Aynur MƏSİMOVA (TƏMKİN)
Lalənin gəlişini eşidən qohum-əqrəba bir-bir yığılır, uşağı oxşayıb əzizləyirdilər. Araza da zəng edən Arzu uşağın gəlişini atasına xəbər verib onu evə çağırmışdı. Araz evə gəlməmişdən böyük təlaş və həyəcan içində mağazaya girmiş, nəvəsi üçün bir xeyli alış-veriş etmişdi. Kişi uşaq kimi sevinirdi. O bəlkə də Lalə doğulandan sonra ilk dəfə idi ki, baba olduğunu xatırlamış, ürək dolusu bu hissi yaşamışdı. İçəri girib uşağı bir xeyli süzdü. Arzu ehmalca Laləni yerə qoyub: “Get babayla görüş” – dedi. Uşaq ürkəkcəsinə kişiyə yaxınlaşdı, məzlum baxışlarıyla onu süzdü. Bir cüt göz, bir cüt məsum göz babanın içini darmadağın etməyə yetdi. Kişi ömrünün sanki on ilini itirmiş oldu. Uşağın qarşısında diz çöküb onu möhkəm-möhkəm sinəsinə sıxdı. Hönkürməkdən, ağlamaqdan özünü zorla saxladı. Gözlərində silələnib qalan yaşı heç kimin hiss etməyəcəyi bir hərəkətlə sildi. Aldığı nə varsa qızcığazın qucağına qoydu.
Kamilə hələ ortalıqda yox idi. Heç əslində bir kimsənin yadına da düşmürdü. Hər kəsin başı Laləyə, Gülpəriyə qarışmışdı. Sanki yeni gəlinin ortalıqda olmaması hər kəsin ürəyincə olmuşdu. Kamilə isə bu vaxt rəfiqələriylə Gülpərini lağa qoyub, qarasına gülüşürdü. Kamilə arvadın ağzını əyib, onu yamsılamağa çalışırdı. Qızlar qəhqəhə çəkərək gülür, əylənirdilər. Birdən Kamilə saatına baxıb yerindən sıçradı: “Di tez olun, gəlin gedək. Yoxsa Rauf bəy gəlib məni evdə görməsə nəsihətnaməyə başlayacaq. Kefim əladır, onu pozmaq niyyətində deyiləm. İnşallah, qaynanamın halvasını yeyərsiniz”. Qızlar şaqqıldayıb gülüşdülər, bir ağızdan “Amin” – deyib ayrıldılar.
Kamilə pilləkan dolu ayaqqabları görüb çaşdı. Bir anlıq həyəcandan əlləri titrədi. “Yoxsa arvad ölübmü? – deyə düşündü. – Sənə qurban olum, ay Allah. Nəhayət, arzumu həyata keçirdin, mənə bu gözəl günü görməyi nəsib etdin”.
Sevincək pillələri qalxdı. Bu an sinəsi köksündən çıxmağa hazırdı. Gülpərinin ölümü ona yeni işiqlı sabahlar açacaqdı. Qadın nə qədər çalışırdısa Raufu anasından qoparda bilmirdi. Yalnız onun ölümü Kamiləyə tam sərbəstlik verəcəkdi.
Gülpərini sağ-salamat görən Kamilənin gözləri bərəldi. Hətta artıq onun danışdığını, durub oturduğunu gördükdə xəyallari bir andaca yerlə-yeksan oldu. Dişləri qıcandı, əlləri əsməyə başladı. Özü atılıb qadını boğmaq, onu cəhənnəmə vasil etmək istədi. Qəfil gözləri Laləyə sataşdıqda sanki qulaqlarında göy guruldadı, yer tərpəndi. Heyrət içində donub qaldı. Əhvalı, görünüşü elə bir vəziyyətə düşdü ki, evdə olan hər kəsin diqqəti ona yönəldi.
