Həsrətindəyəm (14)
- 22 Mart 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Firuzə DAVUDQIZI
Sübh tezdən, saat bəlkə də heç 6 olmazdı, Elşadın telefonuna gələn zəngin səsinə gözlərimi açdım. O, yatmışdı. Duymurdu.
Bir anlıq onun yatmasını seyr elədim. Ona elə yazığım gəldi ki. Mənə görə bütün gecəni gözünü yummamışdı.
Zəng aramsız olaraq çalırdı. O, nəhayət, səsə oyanıb, yarıyuxulu halda könülsüz-könülsüz telefonu tumbanın üstündən götürdü. Qulağına aparıb cavab verdi.
Mən onun oyandığını görüb, gözlərimi yumdum. Elşad yorğun səslə:
– Ay can, Kənan. Bu vaxt xeyir ola, brat? – Əliylə üz-gözünü ovuşdurdu, ayılmağa çalışdı.
Mən bu sakitlikdə xəttin o üzündən onun həm can dostu, həm də eyni hərbi hissədə işlədiyi Kənanın səsini aydın eşidirdim.
– Ə, tənbəl, bəsdir yatdın! De görüm, bu gün ayın neçəsidir? Bu gün hansı gündür səncə?
– Hmm… Sən dəqiq naryaddasan, vaxt öldürməyə adam gəzirsən. – Elşad narazılıqla ona irad tutdu. – A kişi, imkan ver yataq da…
Kənanı təəccüb götürdü, lakin geri çəkilmədi.
– Ə, necə yadından çıxa bilər e…
– Bu vaxt mən heç öz adımı da xatırlamıram, qardaş. – Elşad özünü bilməzliyə vurdu.
– Bu gün sentyabrın 10-dur! Sizin toy gününüzdür! Ay vəfasız! Demə ki, bəy çıxmağım da yadımda deyil.
Elşadın dodağı qaçdı:
– Yox, onu xatırlayıram. Allah var başımın üstə! – Barmaqları saçlarımda gəzdi. Mən bütün cəhdimlə oyaq olduğumu bəlli etməməyə çalışdım. Gülməyimi güclə boğdum.
– Şükür Allaha ki, bircə onu unutmamısan. – Kənan güldü. Və dərhal böyük fərəh hissi ilə əlavə etdi. – Səni təbrik edirəm, qardaş! Həmişə bir yerdə olun! Sevib-sevilin! Qoşa qarıyın! Allah sizə övlad payı da versin, inşallah! Başqa nə eşitmək istərdin? – Zarafata keçdi.
– Hələlik bu qədər bəsdir! Tələsmə də, səhərin gözü hələ açılmayıb. – Elşad da şirin-şirin gülüb, ona qoşuldu. – Gün qabaqdadır.
– Gəlinbacını da mənim adımdan təbrik elə. Burda olsaydın, qeyd edərdik. Nə oldu səsin çıxmadı? Komandirin eşidir?
– Hələ subaysan da, gurlayırsan. Evlən, görəcəm səni. Səsin kəsiləcək.
– Ə, nə yaman qorxursan sən bu gəlinbacıdan? Səni heç belə bilməzdim.
– Qorxursan da sözdür? Görəndə tir-tir əsirəm.
Kənan gülürdü. Elşad əlini ağzına tutdu, əsnəyə-əsnəyə Kənana:
– Qardaş, mən evli adamam, məni məşğul etmə, – dedi. – Sonra töhmət alaram!
– Oldu, yoldaş leytenant!
– Davay, get qulluğunu elə! – Xudafizləşib zəngi bitirdi, mənə tərəf əyilib çiynimdən öpdü. Yenidən yatağa uzanıb yuxuya getməyə çalışdı.
Səhər mən yerimdən qalxıb geyinmək istəyəndə termonun üstündə balaca bir qutu gördüm.
Elşad yatmışdı. Maraq məni götürdü. Açıb baxdım. Bu qızıl boyunbağı idi. Üstündə Elşadla mənim adlarımızın baş hərfləri vardı. Çox zərif idi. Qutunun içərisindəki ikiyə qatlanmış balaca kağız parçası diqqətimi çəkdi. Açıb oxudum:
“SON NƏFƏSİMƏDƏK SƏNİNLƏ BİR ÖMÜR SÜRMƏK İSTƏYİRƏM, FORSLU PİŞİK”.
Gülümsünüb, hələ də yatmaqda olan Elşada baxdım. Unutmayıbmış… Kənana bilərəkdən belə deyirmiş…
Əynimi geyinmək üçün onun yatmasını fürsət bilib, bu dəfə daha dolabın qapısı arxasına çəkilmədim. Elə buradaca gecəliyimi soyunmağa başladım. Başım özümə necə qarışdısa yarıçılpaq qalanda onun fısıltısına diksinib başımı qaldırdım. Bu zaman açıq saçlarım üzümə, sinəmə dağıldı. Gözlərim heyrətdən böyüdü, özümü itirdim.
Elşad oyanıb taxtın kənarında oturmuşdu. Və gözünü məndən çəkmədən köynəyini geyinməyə çalışırdı. Sanki birinci dəfə idi məni görürdü. Məsti-xumar olmuş, özünü unutmuşdu.
Dərin bir köks ötürdü. Üzündəki ifadə, baxışları, üstəlik, alt dodağını dişləri arasında sıxıb dayanması bir yandan məni çaşdırsa da, bir yandan da onun bu halına məni gülmək tutdu. Paltarı əynimə elə bir sürətlə geyindim ki, həyatımda heç belə çevik tərpəndiyim olmamışdı. O, mənim ərim idi. Amma mən hələ də ondan utanıb sıxılırdım.
