İlham İSMAYIL
Martın əvvəllərində qonşu şöbənin rəisi çox pərt vəziyyətdə kabinetimə gəlib dedi ki, Rövşən Cavadovla şəxsi tanışlığın var?
Gəncədən tanıdığımı bildirdim.
– Küçədə görsən, salamlaşarsan?
– Əlbəttə, burda nə var ki?
– Bilirsən də, mən bu OİK stadionunun yanında oluram. Bu səhər tezdən orda yüngül qaçışla məşğul idim. Bir də gördüm Rövşən bir neçə adamla idman edir. Yanımdan keçəndə ayaq saxladı, mənimlə görüşdü. Mən də hal-əhval tutub ayrıldım. İndicə məni nazir çağırdı ki, sənin onunla nə münasibətin var? Məəttəl qaldım. Bu adamın hər addımı izlənirmiş. Nazirə dedim nə əlaqəm olasıdır ki, orqan işçiləriyik, mən də polkovnikəm, tədbirlərdə bir-birimizi görmüşük, indi də təsadüfən rastlaşdıq, salamlaşdıq, burda nə var ki?
Bu söhbətdən nəticə çıxarmaq olardı ki, Rövşən Cavadov ətrafında dairə kifayət qədər daralır, onun hər addımı nəzarətdədir.
Rövşən Cavadovu tələbəlik illərindən tanıyırdım. Qoçaq oğlan idi. Gəncədə işləyəndə Kəpəz Rayon Polis Şöbəsində əməliyyatçı kimi xidmət edirdi və o vaxtdan müəyyən yaxınlığımız olmuşdu, səmimi görüşürdük. Qarabağ hadisələri başlayandan Rövşən çox vaxt Qarabağda olurdu. Döyüşkən, qorxmaz, vətənpərvər bir şəxs idi. Belə qoçaq, igid oğullar hər zaman dünyaya gəlmir.
Qazaxda OMON-la bağlı ciddi hadisələr baş verdiyi barədə məlumatlar gəlirdi. Mən Xüsusi Müfəttişlikdə xidmət etdiyimdən əməliyyat məlumatları bizə söz-söhbət formasında çatırdı.
Vəziyyət gərgin olaraq qalırdı. Axşam saat 22-dək iş başında olurduq. Hər an nəsə ola bilərdi… və oldu.
Nazirliyin 6 aylıq kurslarında imtahanlar başlamışdı (O vaxt Akademiya yox idi). Mən də imtahan komissiyasının üzvü idim. Kursantlardan imtahan götürürdük. Bir imtahan günü keçmişdi. Axşam həmişəki kimi saat 22-dək nazirliyin binasında idik. Xəbər gəldi ki, bu gün saat 24-dək qalmaq lazımdır. Əmrə tabe idik.
Nazir müavini Qalib Xalıkovla o hələ Bakıya gəlməzdən əvvəl Moskvada tanış olmuşduq. Məni kabinetinə dəvət etdi, həyəcanlı olduğu hiss olunurdu.
Onun kabinetində məlum oldu ki, bütün güc strukturlarının rəhbərləri kabinetlərindədir və OMON-la döyüş gözlənir. Orda öyrəndim ki, Rəsul Quliyev də Müdafiə Nazirliyinin binasında Səfər Əbiyevlə bir yerdədir.
Gecə saat 12-dən sonra evə getdim. Sabah imtahan günü idi. Maşında ANS-ə qulaq asırdım. Musiqini kəsib xəbər verdilər ki, OMON ağ bayraq qaldırıb.
Nərimanovun heykəlinin yanına çatanda diktor Rövşən Cavadovun öldüyünün həqiqət olduğunu elan etdi.
Maşını saxlayıb xeyli dayandım. Xəbər məni sarsıtmışdı. Azərbaycanın qəhrəman oğullarından biri, erməni ilə döyüşən, vuruşan biri səngərdə yox, siyasət burulğanının səngərində həlak olmuş, vətəndaş qarşıdurması yaratmış siyasətə qurban getmişdi.