Elə o anda Raufun səsi eşidildi. Körpə qızcığazın gözləri ulduz təkin parıldadı. Körpə qəlbi quş kimi çırpındı. Rauf qızını gördükdə üzü yazıq bir ifadə aldı. Həsrətlə, yana-yana qızına baxdı. Ayaqları yerə yapışmış kimi bir xeyli dayandı. Cəsarətsiz halda yerə çöküb, qollarını geniş açdı. Qızcığaz doluxsunaraq qaçıb qollarını atasının boynuna doladı. “Ata!” – deyə inildədi. Rauf uşağı bağrına basıb, özünə sıxdı. Ürəyindəki çırpıntı qulaqlarında vurdu, qəlbi ayların həsrətiylə yanıb-yaxıldı. Dəqiqələri, saniyələri tutub saxlamaq istədi. Qızına sarılıb bir daha buraxmamaq, ondan ayrılmamaq istədi. Ata-bala bir xeyli söhbətləşdilər. Rauf qızının səsini ən gözəl nəğmə kimi dinləyib hafizəsinə yazmağa çalışdı. Vaxtın necə keçdiyini bilmədi. Amma artıq getmək zamanı çatmışdı. Diləfruz arvad verdiyi sözdən qaçmaq niyyətində deyildi.
Rauf:
– Əmidostu, xahiş edirəm zəng et, bir saat da artıq vaxt al, – deyə arvada yalvardı.
Diləfruz oğlanın yalvarışlarından bərk mütəəssir olsa da razılaşmadı:
– Bala, mən bir kəlmə dedim, Şahanə də kişi qızı kimi uşağı verdi. İndi incimə, bala. Mən yalançı çıxa bilmərəm. Amma söz verirəm ki, xahiş edəcəm Lalənin bura gəlməsinə, səninlə birgə vaxt keçirməsinə şərait yaratsınlar.
Kamilə qadının bu sözlərindən bərk alınaraq, arvadı qanlı-qanlı süzdü: “Hı, buyur. Biri az imiş kimi bu da başıma bir bəla oldu. Ay gözlə! Sən öləsən ki, bu küçük buralara gəlib-gedə biləcək. Ölmüşdü Xankişi. Sənin ayağını da bu xarabadan yığışdırmasam anamın südü mənə haram olsun!”
Gülpəri uşağı bağrına basıb yanaqlarından öpdü. Diləfruz arvad oğlu Eminə qaş-göz işarəsiylə nəsə dedi. Emin açarı götürüb çıxmaq istədikdə Rauf onun qolundan tutub saxladı. Qızını qucağına alıb:
– Əmidostu, biz maşındayıq, sən də gəl, – deyib qapıdan çıxdı.
Kamilə ani tərəddüddən sonra tələsik ərinin arxasıyca yüyürdü, əmr verirmiş kimi:
– Dayan, sən hara belə gedirsən? Uşağı kim gətiribsə qoy o da götürsün. Sən heç yerə getmirsən! – dedi.
Rauf sərt hərəkətlə qıza tərəf çevrildi:
– Anlamadım bu dediklərini. Mən nə edəcəyimi səndənmi soruşacam? Sənə dəxli yoxdur. Yeri get içəri. Mənə öyrətmək lazım deyil. Get işinlə məşğul ol.
Gənc ata qızını köksünə bərk-bərk sıxıb öpdü. Ondan ayrılmaq Raufa çox ağır, ağrılı gəldi.
Yol boyu heç biri dinmədi. Rauf güzgüdən qızını süzüb dərindən köks ötürdü. Bütün olanların təqsirkarı özü olduğu üçün özünə açıqlandı, özünü qınadı. Diləfruz arvad maşından enmək istəyən Raufun çiynindən basdı, ona göz ağartdı. Oğlanın Şahanəni görmək niyyətini hiss edib tərs-tərs süzdü:
– Sən daha qızını görmək istəmirsən, ay bala? Qızı niyə hürküdürsən. Səni görsə nə hala düşüəcək yazıq qız? Otur, bala, yerinə. Mən uşağı verib tez də qayıdıram.
