Eşq və xəyanət (22)
- 19 Mart 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Aynur MƏSİMOVA (TƏMKİN)
Kimisi üçün zaman su kimi axıb gedir, kimisi üçün də günlər, aylar kələf kimi uzanır, dözülməz olur. Rauf hər gün evindən soyuyur, evə gəlməz, gözə görünməz olurdu. Özünü yalnız işinə verir, səhərdən-axşama dayanmadan çalışırdı. Bəzən işdə gecələyir, hamıdan, hər kəsdən qaçırdı. Çox vaxt tənhalığa çəkilir, olub-keçənlərə görə özünü qınayır, özünü ittiham edirdi. Bəzən “Daha olan olub, evlənmisən. Heç olmasa Kamiləni zərrə qədər sevməyə, qəbul eləməyə çalış” deyib, bunu özünə təlqin etməyə çalışır, lakin özüylə, hissləriylə bacara bilmirdi. “Axı Kamilədən çox təqsirkar mən özüməm, onun həyatını qaraltmağa haqqım yoxdur” desə də, onu görəndə yenə gərilirdi. Özünü məcbur edib qızı qucaqlayanda belə özündən iyrənir, özünə nifrəti daha da çoxalaraq qanını, canını zəhərləyirdi.
Kamilə Raufun onunla məsafəli dolandığını, ondan uzaq qaçdığını gördükcə bütün hirsini-hikkəsini qaynanasından çıxır, arvadı odsuz-ocaqsız yandırıb tökürdü. Yeməyini yeyir, bulaşığını belə yığışdırmadan yırğalana-yırğalana durub divanda uzanır, bir əlində pult tum çırtlaya-çırtlaya televizora baxır, Gülpərinin əsəbləşməsindən dərin zövq duyurdu. Arzuyla tez-tez dalaşır, qızı təhqir etməkdən çəkinmirdi. Bir Araz evə gəldikdə azca özünü yığışdırır, otaqlarından birinə çəkilirdi. Əlini ağdan-qaraya vurmayan gəlin qaynanasının hazırladığı hər yeməyə bir söz tapır, rişxənd eləyir, qadını qıcıqlandırmaq üçün “Bu nədir belə, bunu mənim anam daha yaxşı bişirirdi” deyib onu hövsələdən çıxardırdı. Təbii ki, bütün bunlar Raufun yoxluğu zamanı baş verirdi.
Rauf evdə olanda Kamilə onun gözünə girməkdən ötrü dəridən-qabıqdan çıxırdı. Gülpəri hadisələri qıraqdan seyr edir, lakin səsini çıxarda bilmirdi. Desəydi də nə qazanacaqdı ki? Arvad özündən betərinə rast gəlmiş, çarəsizlikdən ağlını itirmək həddinə çatmışdı. Lap deyək ki, şikayət etdi. Oğlu deməyəcəkdi ki, nə oldu, ay ana, o da, bu da pis oldu, bir sən yaxşı oldun? Qadın oğlunun onsuz da Kamiləyə soyuq münasibət bəslədiyini bilirdi. İndi bütün olanları oğluna deməməkdə bir məqsədi də o idi ki, bərk qorxurdu. Arazın imzası olan sənəd hələ də Şaiq Camalın əlində idi. Əgər Kamiləylə Rauf ayrılmış olsalar Şaiq Camal bir dəqiqə belə fikirləşmədən Arazı dəmir qəfəsə göndərəcəkdi. Qadın bu sənədin mövcudluğuna əvvəl sevinsə də indi bərk həyəcan keçirir, gecələr yuxusunu itirirdi. Araz belə bir şeyə dözə bilməz, ürəyi partlayıb ölərdi.
Gülpəri bərk peşman olmuşdu. Kamilənin hərəkətlərini sinəyə çəksə də, hirsini içinə versə də, bəzən dözə bilmirdi. Arzunun paltar ütülədiyini görcək Kamilə nəyi varsa, hətta alt paltarını belə qızın qarşısına tökür, “Bunları da ütüləyərsən” deyə əmr verirdi. Bunun üstündə Arzu onunla dalaşmaq istəsə də Gülpəri buna izn vermir, “Sən ütüləmirsənsə mən ütüləyərəm” deyib məsələni ötüşdürürdü. Onda Arzu daha bir söz söyləmədən paltarların hamısını özü ütüləyirdi. Qız anasına acısa da, əslində bütün olanlarda onu təqsirləndirirdi: “Ah, ana. Kaş ki, səhvini vaxtında anlayardın. Nə oğlun bədbəxt olmazdı, nə nəvən”.
Gülpəri çox peşmandı. Hər gecə yatağına girdikdə özünü qarğıyır, lənətləyirdi. Qadın Kamiləylə Şahanəni müqayisə edir, odsuz-ocaqsız alışıb-yanırdı: “Bir kərə üzümə qayıtmadı, ağır söz danışmadı. “Bəli”dən, “baş üstə”dən başqa söz tanımadı. Nə anası ölmüş Nihal qarışmadı, nə Elgiz. Hörməti hörmət yerində, mərifəti mərifət yerində. Allahın barmağı yox idi salıb gözümü çıxardaydı. Mən çaşdım, yaman çaşdım. Allah mənim canımı alaydı. Dilim quruyaydı, bu günləri görməyəydim”.
Nə olsun ki, Gülpəri susurdu. Nə olsun ki, Arzu qardaşını qoruyurdu, onun daha çox üzülməsini, fikir çəkməsini istəmirdi. Kamilə hər gün daha da əl-qol açırdı. Xoşuna gəlməyən bir şey görəndə götürüb yerə çırpır, dəli kimi bağırıb kimsəyə bir söz demədən qapıdan çıxıb gedirdi. Gülpəri evində qulaq dincliyinə həsrət idi. Hər gün dava, hər gün söz-söhbət. Arvad dəli olmaq həddində idi. Təzyiqi tez-tez qalxır, bəzən günlərlə yorğan-döşəkdən qalxmırdı.
