Aynur MƏSİMOVA (TƏMKİN)
Gülpəri sonuncu dərmanı atmayıb əlində saxlamışdı. Gözləri yarı yumulu mürgüləyirdi. Kamilə telefonunu evdə unutduğundan geri dönmüşdü. Yataq otağını axtardıqdan sonra qonaq otağına girib qapının ağzından Gülpərini bir xeyli süzdü. Arvadın yatdığına əmin olmaq üçün ehmalca ona yaxınlaşdı, ayağına bir-iki dürtmə vurdu. Gülpəri nəfəsini içinə çəkib gözlərini daha sıx yumdu. Kamilə arvadın dərin yuxuda olduğunu zənn edib, yadından çıxardığı telefonunu televizorun qabağından götürüb Şeylaya zəng vurdu:
– Hə, hə, tapdım. İndi gəlirəm. Hara gediriksə orada məni gözləyin. Türk hamamına? Harada olanı deyirsən? Aha, bildim, yeni açılanı. Oldu. – Şeyla nə dedisə Kamilə şaqqıldadı. – Az, qorxma! Bu qoca ləçərin xəstələnməyi xeyrimizə oldu. Hər kəsin başı ona qarışıb. Mənim gündüzlər evdə olmamağımdan Raufun xəbəri heç olur ki. Olanda da olsun. Mən bir şey taparam, ay qız. Sən Kamanı tanımırsan, mən nəyi istədim edə bilmədim? Kefində ol, ay qız. Di sağ ol. Maç-maç. Bir azdan orada…
Gülpəri eşitdiklərindən bərk sarsılmışdı. Sinəsini güçlü ağrı deşir, hönkürməmək üçün özünü güclə saxlayırdı. İstəmirdi Kamilə onun oyaq olduğunu bilsin. Kamilə dodaqaltı zümzümə edərək bir də arvada yaxınlaşdı:
– Hərçənd ki, Raufun arvadı olmağıma görə sənə borcluyam. Amma yenə də bu sənə olan nifrətimin qarşısını ala bilmir. Kaş öləsən. Ölməsən də səni ölməkdən betər edəcəm. Oğlunu səndən qoparacam, səndən alacam. Sənin də, o q… Şahanənin də, lap o balaca Lalənin də varlığı həyatımın kabusudur. Əvvəl səni yox edəcəm, sonra da onları…
Kamilə çoxdan getmişdi. Lakin söylədiyi sözlər arvadı dərindən yaralamışdı. Qadın toxtamaq istəyir, bacarmırdı. Arzu əlində nimçə girdikdə artıq qadın dözə bilmədi. İçini döyə-döyə ağlamağa, dizlərinə döyməyə başladı. Səsə Diləfruz arvad qaçıb gəldi. Eltisini göz yaşları içində görüb qorxdu:
– Nə olub, bacı? Sənə nə oldu, ağrıyan bir yerin var?
Gülpəri başını yox mənasında yellədi, lakin yenə sakitləşmədi. Arzu və Diləfruz əlləri qoynunda çaşqınlıq içində onun sakitləşməsini gözlədilər. Nəhayət, Gülpəri bir az toxtadı:
– Mən Laləni görmək istəyirəm, – deyib, üzünü divara çevirib gözlərini yumdu.
Diləfruz arvadla Arzu bir-birilərinə baxa-baxa qaldılar. Bu arvada nə oldu belə? Bir neçə ay qabaq “İtdən olan küçük olar” deyən bu deyildimi?
Arzu anasının istəyi qarşısında aciz qalmışdı. Şahanədən Laləni hansı üzlə istəyəcəkdilər? Nə deyəcəkdilər? Şahanə uşağı onlara göstərəcəkdimi? “Şahanəyə nə üzlə zəng vurum?” deyə düşünən Arzu odla su arasında qalmışdı. Onun haldan-hala düşdüyünü görən Diləfruz arvad Arzunun yorğunluqdan saralmış çöhrəsini sığalladı:
– Sən üzülmə, bala, mən zəng vuraram. Olmayanda olmayacaq. Uzaqbaşı yox deyəcəklər.
Şahanə bütün baş verənlərdən sonra Raufsuz, xəyanətsiz bir həyat qurmağa söz vermişdi. Yarıda qalmış arzularını gerçəkləşdirmək üçün kitab-dəftərə başı qarışmışdı. İşə qəbul olunmaq üçün müraciət edib tərcümeyi-halını göndərmişdi, indi cavab gözləyirdi. Gecələr qızını sinəsinə sıxıb ona layla çalır, uşağın dərdli qəlbini ovundurmaqdan ötrü dəridən-qabıqdan çıxırdı. Lakin Şahanə nə qədər səy göstərsə də Lalənin gözlərindəki kədər hər gün daha da çoxalır, hüzn üzündə, dodaqlarında dərin iz buraxırdı. Uşaq atası evləndikdən sonra onunla daha danışmırdı. Atasının həsrətindən üzülsə də daha onun nə zənglərinə cavab verirdi, nə də görüşünə gedirdi. Lalənin körpə qəlbi bərk küsmüşdü. Rauf artıq qızını yalnız qıraqdan-qırağa seyr edir, ona yaxınlaşmağa cəsarət etmirdi. Qızının gözlərinə baxacaq gücü tükənmişdi. Son danışıqları zaman Lalənin fəryad dolu səsi beyninə həkk olunmuş, onun bütün varlığını sarsıtmışdı. Gecələr bəzən onun səsini eşidib, onun fəryadına ayılır, heç cür özünü bağışlaya bilmirdi.