Rauf bir anlıq Şahanəni görmək üçün nələr etməzdi. Onu heç olmazsa qıraqdan görmək Raufun qəlbinə məlhəm kimi gələcəkdi. Oğlan həsrətdən alışıb-yanırdı. Lakin çox hörmət etdiyi əmidostunun sözünü yerə salmaq istəmirdi. Onu qızına qovuşduran əmidostusuna qarşı çıxmaq ağlının ucundan belə keçmirdi.
Diləfruz arvad Nihalla Şahanəyə dil-ağız edib, onlara xeyir-dua etdisə də Raufa verdiyi sözü tuta bilmədi. Bu qədər alicənablıq göstərən bu insanların yaxşılığından sui-istifadə etməyi özünə qəbahət bildi. Dilinin ucuna yığılıb qalan sözləri geri qaytardı, udqundu. Qapıdan çıxmaq istədikdə Nihal onu səsləyib saxaldı:
– Diləfruz bacı, ürəyinizdən keçəni bilirəm. Siz nə zaman istəsəniz gəlib Laləni evinizə apara bilərsiniz. Mən ətlə dırnaq arasına girə bilmərəm. Laləni atasından ayırmaqla mən yalnız nəvəmə pislik etmiş olaram. Narahat olmayın. Nə zaman istəsəniz Lalə atasının görüşünə gələcək. Amma xahiş edirəm Arzuyla sizdən başqa kimsə bura gəlməsin.
Diləfruz arvadın üzünün güldüyünü görüb Rauf maraqla ona baxdı. Arvad:
– Muştuluğumu ver, a bala. Laləylə nə zaman istəsən görüşə biləcəksən. Allah Nihaldan da, qızından da razı olsun.
Diləfruz dərindən nəfəs alıb bir xeyli rahatlanaraq fikirlərində axıb getdi: “Ax, Rauf, elə qızdan boşanıb gör qapına kimi gətirmisən. Adamlıqda, insanlıqda əli olmayan birini gəlin deyib evə gətirərlər? Siz kişilər niyə beləsiniz, mən bilmirəm. Gül kimi qızdr. Onu subay oturmağa qoyan kimdir? Bir də gördün bir halal oğlan tapılacaq. Alıb aparacaq, başına da and içəcək”.
Maşın silkələnib dayananda Diləfruz arvad xəyallarından qopdu. Qorxu içində Raufa baxdı, nə baş verdiyini anlamağa çalışdı. Oğlanin bənizi ağappaq ağarmışdı. Gözlərindəki ifadə dəhşət saçırdı:
– Əmidostu, sən nə dedin elə? Kim hara aparacaq Şahanəni?
Diləfruz arvad barmağını dişlədi. Görünür sonuncu fikirlərini səsli düşünmüş, Rauf da bunu eşitmişdi.
Kamilə nə qədər çalışsa da Raufla yaşadığı soyuqluğu qaldıra bilmir, aradakı uçurum hər gün daha da dərinləşirdi. Qadın hər gün daha da həyasızlaşır, evdə söz-söhbət yaradırdı. Tez-tez Bakıya köçmək, ya da başqa evə çıxmaq üçün Raufa israr edir, onun inadını qıra bilmirdi. Hələ Lalə həftə sonu onlara gəldikdə qadın evə dava salır, əriylə, qaynanasıyla dalaşırdı. Raufun yanında cəsarəti çatmasa da Gülpəriylə Arzunun yanında Lalənin, Şahanənin ünvanına olmazın nalayiq sözlər işlədirdi. Gülpəri daha o Gülpəri deyildi. Qadının yanında nəvəsinin adı çəkildikdə arvad göyə çıxırdı. Bəzən elə olurdu ki, arvad səhərəcən göz yaşı tökür, hər şeyin səbəbini özündə axtarırdı. Raufun ağarmış saçları, fikirli üzü qadının ürəyinə dağ çəkirdi. Arvad onu belə gördükdə başına, dizinə döyərək ağlayıb, özünü yeyib-bitirirdi.
