İlham İSMAYIL
May ayında Namiq Abbasov milli təhlükəsizlik naziri, Eldar Həsənov baş prokuror kimi təsdiq olundu. Təsadüfən bu informasiyanı elan olunmazdan ən azı 2 saat əvvəl bildim. Müavin Qalib Xalıkovun kabinetinə girib informasiyanı ona deyəndə, açığı, elə bilirdim ki, məlumatı olacağını deyəcək, hər halda əməliyyat işləri üzrə müavin idi. Xalıkov təəccüb etdi, başqa müavinlərə zəng vurub yeni təyinat barəsində məlumat verdi. Heç biri, xüsusilə kəşfiyyatın rəisi Eldar Məmmədəliyev inanmadı. O dövrdə bir neçə adamın nazir olacağı hallanırdı, onlardan biri də Eldar Məmmədəliyev idi. Onun parlamentin spikeri ilə yaxın münasibətləri bu məlumatları inandırıcı etsə də, Abbasovun şanslarının daha üstün olduğu nazirliyin işçilərinə aydın idi. Qalib Xalıkov informasiyanın təsdiqlənmədiyini deyəndə Namiq Abbasovun bu təyinatın müqabilində təşəkkür nitqi də hazırladığını bildirdim. 2 saatdan sonra mənim dediklərim televiziyadan rəsmən təsdiqləndi.
Bir gün də kadr üzrə müavin Baxış Zeynalov məni çağırıb dedi: “Nazir niyə düşüb səninlə? Mənə deyir ki, onu dostunun olmayan rayonuna rəis göndərəcəm, otursun köhnə işlədiyi Xanlarda. Bəlkə girib bir söhbət edəsən?”
Söhbətə ehtiyac olmadığını dedim.
Bu söhbətin ertəsi günü işlədiyim idarənin rəisi təqaüdə göndərildi, əvəzinə nazirliyin tədris kursunda müavin işləyən birini təyin etdilər. Bu adamın Rusiya ilə bağlılığı haqqında informasiya dolaşırdı. Abbasova bu tip insanlar lazım idi, ona intriqalar, qisas almalar daha maraqlı idi və bu siyasət İlham Əliyevin onu vəzifədən çıxardığı günədək davam etdi.
Məsələ məlum olurdu. Nazirlikdə hər kəs mənim namizədliyimi gözlədiyi halda başqa təyinat oldu, Baxış Zeynalovun dedikləri reallaşa bilərdi. Mən bu şansı nazirə verməyəcəyimi qərarlaşdırdım.
Avqust ayında məzuniyyətə çıxıb müalicə məqsədilə Kiyevə getdim. Kiyevdə MTN-i tərk edəcəyimi düşünür, hələ qərar verə bilmirdim.
İşə çıxanda yeni idarə rəisinin təkəbbürü və hər işə qulp qoyması da bir tərəfdən əsəblərimə toxunur, adət etdiyim sərbəstliyimi nazirliyə gəlməklə itirdiyimi və hələ qarşıda nazirlə də qarşıdurmalar olacağını dərk edirdim.
Abbasovun məni cəzalandırmaq niyyətinin əsl səbəblərini bilirdim. Bu gün də hələ yazmaq istəmirəm. Çox yaxın tarixdir və Abbasovun yox, “səbəbkar”ın narahat olmasını bu gün də istəmirəm. Təkcə bu faktı deyil, bir sıra başqa hadisəni, onun iştirakçılarını yazmaq mümkün deyil hələlik.
Yadıma Anatoli Utkinin Çörçill haqqında yazdığı kitablar düşür. Utkin Çörçillin həyat və fəaliyyəti barədə iki dəfə kitab yazıb – birini SSRİ dövründə, ikincini SSRİ dağılandan sonra. İkinci kitab əsl Çörçill haqqındadır, birinci sovet rejimindən çəkinən kitabdır.
Məlum səbəblərdən bəzi dövrləri əks etdirən hadisələr hələ ki, mənə deyil, başqalarına əlavə problemlər yarada biləcəyindən qələmə alınmadı, bəzi yazılanlarsa sonadək işlənmədi. İkinci kitabın olacağı sual altında olsa da, həqiqət yazılıb. Kitabda olmasa da nə vaxtsa işıq üzü görəcək.
Məzuniyyətdən qayıdanda Baxış Zeynalov nazirin məni Kəlbəcər rayon bölməsinə rəis göndərmək fikrində olduğunu bildirdi. Heç nə demədim.