Şahanə Diləfruz arvadın səsini eşitdikdə həm çaşdı, həm də sevindi. Bəlkə də Diləfruz arvadla Arzu yeganə insanlardı ki, o evdə həmişə ona yaxşı münasibət göstərmişdilər, onunla yaxşı davranmışdılar. Qadının səsinin titrədiyini eşidən Şahanə kövrəldi. Ağlamamaq üçün özünü zorla ələ aldı:
– Necəsən, qızım? – Diləfruz arvad qayğı dolu səslə gəlini oxşadı.
– Yaxşıyam, Diləfruz xala. Siz necəsiniz?
Diləfruz arvad Şahanənin xanım danışığını ürəyində alqışladı. “Əhsən səni tərbiyə edən anaya. Gör necə xanım-xatın, toxtaq danışır. Ah, Rauf. Sənin ağlın batsın. Gör kimin üstünə nə qoxladın…”
– Yaxşıyam, qızım. Şükür Allaha. Nəvəm necədir, Nihal müəllimə necədir?
– Hamı, çox şükür, yaxşıdır, Diləfruz xala. Allah razı olsun.
– Qızım… – Arvad dərindən nəfəs aldı. – Səndən bir ricam var. Razı olsan da sağ ol, olmasan da. Gülpəri bərk xəstələnib, Laləni görmək istəyir. Əgər icazə versəydin elə mən özüm gəlib bir saatlıq uşağı bura gətirərdim.
Şahanə duruxdu. Nə deyəcəyini bilmədi. Yoxsa bu, Gülpərinin növbəti oyunudur? Amma belə osa Diləfruz xala ona zəng etməzdi. Diləfruz arvad heç vaxt Laləyə ziyan verəcək bir şey etməz. Görünür həqiqətən də vəziyyət çox ciddidir.
– Yaxşı, Diləfruz xala. Gəlin, aparın. Mən indi Laləni hazırlaram.
Şahanənin hərəkəti anası Nihalı qürrələndirdi. Belə nəcib qız dünyaya gətirdiyi üçün qadın özünü xoşbəxt sandı, bütün baş verənlərin qızının insanlığına mənfi təsir etmədiyinə sevindi.
– Lalə o nəslin bir parçasıdır. – Şahanə anasına baxıb dilləndi. – Onu atasından, bibisindən, nənəsindən ayırmağa haqqım yoxdur.
Nihal titrək əlləriylə qızının saçlarını oxşadı:
– Qızım, sən doğru yoldasan.
Lalə küskün gözlərini anasına zillədi:
– Mən atama getmək istəmirəm – deyə dodaqaltı mızıldandı.
Şahanə qızının qarşısında diz çöküb onun yanaqlarını ovucları arasına aldı:
– Lalə, quzum. O, sənin atandır. Onlar da sənin ailən. Qızım, sən hələ çox balacasan. Böyüklər küsə də bilər, dalaşa da bilər, barışa da…
Lalə başını sevincək qaldırıb anasının boynuna sarıldı:
– Ana, siz barışaqsınız?
Şahanə qızının sualı qarşısında ildırım vurmuşa döndü, qızın sözünü ağzında qoydu:
– Lalə, mən onu demək istəmədim axı. – Qızın qaşqabağını salladığını görüb: – Gəl, bu barədə başqa vaxt danışaq, – dedi. – Sən bir az böyü, sonra.
Şahanə Laləni qapıya çıxartdı. Diləfruz arvad Şahanəni bağrına basıb ağlamsındı:
– Necəsən, bala? Allah baiskarın cəzasını versin! Sən gedəndən evin dadı-duzu da çəkilib. O gördüyün evdən ev qalmayıb. Nəsə, bir saata gətirəcəm uşağı. Lalə mənə əmanət.
Gülpəri Laləni bağrına basıb hönkürdü. Arvad uşağın gözlərinə baxmaqdan xəcalət çəkdi. Onun məsum üzünə iz salan kədər arvadın içini dağladı. İllərdən sonra nənə olduğunu xatırladı. Arzu uşağı duz kimi yalayır, onu qucağından yerə endirmirdi. Uşaq başını onun sinəsinə qoyub hamını altdan-altdan gözdən keçirib hələ ki, dinmirdi. Gözləri ilə Raufu arayır, lakin atasının harada olduğunu soruşmurdu.
(Ardı var)