Kamilə rəfiqələriylə hovuzda çimməyə getmişdi. Hava soyuq olmasına baxmayaraq qızlar oradan da çıxıb kafedə bir xeyli oturmuşdular. Qapıdan vuran külək Kamiləni üşütdükdə qadın büzüşüb, ağrımağa başlamışdı. Artıq evə döndükdə hərarəti 39-a çatırdı. Soyuqdan titrəyir, yeriməyə çətinlik çəkirdi. Güclə evə qalxıb otağına keçdi. Birtəhər yatağına yaxınlaşıb uzandı. Axşama doğru sayıqlamağa, çabalamağa başladı. İşdən yenicə evə gələn Rauf otağa keçdikdə Kamiləni görüb qorxdu. Qız aramsız olaraq rabitəsiz sözlər deyir, nəsə söyləyirdi. Rauf əlini onun alnına qoyduqda sanki ovcunun içi alışdı. Tələsik əlini çəkib təşvişlə anasını səslədi. Gülpəri otağa girdikdə Kamilənin üzü alov-alov yanırdı. Rauf anasını görcək ürəklənd:
– Ana, bax gör neyləyirsən. Qızdırması 40-a çatır. Nə lazımdırsa de, gedim alım. Mən evə gələndən belədir. Harada belə soyuqladı, bilmirəm.
Gülpəri gəlinindən bərk yanıqlı idi. İstədi desin ki, ay bala, sənin arvadın evdə oturur ki, sən elə deyirsən. Amma fikrindən vaz keçdi. İndi yeri deyildi. Qadın dilindəki sözləri uddu. Kamiləyə yaxınlaşıb hərarətini yoxladı. Qız bərk tərləmişdi. Gülpəri siyirmədən paltar götürüb onun əynini dəyişdi, yatağına uzatdı. Arzunu səsləyib dərman qutusunu gətirməyini istədi. Qadın gəlinini gülabla yaxşıca ovxaladı. Əlindəki həbi zorla Kamiləyə içirtdi.
Rauf zəng edib kiməsə “Mən gələ bilməyəcəyəm, mənsiz həll edin” – deyib çarpayının ayaq tərəfində oturdu. Oğlan Kamiləyə baxdıqca içi sızladı. Özünü qınadı: “Bax gör nə etdin, ay Rauf. Şahanəyə xəyanət edib bədbəxt etdin, Kamiləni də evinə gətirib. Heç olmasa xalxın qızını gətirmişdin, barı sevə biləydin. Nə Şahanəni unuda bildin, nə də Kamiləni sevə bildin. Nə qədər böyük səhv etmiş olsa da, həyatını məhv etmiş olsa belə, sonda bu da bir insandır. Ah, Rauf, ah. Sənin düşmənə ehtiyacınmı var? Ən böyük düşmənin elə özünsən, özün. Nə özün xoşbəxt oldun, nə Şahanəni unuda bildin, nə də Kamiləylə ailə ola bildin”.