Səhərisi gün ölkədəki ictimai-siyasi haqsızlığa etiraz əlaməti olaraq hərbi xidmətdən istefa verdiyim haqqında raportumu kadrlar üzrə nazir müavini Baxış Zeynalova təqdim etdim. Baxış müəllim raportu oxuyub başını buladı. Raportu geri qaytarıb dedi ki, lazım deyil, bəlkə nazir fikrini dəyişdi, dəyişməsə də dünya dağılmır ki, get rayona, sonra gedişata baxarıq. Fikrimdə tam israrlığımı görüb:
– Yaxşı, olsun, – dedi. – Mənim məsləhətimə qulaq as. Bu adam çox kinlidir. Raportun bu məzmununa görə mütləq sənə pislik edəcək. Raportu bir yerə tullayıb, səni adi bir səhvin üstündə azad edəcək. Gəl bu raportu yumşalt.
Baxış müəllim düz deyirdi. Raportu geri götürüb, məzmununa dəyişiklik etdim. Bir saatdan sonra yenidən Baxış Zeynalova təqdim etdim.
Üç gündən sonra əmrim imzalandı. Namiq Abbasov mənim qərarıma sevinmişdi.
Çox sonralar Abbasovla rastlaşacam, iki kəlmə kəsəcəyik, hələ də kinli olduğunu görəcəm.
Namiq Abbasovun bəxti onda gətirdi ki, onu əvəz edən Eldar Mahmudov oldu. MTN sistemində işləmiş əməkdaşlardan kim nazir qoyulsaydı, Abbasovun rəhbər olduğu dövrdə nazirlikdən uzaqlaşdırdığı xeyli professional zabiti geri qaytaracaqdı. Abbasovun rəhbərliyi zamanı, məndən cəmi bir il sonra, birlikdə xidmət etdiyimiz əksər yüksək rütbəli zabitlər nazirliyi tərk etdilər. Nazirin kaprizi, hədsiz eqosu kadrların vaxtından əvvəl təqaüdə çıxmasına səbəb oldu. Düzdür, Eldar Mahmudovdan fərqli olaraq xüsusi xidmət orqanını quldur yuvasına çevirməmişdi, amma nazirlik dövlətçiliyə xidmətdən çox ən iyrənc yollarla siyasi rəqibləri məhv edən təşkilat rolunu oynayırdı.
***
MTN-dən çıxandan sonra çoxları məni qınadı və qınamaqda davam edir. Böyük sıxıntılar yaşadım və yaşayıram. Belə olacağını, amma bu qədər də uzun sürəcəyini düşünməmişdim. Amma heyfsilənmirəm. Mən qəlbimin səsi ilə hərəkət etdim, peşman deyiləm… MTN-dən sonrakı fəaliyyətimi, bu günümü bilənlərin əksəriyyəti deyir ki, işləsəydin, indi general idin. Mümkün deyildi. General olmaq üçün xarakterimi dəyişməliydim. Yarınmalı idim, sədaqət nümayiş etdirməli, yalan danışıb haqsızlıqlar etməli idim. Haqsızlığa bir var kənardan baxmaq, şahid olmaq, bir də var özünün haqsızlığın icraçısına çevrilməyin… Olmadım. Nə qədər ömrüm qalıbsa da olmayacam. Şərəflə yaşamaq, ləyaqət prinsiplərini üstün tutmaq hər zaman çətin olub. Üstəgəl vətən sevgisi… Vətəni, xalqını azad görmək, firavan görmək, Qarabağı azad etmək uğrunda mübarizə aparmaq elə bilməyin ki, asandır… Şərəf hissi olmayanlar vətənin şərəfinin nə demək olduğunu haradan biləcəklər?
Bəlkə də kitabı oxuyan fikirləşirmiş ki, yəqin filmlərdə gördükləri xəfiyyə həyatından fraqmentlər – kəskin əməliyyatlar, izləmələr, dinləmələr kitab boyu onu müşayiət edəcək, casus izinə düşüb Ceyms Bond kimi dağlardan, dərələrdən aşmağın, maşın qovalamalarının, kəskin süjetlərin, maraqlı hadisələrin şahidi olacaq.
Xidməti fəaliyyətimdə bunların hamısı olmasa da buna bənzər işlərimiz az olmayıb, amma Sizi inandırıram ki, əməliyyat işindən çox ölkəmin tarixinin şahidliyini etmək, tarixi hadisələrdən yazmaq əsas məqsədimdir. Əməliyyat işləri keçib gedəndir, tarixi əhəmiyyətini də tez itirir. Mən bədii əsər yox, sənədli kitab yazdım.