Nə olmuşdusa gəlin xanım bu səhər erkən oyanmışdı. Kefi kök, əhvalı şad idi. Dodaqaltı zümzümə edir, böyük həvəslə nəsə gözləyirdi. Araz gözucu gəlinini süzür, arada gözucu Gülpəriyə baxaraq gülümsəyirdi. Rauf yerindən hələ qalxmamışdı. Az keçmiş qapının zəngi basıldı. Kamilə tez-tələsik həyətə enib dəmir darvazanın taylarını açdı. Ağ rəngdə yağdan çıxma bir maşın həyətə girdi, uzun-uzadı siqnal verdi. Kamilə maşının qapısını açıb atasınını boynuna sarıldı. Şaiq Camal böyük bir əda ilə açarları qızına uzatdı. Eyvanda durub onları süzən qudalarına dodaqucu salam verdi:
– Hə, Araz kişi, bilirsən də mən qızımı oğlan kimi böyütmüşəm. İstəmirəm ki, mənim qızım harasa getmək üçün kimisə gözləsin, ələbaxan olsun. Daha evdə oturmağı yetər. Mənim nəyim var, qızlarımındır. İşinin başına keçsin, mənə kömək etsin. Əslində mən çox gözlədim. Dedim bəlkə əri özü alar maşını. Amma… Nəysə. Xeyirli-uğurlu olsun. Allah qismət eləsin. Almadınız, almadınız. Amma o da var ki, nə mən Elgizəm, nə də mənim qızım Şəlalədir, Şahanədir, nədir, o deyil. Hər kəsi gərək öz tərəzisiylə ölçəsən.
Araz bərk tutlmuşdu. Çırtma vursan qanı dammazdı. Qudası nə onu, nə də Raufu saya salmış, özbaşına iş tutmuşdu. Kişi ağır-ağır nəfəs alaraq həyətə endi. Şaiq Camalın qarşısında durub zəhmlə onu süzdü:
– Bura bax, ay Şaiq, mənə mənim həyətimdə, mənim evimdə göstəriş vermək lazım deyil. Qızına maşın alıb verincə birinci ona ədəb-ərkan, böyüyə hörmət öyrədərdin. Kimi hansı tərəziylə ölçəcəm, bu mənim öz işimdir. Götür bu maşını, apar özün sür. Məsləhət olanda mən maşın da ala bilirəm, hər şey də.
Şaiq Camalı sanki ildırım vurdu. Onun tosqun sifəti bir andaca qızardı. Arazın qızının ünvanına söylədiyi söz ona ağır gəldi:
– Ə, mən qızıma maşın alıram, sənə nə?! Get sən də öz qızına al.
Arazı sanki ilan sancdı. Kişi Arzunun adının çəkilməsindən çılğınlaşdı. İki quda əlbəyaxa tutaşdılar. Səsə-haraya gözünü açan Rauf paltarını əyninə keçirib həyətə cumdu. Gülpəri ikisini ayırmaq istəyir, lakin gücü yetmirdi. Rauf onlara yaxınlaşıb aralarına girdi. Atasını zorla sakitləşdirib üzünü qaynatasına tutdu:
– Nə almısınız, qızınıza almısınız. Bunun üçün burada tamaşa göstərməyə ehtiyac yoxdur. Sürmək istəyir, sürsün. – Arazın ona heyrətlə baxdığını görüb əlini onun çiyninə qoydu. – Amma bizim evdə atama, ya bir başqasına səsinizi yüksəltməyi bir də ağlınızın ucundan keçirtməyin. İşləmək istəyir, işləsin. Siz bilərsiniz. Mənə bunun nə istisi, nə soyuğu. Amma nə siz, nə qızınız unutmasın ki, artıq o, evlidir. Ağlına necə gəldi, elə hərəkət edə bilməz. Əgər ədəbiylə sürəcəksə, sürsün.
Gülpərinin halı hal deyildi. Qorxudan arvadın təzyiqi qalxmış, dili tutulmuşdu. Ürəyinin döyüntüsü dayanmaq bilmir, arvadın vəziyyəti get-gedə pisləşirdi. Aləm dəymişdi bir-birinə. Bir Kamilə içində sevinir, arvadın ölməsini arzulayırdı. Gülpəri ölsə, o, Raufu əvvəl-axır əldə edəcək, istəyinə nail olacaqdı. Gülpəri Kamilənin yolunda ən böyük maneə idi.
Gülpəri düz iki həftə arxası üstə yatdı. Arvad nə danışa, nə dura bildi. O qədər həssaşlaşmışdı ki, hər şeydən kövrəlir, hər şeyə ağlayırdı. Kamilənin əli-qolu daha da açılmışdı. Rauf evdən çıxandan az sonra o da sükan arxasına keçib, bir də axşam geri dönürdü. Arzu bu barədə Raufa heç nə demirdi. Əslində onun getməyi qıza rahatlıq verirdi. Gəlib-gedəni Diləfruz arvadla qarşılayıb, onunla yola salırdı. Artıq Gülpəri addım-addım yaxşılaşmağa doğru gedir, yavaş-yavaş danışırdı. Lakin Kamilə evə gec gəldiyindən hələ bundan xəbərsizdi. Qız qaynanasını gördükdə sanki qutuda ilan görür, onun bu evdə gəlin olmasında, hələ də Raufun yanında qalmasında Gülpərinin nə qədər əhəmiyyətli rol oynadığını unudub, gecə-gündüz qaynanasının ölməsi üçün Allaha dua edirdi.
(Ardı var)