Allah onların da bəlasını versin, cümlənizin də.
Gülpəri ağrıyan ürəyini ovuşdura-ovuşdura:
– Ana, lazım deyil. Bir azdan Rauf gələcək. Mən uşağımı onsuz da bədbəxt eləmişəm. Əli bu dəlinin qanına bulaşmasın. Yoxsa ölüncə bunu özümə bağışlaya bilmərəm. Bilmərəm… – Gülpəri hönkürərək ağladı. Uşaq kimi hıçqıra-hıçqıra ağladı.
Nəcibə arvad təəssüf dolu baxışlarla hamını süzüb ayaqlarını sürüyərək çıxıb getdi. İçində gəlinini, oğlunu ele hey qınadı: “Bala, gətirib ocağınızın başına yerini bilməzi oturdanda elə olacaqdı da. Bəs nə bilmişdiniz? Bir tifili gözüyaşlı qoymağın sonu elə belə olmalıydı. Onun ahı yerdəmi qalacaqdı? Guya özü varlı-hallı ailənin qızı olmuşdu. Nurani ana -dədələrini qoyub bunların hamısı bizim rəhmətliyə çəkdi. Yaxşı ki, Diləfruz o biri gəlinlərə oxşamadı. Yoxsa bu qoca vaxtımda başıma nələr gələcəkdi, Allah bilir. Heç olmasa mən öləndən sonra bunlara doğru yolu göstərən biri qalacaq”.
(Ardı var)