Kamilə üç gün özünü-sözünü bilmədi. Hərarət içində alışıb yandı. Rauf vicdanının ağrısıyla qadının başı üzərindən çəkilmədi. Gülpəriylə bərabər ona qulluq etdi. Sanki bununla ağrıyan vicdanını bir qədər dindirməyə çalışdı. Kamilə bu üç gündə bərk yatdı. Hətta anasının, atasınınn, rəfiqələrinin gəlişini belə hiss etmədi, görmədi. Üç cəhənnəm dolu gün üç il kimi gəlib keçdi. Nəhayət, Kamilə gözlərini açıb heysiz-heysiz ətrafı gözdən keçirdi. Raufu baş ucunda görüb sevindi. Köksü qalxıb-endi. Oğlanı ehtirasla süzdü. Raufun başı qolları üstünə düşüb qalmışdı. Qadın Raufu səsləyib ayıltdı. Oğlan onun ayıldığını görüb sevindikdə, Kamilənin gözləri məkrlə alışıb-yandı. ”Kaş ki, lap çoxdan xəstələnəydim. Onda Raufu çoxdan əldə etmiş olacaqdım” – deyə könlündən keçirtdi. Rauf bir az da dayanıb arxayın olduqdan sonra işə getmək üçün Kamiləylə sağollaşıb otaqdan çıxdı. Dəhlizdə anasııyla rastlaşıb onu məhəbbətlə süzdü. Anasına təşəkkür edib açarlarını götürməyi belə unudaraq çıxıb getdi. Gülpəri uzun vaxtdan bəri ilk dəfə oğlundan belə nəvaziş gördüyü üçün kövrəldi. Dolan gözlərini silib Kamiləyə yemək hazırlamaq üçün mətbəxə keçdi. Qadın gəlinini bağışlamışdımı? Əsla yox. O, bunu heç düşünmürdü də. Sadəcə övladının daha artıq üzülməyinə ürəyi dözə bilmirdi. Günü-gündən artan günah hissi ananın qəlbini didib parçalayırdı. Qadın Şahanəyə etdiyi zülmləri düşündükcə ”yer yarılıb içinə girirdi”. Qəbahətinin çox böyük olduğunu dərk etdikcə arvadın yuxusu ərşə çəkilirdi. Amma neyləyəsən ki, olan olmuşdu. Əfi ilan adlandırdığı Kamiləyə dözəcəyini, ondan Raufa şikayət etməyəcəyini özünə söz vermişdi. Bu üzdən Gülpəri hər şeyə səssiz qalıb dinmirdi.
Rauf əlini cibinə salıb duruxdu. Maşının açarlarını evdə unutmuşdu. Saatına baxdı, işə gecikirdi. Arzunu səsləmək istədi, tez də fikrindən döndü. “Onsuz da anam da, yazıq qız da bu üç gündə lap yorğun düşdülər, gedim özüm götürüm” – deyə dəhlizə girdi. Yataq otağından gələn səsə ayaq saxladı, heyrətlə qulaq asmağa başladı. Kamilənin səsi otağı başına götürmüşdü. Rauf barmaqlarının ucunda qapıya yaxınlaşıb səs çıxartmadan dinlədikcə üzünün əzələsi əsəbiliklə əsdi, yumruğu düyünləndi. Gülpəri həyasızlıqla əl-qol atan Kamiləni nifrətlə süzür, onunla dalaşmaq istəyən Arzunun qolundan tutub saxlayır, ona təpinirdi:
– Bəsdir, bala. Barı sən sakit dur. Cəhənnəmə kimi nə istəyir qoy sayaqlasın. Mən balamı öz əlimlə bir dəfə bədbəxt eləmişəm. Allah bunu məni cəzalandırmaq üçün göndərib. Mənim günahlarımın əcrini də Rauf çəkir. Elə bilir arvadı adamdır. Evdə oturub evinin gəlini olmaq əvəzinə hər gün ərindən sonra çıxır, ondan qabaq qayıdır. Bala, gəlmisən, əcəb eləmisən. Sənin Arzuyla, mənimlə nə alıb-verəcəyin var? Boyumu yerə soxum ki, gül kimi gəlinimi saxlamağa mərifətim çatmadı. Sən onun tullantı dırnağı belə ola bilməzsən.
Söz Kamiləni daha da qızışdırdı:
– Elə sənin boyuvu mən yerə soxum. Az, sən kimsən e? Kim? Sən mənə üç gün qulluq etmisən deyə sizə yaltaqlanacağam, hə?! Ay sənin bu qızın ölsün. Belə dilin-dodağın əsdiyin qızın heç bir muradına çatmasın. Apar bunları da, yeməyəcəyəm. Sənin əlin dəyən heç nə mənə gərək deyil. Az, səndən iyrənirəm e. Sən mənim anama layiq quda belə ola bilmədin. Qoy bir ayağa qalxım. Raufumu da alıb buralardan gedəcəm. Sənə burnunu belə göstərməyə imkan verməyəcəm. Daha Rauf mən nə desəm onu edəcək. Bunu mən sənə deyirəm. Şaiq Çamalın qızı Kamilə!