Özümə gəlib kursun binası qarşısında maşından düşüb içəri daxil olanda komissiya üzvlərinin də kədərli simasını gördüm. Hamı hadisənin bu cür faciəli sonluğundan qayğılanmışdı, həm də hamıda bir xof vardı. Bu, hər kəsin üzündə hiss olunurdu. Hər kəs həyatının təhlükəsizliyinə zəmanətin olmadığını düşünürdü.
İmtahandan sonra idarədə xidmət edən iki qadın əməkdaş onlara verilən hərbi rütbə ilə əlaqədar çay süfrəsi təşkil etmişdilər. Süfrənin arxasında özümü saxlaya bilmədim, kənara çəkilib “Heyf sənə, Rövşən” dedim. İşçilərimdən biri qarabağlı idi, kənardan mənə göz-qaş edib əlini dodağının üstünə apardı ki, danışma. Amma bu mənim içimdən gəlirdi.
Rövşənin yasına getdim. Üçü idi. Bilirdim ki, nəzarət var, amma getməyi özümə borc bildim. Xalası oğlu, Tovuzun prokuroru vəzifəsində çalışan vaxtdan tanıdığım Kamo Fətəliyevə başsağlığı verdim.
***
Hadisələrin ertəsi günü nazir mən də daxil olmaqla bir neçə əməkdaşla müşavirə apardı. Təhqiqat komissiyası yaratdı. Mən də o komissiyanın üzvü oldum. Oktyabr hadisələrində yekun arayışı mən yazmışdım, bu dəfə Namiq Abbasov yazmağı başqa şəxsə tapşırdı, mən isə ayrı-ayrı hadisələrin təhqiqatı ilə məşğul olmalı idim. Mən 4 oktyabr 1994-cü ildə Namiq Abbasovun istəklərini, siyasi arzularını yox, həqiqəti yazdığımdan artıq ona sərf etmirdim. Namiq Abbasova şişirdilmiş, əsassız faktlar lazım idi, bunu etmək istəyənlər sıraya düzülmüşdü.
Yenə tutatut, yenə həbslər, televiziyadan yağan ikrah doğuran təbliğat kampaniyası məni bu ab-havanın nə vaxt bitəcəyi sualları ilə üzbəüz qoyurdu. Fikirləşirdim ki, axı niyə rayondan nazirliyə gəlməyə razılıq verdim. Orda heç olmasa bəzi məsələlərdə müstəqil qərarlar verib, rahat olurdum. Burda isə… az qala Rövşən Cavadova salam verənlərin hamısına “dövlət çevrilişini maliyyələşdirib”, “dövlət çevrilişinə dəstək verib” ittihamları verilirdi. İttiham barədə MTN-in xüsusi canfəşanlığı, yalan, doğru, sonadək təhqiq olunmayan məlumatlar və nazirliyin təcridxanasına salınanlar, onların görüşünə gələnlərin hüznlü baxışları… Bu tablonu hər gün görür, müşahidə edir və əzab çəkirdim.
Bir gün də işə gələndə İsgəndər Həmidovun həyat yoldaşı Rəna xanımı əlində qara zənbil təcridxananın qarşısında dayanan görəndə maşından düşmədim, xeyli gözlədim, xanım içəri keçəndən sonra maşından düşüb kabinetə getdim, xeyli fikirləşməyə başladım…
Mənim xarakterimdə romantiklik olsa da, hərbi xidmətdə bu hisslərimi maksimum boğmuşdum. Dövlətçilikdə, məhz dövlətçilikdə, hakimiyyətdə yox, ən qəddar tədbirlərin görülməsinin zəruriliyini qəbul edənəm. Elçibəyi bu mənada həmişə qınamışam, qınayacam da… Bu illərdə isə dövlətçilik yox, hakimiyyət qorunurdu, ondan bəhrələnmək istəyənlər hər şeyə hazır idilər.