Xüsusi xidmət orqanında işləmək maraqlı olduğu qədər də çətindir. Əsas odur ki, bu çətinlikdən üzüağ çıxasan. O mənim övladlarıma qoyduğum ən böyük sərvətdir. Bu illəri xatırlayarkən jurnalistikaya, ədəbiyyata, sənətə olan sevgimi daim yaşatdığımı yəqin Siz də hiss etdiniz. İndi də düşünürəm ki, mən xüsusi xidmət orqanında işləsəm də içimdə həmişə jurnalist olmuşam.
Keçmişimdən yazdım, işıqlı keçmişimdən…
İlham İsmayılın yazdıqları haqqında
Ayaz Mütəllibov, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının prezidenti:
– İlham İsmayıla cavan nəslə 1990-cı illərin əvvəllərinin hadisələri ilə daha yaxından tanış olmaq imkanı verən yazılarına görə minnətdarlığımı bildirirəm. Həmin dövrün hadisələrində öz vətəninin müdafiəsinə qalxmış azərbaycanlıların nümunəvi, ləyaqətli, mərd davranışı, hərbi qəhrəmanlıqları olub. Yazıların qiyməti bundadır ki, müəllif şəxsən iştirakçısı olduğu hadisələr haqqında yazır. Yəni orda-burda eşitdiklərini yox, öz gözü ilə gördüklərini yazır.
…İlham İsmayıl tamamilə doğru deyir ki, əməliyyat erməni kəndlərinin əhalisinə münasibətdə çox korrekt keçirilmişdi. Sakinlərin hamısına çatdırılmışdı ki, onlar qala və öz evlərində yaşamaqda davam edə bilərlər. Lakin sakinlər yaraqlılardan elə bərk qorxurdular ki, öz evlərini tərk etməyə üstünlük verdilər. Sərt tapşırıq verilmişdi ki, istənilən talan cəhdinin qarşısı alınmalıdır. Rəqiblərimizin insan hüquqlarının pozulması ilə bağlı istənilən haldan istifadə edəcəyini və anti-Azərbaycan təbliğatı üfürüb şişirdəcəklərini başa düşürdük və onlar bunu heç bir əsas olmadan bu günə qədər də davam etdirirlər. Buna görə də İlham İsmayıl bu nüansları oxucuya çatdırmaqda haqlıdır.
Mediaforum.az saytına müsahibəsindən, 25 aprel 2011-ci il.
Vaqif Hüseynov, 1989-1991-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri:
– Ermənistanın maraqlarının və DQMV separatçılarının lobbiçiliyini edən SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov Bakıda dislokasiya olunmuş Cənub istiqaməti qoşunlarının keçmiş komandanı general Şirinkinin başçılıq etdiyi komissiyanı Çaykənd, Kamo, Azad kəndlərinə göndərdi. Komissiyanın məqsədi guya erməni kəndlərinin zorla köçürülməsinin qarşısını almaq idi, həm də general Şirinkin Gəncə şəhərinin və Xanlar rayonunun rəhbərliyindən heç kimi keçirəcəyi görüşlərə aparmayacağını əvvəldən elan etmişdi. Buna baxmayaraq bizim adam generalın dəstəsinə daxil ola bilmişdi. Bu, mayor İlham İsmayılov idi. O buna özünün şəxsi cürəti və mətinliyi sayəsində nail ola bilmişdi.
Əməkdaşımız İlham İsmayılov bölgədə etibarlı informasiya mənbələrinə malik idi. Onun göndərdiyi məlumatlar, təhlillər bölgədə baş verənlər haqqında tam təsəvvür yaradırdı. İlham İsmayılovun məlumatlarının dəqiqliyi, irəli sürdüyü təkliflər və həyata keçirilməsini məqsədəuyğun hesab etdiyi tədbirlər həm də ona görə effektli idi ki, onun yerli əhali arasında şəxsi tanışlığı, əlaqələri güclü idi və yerli şəraiti yüksək səviyyədə öyrənmişdi.
Məhz 1990-cı ilin yazında onun apardığı işin və verdiyi təkliflərin nəticəsi olaraq respublika Nazirlər Soveti Kamo və Azad kəndlərinin əsasən Stavropol vilayətinə köçürülməsi məsələsini qısa müddətdə müsbət həll etdi.
2013-cü ildə Moskvada çıxmış “Больше, чем одна жизнь” kitabından.