Qadın bunu deyib Gülpərinin əlindəki yemək boşqabını alıb yerə çırpdı. Rauf qapını açıb içəri keçdikdə gözlərinin işığı sanki sönmüşdü. Key nəzərlərlə Kamiləni süzdü. Astaca qıza tərəf yeridi. Gülpəri qorxu içində oğlunun qarşısını kəsdi. Rauf anasını ehtiyatla kənar edib ona yaxınlaşdı. Gənc qadın bunu heç gözləmədiyindən səssizcə, qorxuyla ərini süzdü. Rauf qadının paltarlarını üzərinə atdı:
– Qalx, paltarını geyin. Sonra da rədd ol, get dədənin xarabasına. Mən geri döndükdə səni burada görməyim. Bilirsən, sən azarlayandan sonra sənə yazığım gəlmişdi. Özümə söz vermişdim ki, sənə bir şans verim. Gör mən nə qədər rəzil biriyəm ki, Allah-təala qarşıma sənin kimi şeytan çıxardıb. Şikayət edə bilmirəm. Çünki özü yıxılan ağlamaz. Amma olan hər şey xeyirliyədir. Sən içindəki iblisi bu gün yenə də tam çılpaqlığı ilə göstərdin. Yaxşı ki, özün öz əlinlə özünü ifşa etdin. Yoxsa mən ikinci dəfə yenə çaşacaqdım. Gör sən nə qədər alçaq bir qadınsan ki, üç gün sənin qulluğunda duran anan yaşda bir qadına belə sözlər deyirsən. O qadına ki, xəstə yatdığı müddətdə bir stəkan çayı rəva belə bilməmisən. Sən elə bilirsən mənim sənin çıxartdığın hoqqalardan xəbərim yox idi? Var idi, Kamilə xanım, var idi. Deyəcəksən bəs niyə səsimi çıxartmırdım? – Bir anlıq ara verən Rauf dərindən nəfəs alaraq güclə udqundu. Kamilənin cavabını gözləmədən öz sualınının cavabını özü verdi. – Çünki sənin varlığın məni rahatsız, xəstə edirdi. Sənin evdə olmağından olmamağın daha yaxşı idi mənim üçün. Sən xəstə yatanda mən sadəcə olaraq ağrıyan vicdanımı susdurmaq üçün anamdan, bacımdan sənə baxmalarını rica etdim. Düşündüm ki, səni saysaydım, bir ər kimi sevsəydim sən evində qaxılıb oturardın, bu qədər ağır xəstələnməzdin. Amma bil ki, sənə güvənmək, səni insan yerinə qoymaq belə günahdır mənə. Mən sadəcə özümə acıyıram ki, sevdiyim qadınla, qızımla arama girən birini arvadım deyib evimdə saxlamışam bunca zaman.
Gülpəri oğlunun son cümlələrini eşitdikdə rəng verib, rəng aldı. Bilmədi xəcalətindən başını hara çevirsin. Sözlərin bir ucu əslində elə onun özünə toxunurdu. Oğlunun həyatının cəhənnəmə çevrilməsinin ən böyük təqsirkarı elə o özü idi.
Kamilə Raufun bu həmləsindən, qəfil gəlişindən özünü toplayıb, ələ almağı bacarmırdı. Raufun söylədiyi hər söz, hər cümlə onun qürurunu alt-üst edir, mənliyini alçaldırdı. Qadın çaşdığından nə edəcəyini bilmirdi. Raufa nəsə deməyə, cavab qaytarmağa qorxurdu. Rauf qadını nifrətlə süzüb otaqdan çıxdı. Onun baxışları neştər olub Kamilənin korlaşmış qəlbini deşdi. Kamilə hirslə çarpayıya çöküb bərkdən hönkürdü. Hələ heç kəs onu bu qədər alçaltmamışdı. Yumruğunu dişləyib, dişlərini qıcayaraq güclə eçidiləcək səslə: “Səndən bunun heyfini alacam, Rauf. And olsun ki, alacam” – dedi.
(Ardı var)