Üst-başımı qaydaya salıb pərtliyimi ört-basdır etmək üçün bir bəhanə ilə dolabda nə isə axtarırammış kimi göstərdim özümü. Geri çevriləndə Elşad başımın üstə dayanmışdı. Və hələ də köynəyini düymələməyə çalışırdı.
Boğazını arıtlayıb:
– Sabahın xeyir! – dedi.
Mən gözlərimi ondan qaçıra-qaçıra, ürəyim şiddətlə vura-vura:
– Sabahın xeyir! – dedim. Amma güclə dilləndim.
– Necə hiss edirsən indi özünü? Yaxşısan?
– Aha, indi yaxşıyam.
– Şükür.
Gözüm birdən onun köynəyinin yaxasına sataşdı, dodağım qaçdı. Yuxarı düyməni alta, alt düyməni yuxarı ilgəyə keçirib bağlamışdı. Əlini kənar edib güləş ifadə ilə düymələri bir-bir açıb, yenidən düymələməyə başladım.
Elşad nə iş gördüyünün fərqinə indi varıb, dodaqlarını bir-birinə sıxdı.
– Günümə bax da… – Başını buladı. Sonra da həmişəki kimi özünü sındırmayıb əlavə etdi. – Hmm… Qocalıq öz işini görür.
İstehza ilə gülümsünüb, dedim:
– Gözün əlinə baxmır, ondandır.
Haqlı idim deyə Elşadı gülmək tutdu.
Mən işimi görə-görə bütün cəhdimlə məni saran həyəcandan əllərimin titrəməsini bəlli etməməyə çalışsam da alınmırdı. Bir ara özüm də hiss etmədən baxışlarımı qaldırıb Elşadın üzünə baxdım. Onunla göz-gözə gəldim. Lakin gözlərinin içinə iki saniyədən artıq baxa bilmədim. Baxışları o qədər dərin və nüfuzedici idi ki, ürəyim bir az da şiddətlə vurmağa başladı.
Bu vəziyyət onun ürəyindən idi. Üzündən razılıq yağırdı. Mən tələsdiyim halda, o, vaxtın durmasını istəyirdi. Baxışlarını üzümdən ayırmadan kinayə ilə dedi:
– İndən belə nə edək biz? Əynimizə nə geyinsək mütləq tərsinə geyinək ki, bu nazlı Mələk bizə heç olmasa bir neçə saniyə diqqət ayırsın?
Mən özümü eşitməzliyə vurdum. Heç bir söz demədən sonuncu düyməni bağladım.
Səhər yeməyindən sonra Elşad mənə yaxınlaşdı:
– Otaqda sənə çatası bir şey vardı. Götürdün?
Təbəssümlə üzünə baxdım.
– Aha, götürdüm.
– Bəyəndin?
– Çox.
– Bəs niyə boynunda deyil?
Çiyinlərimi çəkdim. Elşad mənalı-mənalı gözlərimin içinə baxıb dedi:
– Gələrsən otağa, mən asaram boynuna.
Dediyi kimi etdi. Günorta otağımızda ikən o, boyunbağını mənim boynuma asdı. Əyilib boynumdan öpdü. Bütün bədənimdən xoş bir gizilti keçdi.
– Sənin üçün bundan da bahalılarını, bundan da yaxşılarını alacam. Bu nədir ki!
Barmaqlarım boyunbağının üstündəki hərflərin üzərində gəzdi, oxşadı. Ona doğru çevrildim. O, əsir edici baxışlarla üzümə baxıb soruşdu:
– Bir təşəkkür yoxdur?
– Çox sağ ol! Təşəkkür!
– Sadəcə, sağ ol, hə? Qısa və konkret!
– Başqa nə keçir ki, ürəyindən? Mən rüşvətlə yoxam.
Onu gülmək tutdu:
– Yox, o işlər bizlik deyil. Yəni mən səndən bir nəvaziş… bir balaca istək, qayğı görməyəcəm də, hə?
– Off… Yaxşı da… Əl çək! – Ayaqlarımın ucunda bir balaca qalxdım. Və özümü toplayıb ilk dəfə olaraq üzündən öpdüm. Bu, Elşadı qane etmədi. İstehza ilə dodağı qaçdı.
– Puahh… Başıma dəysin, belə çox sağ ol mənim!
– Gözün doysun! – deyib, ondan aralanmaq istədim, amma o, qolumdan tutub məni özünə sarı çevirdi.
– Bu gözlərim nə qədər ki səni görür, doyan deyil!
– İnanan daşa dönsün, təkcə məni görürsə əgər! Allah-təala nə yaxşı ki, bu dili sənə veribmiş, vəziyyətin doğurdan pis olacaqdı. Toruna salana qədər bişirirsən də…
O, dodaqlarında dolanan təbəssümlə məni özünə çəkdi.
– Mən səndən başqasını görmürəm. Baxsam da koram! İnanmırsan?
– Qətiyyən!
– Gəl, inandırım səni! – deyib, özünə xas bir əda ilə gülümsündü.
– Ehtiyac yoxdur.
– Mənim var ehtiyacım! – deyib göz vurdu və tez də əlavə etdi. – Öyrətmək olmasın, gözəl qız, adamı, bax, belə öpərlər!
Mənə doğru əyildi. Üstufca dodaqlarımı dodaqlarının arasına aldı. Gözlərini yumub, bir neçə saniyə sonra meyxoş bir səslə pıçıldadı:
– Balam doğurdan da bal dadır də mənim!
(Ardı var)